No - Wikipedia
No (yap. 能) və ya Noqaku (能楽, Nōgaku?)[1] — ənənəvi yapon dram teatr sənəti. “No” sözü yapon dilindən tərcümədə “ustalıq”, “bacarıq” və “istedad” mənasını daşıyır.
Müxtəlif emosiyaları əks etdirən
No maskaları. Berlin muzeyi |
No və ya noqaku XIV-XV əsrlərdə yaransada omun tarixi VIII əsrdən, yəni snqaku sənətinin Çindən Yaponiyaya gətirildiyi vaxta təsadüf edir. No əsas Yapon teatr sənətidir və üz təsirini yapon kukla teatrına və eləcə də kabuki teatrına göstərib.
Ənənəvi ədəbiyyat nağıllarının əsasında qurulan no teatrı özündə rəqs əsaslı səhnələri, maskaların, geyimlərin və müxtəlif rekvizitdən istifadə etməni özündə cəmləşdirir.
1983-cü ildə Milli No Teatrının əsası qoyulub. 2008-ci ildə isə no YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilir.
Nonu meydana gətirən üç ana ünsür vardır;
Oyuncular maskalar istifadə edərlər və yavaş rəqslər edərlər.Oyuncular ümumiyyətlə kişidir.Özlərinə atadan keçmə bir qabiliyyət verildiyinə inanılar.Bu səbəblə qadın tələb edən rollarda belə kişilər bu işi maskalar ilə həll edər. No musiqiləri ümumi olaraq baraban və flüt üzərinə edilir. Nonun beş növü mövcuddur;
- Kami mono (神物) ya vaki nō (脇能)
- Şura mono (修羅物) ya aşura nō (阿修羅能, savaşçı oyunlar)
- Katsura mono (鬘物, takma saç oyunlar) ya onna mono (女物, qadın oyunlar)
- 94 "müxtəlifnövlü" oyunlar, o cümlədən kyōran mono (狂乱物) or dəlilik oyunlar, onryō mono (怨霊物) ya qisasçılıq xortlaq oyunlar, və qenzai mono (現在物)
- Kiri nō (切り能, son oyunlar) ya oni mono (鬼物, iblis oyunlar)
No teatrının maskaları
redaktəMaska No teatrının əsas elementidir və təsadüfi deyildir ki, bu teatrı bütün dünya mədəniyyəti “maska teatrı” kimi də tanıyır. No teatrının maskaları Maska-Amplua qismində təsnif olunur və 5 qrupa ayrılır: 1) qoca maskaları; 2) kişi maskaları; 3) qadın maskaları; 4) tanrı, ruh, əcinə maskaları; 5) xüsusi personajlar üçün hazırlanmış maskalar. Bu gün No teatrında 86 adda maska məlumdur. Hər aktyorun adətən bir neçə maskası olur. Pyes üçün seçdiyi maskadan asılı olaraq aktyor öz personajının xarakterini bu və ya digər tərzdə mənalandırır. Bu teatrda maska niqab xarakteri daşımır. O,ifa olunduğu obrazın məğzinin, mahiyyətinin, daxili aləminin ifadəçisidir. Maska personajın əkizi deyil, həqiqətidir, həqiqi üzüdür, yugen deyilən məxfi ideyanı, mənanı, ruhun gizlinlərini əyaniləşdirən eyhamdır.
No maskalarını həmişə pariklə birgə taxırlar. Üç parik növü var: katsura, tare və kasira. Katsura qadın maskaları üçündür, qısa parikdir, qulaqların üstünü və boynu yaxalığa qədər örtür. Tare tanrıların geyindiyi parikdir. Bu parikdə oynayan aktyorlar başlarına mütləq şlyapa və ya tac qoyurlar. Kasira pariki döşəməyə kimi uzanan saç düzümüdür. Qara kasira kişilər, qırmızı əcinələr, ağ isə qocalar üçündür. Parik enli, dekorativ, süsləmələrlə işlənmiş lent vasitəsilə qafaya bərkidilir.
