Niyazi Xoca - Wikipedia
Niyazi Xoca, Hacı Niyazi Xoca — (uyğ. خوجا نىياز ھاجى) Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti. Şərqi Türkistan İstiqlaliyyət hərəkatı liderlərindən biri olmuş, Sintszyanda əvvəl Çin qubernatoru Szin Şurenə, ardınca hərbi rəis huey Ma Çunqa qarşı Kumul xanlığında bir neçə üsyana rəhbərlik etmişdir. Çin Xalq Respublikasının hazır ki, Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində 1933-cü ilin noyabrından 1934-cü ildəki süqutuna qədər Şərqi Türkistan İslam Respublikasının ilk və yeganə prezidenti olmuşdur.
Hacı Niyazi Xoca | |
---|---|
uyğ. Xoja Niyaz Haji | |
Şərqi Türkistan İslam Respublikasının birinci prezidenti | |
1933 – 1934 | |
Əvvəlki | Vəzifə ləğv edilib |
Sonrakı | Vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Birbaşa idarə olunan Xamis komissarlığında |
Vəfat tarixi | |
Vəfat yeri | Urumçi, Sintszyan, Çin Respublikası |
Dəfn yeri | Urumçi |
Milliyyəti | uyğur |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErkən vaxtlar
redaktəNiyazi Xoca 1889-cu ildə Kumulun Taraat kəndində anadan olmuşdur. Uşaq ikən valideynləri tərəfindən təhsil almaq üçün Xanlıq mədrəsəsinə göndərilmişdir. Orada o, Kumul xanının nəvəsi ilə birlikdə təhsil almışdır. 17 yaşında atası oğlunu Kumul xanının yanında hərbi xidmətdən yayındırmaq üçün evləndirmişdi. 1907-ci ildə o, şahzadə Şamaxsuta və Çin məmurlarına qarşı dekxan (kiçik torpaq sahibləri) üsyanı da iştirak etmişdir. Hakimiyyət nümayəndələri Niyazi Xocanı ələ keçirmək üçün onun atasını girov kimi saxlamaqdan belə çəkinməmişdilər. Niyazi Xoca tezliklə Turfana yola düşür, "Astana" mədrəsəsinə daxil olur və burada gələcək silahdaşları, tacir qardaşlar Muxiti ilə tanış olur. Bir il oxuduqdan sonra Turfandan ayrılmaq məcburiyyətində qalır. Ziyarətçilərə qoşulub Məkkəyə həcc ziyarətinə gedir.
İctimai fəaliyyəti
redaktə1912-ci ildə vətənə qayıdır və orada Timur-xalpanın rəhbərlik etdiyi üsyana qoşulur. Döyüşlərdə fəal iştirak edir və üsyançıların liderlərindən birinə çevrilir. Qiyamın məğlubiyyətindən sonra Çuquçaka getdi, burada iri bir Uyğur mülkədarının yanında çobanlıq etmişdir. Ancaq tezliklə Rusiya İmperiyasına, Yeddisuya köçmək məcburiyyətində qalır. Jarkəntdə iri Uyğur sahibkarı və Yedisu uyğurlarının lideri Valiahun Yuldaşevin yanında işə düzəlir. Rusiyadakı vətəndaş müharibəsi zamanı Valiahun Yuldaşevin tövsiyəsi ilə uyğur özünümüdafiə dəstəsinə qoşulur. Zamanla Abdulla Rozbakiyev də daxil olmaqla bir çox böyük uyğur tacirləri və ictimai xadimləri ilə tanış olur. 1923-cü ildə Valiahun Yuldaşev ilə birlikdə Külçəyə daha sonra Urumçiyə gəlir və burada Muxuti qardaşları ilə birlikdə gizli anti-Çin təşkilatı təşkil etməyə başlayır. İri uyğur sahibkarları və ictimai xadimləri ilə əlaqələr qurur.
Uyğur milli-azadlıq hərəkatındakı rolu
redaktə1927-ci ildə Niyazi Xoca atasının dəfn mərasimində iştirak etmək üçün Kumula dönür. Bir müddət sonra Maqsud Şahın nəvəsi Niyazi Xoca ilə birlikdə mədrəsədə oxumuş şahzadə babasının ölümündən sonra Kumulda hakimiyyətə gəldi. Yeni şahzadə Xoca Niyazi yanında xidmətə çağırır və onu yüksək vəzifəyə təyin edir. Buna paralel olaraq, Hacı Niyazi Xoca, Şərqi Türkistan ərazisində Çinə qarşı genişmiqyaslı üsyan təşkil etmək üzərində işlərini davam etdirir.
