Gil - Wikipedia
Gil — üzvi maddəsiz bərk lil
Daşvari gillər
redaktəDaşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790 °C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir.
Çökmə gillər
redaktəÇökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdürülməsi nəticəsində əmələ gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər. Çökmə gillərdə gil maddəsi terrigen və autigen olur. Daşınma, çökdürülmə və diagenezdə terrigen gil mineralları tam və ya qismən dağılır, eyni zamanda, onların yeni növləri əmələ gəlir. Çökmə gillərə daxil olan materialın tərkibindən asılı olaraq polimineral və monomineral ola bilər. Mənşəyinə görə dəniz, laqun və kontinental gillərə bölünürlər.
Dəniz gilləri
redaktəDəniz gilləri gilli materialın dənizdə çökməsi nəticəsində əmələ gələn süxurlardır; sahilyanı və dərinsu zona gillərinə ayrılırlar. Sahilyanı gillər içərisində böyük miqdarda qırıntı materialı olan incə dispers hissəciklərin şirin və duzlu suların təmasında koaqulyasion və mexaniki çökməsi nəticəsində əmələ gəlir. Dərinsu zonasının gilləri daha bircins qranulometrik tərkib, mikrotəbəqəlik, istiqəmətlənmiş və massiv teksturla səciyyələnirlər. Dəniz gilləri incə fraksiyasının tərkibində illit, qlaukonit, montmorillonit, xlorit (autigen və terrigen) və kaolinit (terrigen, nadir hallarda autigen) iştirak edir.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.