Prinston Universiteti - Wikipedia
Prinston Universiteti (ing. Princeton University) — ABŞ-nin Nyu-Cersi ştatının Prinston şəhərində yerləşən özəl ali təhsil müəssisəsi.
Prinston Universiteti | |
---|---|
Princeton University | |
40°20′43″ şm. e. 74°39′22″ q. u.HGYO | |
Əsası qoyulub | 22 oktyabr 1746 |
Tip | Özəl |
Rektor | Şirli M. Tilqman |
Tələbə sayı | 7334 |
Şəhər | Prinston |
Ölkə | |
Sayt | princeton.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPrinston Universitetinin tarixi 22 oktyabr 1746-cı ildə Britaniya müstəmləkəsinin Qanunverici Şurası tərəfindən kral II Heorqun adından bir qrup pastora (protestant keşişi) kollec yaratmaları üçün icazə kağızı verilməsi ilə başlayıb. Nyu-Cersi Kolleci adı ilə fəaliyyətə başlayan təhsil ocağı Harvarddan, William və Marry, Yel kolleclərindən sonra Şimali Amerikada yaranmış dördüncü kollecdir. Kollec protestantlar tərəfindən yaradılmasına baxmayaraq, burada bütün dinlərin nümayəndələri təhsil ala bilirdilər. Həmin dövrdəki təhsil ocaqları üçün bu cür dinə dözümlülük fenomenal hal hesab olunurdu. Lakin burada dini istiqamət daha güclü idi. Bu, kollecin şüarında da öz əksini tapırdı:
"Allahın izni ilə çiçəklənir". |
İlk vaxtlar kollec Elizabet şəhərində Conatan Dikkinsonun evində yerləşirdi və burada cəmi doqquz tələbə təhsil alırdı. 1747-ci ildə kollec Nyuark şəhərində pastor Aaron Berrin himayəsinə keçdi və Berr kollecin prezidenti oldu. 1756-cı ildə o, təhsil müəssisəsinin Prinston şəhərinə köçürülməsinə nail oldu. Böyük Britaniyadan yığılan ianə hesabına tələbə və müəllimlər üçün xüsusi bina tikildi, binaya Nossau-Holl adı verildi. Hazırda bu tikili memarlıq abidəsinə çevrilib.
Prinston Amerika inqilabında böyük rol oynayıb. Amerikanın müstəqillik haqqında Deklarasiyasının altında onun rektoru Con Uizerspunun imzası durur. Konstitusiya konventi iştirakçılarının əksəriyyəti Prinstonun məzunları olub və onlar 1799-cu ildə yekdilliklə ABŞ-nin yeni Konstitusiyasının yaranmasına səs veriblər.
1783-cü ildə Prinstonda tələbələrin təntənəli qəbulu mərasimində Corc Vaşinqton daxil olmaqla, bütün konqres üzvləri iştirak ediblər. Konqres üzvlərinin çoxu bu universitetin məzunları olub.
İdman Amerika tələbələrinin həyatında böyük rol oynadığından Prinstonda da həmin ənənə davam edir. Burada ilk idman zalı 1859-cu ildə tikilib. XIX əsrin 60-cı illərindən başlayaraq kollecin tələbələri narıncı rəngdə (kral III Uilyamın mənsub olduğu Nossau-Oran sülaləsinin rəngi) idman formaları geyindilər, köynəklərindəki nömrələr isə qara rəngdə idi. Bu ənənə indiyədək davam edir. Beləliklə, 1896-cı ildə narıncı və qara rənglər Prinston Universitetinin rəsmi rəngi seçildi.
Narıncı-qara rənglərin qarışığı pələng dərisini xatırladır. Elə bu səbəbdən də Prinstonun idman komandalarının adı "Pələnglər"dir. 1882-ci ildən universitetin yuxarı kurs tələbələri "The Princeton Tiger" (azərb. "Prinstonun pələngləri") adlı yumoristik jurnal dərc etməyə başlayıblar.