Kumul üsyanında iştirak
redaktə1930-cu ildə Kumul xanı Bəşirlə Sincanın yeni qubernatoru Jin Şuzen arasında qarşıdurma yaranır. 1930-cu ildə gizli münaqişə açıq qarşıdurmaya çevrilir. Həmin ildə Şuzen Kumul xanlığını ləğv edir.[1]. 1930-cu ildə Jin Şuzen xanlığı Hami, İe və Yivu inzibati bölgəsi olmaqla, üç əyalətə bölür. Ləğv edilmiş xanlığın ərazisində yeni vergilər tətbiq edildi və çinli idarəedicilər təyin edildi. Vergi toplayanlar, nəzarətin olmamasından istifadə edərək, rəsmi vergilərlə yanaşı, kəndliləri tamamilə müflis etməyə çatdıran qeyri-qanuni pul tələb etməyə başladılar. Yanq Zenqxinq dövründə buraya gətirilən qoşunlar, təchizatın zəif təmin edilməsi səbəbindən yerli əhalini qarət edərək özlərini təmin etməyə başladılar. Qansu qaçqınlarına yerli uyğur kəndlilərinin hesabına torpaq ayrıldı.[2] Həm xanlığın ləğvi həm də bütün bunlar Kumul üsyanına səbəb oldu. Belə ki, 1931-ci ildə Hacı Niyazi Xoca Yulbars Xanla görüşdükdən sonra Qansuda hueylərin hərbi lideri Ma Çunqla da razılığa gəldilər. Ma Çunq komandanı olduğu diviziyanın Jin Şuzeni devirmək kampaniyasına qoşulacağını vədd etdi.[3].
Niyazi Xoca Monqolustan Xalq Respublikasından da dəstək aldı: 1931-ci ilin payızında ona 600 dəst qış geyimləri, keçə çadırları və 120 tüfəng (əslində atlara dəyişdirildi, bir tüfəngə iki at verilmişdi) göndərildi. 1931-ci il fevralın 20-də Kumulda Uyğur üsyanı başlayır. Daha sonra üsyan Şərqi Türkistanın digər bölgələrinə də yayılır. Xotan, Turfan, Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Üsyan qısa müddətdə Sincanın şərqindən bütün əyalətə yayıldı və 1933-cü ilin fevralına qədər Urumçi birləşmiş uyğur və hui qüvvələri tərəfindən mühasirəyə alındıqda, əyalət hökuməti Sincan ərazilərinin 10% -dən çoxunu nəzarətdə saxlayırdı. 1933-cü il aprelin 12-də keçmiş qubernator Jin Şuzenqin üsyançı Rus kazak qoşunları tərəfindən mart ayında devrilməsindən sonra (Kazaklar 1921-ci ildə Rusiya vətəndaş müharibəsində məğlub olaraq Şimali Sincana çəkilmişdilər) general Şenq Şicai Sincanda hakimiyyətə gəlir. Kazaklar Jin Şuzenq tərəfindən son çıxış cəhdi kimi 1931-ci ilin sonunda üsyanı yatırmaq üçün vilayət ordusuna cəlb edilmişdi. Şenq Şicai, əvvəlki qubernatorun Sovet İttifaqı ilə bağladığı bütün gizli razılaşmaları təsdiqlədikdən sonra SSRİ-dən dəstək aldı və 1933-cü ilin iyun ayında Ma Çunqa qarşı Niyazi Xoca ilə ittifaq qurdu. Niyazi Xoca və Ma Çunq arasındakı əvvəlki ittifaq Jimsar döyüşündən sonra pozulmuşdu. Bu döyüşdə Niyazi Xoca qüvvələri ağır itki verdilər, lakin Jimsar qarnizonunu təslim olmağa məcbur etdilər. Döyüş zamanı Ma Çunqun qoşunları əsasən hücum qüvvələrinin cinahlarını və arxa hissəsini qoruyurdu, uyğur qoşunları isə Cimsar qalası üzərinə açıq hücuma atılmışdı. Niyazi Xoca qala arsenalının silahlarının təslim edilməsi müqabilində mühasirədə olan qarnizonun sərbəst geri çəkilməsini təmin etməyə razı oldu, lakin gecə Ma Çunq qəfildən qalaya girir və bütün