Mujde - Wikipedia
Müjdə və ya Xeyirxəbər (Latın Vulqatası Luka 1:26–39-da Annuntiatio nativitatis Christi) həm də Bakirə Məryəmin Müjdələnməsi, Bizim Ledinin Müjdələnməsi[1] və Lordun Müjdəsi adları ilə tanınan, xristianlıqda Məryəmin hamilə olması və Tanrının oğlunun inkarnasiyasında iştirak edəcəyi haqqında xəbərlə Mələk Cəbrayıl tərəfindən müjdələnməsi hadisəsidir. Cəbrayıl Məryəmə dünyaya gətirəcəyi uşağın adını da deyir: Yehoşua – YHWH xilas edir anlamına gəlir. Əksər xristianlar bu hadisəni 25 mart tarixində İsanın doğulmasından doqquz ay əvvəl Müjdə bayramı kimi qeyd edirlər. Luka 1:26-da verilən məlumata görə Müjdə hadisəsi Yelezavetanın Vəftizçi İohanna hamiləliyinin altıncı ayında baş vermişdir.[2] İriney (təxm. 130–202) İsanın təqdim edilməsini 25 mart kimi qəbul edirdi ki, bu da İsanın əziyyətləri ilə uyğunluq təşkil edirdi.[3]
Şimal yaz ekinoksu tarixi bir çox ölkələrdə, o cümlədən İngiltərədə Yeni il bayramı kimi də qeyd olunur, İngiltərədə isə bu bayram həm də Ledi günü kimi tanınırdı. Həm Katolik, həm də Ortodoks kilsələri Müjdə hadisəsinin Nazaretdə baş verdiyini qəbul etsələr də, konkret məkanla bağlı fikir ayrılığı var. Müjdə bazilikası birinci, Yunan Ortodoks Müjdə kilsəsi isə sonuncü məkan hesab olunur.
Müjdə xristian incəsənətinin açar mövzularından biri olmaqla Katolik kilsəsinin Marian incəsənətində xüsusi yer tutmuş, xüsusilə orta əsrlər və intibah mədəniyyətlərinin əsas mövzularından biri olmuşdur.
Bibliya məlumatları
redaktə
İncillərə əsasən Digər ƏC mətnlərində
|
Bibliyada Müjdə hadisəsi haqqında məlumat Luka 1:26–38-də verilir:
“Yelezavetanın hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.” |
Lukanın İncilindəki məlumatla eyni olmasa da, oxşar Müjdə xəbəri Matfey 1:18–21-də də verilir:
“İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsab qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».” |
4Q246 əlyazması
redaktəLuka 1:32, 35-də oxuyuruq:
“O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.... Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.” |
Kumran əlyazmalarından olan 4Q246 əlyazmasında isə oxuyuruq:
“[X] dünyada böyük olacaq. Bütün insanlar razılaşmalı və ona xidmət etməlidirlər. O, Böyük Tanrının oğlu adlandırılacaq, onun adı Tanrının oğlu kimi yayılacaq və hamı onu Hər kəsdən böyüyüyn oğlu kimi tanıyacaq.” Kumran əlyazmaları, 4Q246[6]
|
Bəzi tədqiqatçıların fikrincə, bu mətnlərdə oxşarlıq o qədər çoxdur ki, Lukanın çoxdan unudulmuş qədim Kumran əlyazmalarından istifadə etdiyini güman etmək olar.[7]
Şərq ənənəsi
redaktəŞərq Xristianlığında Məryəm Teotokos (Θεοτόκος="Tanrı-doğan") adlandırılır. Ənənəvi Müjdə troparionu (günün himni) isə İskəndəriyyəli Afanasiyə aid edilir:[8]
- Bu gün bizim xilas günümüzdür,
- Və əbədi sirrin açıldığı gündür!
- Tanrının övladı Bakirənin övladı olacaq
- Qabrielin lətafətliyə xəbər verdiyi kimi.
- Onunla birlikdə gəlin Teotokosa səslənək:
- "Şadlan xoşbəxt, Tanrı səninlədir!"
