Kapetron Doyusu - Wikipedia
Kapetron və ya Kapetrou döyüşü — müasir Türkiyənin şimal-şərqində Həsənqala/Pasinlər adlanan ərazidə Bizans-Gürcü ordusu ilə Səlcuq türkləri arasında 1048-ci ildə baş vermiş döyüşdür. Bu düzənlik ərazi o dövrdə Kapetron adlanırdı. Bu döyüş şahzadə İbrahim Yınal rəhbərliyi altında səlcuqluların Bizans torpaqlarına əsas hücum əməliyyatlarının kulminasiyasıdır. Faktorların kombinasiyası göstərir ki, nizami Bizans ordusu türklərə qarşı müəyyən dezavantaja sahib idi: yerli tematik orduların ləğv edilməsi il bərabər, nizami ordunun böyük hissəsi Balkan yarımadasına Leo Tornikiosun qaldırdığı üsyanı yatırmaq üçün göndərilmişdi. Nəticədə Bizans komandanları Aaron və Katakalon Kekaumenos türklərə qarşı necə mübarizə aparmaq lazım olduğu məsələsində fikir birliyinə gələ bilmirdilər. Kekaumenos təcili formada önləyici hücum təşkil etməyin tərəfdarı ikən, Aaron qüvvə azlığına görə həlledici döyüşdən yayınmanın və kömək qüvvələrin gəlməsini gözləmənin tərəfdarı idi. İmperator IX Konstantin sonuncu variantı üstün tutdu və gürcü hökmdarı IV Liparitin köməyə gələcəyi vaxta qədər həlledici döyüşdən yayınmağı əmr etdi. Bu türk ordusuna ətraf Bizans ərazilərini yağmalamaq və istədikləri zaman həlledici hücuma keçmə imkanı verdi. Böyük maliyyə və ticarət mərkəzi olan Artse türklər tərəfindən ələ keçirildi və yağmalandı.
Kapetron döyüşü | |
---|---|
Tarix | 18 sentyabr 1048 |
Yeri |
|
|
Gürcülər gəldikdən sonra birləşdirilmiş Bizans-Gürcü ordusu Kapetronda (müasir Türkiyədə Həsənqala) döyüşə başladılar. Güclü gecə döyüşü nəticəsində xristian müttəfiqlər türklərin hücumlarını dəf edə bildilər. Xristian ordusunun iki cinahının komandanları olan Aaron və Kekaumenos türkləri növbəti səhərə qədər təqib etdilər. Cinahlarda xristian ordusu qələbə qazanarkən, mərkəz bölməsində Yınal Lipariti əsir almağı bacardı. Bu hadisə cinah komandanları öz qələbələrinə görə Tanrıya şükür edən zamana qədər onlara bildirilmədi. Yınal heç bir hücuma məruz qalmadan Səlcuqlu dövlətinin paytaxtı ola Rey şəhərinə böyük sərvətlə daxil oldu. Qarşılıqlı səfir mübadiləsi Liparitin azad edilməsi və Bizans ilə Səlcuqlu sarayı arasında diplomatik münasibətlərin qurulması ilə nəticələndi. İmperator IX Konstantin şərq sərhədlərinin gücləndirilməsi üçün bir sıra tədbirlər gördü. Lakin daxili qeyri-sabitliyə görə türklərin hücumları 1054-cü ilə qədər davam etdi. Bizansın ordularının Balkan yarımadasında peçeneqlərlə döyüşməsindən, Bizansın şərq vilayətlərində müxtəlif etnik qruplar arasında qarşıdurmaların olmasından və ümumiyətlə, Bizans ordusunun zəifləməsindən istifadə edən türklər öz hücumlarını və uğurlarını daha da artırdılar.
Arxa plan
redaktəMüasir İran ərazisinin Səlcuqlu imperiyası tərəfindən ələ keçirilməsindən sonra, 1040-cı illərdə çoxsaylı Oğuz döyüşçüləri və onların ailələri Bizans sərhədləri boyunca yaşamağa başladı. Yağmalamalardan sərvət əldə etmək və Cihad yolunda fərqlənmək istəyi ilə Oğuz türkləri Bizans əyalətlərinə yürüşlər etməyə başladılar. Bununla eyni zamanda Bizansın şərq sərhədlərinin mühafizəsi zəifləmişdi. Çünki imperator IX Konstantin Monomax (1042-1055) İberiya və Mesopotamiyanın sərhədləri qorumaqla mükəlləf tematik qoşunlarını vergi vermək qarşılığında hərbi mükəlləfiyyətdən azad etmişdi.
