Iii Pyotr - Wikipedia
III Pyotr və ya Pyotr Fyodoroviç (Rusca: Пётр Фëдорович; 10 (21) fevral 1728[1][2], Kil[4][5][…] – 6 (17) iyul 1762[3]) — Rusiya imperatoru. Rus dilində çox az bilməsi və yürütdüyü Prussiya yönlü siyasətlə ölkədə sevilmədi. 6 aylıq səltənətin ardından taxtdan endirildi və ondan sonra taxta çıxan alman əsilli xanımı Yekaterina Alekseyevna tərəfindən planlanan sui-qəsdlə qətlə yetirildi.
III Pyotr | |
---|---|
rus. Петръ III Ѳеодоровичъ | |
Şəxsi məlumatlar | |
Doğum adı | Karl Peter Ulrich von Schleswig-Golstein-Gottorf |
Doğum tarixi | 10 (21) fevral 1728[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 (17) iyul 1762[3] (34 yaşında) |
Vəfat səbəbi | bilinmir |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Anası | Anna Petrovna |
Həyat yoldaşı |
|
Uşaqları | |
Ailəsi | Oldenburqlar |
Dini | şərqi ortodoks xristianlıq, lüteranlıq, Rus Pravoslav Kilsəsi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ölkədə populyar olmamasına baxmayaraq 6 aylıq səltənətində bir çox reformasiya işləri gördü. Dini azadlıq elan olundu və icbari təhsil dəstəkləndi. Rus ordusunu müasirləşdirməyə cəhd etdi. Yürütdüyü sərt siyasətlə əhalinin nifrətini qazanan hərbi dəstəni ləğv etdi və torpaq mülkədarlarının məhkəmə qərarı olmadan kölələrini öldürmələrini qadağan etdi. Xələfi olan İmperatriça Yekaterina bu qərarların bəzilərini davam etdirsə də, bir hissəsini ləğv etdi. III Pyotrun, siyasi gücü əlində tutmağa çalışan ordu mənsubları və zadəganlar tərəfindən devrilən güclü bir çar və ya təsadüfən Rusiya taxtına oturan dəli və gücsüz biri olduğu hələ də mübahisə məsələsidir. Bununla yanaşı, şübhəsizdir ki, xələfi olan xanımı Böyük Yekaterina ərinin səltənətini kölgələdi.
Həyatı
redaktəİlk illəri
redaktəPyotr Fyodoroviç 21 fevral 1728-ci ildə Şlezviq-Holşteyn hersoqluğunun paytaxtı Kil şəhərində dünyaya gəldi. Atası Çarlz Fridrix İsveç kralı XI Karlın nəvəsi, anası Anna Petrovna isə Böyük Pyotrun ən böyük qızı idi. Dünyaya gəldikdən yalnız bir ay sonra anasını itirən Pyotr, 1739-cu ildə atasının ölümüylə hələ 11 yaşında ikən Çarlz Pyotr Ulrix adıyla Şlezviq-Holşteyn hersoqluğunun taxtına əyləşdi. Xalası Yelizaveta Petrovnanın Rusiya taxtına əyləşməsinin ardından Pyotr Rusiyaya gətirildi və 7 noyabr 1742-ci ildə baş tutan rəsmi mərasimlə həm rus-pravoslav kilsəsinə keçərək həm Pyotr Fyodoroviç adını aldı, həm də imperatriçanın yeganə vəliəhdi elan olundu. Bundan başqa, davam edən Rusiya-İsveç müharibəsi (1741–1743) əsnasında rus qoşunlarının Finlandiyaya girməsiylə 14 yaşlı Pyotr Finlandiya kralı elan edildi. Buna səbəb isə Finlandiyanı əlində tutan dayısı sonuncu İsveç kralı XII Karlın vəliəhd buraxmadan vəfat etməsi idi. Finlandiya taxtına keçməsinin ardından həmin il İsveç parlamenti tərəfindən taxt vəliəhdi elan edildi. Ancaq Pyotrun eyni zamanda Rus taxtının vəliəhdi olduğundan xəbərsiz olan İsveç parlamentinin bu istəyi, İmperatriça Yelizaveta tərəfindən rədd edildi.