XIX əsrin 70-ci illərində Prinstonun hərtərəfli uğurları onu Harvard və Yel universitetləri ilə bir səviyyəyə qaldırdı. 1877-ci ildə burada magistratura yaradıldı, 1896-cı ildə isə Prinstona universitet statusu verildi.
1874-cü ildə Prinstonun məzunu olmuş və ABŞ-nin gələcək prezidenti Tomas Vudro Vilson 1902-ci ildə universitetə rektor seçildi. O, universitet üçün yeni şüar tərtib etdi:
"Prinston – dövlətə xidmət üçün, kilsəyə yox!". |
Vilson, eyni zamanda tədris proqramlarını ümumi təhsil (ilk 2 il ərzində) və ixtisaslaşdırılmış (əlavə 2 il) hissələrə bölərək təkmilləşdirdi. Onun rəhbərliyi zamanı (1902-1910-cu illər) magistrantların hazırlığı üçün yeni kollec tikildi, fakültələrin sayı artırıldı, humanitar istiqamətli kafedralar yaradıldı və əlavə yataqxanalar tikildi. Lakin Vilson aspirantların təhsilini axıra qədər təşkil edə bilmədi, bu işi onun yerinə başqaları həyata keçirdilər. Rektor əvvəlcə ştatın qubernatoru, sonradan isə ölkənin prezidenti seçkilərində öz namizədliyini irəli sürmək üçün universiteti tərk etdi. 1969-cu ildə ilk dəfə olaraq universitetə qızlar qəbul olundular. Hazırda qadın tələbələrin kişi tələbələrlə nisbəti 52:40-dır.
Müasir vəziyyəti
redaktəYarım əsr bir binada fəaliyyət göstərdikdən sonra Prinston Universitetində sürətlə tikinti işləri aparılaraq ərazisi genişlənməyə başlayıb. Hazırda universitetin kampusunda və oradan kənarda 160-dan çox müxtəlif tikililər – tədris korpusları, elmi-tədqiqat laboratoriyaları, kitabxanalar, çoxsaylı yataqxanalar, muzeylər, idman zalları, stadionlar, kilsə və s. mövcuddur. Universitetin strukturları Benjamin Latrob, Ralf Adams Kram, McKim, Med və Vayt, Robert Venturi və Nik Yeger kimi məşhur memarlar tərəfindən hazırlanıb.
Prinstonun tərkibinə texniki və tətbiqi elmlər məktəbləri, inşaat və şəhərqurma, ictimai və beynəlxalq əlaqələr, astrofizika elmləri bölmələri, biologiya, kimya, iqtisadiyyat, fəlsəfə, siyasət, sosiologiya, psixologiya, ilahiyyat, roman dilləri və ədəbiyyatı, german dilləri və ədəbiyyatı, bədən tərbiyəsi və digər fakültələr, eləcə də C. Forretstol adına elmi-tədqiqat mərkəzi (aeronavtika, kosmik tədqiqatlar, texniki elmlər, plazma fizikası laboratoriyaları bölmələri mövcuddur) daxildir. Aparıcı yerli Makkarter Teatrı, bədii təsvir və təbii tarix muzeyləri də universitetin strukturuna daxildir. Universitetin kitabxanalarında 6 milyon cilddən çox kitab var. Ən böyük kitabxana 4 milyondan çox kitabı olan Firestone kitabxanasıdır. 2007-ci ilin fevralından Prinston Universiteti Google beynəlxalq axtarış şəbəkə sisteminə qoşulub. Prinston həmçinin super kompüter sisteminə malikdir. "Orangena" adlı bu EHM (IBM) kompüter sistemi 2005-ci ildə dünyanın ən sürətli 79 super kompüter sistemi seçilib.