Səlcuqluların qərbə doğru genişlənmələri qarışıq məsələ idi, çünki bu genişlənmə türk tayfalarının kütləvi köçləri ilə müşahidə edilirdi. Bu tayfalar nominal olaraq Səlcuqlu hökmdarlarının asılılığında idilər və onlar arasındakı münasibətlər kompleks dinamiklərdən asılı idi: səlcuqlular sabit mərkəzi hakimiyyət qurmağa çalışarkən, bu tayfalar daha çox yeni otlaq sahələri əldə etmə və yağmayla maraqlanır, bir çox yürüşü Səlcuqlu sarayının xəbəri olmadan həyata keçirirdilər. Səlcuqlu sarayı buna dözümlü yanaşırdı, çünki bu tayfaların qərbə doğru olan davamlı axınları imperiyanın mərkəzini yağmalanmadan qoruyurdu.
Bizansın şərq əyalətlərinə ilk böyük həcmli Səlcuqlu hücumu Vaspurakan əyalətinə doğru, 1045-ci ildə Sultan Toğrulun yaxın qohumu Qutalmış tərəfindən həyata keçirildi. Qutalmış yerli Bizans komandanı Stefan Leyxoudesi məğlub edib, əsir aldı. Bir digər hücum isə, Toğrulun qardaşının oğlu Kar Həsən tərəfindən həyata keçirildi. Yürüştez bir zamanda Təbrizdən Gürcüstana yönəldildi. Gürcüstanı yağmalayıb, Vaspurakan vasitəsiylə geri dönərkən onun ordusu yerli Bizans komandanlarının, Vaspurakan və Aaron katepanunun (hərbi rütbə), Ani və İberiya katepanonun birləşmiş orduları tərəfindən məğlub edildi. Bu yürüşlər bəzən 1045/1046 və ya 1048-ci illərə aid edilir.
Daha böyük hücum isə Toğrulun ögəy qardaşı İbrahim İnal tərəfindən həyata keçirildi. Bizans qaynaqları bu yürüşün səbəbi kimi Həsənin məğlub edilməsini göstərsələr də, yunan tarixçisi Entoni Kaldellisin bildirdiyinə görə ortada başqa səbəblər də olmuşur. Belə ki İbn əl-Əsirin bildirdiyinə görə, bu zaamn İbrahim Məvaraünnəhrdən çox sayıda yeni Oğuz qruplarını qəbul etsə də, onların hamısını yeni otlaqlarla təmin edə bilmirdi. Buna görə də, o, bu yeni gələnlərə Bizansın şərq vilayətlərinə yürüş etməyi və özünün də yaxında öz ordusu ilə onlara qoşulacağını bildirmişdir.
İbrahim İnalın hücumları erməni tarixçiləri Aristakes Lastivertsi və Edessalı Matvey tərəfindən də təstiqlənir və Bizans məmuru Con Skaylitzes də yürüş barədə məlumat verir. Bu yürüşün müasir qaynaqlar 1048-ci ildə olduğunu bildirsələr də, bəziləri 1049-cu ilə aid edirlər.
Səlcuqlu hücumu və Bizansın reaksiyası
redaktəSkaylitzesin bildirdiyinə görə Həsənin ordusu 100 min nəfərdən ibarət olmuşdur. Bu açıq-aşkar döyüşçülərin əsl sayının təxminən 5 dəfə şişirdilməsidir. O, həmçinin türklərlə birlikdə Səlcuqlu ordusunda "Dilimnitilərin" (Deyləmilər) və "Kabeyroy" (çox güman ki, Xorasani sözünün dəyişilmiş versiyasıdır) olduğunu da bildirir. Yenə Skaylitzesin yazdığına əsasən, İbrahimin iki köməkçisi olmuşdur, onlardan biri "Xorosantes", digəri isə farsca söz olan və komandan mənasını verən sipəhsalar sözünün hellenləşmiş versiyası olan "Aspan Salarios" imiş. "Xorosantes" çox güman ki, Xorasandan olan döyüşçülərə rəhbərlik etmişdir.