Yapon teatr mədəniyyətində bir sıra əşyalar kimi No maskaları da ecazkar, mistik qüvvənin daşıyıcısı sayılırlar. Bu da Yaponiyada özünəməxsus bir inancdır. No aktyoru heç vaxt yerə düşmüş teatr maskasının üstündən adlayıb keçməz. Bu teatrda maskalar müqəddəs bütlər qismində qorunub saxlanılır. Aktyorlar maskaya, maska ustasına, onun xatirəsinə daim böyük hörmət və ehtiramla yanaşırlar. Hətta Yaponiyada cansız taxta maskalara ad vermək dəbi də mövcud olmuşdur. Bu maskalar əksərən onları düzətmiş ustad sənətkarların şərəfinə adlandırılardı. Məsələn, “c(dz)o-onna” qadın maskası onu kötükdən ovub çıxarmış Coami adlı ustanın adı ilə bağlıdır. Yaponiyada Edo dövrünədək tanınan maskalar xommen, yəni həqiqi, adlandırılmışdır. Bundan sonra yaradılmış maskalara isə utsusi, yəni surət maskalar deyirlər. No teatrının maskalarının əsl fəxrediləsi bir tarixi var. Yapon No maskalarının tarixinin dövrləşdirilməsinə əsasən ilk maskalar, guya ki, tanrılar tərəfindən düzəldilmişdi. Həmçinin deyirlər ki, bu maskalar VI əsrdə yaşamış imperator Cyoqu Taysinin öz əlinin işidir. Bu, No maska tarixinin mifoloji mərhələsidir. Amma fakt bundan ibarət ki, No teatrından öncə YIII əsrdə Yaponiyada öz çiçəklənmə çağlarını yaşayan giqaku sənətində (Budda məbədlətində oynanılan misteriya növüdür) də maskalardan istifadə edilmişdir. Maskalar heç də No teatrının eksperimenti deyil: onlar bu teatrın yaranış formasının ayrılmaz hissəsidir.
Yapon teatrşünaslığı X-XV əsrlərin No maska ustalarından 10 nəfərin adını dəqiq bilir: Nikko, Miroku, Yasya, Bunce, Tatsuyemon, Syakucuru, Ximi, Eti, Kousi, Tokuvaka. Tarix yalnız bu 10 ustanın hazırladıqları maskalar haqqında məlumatlıdır. Güman olunur ki, bu dövr sənətkarları maskalara ölmüş şəxslərin üz cizgilərini həkk edirmişlər. Bu versiya daha çox rahib-usta Ximinin adı ilə əlaqədardır. XVI əsr cəmi 6 həkkakın adını açıqlayır: Coami, Syünvaka, Tiqusa, Fukurai, Xurai və Sankobo. XVII əsrdən etibarən isə sənətin bu sahəsində ixtisaslaşmış ailələr nəsilbənəsil fəaliyyət göstərirlər. Bu istiqamətdə ən məşhur ad Eticen ailəsinə mənsubdur.
Maska düzəltmək Yaponiyada, təbii ki, xüsusi bir sənət hesab olunur. Bu sənət xırda detallarına qədər peşə ədəbiyyatında işıqlandırılır. Maska yapon çinarı xinokidən ovulub çıxarılır. Çünki bu ağac olduqca yüngül və yumşaqdır: asanlıqla yonulur. Xinoki rəngləri də özünə yaxşı hopdurur. Maska üçün ideal material yalnız Kiso çayının vadisində bitən çinarlar sayılır. Ağac kəsildikdən sonra 10-12 il müddətində aşılanıb lazımi vəziyyətə gətirilir. Əvvəlcə 5-6 il çayın yatağında su içində saxlanılır və bir o qədər də təbii üsulla qurudulur. Bununla ağac tam təmizlənir və çox davamlı olur. Əvvəlcə qurudulmuş kötükdən maska enində dəyirmi bir təbəqə qoparılır. Ən əsas iş bu kötük parçasının üstündə aparılır: usta alnın, yanaqların, ağzın və buxağın yerlərini təqribi şəkildə müəyyənləşdirir, artıq hissələri balaca çəkic və bıçaqla yonub götürür. Sonra o, qaşıqvari iskənə ilə maskanın içini qarpız kimi oyur. Axırda maska üz və arxa tərəfdən layiqincə hamarlanır, laklanır. Növbəti mərhələ rənglənmə prosesidir. Birinci olaraq maskanın üzünə 15 qatdan ibarət rəng astarı çəkilir. Astarın tərkibi dəniz balıqqulağılarından hazırlanır. Onun köməyilə ağacın təbii rəng fonu itirilir. Bu astar əslində heç də rəng deyil, sıyıq xəmir kimi bir şeydir. Maska üçün rəng isə xırda dənəli təbaşirdən düzəldilir. Bu rəng maskaya beş dəfə vurulur. Rənglənmə ideal vəziyyətə gətirilib qurtararkən maska hisə tutulur ki, onun görkəmində bir qədimilik (“kosyöku”) peyda olsun. Maskanı hisə verdikdən sonra ona üz cizgiləri çəkilir. Birinci olaraq qırmızı rənglə dodaqlar, qara sürmə ilə gözlər rənglənir. Gözlərin rənglənməsində də qırmızı rəngdən istifadə edilir. Nəhayət, qaşlar qoyulur. İşin ən çətin və məsuliyyətli məqamı saçların maska üzərində çəkilməsidir. Bundan ötrü usta nəfəsini saxlayıb iri topalı fırça ilə saçı bir dəfəyə maskaya “oturtmalıdır”. Saçın kəm-kəsirləri axırdan-axıra nazik fırça ilə düzəldilir. Usta bu vaxt qara tuşdan faydalanır. Bu “əməliyyat” yalnız kişi maskaları üçündür. Qadın maskalarına çəkilmiş saç gərək olmur.