25 martda qeyd edilən Müjdə bayramı kilsə ilinin on iki Böyük bayramından biridir və Rəbbin bayramı hesab edilən səkkiz bayramdan biridir. İsanın inkarnasiyasının başlanğıcı kimi Müjdə Ortodoks xristian teologiyasında mühüm yer tutur, buna görə də İohann Xrisostomun İlahi liturgiyası bayram günü hətta, İsanın çarmıxa çəkilməsinin qeyd edildiyi Böyük və Müqəddəs Cümə günü ilə üst-üstə düşsə də yerinə yetirilir. Əgər Müjdə Pasxa ilə üst-üstə düşürsə, bu zaman Kiriopasxa adlandırılır və Dirilmə ilə birlikdə qeyd edilir. Bütün bu qaydalar və bayramı əhatə edən digər kompleks mərasimlər də nəzərə alındıqda Müjdə Ortodoks xristian liturgiyasında ən mürəkkəb bayramlardan hesab edilir. Yunan ortodoks kilsəsi ənənəsində Müjdə hadisəsi Euangelismos (Yevangelizm) adlandırır ki, bu da hərfi tərcümədə "yaxşı xəbərin yayılması" anlamına gəlir.
Yefrem Sirinin sözlərinə görə, İsa Məsih haqqında müjdənin verilməsi yəhudi təqviminin 10 nisan tarixinə təsadüf edir ki, bu da, Çıxış 12-də məlumat verilən Pesax qurbanı seçilməsi ilə üst-üstə düşür. Bəzi illərdə 10 nisan 25 marta təsadüf edir ki, bu da ənənəvi Müjdə bayramı günü olmaqla Livanda rəsmi bayram kimi qeyd olunur.
Bayram günü
redaktəMüjdə bayramı adətən 25 martda qeyd edilir; Katolik, Anqlikan və Lüteran kilsələrinin təqvimində bayram Müqəddəs həftə, Pasxa həftəsi və ya bazar gününə düşdükdə günü dəyişdirilir.[9] Şərq Ortodoks, Qədim Şərq və Şərq Katolik kilsələri bayramın gününü heç bir halda dəyişmirlər, bayram başqa bayramla üst-üstə düşdükdə isə xüsusi birləşmiş liturgiyalar həyata keçirilir.
B.e. 525-ci ildə Anno Domininin ilk dəfə Kiçik Dionis tərəfindən tərtib olunması zamanı yeni ilin başlanğıcı 25 marta təyin edilmişdi ki, katolik teologiyasına görə bu İsanın inkarnasiyasının şükranlıq dövrünün başlanğıcı olmasını göstərirdi. Bu bayram haqqında ilk dəqiq məlumat Toledo kilsə məclisinin (656) kanonunda verilir və bayramın bütün kilsələr tərəfindən qeyd edilməsi göstərilir. Başqa bir məlumat isə Trull kilsə məclisinin (Konstantinopol, 692) qərarıdır ki, burada Lent vaxtı Rəbb günü və Müjdə günü istisna olmaqla bütün bayramların qeyd edilməsi qadağan edilir.[9]
İslamda
redaktəMüjdə haqqında məlumatlar Quranın III surəsinin (Ali-İmran) 45–51-ci ayələrində verilir:
“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”. (Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!”[10] |
Məryəm surəsinin 16–26-cı ayələrində də Müjdə hadisəsindən bəhs olunur:
"(Ya Rəsulum!) Kitabda (Quranda) Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb (evinin, yaxud Beytülmüqəddəsin) şərq tərəfində (ibadət məqsədilə xəlvət) bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək (paltarını dəyişmək, yaxud yuyunub təmizlənmək) üçün pərdə tutmuşdu. Biz də Öz ruhumuzu (Cəbraili Məryəmin) yanına göndərdik. Ona (Məryəmə) kamil bir insan qiyafəsində göründü. (Məryəm) dedi: "Mən səndən Rəhmana (Allaha) pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma)!" (Cəbrail:) "Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!" – dedi. (Məryəm) dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" (Cəbrail) dedi: "Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!" (Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi. Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. (Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb) dedi: "Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!" Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona (Cəbraildən və ya doğulmaqda olan İsadan) belə bir nida gəldi: "Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi). (Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün! (Xurmadan və sudan) ye-iç, (belə bir uşaq doğduğuna görə) gözün aydın olsun. Əgər (səndən bu uşaq barəsində soruşan) bir adam görəcək olsan, belə de: "Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir eləmişəm, ona görə də bu gün heç kəslə danışmayacağam!""[11]
Müsəlman ənənəsinə görə Müjdə hadisəsi Ramazan ayı zamanı baş vermişdir.[12]
Xristian incəsənətində
redaktəMüjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir.[13][14] Müjdə təsvirlərinə hələ erkən xristianlıq dövründən etibarən rast gəlinir və ən erkən təsvir Prisilla katakombalarında IV əsrə aid fresko hesab edilir.[15] Orta əsrlər və intibah dövründə həm xristian şərqində, həm də Roma-Katolik Marian incəsənətində ən sevilən mövzulardan biri olan Müjdə hadisəsinə ən məşhur rəssamlar müraciət etmişlər. Paklıq və Şükran simvolları olan mələk Cəbrayıl və Bakirə Məryəm fiqurları Marian incəsənətində sevimli mövzulardan olmaqla həm də, Məryəmin daimi bakirəliyinin göstərilməsi üçün istifadə edilmişdir.