Prinston Universitetinin pedaqoji heyəti yüksək səviyyədə ixtisaslaşıb. Bütün müəllimlər tədqiqat işi ilə məşğuldur və bura çoxsaylı tələbə cəlb edilir.
Amerikanın özəl təhsil sistemi öz məqsədlərinə nail olmağına görə unikaldır, belə ki, ictimai və özəl resursların kombinasiyasından ibarətdir. On milyon dollar təşkil edən çoxsaylı donor yatırımları universitetin maliyyə müstəqilliyini təmin edir, sərbəst tədris proqramlarının, kadr potensialının seçiminə yardım göstərir, tikinti məsələlərinin həllində kömək edir. Hazırda Prinston Universitetinin kapitalı 3 milyard dollar təşkil edir, bu da ABŞ-də Harvard və Texas Universitetlərindən sonra 3-cü yerə sahib olmaq deməkdir.
Tədris prosesi
redaktəPrinstona qəbul çox çətindir, abituriyentdən yüksək bilik tələb olunur. Universitet üçün ideal namizəd dərin baza hazırlığına, yüksək nəticələr əldə etmək məqsədilə marağa, bacarığa və s. keyfiyyətlərə malik olmalı, ən azı bir xarici dil bilməlidir. Universitetdə dərslər sentyabrda başlayır və iyunda bitir. Təhsil müddəti 4 il, 8 semestrdən ibarətdir. Təhsil müddətində tələbə bir semestr ərzində keçilən 30 fənni mənimsəməlidir. Təhsilin 1-ci və 2-ci illərində tələbələr baza bilikləri əldə edir, 3-cü və 4-cü illərində isə intensiv ixtisas proqramlarını öyrənirlər. Tədris planı hər bir tələbənin maraq və həvəsini, universitetin tələblərini nəzərə alaraq fərdi formada təşkil olunur. Prinston Universitetinin tədris prosesində "preseptorial" və ya rəhbərlik prinsipi əsas yer tutur, xüsusilə bu forma humanitar və sosial elmlərin öyrədilməsində istifadə olunur və mühazirə dərslərilə tamamlanır. Belə tədris kiçik qruplarda nizamnamə dərslərini xatırladır. Tədris prosesi universitetdə individual fənn planları və elmi-tədqiqat işləri ilə bərabər təşkil olunub.
Tələbələr 4 sahəyə aid olan iki fənni öyrənməlidirlər: dəqiq elmlər, ictimai elmlər, incəsənət və ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat. 1-ci kursun proqramı tələbələrdə savadın yüksəldilməsi və sərbəst düşüncə bacarığının inkişaf etdirilməsi üçün "İnşa" fənninin öyrədilməsini nəzərdə tutur. Təhsil planı elmi təhlil elementinə malik işlərin və diplom işinin yazılmasını nəzərdə tutur. Hazırlığın keyfiyyəti test və imtahanların köməyi ilə yoxlanılır. Maraqlıdır ki, Prinston Universitetində bütün yazılı imtahanlar "vicdan sistemi" ilə aparılır: tələbələr vicdanla imtahan verməyə söz verirlər, bunun üçün də müəllim imtahanın gedişinə nəzarət etmir. O, sadəcə imtahan vərəqlərini paylayır, suallara cavablar verir və auditoriyanı tərk edir, sonda isə vərəqləri toplamaq üçün qayıdır. Hər bir tələbə işini imzalayarkən yazır: "Vicdanıma and içirəm ki, imtahan zamanı vicdan kodeksini pozmamışam".
İncəsənət bakalavr dərəcəsini aldıqdan sonra məzun müəyyən departamentdə doktoranturada (aspiranturada) qala bilər. 4-5 illik təhsildən sonra fəlsəfə doktoru dərəcəsi verilir. İlk 2 ildə aspirantlar diplomdan sonra 3-4 kurs təhsil alır və ümumi imtahan verirlər, sonda onlar magistr dərəcəsi alırlar. Əlavə 2-3 il dissertasiya hazırlığına həsr olunur. Bunun üçün xüsusi komitənin razılığı olmalıdır, yalnız belə olan halda namizəd fəlsəfə doktoru dərəcəsi almaq üçün müdafiəyə buraxılır.