21.1x13.6x6.8 sm. ölçülərində (kişi maskaları bundan da kiçikdir) olan maskalar adi insan sifətini örtməyə bəs etmir. Bu da birbaşa şəkildə Yaponiyanın estetik mədəniyyətində qəbul olunmuş gözəllik parametrlərinə söykənir. Yapon estetik mədəniyyətinin ənənələrinə görə kübar insanın cüssəli bədənində balaca qafa olmalıdır. Qadının hündür geniş alnı isə onun əsl-nəcabətinin bildiricisidir. Odur ki, yapon qadınları makiyaj zamanı öz həqiqi qaşlarını tərtəmiz yolub onları alnın ən yuxarı hissəsindən çəkirdilər. Ona görə də No qadın maskalarında qaşlar həmişə yuxarıdan qoyulurdu. Heç də əbəs deyil ki, bütün dünya No teatrını yaponların milli tarixi dəblərinin və estetik ənənələrinin saxlanc yeri kimi dəyərləndirir.
Maska yalnız site personajından ötrüdür. Nadir hallarda “cure” rollarının ifaçıları da maska geyinirlər. Vakinin maskası olmur: tamaşa vaxtı onun öz şəxsi üzü donuqlaşıb, ifadəsizləşib maskaya çevrilməlidir. Xor üzvlərinin, kokenin və sazəndələrin üzləri də heç bir emosiya əks etdirməməlidir, yəni bir növ maska olmalıdır. Maska personajın daxili ovqatının aynasıdır: o, aktyora səhnə obrazını yaratmağa kömək edir. Ona görə də aktyor yüksək sənətçi peşəkarlığına yiyələnməlidir ki, maskadan öz məqsədləri üçün istifadə edə bilsin.
İstinadlar
redaktə- ↑ Но // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 289.
Biblioqrafiya
redaktə- James R. Brandon (editor). "Nō and kyōgen in the contemporary world." (foreword by Ricardo D. Trimillos) Honolulu : University of Hawaiʻi Press. 1997.
- Karen Brazell. Traditional Japanese Theater: An Anthology of Plays. New York: Columbia University Press. 1998.
- Eric Rath. The Ethos of Noh: Actors and Their Art. Harvard University Asia Center Press, 2004.
- Royall Tyler (ed. & trans.). Japanese Nō Dramas. London: Penguin Books. 1992 ISBN 0-14-044539-0
- Arthur Waley. Noh plays of Japan. Tuttle Shokai Inc. 2009 ISBN 4-8053-1033-2 ISBN 978-4-8053-1033-5
Xarici keçidlər
redaktə- No teatrının YUNESKO-nun rəsmi saytında səhifəsi
- An Introduction to Noh & Kyogen
- Noh Stories in English Arxivləşdirilib 2018-11-01 at the Wayback Machine Ohtsuki Noh Theatre Foundation
- Nō Plays -Translations of thirteen Noh plays- Japanese Text Initiative, University of Virginia Library
- Virtual Reality and Virtual Irreality On Noh-Plays and Icons
- "Noh & Kyogen". Japan Arts Council.
- Page on the variable expressions of Noh masks
- Noh plays Photo Story and Story Paper the-Noh.com : Comprehensive Site on Noh
- "Hachi-No-Ki, A Perspective" Arxivləşdirilib 2012-06-02 at the Wayback Machine