Bacısı oğlunu və yeganə vəliəhdini yanına gətirən İmperatriça Yelizaveta əvvəlcə onun təhsili ilə maraqlandı. Ardından yetkinlik yaşına çatdıqdan sonra onu alman əsilzadələrindən Sofiya Avqustla evləndirmək istədi. Əslində bu 2 gənc qohum idi: belə ki, Pyotrun babası IV Fridrixlə, Sofiyanın babası Kristian Avqust qardaş idi. Gənc qız dərhal Rusiyaya gətirildi və rəsmi mərasimlə rus-pravoslav kilsəsinə keçərək Yekaterina Alekseyevna adını aldı. Cütlüyün toy mərasimi isə 21 avqust 1745-ci ildə Sankt-Peterburqda baş tutdu. Siyasi məqsədlərlə baş tutan bu evlilikdən hər iki tərəf narazı idi. Buna baxmayaraq vəliəhdin bu evlilikdən Pavel və Anna adlı 2 övladı dünyaya gəldi. Toy mərasiminin ardından 16 il boyunca Oranienbaumdakı sarayda yaşayan vəliəhd Pyotrun bu illər ərzində bir çox sevgililəri oldu (hətta bəzi mənbələrə görə xanımının da).
Səltənət illəri
redaktəXarici siyasət
redaktəÇar Pyotr taxta çıxdıqdan sonra (5 yanvar 1762) Yeddiillik müharibəyə son qoydu və bütün rus ordularını işğal bölgələrindən geri çəkdi. 5 may tarixində tərəflər arasında sülh bağlandı və Prussiya krallığı ilə münasibətlər yaxşılaşdı. Hətta Prussiyanın Avstriyaya qarşı mübarizəsində yardım olaraq 12 minlik rus ordusu göndərildi. Nəticədə Avropadakı siyasi tarazlıq dəyişdi. Berlini tərk edən rus ordusunun dəstəyini alan Prussiya kralı II Fridrix bölgədə gücləndi və 1762-ci ilin oktyabrında Cənubi Sileziyanı işğal edərək Avstriyanı sülh bağlamağa məcbur etdi.
Eyni zamanda Şlezviq-Holşteyn hersoqu olan Çar Pyotr Şlezviq bölgəsini hersoqluğa tabe etmək məqsədilə Danimarkaya müharibə elan etmək niyyətində idi. Bu səbəblə rus orduları yavaş-yavaş sərhəd bölgələrinə göndərilir, digər tərəfdən İsveç və İngiltərənin dəstəyi üçün elçilər göndərilirdi. Rus qoşunları tərəfindən həm hərbi, həm də iqtisadi blokadaya alınan Danimarka krallığı bu qarşıdurmada özünə müttəfiq tapa bilmədi. Bu səbəblə Hamburq birliklərini təhdidlə öz tərəfinə çəkməyə çalışdı. Danimarkanın bu hərəkətini müharibə səbəbi olaraq dəyərləndirən Çar Pyotr açıq-aşkar döyüş hazırlıqlarına başladı.
1762-ci ilin iyununda general Rumyantsevin rəhbərlik etdiyi 40 minlik rus ordusu Pomeraniyada toplandı və II Fridrixin vasitəçiliyi ilə keçirilməsi planlanan sülh konfransına qədər heç bir hücum baş tutmadı. Ancaq konfransdan qısa müddət sonra Çar Pyotr taxtdan endirildi və konfrans baş tutmadı (9 iyul 1762). Beləliklə, Şlezviq məsələsi həll olunmadı.
Daxili siyasət
redaktəÇar Pyotrun 186 günlük səltənəti boyunca hersoq olduğu illərdə hazırladığı və tədbiq etdiyi 220 yeni qanun qüvvəyə mindi. Bunlardan ən önəmlilərindən biri dini azadlıq elan etməsi oldu. Belə ki, bu addım o illərdə inkişaf etmiş Avropa ölkələrində belə atılmamışdı. Dövlət idarələrində rüşvətlə mübarizə aparıldı və Böyük Pyotr səltənətindən bəri fəaliyyətdə olan və xalqın nifrətini qazanan gizli polis təşkilatı ləğv edildi. Xələfi olan xanımı II Yekaterina dövründə isə bu qurum yenidən bərpa olundu. Zadəgan övladları üçün icbari təhsil tədbiq edildi və bəzi şəhərlərdə aşağı təbəqə üçün xalq məktəbləi açıldı.