Məşhur məzunları
redaktəMübaliğəsiz demək olar ki, Prinston Universiteti Amerikanın milli fəxridir. Cek Qourmanın "Milli təhsil standartları" adlı müstəqil reytinqinə əsasən Prinston Universiteti mühəndislik fizikası, riyaziyyatı, fəlsəfəsi və s. istiqamətləri üzrə ABŞ-nin ən yaxşı universiteti olub. Bu universitetin məzunları arasında Amerikanın bir neçə prezidenti və 30 Nobel mükafatı laureatı var: fizika üzrə Nobel mükafatçısı Albert Eynşteyn burada işləyib və mühazirələr oxuyub. ABŞ-nin iki prezidenti – Ceyms Medison (1771) və Vudro Vilson (1874), Barak Obamanın həyat yoldaşı, ABŞ-nin birinci xanımı Mişel Obama, keçmiş dövlət katibləri Corc Şuls və Ceyms Beyker, sabiq müdafiə naziri Donald Ramsfeld, yüzdən artıq senator, konqresmen, 44 qubernator, X-effektlilik konsepsiyasının təməlini qoymuş Amerika iqtisadçısı Harvi Leybenstayn, Fildsov mükafatı laureatı olmuş Amerika riyaziyyatçısı Con Milnor, iqtisadiyyat üzrə Nobel mükafatçısı Con Neş, diaqramın yaranması, elementar hissəciklərin çevrilməsinin təsvirinə görə fizika üzrə Nobel mükafatı laureatı Riçard Feynman, Hollun kəsr kvant effektinin ixtirasına görə fizika üzrə Nobel mükafatçısı Daniel Sui, süni intellekt sahəsində uğurlarına görə Tyurinq mükafatçısı olmuş amerikalı alim Con McKarti, aktyor Uentuort Miller, Böyük Ferm nəzəriyyəsinin ixtiraçısı Endryu Uayls, "Kompton effektinin" yaradıcısı Artur Kompton, filosof, yazıçı, mədəniyyətşünas Kvame Entoni Appia, Stalin haqqında kitab yazmış Robert Taker və Buxarin haqqında siyasi bioqrafiyanın müəllifi Stiven Koen, yazıçı Nina Nikolayevna Berberova Prinston Universitetinin məşhur məzunlarındandırlar. Con Markoninin, Aleksandr Bellin, Enriko Ferminin, Robert Oppenqeymerin adları bu təhsil ocağı ilə bağlıdır.
XX əsrin ikinci yarısından Prinston Universitetinin Vilson tərəfindən tərtib edilmiş qeyri-rəsmi şüarı dəyişdirilərək belə səslənir:
"Öz xalqımıza və bütün xalqlara xidmət üçün!". |
Prinston Universiteti bu sözləri öz fəaliyyəti ilə təsdiqləyərək bütün dünyanın ən böyük və nüfuzlu beynəlxalq tədris mərkəzlərindən birinə çevrilib.
Rektorlar
redaktə- Jonathan Dickinson 1747
- Aaron Burr, Sr.
- Aaron Burr, Sr. 1748-1757
- Jonathan Edwards 1758
- Jacob Green
- Samuel Davies 1759-1761
- Samuel Finley 1761-1766
- John Witherspoon 1768-1794
- Samuel Stanhope Smith 1795-1812
- Ashbel Green 1812-1822
- Philip Lindsly
- Ceyms Carnahan 1823-1854
- John Maclean, Jr. 1854-1868
- Ceyms McCosh 1868-1888
- Francis L. Patton 1888-1902
- Woodrow Wilson 1902-1910
- John Aikman Stewart
- John Grier Hibben 1912-1932
- Edward Dickinson Duffield
- Harold W. Dodds 1933-1957
- Robert F. Goheen 1957-1972
- William G. Bowen 1972-1988
- Harold T. Shapiro 1988-2001
- Shirley M. Tilghman 2001- günümüz
Xarici əlaqələri
redaktəUniversitet ABŞ-nin səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.