arsenalı (12,000 tüfəng, 6 pulemyot və 500,000 güllə) ələ keçirdir və çin qarnizonunu özünün Dunqan qoşunlarının tərkibinə daxil edir. O, ələ keçirilmiş silah arsenalını Niyazi Hoca ilə bölüşməkdən imtina edir və bununla da sonuncunu qəzəbləndirir. Bu, 1933-cü il mayın 28-də baş verdi və sonrakı bir neçə gündə Niyazi Xoca artıq Şenq Şicai ilə sülh danışıqlarına başlamaq üçün Urumçidəki Sovet Baş Konsulu Apresov və nümayəndələri ilə görüşdü. Şenq Şicai ilə Niyazi Xoca arasındakı ittifaq müqaviləsi 4 iyun 1933-cü ildə imzalanmışdı və bu zaman Sovet İttifaqı Niyazi Xocaya xeyli silah-sursat: təxminən bir neçə yüz bomba və üç pulemyotla təxminən 2000 tüfəng verdi. Danışıqları təşkil edən Urumçiyə yeni təyin olunmuş Sovet Konsulu Qaregin Apresov Niyazi Xocaya qoşunlarını dunqan (huey) qüvvələrinə qarşı çevirməyə məcbur etdi və bu da üsyanın fərqli milli qruplar arasında qırğınlara çevrilməsinə və Əyalət hakiminin onu asanlıqla yatırmağına səbəb oldu.[4]
ŞTİR-nın prezidenti seçilməsi
redaktəNiyazi Xoca qoşunlarını Davan Çenqdən keçirərək Toksuna aparır və burada general Ma Çinqin rəhbərliyindəki Dunqanlar tərəfindən Toksun döyüşündə məğlubiyyətə uğradılır.[5] Bundan sonra Niyazi Xoca Sovet-Çin sərhədi boyunca Aksudan geri çəkilərək Tanrı dağlarından dağ yolu ilə 300 mil uzunluğunda yürüş edərək 1934-cü il yanvarın 13-də Qaşqara geri dönür. O, bu yolla onu əsas yolda gözləyən general Ma Fuyuanın dunqan qüvvələr ilə döyüşdən yayınır. Aksudan Qaşqara gələn Hacı Niyazi Şərqi Türkistan Türk İslam Respublikasının və ya Birinci Şərqi Türkistan İslam Respublikasının (ŞTİR) prezidenti vəzifəsini qəbul edir.
Müstəqillik elan etmiş respublikaya qoşulmaq, 4 iyun 1933-cü il tarixli Şenq Şicai ilə bağladığı müqaviləni pozmaq demək idi. Belə ki, 7 maddəlik Jimsar müqaviləsində Niyazi Xocanın bütünlüklə hüquqlarının tanınması müqabilində Şimali Sincan ya da Cunqariyaya iddialarından imtina etməsi əksini tapmışdır. Tanrı Dağlarından cənubda, Qaşqar, Turfan çökəkliyi və Kumul çökəkliyi də daxil olmaqla, bu müqavilədə göstərilən bütün bu geniş əraziyə "muxtariyyət" verilirdi və çinlilər Sincanı ikiyə bölən Tanrı Dağını keçməyəcəklərinə söz verirdilər. Bununla belə dunqan qüvvələrinin təcavüzü, Sincana birbaşa Sovet hərbi müdaxiləsi və Şenq Şicainin SSRİ-dən aldığı dəstək, 1934-cü ilin iyun ayına qədər Şərqi Türkistan İslam Respublikasının məğlubiyyətinə gətirib çıxardı.
Elə də uzun ömürlü olmayan respublika hər tərəfdən sıxışdırılır. İngiltərə, Türkiyə, İran və Əfqanıstan tərəfindən tanınmaq cəhdləri uğursuzluqla bitir. SSRİ-dən kömək alan və bölgəyə əlavə güc göndərən Homindan hökuməti üzərinə hücuma keçir. Ağır döyüşlərdən sonra Xoca Niyazi Artuşdan Sovet-Çin sərhədinə çəkilir. Niyazi Xoca SSRİ-də sığınacaq tapır. Sovet hökuməti ona Şərqi Türkistan İslam Respublikasının ləğvi barədə razılığın olması halında hərbi yardım və böyük perspektivlər təklif edir. Xoca Niyazi Sincanın cənubuna qayıdır.