Müjdə mövzulu əsərlər Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa bir çox rəssamlar tərəfindən yaradılmışdır. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir.
-
Yan van Eyk – Müjdə, təxm. 1434–1436, Milli Sənət Qalereyası, Vaşinqton.
-
Fabrizio Bosşi – Müjdə, XVII əsr, San Qaytano kilsəsi, Florensiya.
-
Sandro Botiçelli – Müjdə, 1489–1490, Uffitsi qalereyası, Florensiya.
-
Dante Qabriel Rossetti – Müjdə, təxm. 1849, Teyt Britaniya, London.
İstinadlar
redaktə- ↑ "Lessons for Holy Days » The Prayer Book Society of Canada". Prayerbook.ca. 2014-03-23. 2020-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2015.
- ↑ The Gospel according to Luke by Michael Patella 2005 ISBN 0-8146-2862-1 page 14 [1] Arxivləşdirilib 2014-09-21 at the Wayback Machine
- ↑ Michael Alan Anderson, Symbols of Saints (ProQuest 2008 ISBN 978-0-549-56551-2), pp. 42–46
- ↑ Ross, Leslie. Medieval art: a topical dictionary, p.16, 1996 ISBN 0-313-29329-5
- ↑ Paklıq bakirəlikdən daha geniş anlayışdır, bakirəlik yalnız fiziki aspekti əhatə etsə də, paklıq həm də mənəvi aspekti əhatə edir.
- ↑ "An Unpublished Dead Sea Scroll Text Parallels Luke’s Infancy Narrative", Biblical Archaeology Review, April/May 1990
- ↑ The meaning of the Dead Sea scrolls: Their significance for understanding the Bible, Judaism, Jesus, and Christianity, James C. VanderKam, Peter W. Flint, p. 335, Continuum, 2005, ISBN 0–567-08468-X
- ↑ Speaking the Truth in Love: Theological and Spiritual Exhortations by John Chryssavgis, Ecumenical Patriarch Bartholomu 2010 ISBN 978-0-8232-3337-3 page 85
- ↑ 1 2 Holweck, Frederick George (1907). "Feast of the Annunciation of the Blessed Virgin Mary Arxivləşdirilib 2021-04-26 at the Wayback Machine". Catholic Encyclopedia 1. New York: Robert Appleton Company.
- ↑ Ali-İmran, 3:45-51.
- ↑ Məryəm, 19:16-26.
- ↑ Bəqərə, 2:185
- ↑ The Oxford Companion to Christian Art and Architecture by Peter Murray and Linda Murray 1996 ISBN 0-19-866165-7 page 23
- ↑ Images of the Mother of God: by Maria Vassilaki 2005 ISBN 0-7546-3603-8 pages 158–159
- ↑ The Annunciation To Mary by Eugene LaVerdiere 2007 ISBN 1-56854-557-6 page 29
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəSələfləri Cəbrayılın Vəftizçi İohannın doğulmasını müjdələməsi |
İsanın həyatı Əhdi-Cədid |
Xələfləri Məryəmin Yelezavetanı ziyarət etməsi |