Çar Pyotrun daxili siyasətindəki önəmli qərarlarından biri də 1762-ci ilin fevralında qəbul edilən manifest oldu. Bu manifestə görə zadəganlar məcburi dövlət və hərbi xidmətlərdən azad edildilər və onlara ölkə xaricinə çıxma azadlığı verildi. Qərarın qəbul edildiyi gün parlament çarın qızıldan bir heykəlinin hazırlanmasına qərar versə də, bu təklif çar tərəfindən ləğv edildi.
Rusiya tarixindəki ilk dövlət bankı da məhz bu dövrdə açıldı. Zadəganların ticarət sahəsindəki monopoliyasını aradan qaldıraraq taxıl ixracını artırdı və şəkər idxalını qadağan edərək ölkədə kənd təsərrüfatını gücləndirməyi hədəflədi. Çar Pyotrun qısa səltənəti ölkədəki feodal-kəndli münasibətlərini də dəyişdirdi. Belə ki, ilk dəfə olaraq kəndlilərin torpaq sahibkarı tərəfindən öldürülməsi qadağan edildi. Digər tərəfdən saraydakı hərbi birliklər nəzarətə alındı və onlarla əlaqədar sərt tədbirlər görüldü.
Devrilməsi və ölümü
redaktəÇar Pyotra qarşı baş tutan saray çevrilişi xanımı Yekaterina Alekseyevna və saray hərbi alayının rəhbəri Aleksey Orlov tərəfindən tərtibləndi. Çar tərəfindən sərt nəzarət altına alınan 2 hərbi alayın yardımıyla 8 iyul gecəsi saray çevrilişi baş tutdu. Ələ keçirilən imperator dərhal Ropsaya göndərildi və çox keçmədən burada müəmmalı şəkildə vəfat etdi. Rəsmi ölüm səbəbi isə şiddətli bağırsaq infeksiyası olaraq elan edildi. Cənazəsi 3 avqustda Sankt-Peterburqa gətirildi və Aleksandr Nevski Monastırına dəfn edildi.
III Pyotrun vəfatının ardından çarın ölmədiyinə və imperatriça tərəfindən həbs olunduğuna inanan bir qrup insan özünü Çar Pyotr olaraq qələmə verən 4 nəfərin rəhbərliyi ilə ayaqlandı. Bunlardan ən məşhuru isə 1774-cü ildə baş tutan kəndli üsyanına rəhbərlik edən Yemelyan Puqaçov oldu. İmperatriça Yekaterina tərəfindən sərt şəkildə yatırılan üsyanın ardından ələ keçirilən üsyançılar Moskvada edam edildilər.
İmperatriça Yekaterinadan sonra taxta çıxan oğlu I Pavelin əmrilə 1796-cı ilin dekabrında atasının cənazəsi çıxarılaraq digər rus çarlarının dəfn olunduğu Pyotr və Pavel kafedralına daşındı.
Mənbə
redaktə- Palmer, Elena. Peter III — Der Prinz von Holstein. Sutton Publishing, Germany 2005 ISBN 978-3-89702-788-6
- Dull, Jonathon R. The French Navy and the Seven Years War. University of Nebraska, 2005.
- Raleigh, Donald J. and Iskenderov, A. A. "The Emperors and Empresses of Russia: Rediscovering the Romanovs". New York: M. E. Sharpe, 1996.
- Leonard, Carol S. Reform and Regicide: The Reign of Peter III of Russia. Indiana University Press, 1993.
- Bain, R. Nisbet. "Peter III, Emperor of Russia: The Story of a Crisis and a Crime". New York: E. P. Dutton & Co., 1902.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ 1 2 R. N. B. Peter III. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 21. P. 291.
- ↑ 1 2 F. v. Krogh. Peter III. (alm.). // Allgemeine Deutsche Biographie L: 1887. Vol. 25. S. 469–473.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118740180 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 http://www.princeton.edu/~achaney/tmve/wiki100k/docs/Peter_III_of_Russia.html.
- ↑ 1 2 http://russiapedia.rt.com/prominent-russians/the-romanov-dynasty/peter-iii/.