Əvvəlki yürüş kimi, Səlcuqlu qüvvələri bu yürüşdə də çox güman Təbriz şəhərindən yola çıxmış, Araz çayı boyunca irəliləyərək Vasurakana daxil olmuşdur. İbn əl-Əsirin bildirdiyi məlumata görə, Səlcuqlu döyüşçüləri şimalda Trabzondakı Xaldiyaya və Akampsis çayına, cənubda Taron və Xorzianene bölgələrinə çatmışdır. Lakin çox gümanki bu bölgələrə çatan bölmələr ordunun əsas hissəsi olmamış, İbrahimin göndərdiyi avanqard hissəəri olmuşdur. İbrahimin əsas ordusu Basean bölgəsinə, Teodosiopolis, Artze və Manalis hövzələrinə göndərildi.
Bizans tərəfində isə Səlcuqlu hücumuna qarşı necə müqavimət göstərilməsi ilə bağlı aydın bir fikir yox idi. Skaylitzesin əsas qaynağı olan və əsərdə çox tərfilənən Kekaumenos türklərin uzun bir yoldan gəldiklərinə görə yorğun olduqlarını, buna görə də Bizansın dərhal hücuma keçməli olduğu fikrini müdafiə edirdi. Aaron isə, daha müdafiəyə meyilli strategiya tərəfdarı idi. O, qalalara doğru geri çəkilmənin, bununla da mövcud qüvvələrinin qorunub saxlanılmasının, imperator IX Konstantindən açıq əmrlərin gəlməsini gözləməyi və bu əmrlərə uyğun hərəkət etməyi təklif edirdi.
Bizans ordusunun say etibarilə az olduğu açkardır. Bunun səbəbi təkcə IX Konstantinin dövründə Şərq vilayətlərində peşəkar ordu bölmələri hesab edilən taqmatiklərin ləğv edilməsi deyildi, həmçinin qərb bölgələrində Leo Tornikiosun rəhbərliyində üsyan başlamışdı, Bizans ordusunun bir hissəsi də bu üsyanı yatırmaqla məşğul idi. Bütün bunların nəticəsində Aaronun fikri qəbul edildi və alınan qərarlar barədə imperatora xəbər vermək üçün məktub göndərildi. Bu əsnada Bizans ordusu Baseandakı Outrou ovalığında düşərgə saldı və mülki əhaliyə qalalara sığınmaq əmri verildi. Cavab məktubunda imperator, ordusundan həlledici toqquşmaya girməkdən çəkinməyi əmr etdi. Əmrə görə həlledici toqquşmaya yalnız imperatorun yardım üçün müraciət etdiyi IV Liparitin və Hersoq Kldekarinin bölmələri gəldikdən sonra girmək olardı.
Artzenin yağmalanması
redaktəBizans ordusunun fəaliyyətə keçməməsi əhali üçün fəlakətlə nəticələndi. Sərbəst şəkildə hərəkət edən Səlcuqlu ordusu Artze qalasına hücum etdi. Artze qalası məşhur ticarət mərkəzlərindən biri olaraq tanınırdı. Skaylitzesin yazdığına görə, qala mühasirədə olarkən Kekaumenosun sərkərdələri qaladakılara yardım üçün hücuma keçməyə çağırmasına baxmayaraq, digərləri imperatorun əmrini əsas gətirərək bundan imtina etdilər. Qaladakı qüvvələr müqaviməti uğurlu şəkildə təşkil etmişlərdi və bir müddət Səlcuqlu ordusu tələsik formada qurulmuş barrikadaları keçməyi bacarmadılar. Lakin sonradan qalaya atılmış yandırıcı maddələr və oxlar nəticəsində qalanın müdafiəsini qırmaq mümkün oldu. Qala ələ keçirildi və yağmalandı.
