Lokarno Sazisleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi.
Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5–16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Nevill Çemberlen idi.
Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi:
- Konfransın yekun aktı;
- Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı;
- Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi;
- Fransa ilə Polşa arasında saziş;
- Fransa ilə Çexoslovakiya arasında saziş.
Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular. Lokarno sazişləri ilə Almaniya 1926-cı il sentyabrın 10-da Millətlər Cəmiyyətinə üzv qəbul olundu.
Lokarno konfransından sonra böyük dövlətlər, xüsusən də İngiltərə ilə Fransa arasında ziddiyyətlər xeyli kəskinləşdi. Fransanın Avropada hegemonluğunun qarşısını almaq üçün İngiltərə Almaniya və İtaliya ilə əməkdaşlığa başladı. 1925-ci ildə Rapolloda Çemberlen ilə Mussolini arasında saziş imzalandı. 1926-cı ildə İngiltərə ilə İtaliya arasında hərbi borclar məsələsinə dair sazişlər imzalandı. İngiltərənin bu addımına cavab olaraq Fransa Rumınıya ilə müqavilə imzaladı. Fransa və İngiltərə Balkanlarda nüfuz uğrunda mübarizə apararaq 1926-cı ildə Türkiyə ilə ayrı-ayrılıqda dostluq müqavilələri imzaladılar.