Praqmatizm - Wikipedia
Praqmatizm – həqiqətin meyarı kimi praktikaya əsaslanan fəlsəfi cərəyan. XIX əsrdə amerikalı filosof Çarlz Sanders tərəfindən əsası qoyulmuşdur.
Tarixi
redaktəPraqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir.
Pirsin praqmatizmi
redaktəPraqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır. Bu fəlsəfədə insanın hərəkətləri ətrafında bütün anlayışlar və konsepsiyaların hərlənib formalaşdığı ox kəsb edir. Əsasən reflektor yox, şüurlu və məqsədyönlü xarakterə daşıyan hərəkət bu və ya digər formada insan həyatının (həyat fəaliyyətinin) əsas formasını təşkil etdiyinidən məhsuldar hərəkəti təmin edən şüur mexanizmləri, təfəkkür strukturları haqqında məsələ qalxır. Praqmatizmin banisi olan Pirsdə məsələ bu müstəvidə qoyulur. Onun fərqli cəhəti isə onda idi ki, o, idraki fəaliyyəti xarici (obyektiv) aləmə aid etməyib diqqəti sırf daxili , əsas psixoloji proseslərə yönəldirdi. İnam dedikdə Pirs bilik yox, bu və ya digər üsulla davranmağa adət etdiyimiz vərdiş kimi anladığı inamdan bəhs edir. Biliyə əks olan anlayış xəbərsizlik, bilməmədirsə, Pirs inama qarşı hərəkətlərin müntəzəmliyini pozan şübhəni qoyur. Artıq (hərəkət nöqteyi-nəzərdən) idrak prosesi bilməmədən biliyə yox, şübhədən inama, özü də subyektiv yox, kollektiv və ya sosial inama keçid mənasını verməyə başlayır. Obyektiv bilik cəmiyyət tərəfindən qəbul olunmuş inam anlayışı ilə əvəz olunur. Həqiqətə gəlincə, o, Pirs tərəfindən hamı üçün əhəmiyyətli olan məcburi inam kimi şərh olunur. Əgər tədqiqat prosesi sonsuz şəkildə davam etsəydi, onda öyrənilən hər məsələ üzrə sonsuz sayda tədqiqatçılar birliyi yaranardı. Pirs həmçinin elmi anlayışların əhəmiyyətinin yeni şərhini verir. Hər bir hərəkət gələcəyə yönəldiyindən və gələcəyi nəzərdə tutduğundan, Pirs anlayışı keçmiş yox, bu anlayışdan istifadədən meydana gələcək nəticələr baxımından nəzərdən keçirməyin lazım olduğunu bildirirdi. Pirs öz məşhur "prinsipi"ni və ya "praqmatik maksima"sını da aşağıdakı kimi formulə etmişdi: anlayış obyektinin tədqiqatçının fikrincə törədə biləcəyi praktiki nəticələri nəzərdən keçirmiş olsaq, onda bütün bu nəticələr haqqında təsəvvürlər elə məhz obyekt haqqında tam anlayış olacaqdır.
Ceymsin praqmatizmi
redaktəCeymson tərəfindən Pirsin başlıca ideyaları təkmilləşdirilmişdir. O, bu ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah etmişdi. Bu, hərdən onun baxışlarının sadələşdirilmiş şərhinə səbəb olurdu. Ceyms praqmatizmi müəyyən bir metod və xüsusi həqiqət nəzəriyyəsi kimi nəzərdən keçirirdi. Metod kimi praqmatizmin təyini hər bir təlimin praktiki nəticələrini aşkarlanmaqla, onları müqayisə edib qiymətləndirməklə fəlsəfi və digər mübahisələri yoluna qoymaq idi. Bu metodu istifadə edən Ceyms, məsələn, materializmlə idealizm arasındakı çoxdankı mübahisəni teizmlə eyniləşdirdiyi idealizmin xeyrinə həll etmişdi. Ceymsə görə, gələcəkdə materializm hər şeyin iflasa uğraması, Yer üzünün və bəşər ruhunun yaratdığı hər şeylə birgə onun məhv olması deməkdir. Ceyms hesab edir ki, bu perspektivlə düşünən heç bir kəs razılaşa bilməz. Əksinə, insana, daha doğrusu, onun ruhuna yaxın əbədi ruhi başlanğıcın olmasını qəbul edən idealizm xilas olacağımıza, insana çox əziz olan ideal və mənəvi dəyərlərin zəfər çalacağına ümid açır. Ceymsə görə, bu iki konsepsiya arasında seçim onun qəbul etdiyi "inama iradə" prinsipi əsasında həyata keçirilməlidir. Bu prinsipə görə, iki alternativ qərar arasında həyat əhəmiyyətli seçimi sırf rasional əsaslarla etmək mümkün olmadıqda (Ceymsə görə, nəzərdən keçirilən məsələdə vəziyyət elə məhz bu cürdür) seçimi qeyri-rasional, emosional əsaslarla etmək insanın mənəvi hüququdur. Həqiqət probleminin şərhinə gəlincə, qeyd etmək lazımdır ki, Ceyms həqiqəti fikrin və ya nəzəriyyənin aləmdəki obyektiv