Georgiyevsk Muqavilesi 1783 - Wikipedia
Georgiyevsk traktatı — 4 avqust 1783-cü ildə Şərqi Gürcüstanın (Kartli və Kaxetiya çarlığı ) çar Rusiyasının himayəsinə keçməsi barədə bağlanmış müqavilə.
Georgiyevsk müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | Anlaşma müqaviləsi |
İmzalanma tarixi | 24 iyul 1783 |
İmzalanma yeri | Georgiyevsk, Rusiya Federasiyası |
Qüvvəyə minməsi | 1784-ci il |
Qüvvədən düşməsi | 12 aprel 1802 |
İmzalayanlar |
İoane Muxran və Qarsevan Çavçavadze General P.P Potiomkin |
Tərəflər |
Kartli-Kaxetiya Çarlığı Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar | |
Georgiyevsk müqaviləsi Vikimənbədə |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
XVII-XVIII əsrlərdə Gürcüstanda ictimai-siyasi vəziyyət
redaktəXVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri 1639-cu ildə imzalanmış Qəsri-Şirin sülh müqaviləsi ilə başa çatdı. Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan - Kartli və Kaxetiya çarlıqları Səfəvilərin hakimiyyətinə keçdi. Çarlar Səfəvi dövləti sistemində yüksək vali titulu daşıyırdı. Gürcü aristokratiyası mülki sahədə olduğu kimi, hərbi sahədə də mühüm vəzifələr tuturdu. Gürcüstanda Səfəvilərə meyl edən təbəqə formalaşmışdı. Bununla birgə Gürcüstanda Avropa dövlətləri ilə əlaqə yaradaraq asılılıqdan çıxmağa çalışan qüvvələr də var idi. Lakin Qərbi Avropaya göndərilən elçilər, həmçinin oradan gələn emissarlar ciddi bir dəyişikliyə nail ola bilmədilər. Şərqə doğru irəliləyən Rusiya isə Gürcüstanda möhkəmlənməyə diqqəti artırdı. Ermənilərlə birgə gürcülər içərisində də Rusiyaya meyl getdikcə güclənməyə başladı. I Pyotrun 1722-1723-cü illərdə Xəzər dənizi sahillərinə işğalçı yürüşləri zamanı Kartli çarı VI Vaxtanq Gəncə yaxınlığında ruslarla birləşməyə hazırlaşırdı, lakin bu niyyət həyata keçmədi. Nadir şahın ölümündən sonra (1747) Azərbaycan xanlıqları kimi gürcü çarlıqları da müstəqil oldu. Kartli və Kaxeti çarlıqları 1762-ci ildə II İraklinin hakimiyyəti altında birləşdirildi. Bu dövrdə Rusiyanın Şərqdə işğalçılıq siyasəti daha da fəallaşdı. Nadir şahdan sonra İran zəiflədiyindən Rusiya üçün ciddi təhlükə törətmirdi. Osmanlı dövlətinin vəziyyəti isə mürəkkəb idi. Rusiya Osmanlılarla 1735-1739-cu illər müharibəsində qalib gələrək Belqrad sülh müqaviləsi, 1768-1774-cü illər müharibəsində isə Kiçik Qaynarca sülh müqaviləsi bağlayaraq Qara dəniz sahillərində və Şimali Qafqazda mövqelərini möhkəmləndirdi.
Gürcüstan 1768-1774-cü illər rus-türk müharibəsi zamanı Rusiyanın fəal müttəfiqi kimi çıxış edirdi. Elə bu dövrdə II İrakli II Yekaterinaya ölkəsinin Rusiyanın himahəsinə qəbul edilməsi barədə müraciət etsə də, təklif cavabsız qalmışdı. Müharibədən sonra vəziyyət dəyişdi. Rusiya Gürcüstanla danışıqları davam etdirməyə başladı. General Potyomkin (1739-1791) protektoratlığın şərtləri barədə danışıqlar üçün İraklinin yanına nümayəndələr göndərdi. II İrakli də 1782-ci ilin dekabrında Peterburqa öz elçilərini göndərdi. Müqavilənin şərtləri haqqında danışıqlar başa çatdıqdan sonra 1783-cü il 24 iyulda Georgievsk qalasında imzalandı. Burada Rusiyanı general P.S.Potyomkin, II İraklini isə İ.K.Muxran-Batoni və G.R.Çarçavadze təmsil edirdilər.
Müqavilənin şərtləri
redaktəMüqavilə 13 əsas, 4 separat artikul, II İraklinin Rusiya təbəəliyinə keçərkən qəbul etməli olduğu andın mətni və gürcü çarlarının taxta çıxmaq qaydasını müəyyən edən xüsusi maddədən ibarət idi. II İrakli müqaviləni 1784-cü il 24 yanvarda ratifikasiya etdi. Sənədə əsasən, gürcü çarlığının tərkibindəki Azərbaycan torpaqları (Borçalı, Şəmsəddil və s.) da Rusiyanın nəzarətinə keçdi. Rusiya Gürcüstanı Türkiyə (Osmanlı) və İranın hücumlarından qorumaq barədə öhdəlik də götürmüşdü.
Georgiyevsk müqaviləsi və Azərbaycan
redaktəQarabağ xanlığının vəziri, məşhur Azərbaycan şairi Molla Pənah Vaqif də Georgievsk müqaviləsinin bağlanması münasibətilə Tiflisdə keçirilən tədbirlərdə iştirak etmişdir. 1783-cü il Georgievsk müqaviləsi Rusiya ilə Azərbaycan xanlıqları arasındakı münasibətlərə də təsir göstərdi. Rusiyanın 1805-ci ildə Qarabağ, Şəki və Şamaxı xanlıqları ilə bağladığı müqavilələrdə bu hiss edilməkdədir.
Mənbə
redaktə- Vaqif Pənah Vaqif. Əsərləri. Бакı, 1988
- Aлияров С., Алиева Ф. Георгиевский трактат в контексте оценки внешнеполитического положения Азербайджана // Роль рабочих организаций в развитии революционного движения в Азербайджане. Баку, 1984, с.75-83
- Бутков П.Г. Материалы для новой истории Кавказа, с 1722 но 1803 г. ч. II. СПб., 1869, с. 122-129
- Миминашвили Р.С., Пайчадзе Г.Г. Вопросы истории внешней политики грузинских феодальных государств. Тб., 1970, вып.1, с. 186-245.
- Новосельцев A.M. Георгиевский трактат 1783 года и его историческое значение (К 200-летию Георгиевского трактата) // История СССР, 1983, №4, с.51-60
- Сургуладзе А. Прогрессивные последствия присоединения Грузии к России. Тбилиси., 1982.