Kamanca - Wikipedia
Kamança | |
---|---|
| |
Təsnifat | simli musiqi aləti |
Hornbostel–Zaks təsnifatı | 321.311-7 |
Əlaqəli alətlər | kamança[d] |
Mənşə ölkəsi | Azərbaycan |
İfaçılar |
Habil Əliyev Mirnazim Əsədullayev Ağacəbrayıl Abasəliyev Şəfiqə Eyvazova Fəridə Məlikova Fəxrəddin Dadaşov Munis Şərifov Toğrul Əsədullayev |
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi alətinin yaranması ilə bağlı rəvayət
redaktəBu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır[1].
Quruluşu
redaktəKamança, əsasən, qoz ağacından düzəldilir. Kürəşəkilli çanaqdan, dairəvi qol, "aşıq"lar adlanan kəllə hissədən və "şiş" adlanan dəmir mildən ibarətdir. Çanağın üzü – membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir. Simləri kaman vasitəsilə səsləndirilir. Kaman – uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650–900 sm olur. Əvvəllər 1 – 3 simdən ibarət idi. Hazırda 4 simi var : kiçik oktavada lya, birinci oktavada mi, lya, ikinci oktavada mi köklənir. Diapazonu kiçik oktavanın lya – üçüncü oktavanın mi (bəzən sol) səsləri həcmindədir. İncə, həzin səsi var. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Kamançadan həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur. Kamança əsas alətlərdən biri kimi sazandalar ansamblının, xalq çalğı ansamblları və orkestrlərinin tərkibinə daxildir. Kamança, tar və qaval alətləri ilə birlikdə muğam üçlüyünü əmələ gətirir. Instrumental muğamların kamançada solo ifası geniş yayılmışdır[2].
Kamança müxtəlif əsərlərdə və dillərdə
redaktəKamança incə və həzin səsə malik musiqi aləti kimi tanınır. Məhz buna görə Üzeyir Hacıbəyli kamançada çalınan musiqini "səscə daha mükəmməl və insan səsinə daha yaxındır" deyərək səciyyələndirmişdir. Musiqi alətinin adı yay anlamına gələn fars mənşəli kaman sözündən və Azərbaycan dilinə məxsus kiçiltmə, əzizləmə bildirən – ça şəkilçisindən əmələ gəlmişdir. Ondan həm şifahi ənənəli professional musiqi yaradıcılığında, həm də bəstəkar yaradıcılığında müşayiətçi alət kimi geniş istifadə olunur. Muğam sənəti ilə bağlı inkişaf etdiyi üçün Azərbaycan muğam dəsgahlarının hamısını onda ifa etmək mümkündür. Mərkəzi və Orta Asiya xalqları arasında da geniş yayılmış bu alət müxtəlif adlarla tanınmışdır. Ərəblər onu kəmənqə, Orta Asiya türkləri qıcaq, Anadolu türkləri isə kaman adlandırmışlar. Həmin alətlər eyni kökdən gəlsələr də, quruluşuna, simlərinin sayına, istifadə olunan materiala görə bir-birindən fərqlənmişlər. Ümumiyyətlə, Azərbaycanda üç simli, dörd simli və beş simli kanmançalardan istifadə olunmuşdur. XIX əsrə aid beşsimli kamança nümunələrindən biri Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bu gün də saxlanılmaqdadır. XVIII–XIX əsrlərə qədər istifadəsini asanlaşdırmaq üçün edilən kiçik dəyişikliklər istisna olmaqla, kamança ciddi rekonstruksiya olunmamışdır. Azərbaycanda xanəndəlik sənətinin inkişafı, muğam dəstgahlarının teniki imkanlarının artması onları müşayiət edən musiqi alətlərinin də texniki imkanlarının artırılmasını tələb edir. Bu zərurət nəticəsində kamança aləti XVIII–XIX əsrlərdə ciddi dəyişikliyə məruz qalmış, simlərinin, onunla bərabər aşıqlarının sayı azaldılmışdır. Hazırda kamança ustalarının istifadə etdiyi alət dörd simdən ibarətdir.
Kamança ifaçılığı
redaktəAzərbaycanda kamança ifaçılığı zəngin tarixə malikdir. XI əsrin sonu, XII əsrin I yarısında yaşayıb yaratmış Azərbaycan şairi Məhsəti Gəncəvi cəng və rübabla yanaşı, həm də kamança ifaçısı kimi tanınmışdır. Osmanlı sultanı Yavuz Səlim Çaldıran çölündə Səfəvi hökmdarı Şah İsmayıl üzərində qələbə çaldıqdan sonra Təbrizdən Anadoluya apardığı sənətkar ailələri içərisində kamança ifaçıları Şahqulu və oğlu Heydərqulunun da adı qeyd olunur. İsgəndər Münşinin "Tarix-i aləmara-yi Abbasi" əsərində adı çəkilən Mirzə Məhəmməd Kamançayinin II Şah İsmayılın xüsusi kamança çalanı olduğu vurğulanır. Mirzə Məhəmməd Kamançayi, Ustad Məsum Kamançayi kimi sənətkarlara çaldığı alətin adının ləqəb kimi verilməsi əslində onların dövrünün məşhur kamança ustaları olduğunu göstərir. Həmin kamança çalanların qoyduğu irs sonrakı dövrlər də davam etdirilmiş və Azərbaycan musiqi tarixinə Qaraçı Hacıbəy, Mirzə Səttar, Habil Əliyev, Tələt Bakıxanov, Fəxrəddin Dadaşov kimi özünəməxsus ifaçılıq manerası ilə seçilən onlarla sənətkar bəxş etmişdir. Onların irsi bu gün də Toğrul Əsədullayev, Elşən Mansurov, Elnur Əhmədov, Elnur Mikayılov kimi gənc kamança ifaçıları tərəfindən uğurla davam etdirilir[3].
Kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında
redaktəAzərbaycanın UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə kamança hazırlanması və ifaçılıq sənəti UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsına daxil edilmişdi. 2017-ci ilin dekabr ayının 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib[4].
Məşhur kamança ifaçıları
redaktəFilmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ Gülparə Bayram. "Melodik alətlərin ən gözəli" (az.). https://www.trt.net. 02.10.2017 ~ 27.09.2020. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Musiqi alətləri" (az.). http://www.mugamradio.az/. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Kamança" (az.). http://intangible.az/. 2020-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- ↑ "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" (az.). https://unesco.preslib.az/. 2020-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.