Menucohr Ibn Yezid - Wikipedia
Mənuçöhr ibn Yezid (v. 1034, Şamaxı) — Şirvanşahlar dövlətinin on birinci hökmdarı, Kəsranilər sülaləsinin banisi, Şirvanşah Yezid ibn Əhmədin oğlu.
I Mənuçöhr | |
---|---|
Şirvanşahlar Dövlətinin XI hökmdarı | |
1027 – 1034 | |
Əvvəlki | Yezid ibn Əhməd |
Sonrakı | Əbu Mənsur ibn Yezid |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | Yezid ibn Əhməd |
Həyat yoldaşı | Sitt binti Fəzl Şəddadi |
Fəaliyyəti
redaktəŞirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara – alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı.[1]
Rusların yürüşü
redaktə1030–cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.[2]
Həmin ildə Azərbaycanın qərbini əhatə edən Şəddadilər dövlətinin hökmdarı Musa ibn Fəzl rusları dəvət etdi, onlara çoxlu pul verərək əhalisi üsyan qaldırmış Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl feodalların ara müharibələrində dəfələrlə muzdlu əsgər kimi tutduqları rusların köməyi ilə Beyləqanı ələ keçirdi, öz atasına və qardaşına qarşı qiyam qaldırmış qardaşı Əskəriyyəni öldürdü. Sonra ruslar Arranı tərk edərək Ruma getdilər və oradan vətənlərinə qayıtdılar. Mənbədə göstərilir ki, ruslar tezliklə – h.421-ci ilin zilhiccə ayında (noyabr 1031) yenidən gəldilər.[3]
Bu dəfə Şirvanşahın qaynı olan Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya yaxınlığında onlarla vuruşdu, düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı.[4] "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.[5] Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı. Alanların cüzi bir hissəsi əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi əl-Bab sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı.[3]
Öldürülməsi
redaktəH.425 (1034)-ci ildə Şirvanşah Mənuçöhr yeddillik hökmranlıqdan sonra öz evində qardaşı Əbu Mənsur ibn Yəzid tərəfindən xaincəsinə öldürüldü. Səbəb bu idi ki, Əbu Mənsur özü Şirvanşahdan qorxur və ondan gizlənirdi. "Tarix-i əl- Bab"da Şirvanşahın öldürülməsi hadisəsi müfəssəl təsvir olunur:
"(Əbu Mənsur) Yəzidiyyə əhalisinin sayıqlığını azaltdığı gecələrin birində şəhərə girdi və bu barədə qardaşının arvadına – Fəzlin (Şəddadi) qızı Sittə (xəbər) göndərdi. Sitt ona ürəkdən vurulmuşdu. Əbu Mənsur öz vəziyyətini xəbər verdi və Sittin tapşırdığı kimi, onun qulamlarından birinin evinə düşdüyünü bildirdi. Bu xəbəri alan həmin qadın yaxın adamlarından olan bir qadını mətbəx sandığı ilə onun yanına göndərdi. Həmin qadın onun sandıqda qalaya girməsinə kömək etdi. Əbu Mənsur (Sittin) evinə çatanda Sitt adam göndərərək əri Mənuçöhrü öz yanına dəvət etdi. Mənuçöhr gəlib (onun qabağında dayananda) Sitt qardaşından, Şəddadi hömdarı Fəzlin oğlu Musadan aldığı məktubu ona göstərdi. Mənuçöhr oxumağa başladı. Mənuçöhr məktuba baxa-baxa onun məzmununu arvadına izah edərkən Əbu Mənsur qəfildən evin uzaq küncündən sıyrılmış qılıncla içəri daxil oldu. Mənuçöhr soruşdu: Səni mənimevimə kim buraxmışdır?" Lakin Mənuçöhr sözlərini deyib qurtarmamış Əbu Mənsur qılıncla onun boynunun ardından vurdu. O, zərbəni təkrar eləmək istədi. Lakin ürəyini bürümüş qorxudan qılınc onun əlindən sürüşüb düşdü. Bu vaxt məlun qadın yaxın adamlarından (birinə) qətli başa çatdırmağı əmr edəndə o, Mənuçöhrün (cəsədini) palaza (zilliyə) bükdü. H.425 (1034)-ci ildə taxta çıxan Əbu Mənsur Əli ibn Yəzid ibn Əhməd qardaşının dəfn olunmasını əmr etdi və adət üzrə bir ildən sonra – h.426-cı ilin rəbiyül əvvəl ayında (yanvar 1035) onun dul arvadına evləndi." [6]
Ailəsi
redaktə- Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
- Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən.
- Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü.
- Qardaşı Əbu Mənsur Əli ibn Yəzid
- Qardaşı Qubad ibn Yəzid
- Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı.
- Qardaşı Əhməd ibn Yəzid
- Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd
- Qardaşı Salar ibn Yəzid
- Qardaşı Məmlan ibn Yəzid
- Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
SƏLƏF Yezid ibn Əhməd |
Mənuçöhr ibn Yezid Kəsranilər |
XƏLƏF Əbu Mənsur Əli ibn Yezid |
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası
redaktəTarix | Müharibə | Müttəfiqlər | Qarşı tərəf | Yer | Vəzifəsi | Nəticə |
---|---|---|---|---|---|---|
1029-cu il | əl-Bab əmiri ilə müharibə | — | Dərbənd əmirliyi | Mücəkabad malikanəsi, Məsqət | Şirvanşah | məğlubiyyət |
1030-cu il | Şirvanşah torpaqlarına basqın | — | Dərbənd əmirliyi | Şirvan | Şirvanşah | məğlubiyyət |
1030-cu il | Rusların Qafqaz ekspedisiyaları | Əhməd ibn Xasskin | qədim ruslar | Bakı | Şirvanşah | məğlubiyyət |
1031-ci il | Rusların Qafqaz ekspedisiyaları | Fəzl bin Məhəmməd | qədim ruslar | Bakı | Şirvanşah | qələbə |
1032-ci il | Rusların Qafqaz ekspedisiyaları | — | alanlar, sərirlər, qədim ruslar | Yezidiyyə, Şirvan | Şirvanşah | məğlubiyyət |
1034-cü il | Əbu Mənsur Əli ibn Yəzidlə mübarizə | — | Əbu Mənsur Əli ibn Yəzid, Sitt bint Fəzl | Yezidiyyə | Şirvanşah | məğlubiyyət, qətli |
İstinadlar
redaktə- ↑ Mинopcкий. Иcтopия Шиpвaнa, c.53, ərəb mətni, s.l 1.
- ↑ Axмeд Ибн Лютфyллax (Mюнeджимбaши). Джaми aд-Дyвaл. Пepeв. c apaбcк. A.Дж.Maмeдoвa. Tpy-ды ин-тa иcтopии AH Aзepб. CCP, т.XII, 1975, c.216, ərəb mətni, §10, s.236.
- ↑ 1 2 Sara Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007
- ↑ Əhməd ibn Lütfullah, s.216, ərəb mətni, §11, s.237
- ↑ M и н o p c к и й, c.54, ərəb mətni § 15, s. 11
- ↑ M и н o p c к и й, c.54, ərəb mətni § 15-16, s. 11-12