Reytinqi
redaktəBu universitet 2001-2008-ci illərdə "News and World Report" (USNWR) jurnalı tərəfindən aparılan araşdırmalara əsasən ABŞ-nin ən yaxşı universiteti seçilib.
2003[3] | 2004[4] | 2005[5] | 2006[6] | 2007[7] | 2008[8] | 2009[9] | 2010[10] | 2011[11] | 2012[12] | 2013[13] | 2014[14] | 2015[15] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
7 | 7 | 8 | 8 | 8 | 8 | 8 | 7 | 7 | 7 | 7 | 6 | 6 |
2015/16[16] | 2014/15[17] | 2013/14[18] | 2012/13[19] | 2011/12[20] | 2010/11[21] |
---|---|---|---|---|---|
11 | 9 | 10 | 9 | 13 | 10 |
2015/16[22] | 2014/15[23] | 2013/14[24] | 2012/13[25] | 2011/12[26] | 2010/11[27] |
---|---|---|---|---|---|
7 | 7 | 6 | 6 | 5 | 5 |
Şəkillər
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dilruba Bayramova, Dünya universitetləri: Prinston Universiteti[ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 09.10.2009, № 39 (8352). (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Global Research Identifier Database (ing.). 2015.
- ↑ "ARWU - Princeton University". Shanghai Ranking Consultancy. 2014. 2019-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
- ↑ "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- ↑ "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2011)". 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- ↑ "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- ↑ "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Ədəbiyyat
redaktə- Axtell, James. The Making of Princeton University: From Woodrow Wilson to the Present (2006), 710 pp; highly detailed scholarly history.
- Bradley, Stefan M., "The Southern-Most Ivy: Princeton University from Jim Crow Admissions to Anti-Apartheid Protests, 1794–1969," American Studies 51 (Fall–Winter 2010), 109–30.
- Bragdon, Henry. Woodrow Wilson: The Academic Years (1967).
- Kemeny, P. C. Princeton in the Nation's Service: Religious Ideals and Educational Practice, 1868–1928 (1998). 353 pp.
- Noll, Mark A. Princeton and the Republic, 1768–1822: The Search for a Christian Enlightenment in the Era of Samuel Stanhope Smith (1989). 340 pp.
- Oberdorfer, Don. Princeton University (1995) 248 pp; heavily illustrated.
- Rhinehart, Raymond, Princeton University: The Campus Guide (guide to architecture), 2000, 188 pp.
- Smith, Richard D, Princeton University, 2005, 128 pp.
- Synnott, Marcia Graham, The Half-Opened Door: Discrimination and Admissions at Harvard, Yale, and Princeton, 1900–1970, 1979. 310 pp.
- Wilson, Woodrow, Link, Arthur S; və b. (redaktorlar ), The Papers of Woodrow Wilson, 14–21, 1972–76 (#explicit_et_al).
- McLachlan, James, Princetonians, 1748–1768: A Biographical Dictionary, 1976. 706 pp.
- Harrison, Richard A, Princetonians, 1776–1783: A Biographical Dictionary, 2, 1981. 585 pp.
- Harrison, Richard A, Princetonians, 1776–1783: A Biographical Dictionary, 3, 1981. 498 pp.
- Woodward, Ruth L; Craven, Wesley Frank, Princetonians, 1784–1790: A Biographical Dictionary, 1991. 618 pp.
- Looney, J Jefferson; Woodward, Ruth L, Princetonians, 1791–1794: A Biographical Dictionary, 1991. 677 pp.