vəziyyətə uyğunluğu kimi şərh etmir. O, həqiqəti ideyanın uğurluluğu və ya işqabiliyyətliliyi, insanın öz qarşısında qoyduğu və can atdığı bu və ya digər məqsədə çatmaqda faydalılığı kimi izah edir. Həqiqət və ya ideyanın uğurla işləməsi üçün onu yoxlamaq lazım oduğundan, yoxlana bilmə də həqiqətin tərifinə daxildir. Ceymsin praqmatizmi daha geniş mənada onun metod və həqiqət nəzəriyyəsinin dünyagörüşü əsasları mənasını verir. Bu əsaslara həmçinin onun "radikal empirizm" adlandırdığı təlimi, yəni bəzən "şüur axını", bəzən də "plüralist kainat" kimi aşılanan universal təcrübə haqqında təlimi daxildir. Kainat Ceyms tərəfindən heç bir qanuna tabe olmayan, təsadüflər itaətində olan, bitməmiş, yeniliklərə açıq olan plastik hadisə kimi şərh olunur. Burada insana öz azadlığını, yenilik eşqini, qeyri-məhdud yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək imkanı verilir. Radikal empirizm həmçinin istənilən din təcrübəsinin də düzgün olduğunu bəyan edir. Həqiqətin praqmatik nəzəriyyəsi bu cür təcrübəni doğru hesab edir, çünki o, insana böyük pozitiv təsir göstərmək imkanına malikdir. Təcrübənin ayrı-ayrı elementlərdən, qavrayışlardan təşkil olunduğunu bildirən empirik filosoflardan (məsələn, Max) fərqli olaraq Ceyms təcrübəni fasiləsiz şüur axını kimi şərh edir. Bu şüur axınından insan iradi səylər göstərməklə bizim üçün adlarına görə şeylər statusu alan ayrı-ayrı parçaları və ya hissələri qeydə alır. Ceymsin fikirlərinə görə, bizi özü ilə hesablaşmağa məcbur edən reallıq duyğulardan (mənşəyi naməlum olan duyğulardan), təcrübədə aşkar olunan duyğularla bu hamılıqla təsdiq olunmuş köhnə həqiqətlər arasındakı münasibətlərdən təşkil olunur. Özündə sosial təcrübə aləmini də birləşdirən kainatın natamam olması bu aləmi sonsuz qədər yaxşılaşdırmaq imkanlarını açır. İndi o, hələ kamil olmasa da, Ceymsin fikirlərinə görə, insanlar buna qadir olduqlarına inanıb öz səylərini birləşdirsələr bu mümkütn olacaqdır. Ceyms sosial-siyasi baxışlarında liberal ideyaların müdafiə edir, qəti şəkildə müharibələrə qarşı çıxır.
Con Dyuinin praqmatizmi
redaktəCon Dyuinin də praqmatizmində təcrübə anlayışı çıxış nöqtəsini təşkil edir. Dyui onu bir tərəfdən insanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirir. Dyuiyə görə, fəlsəfə qədim filosofların düşündükləri kimi aləmin gözəlliyindən heyrətə gəlmədən yox, gərgin ictimai həyatın stresslərindən meydana gəlir. Buna görə də onun fikirlərinə görə, fəlsəfənin əsas məqsədi sosial təcrübəni məhz təhlil edib təlmilləşdirməkdir. Con Dyui təcrübəni çox geniş şəkildə anlayaraq onu insanın təbiətə münasibətlərini, bəzən hətta təbiətin özünü də daxil etməklə insan həyatının fəallığı ilə eyniləşdirir. Onun fikirlərinə görə, təcrübə hadisələr və simalar aləmi, təcrübədə qavranılan aləm, habelə insanın fəaliyyəti və taleyi, magiya və mistika, bir sözlə, yaşanılan hər şeydir. Təcrübənin bu cür anlanması onun hansı metafizik əsaslarını axtarmaq zərurətini istisna edir. Müasir filosoflar da Dyuinin xidmətlərini elə məhz fundamentalizmin əsaslarını sarsıtmasında görürlər. Başqa sözlə, əvvəlki fəlsəfə bütün, o cümlədən mənəvi hadisələrin hansısa davamlı əsaslarının olmasını düşünürdü. Əksər müasir filosofların fikirlərinə görə, belə əsaslar, və ya "ilkin başlanğıclar" mövcud deyildirlər. Dyuinin özü materializmlə idealizmin bir-birinə əksini Qədim Yunanıstanda əməyin fiziki əməklə əqli əməyə bölgüsündən çıxarır. Dyui hesab edir ki, bu gün materializmlə idealizmi qarşı-qarşıya qoymağa əsas yoxdur. Təcrübəyə uyğun və qeyri-uyğun "mahiyyətlərə" bölgü tanış deyil, yəni təcrübədə fasiləsiz prinsipi təsir göstərməkdədir. Hər bir bölgü nisbi əhəmiyyətə malikdir, buna görə bu və ya digər ideyaların "materializm" və ya "idealizm" halında dondurulmasını doğru hesab etmək olmaz.