Naib Sirinov - Wikipedia
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli, Şuşa qəzası – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı.
Naib Şirinov | |
---|---|
Naib Şirin oğlu Şirinov | |
Doğum tarixi | 15 noyabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Vəfat yeri | |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcəsi | Coğrafiya elmləri doktoru |
Elmi adı | |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəNaib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur.
Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur.
Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur. O, "Abşeron neftli vilayətin geomorfologiyası" (1965), "Kür-Araz depresiyasının geomorfoloji quruluşu (morfoskulpturlar)" (1973), "Kür-Araz depresiyasının yeni tektonikası və relyefin inkişafı" (1975) kimi sanballı monoqrafiyaların müəllifidir. Gərgin əməyinin nəticəsi olaraq 250-dən çox elmi işi çap olmaqla yanaşı (70-i xaricdə) bir sıra atlas, xəritə və dərslikləri işıq üzü görmüşdür.
Yeni tektonik hərəkətlərin geomorfologiyanın əsasını təşkil etməsini nəzərə alaraq Naib Şirinov elmi fəaliyyətini əsasən bu istiqamətə yönəltmişdir. Onun respublika ərazisində yayılmış Dördüncü dövr çöküntülərinə aid "Azərbaycanın Dördüncü dövr çöküntülərinin xəritəsi" Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
Əsas müəllif olduğu "Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası" adlı dərs vəsaiti, "SSRI-nin cənubunun yeni tektonik xəritəsi", "SSRI-nin neftli-qazlı vilayətlərinin çökmə qatının yeni tektonik deformasiyası xəritəsi" kimi monoqrafik xəritələrin tərtib olunmasında Naib Şirinovun iştirakı ilə böyük zəhmət bahasına başa gəlmişdir. 1991-ci ildə isə geomorfoloqlar arasında öz dəsti-xətti ilə seçilən alim "İnsan və relyef" əsərini tətbiqi geomorfologiyaya həsr etmişdir. Onun Kür-Araz ovalığı və Abşeron yarımadasının geomorfoloji xəritələri əsasında meliorativ və irriqasiya işləri həyata keçirilmişdir. O, həmçinin Kiçik Qafqazda qızıl və civə axtarışlarında istifadə olunması üçün tərtib olunmuş irimiqyaslı xəritələrin tamamlanmasında yaxından iştirak etmişdir.
Professor Naib Şirinov elmi-tədqiqat işləri ilə yanaşı Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və bir sıra özəl universitetlərdə pedaqoji fəaliyyətini davam etdirmişdir.[1]
İstinadlar
redaktə- ↑ Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001