Haqqında sitatlar
redaktəHacı Niazi Xoca adlı bir şəxs Sven Hedinə bu sözləri demişdir:
Heç bir şəxs mənə zərər verə bilməz. Ancaq bu Dunqanlar kişi deyil. Bunlar küçələrdə gəzən vəhşi heyvanlardır. Vəhşi heyvanlarla danışmaq mənasızdır. Hər zaman tüfəngləri və tapançaları hazırdır. Başqa bir dili başa düşmürlər[6] |
Niyazi Xocanın döyüşlərinə poema da həsr olunmuşdur:[7]
Atam Xocam Niyazi Qazi topları bir atəşə beş nəfər öldürür Dunqanlarla döyüşəndə müharibədə minlərlə qurban öldürür
Ölümü
redaktəNiyazi Xocanın ölümü ilə bağlı bir neçə ziddiyyətli müxtəlif mülahizələr mövcuddur. 1934-cü ildə Şenq Şicai tərəfindən Sincan Hökuməti sədrinin müavini və Sincan əyalətinin "mülki işlər müdiri" vəzifəsinə təyin olunmasına baxmayaraq, Niyazi Xocanı tərəfdarlarından ayırdılar və o, Sovet agentlərinin yaxından nəzarəti altında Urumçidə ev dustağı kimi saxlanılırdı. Onun Stalinlə şəxsən görüşmək və Sincan məsələsini SSRİ tərəfindən inqilabi doktrinasında rəsmi olaraq dəstəklənən millətlərin öz müqəddəratını təyinetmə hüququ ilə həll etmək istəyi rədd edildi.
1937-ci ilin aprelində Qaşqardakı Əyalət Hökumətinə qarşı general Mahmut Muhitinin rəhbərliyindəki Altıncı Uyğur Diviziyasının Üsyanından sonra Hacı Niyazi Urumçidə tutuldu və 1938-ci ildə edam edildiyi iddia olunur. Ölüm cəzasının Moskva tərəfindən sanksiyalaşdırıldığı bildirilir. Belə ki, Niyazi Hoca və onun 120 tərəfdarı əksinqilabi fəaliyyətdə, "Trotskiçilikdə" və "Yapon agentləri" kimi cinayətlərdə ittiham edilmişdilər. Hacı Niyazi Xoca ona qarşı irəli sürülən bütün ittihamları rədd etmiş və hamısının Şen Şicai tərəfindən uydurulduğunu söyləmişdi.
Ölüm cəzasına məhkum olan Hacı Niyazi Xocanın son sözündə demişdir:
Bu ölüm hökmü mənim üçün yenilik deyil. Əslində, Urumçiyə gəldiyim gündə mən ölmüşdüm (o, 1934-cü ilin sonunda SSRİ-nin Urumçidəki Baş Konsulu Qaregin Apresov ilə danışıqlardan sonra Aksudan ayrılmasını nəzərdə tuturdu. Onun Urumçiyə gəlməsini və Şenq Şicaidən gələn təklifi qəbul etməsinə Apresov səbəb olmuşdu. 6-cı Uyğur diviziyasının komandanı Mahmud Muxti bunun əleyhinə idi. Muxtinin fikrincə Niyazi Xoca Urumçiyə döndükdən sonra Sincan Höküməti sədrinin müavini olmaqla Uyğurların müstəqillik hərəkatına zərbə vurmuşdur.) mən öləcəm, amma Xalqım yaşamağa davam edəcək ... İnqilab sona qədər davam edəcək, onun qarşısını ala bilməyəcəksiniz |
Digər mülahizəyə görə, o 1943-cü ilin yayına qədər həbsxanada sağ qalmışdır. Yalnız həmən ildə Şenq Şicainin Sovet əsgərlərini və müşavirlərini vilayətdən qovduqdan sonra Sincan üzərində Homindan nəzarətini bərpa edən Çan Kayşinin əmri ilə edam edilmişdir.
Yulbars Xan Hacı Niyazi Xocanın şərəfinə bir oğluna onun adını qoymuşdur.[8]
İstinadlar
redaktə- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 44. ISBN 0-521-25514-7. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Усов В. Н. Советская разведка в Китае: 30-е годы XX века. — М., Тов-во науч. изд. КМК, 2007. — ISBN 978-5-87317-367-9 — c. 357
- ↑ James A. Millward. Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. 2007. səh. 191. ISBN 978-0-231-13924-3. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 145. ISBN 0-521-25514-7. 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 111. ISBN 0-521-25514-7. 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ "History of the Expedition in Asia, 1927-1935 : vol.3". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
- ↑ Ildikó Bellér-Hann. Community matters in Xinjiang, 1880-1949: towards a historical anthropology of the Uyghur. BRILL. 2008. səh. 74. ISBN 978-90-04-16675-2. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: A Political History of Republican Sinkiang 1911-1949. CUP Archive. 9 October 1986. 225–. ISBN 978-0-521-25514-1. 5 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2021.