Döyüş
redaktəIV Liparit öz ordusu ilə gəldikdən sonra birləşmiş Bizans-Gürcü ordusu Ourtroudan Kapetron qalasının (müasir Həsənqala) qarşısındakı düzənliyə doğru hərəkət etdi. İbn əl-Əsir iddia edir ki, Bizans-Gürcü qoşunlarının sayı 50.000 nəfər, Aristakes Lastivertsi isə bu sayını 60.000 nəfərə çatdırır. Türk ordusuyla bağlı məlumatda olduğu kimi, hər iki rəqəm açıq şəkildə şişirdilmişdir.
Skaylitzesin bildirdiyinə görə, Kekaumenosun məsləhətinə əsasən əsas qüvvələrdən təcrid edilmiş türk döyüşçülərinə əsas qüvvələrin gəlişinə qədər hücum edilməsi təklifi rədd edildi, çünki bu zaman sentyabrın 18-i idi və Liparit hesab edirdi ki, bu gün döyüşmək üçün uğursuz bir gün idi. Bu türk ordularının əsas hissələrinin gəlib çatmasına, döyüş xətlərinin düzəldilməsinə lazım olacaq qədər vaxtı təmin etdi, beləliklə də, Bizans-Gürcü döyüşçüləri indi "istəyib-istəməmələrindən" asılı olmayaraq döyüşə hazırlaşmağa məcbur oldular. Kekaumenos sağ cinaha komandanlıq etməkdə idi və onun qarşısında İbrahımın özünün komandanlıq etdiyi türk ordusunun sol cinahı yerləşməkdə idi. Bizans ordusunun mərkəzdəki qüvvələrinə Liparit, sol cinahdakı qüvvələrinə isə Aaron komandanlıq etməkdə idi.
Döyüş axşam başladı və gecə boyunca davam etdi. Aaron və Kekaumenosun hər biri komandanlıq etdikləri bölmələr üzrə türkləri məğlub etməyi bacardılar və onları təqib edərək türk ordusunun komandanlarından biri olan "Xorosantes"i öldürdülər. Lakin mərkəzdəki döyüşlərdə İbrahim Bizans sərkərdələrindən biri olan gürcü Lipariti əsir olaraq ələ keçirməyi bacardı. O, yaralandığı üçün atından düşən Lipariti əsir almışdı. Lakin türkləri təqib edən digər iki Bizans sərkərdəsinin bundan xəbəri yoxdu. Türkləri uzun müddət təqib edib, Tanrıya şükür etmək üçün durduqları zaman mərkəz qüvvələri arasındakı toqquşmaların nəticəsindən xəbərdar oldular. Əsəri daha çox antibizans motivləriylə zəngin olan Edessalı Metyunun yazdığına görə, Liparit digər Bizans komandanları tərəfindən xəyanətə uğramışdır. Aristakesin iddiasına görə isə, Bizans komandanları arasındakı rəqabətAaronu döyüşün ortasında mövqeyini tərk etməyə vadar etmiş və nəticədə Liparit əsir alınmışdır. Modern tarixçilər tərəfindən əsəri daha çox inandırıcı qəbul edilən Skaylitzes bu hadisələr barədə daha ətraflı məlumatlar vermişdir.
İbrahim döyüşçüləri və əsirləri ilə birlikdə xilas olub, Theodosiopolisin 40 km şərqində yerləşən Kastrokome (Okomi) qalasına dönməyi bacararkən, Bizans komandanları savaş şurası təşkil etdilər. Alınan qərar qüvvələrin bölünməsindən və hər kəsin öz bazasına dönməsindən ibarət idi. Aaron öz döyüşçüləri ilə birlikdə Vaspurakana, Kekaumenos isə Aniyə geri döndü.
Döyüşün nəticəsi beləliklə qarışıqdır. Bizans qüvvələri qarşılarındakı türkləri döyüşdə geri çəkilməyə məcbur etsələr də, Liparitin əsir düşməsi və İbrahimi ələ keçirmənin mümkünsüzlüyü şəraiti Bizansın əleyhinə dəyişirdi. Buna görə də, orta əsrlər qaynaqlarının bir çoxu bu döyüşdə Bizansın məğlub olduğunu yazmışdır.