Pyotr Kapitsa - Wikipedia
Pyotr Leonidoviç Kapitsa (26 iyun (8 iyul) 1894[4][5], Kronştadt[d], Sankt-Peterburq quberniyası[d][6][7] – 8 aprel 1984[5][8][…], Moskva[3]) — Sovet fiziki, mühəndis və novator. Nobel mükafatı laureatı (1978). İki dəfə l dərəcəli Stalin mükafatı laureatı (1941, 1943). SSRİ Elmlər Akademiyasının M. V. Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir (1959). İkiqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1974). SSRİ Elmlər Akademiyasının üzvü (1939; 1929-cu ildən müxbir üzvü).[9] London Kral Cəmiyyətinin üzvü[10], ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü[11], Leopoldina cəmiyyətinin üzvü(1958)[12]. Altı dəfə Lenin ordeninə layiq görülmüşdür (1943; 1944; 1945; 1964; 1971; 1974).
Pyotr Kapitsa | |
---|---|
rus. Пётр Леони́дович Капи́ца | |
Doğum tarixi | |
Doğum yeri | Kronştad, Rusiya imperiyası |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası SSRİ |
Uşaqları | |
Elm sahəsi | Nəzəri fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | Professor, SSRİ EA-nın akademiki |
İş yerləri |
|
Alma-mater | Sankt-Peterburq Politexnik İnstitutu |
Təhsili |
|
Elmi rəhbərləri | Ernest Rezerford |
Tanınmış yetirməsi | 50-dən çox |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Görkəmli elm təşkilatçısıdır. Fiziki Problemlər İnstitutunun yaradıcısı, ömrünün sonundək buranın direktoru vəzifəsində çalışmışdır. Moskva Fizika və Texnologiya İnstitutunun qurucularından biri. Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Aşağı Temperatur Fizikası kafedrasının ilk müdiri.
Həyatı
redaktəPyotr Leonidoviç Kapitsa 1894-cü il iyulun 9-da Kronştadda hərbi mühəndis general Leonid Kapitsanın ailəsində anadan olub. Atası təhsilli ziyalı, istedadlı mühəndis idi, o, rus silahlı qüvvələrinin inkişafında mühüm rol oynayıb. Anası Olqa İeronimovna təhsilli qadın olub. O, ədəbiyyat, pedaqoji və ictimai fəaliyyətlə məşğul olub. Rus mədəniyyəti tarixində özünəməxsus iz qoyub.
Pyotr əvvəlcə gimnaziyada, daha sonra Kronştad real məktəbində oxuyub, oranı "əla" qiymətlərlə bitirib. Fizika və elektrotexnikaya ciddi maraq göstərməsi ilə fərqlənib. Xüsusi qabiliyyətinə görə ona məktəbin laboratoriyasında müstəqil surətdə təcrübələr aparmağa icazə verilib. Müxtəlif kimyəvi və fiziki təcrübələr qoyan Pyotr cihazları özü təmir edirdi. Xüsusən də saatları dağıtmaq və onları yenidən yığmaq ona çox maraqlı gəlirdi.
1902-ci ildə Pyotr Sankt-Peterburq Politexnik İnstitutuna daxil olub. 1914-cü ilin avqustunda Birinci Dünya müharibəsi başlayıb. 3-cü kurs tələbəsi olan Kapitsa bir çox yaşıdları kimi orduya çağırılıb. Bir müddət müharibənin Polşa cəbhəsində sanitar dəstəsində sürücü olub, yaralıları daşıyıb. 1916-cı ildə ordudan tərxis olunan Pyotr instituta qayıdıb. O vaxt məşhur fizik Abram İoffe onu fizika laboratoriyasında eksperimentlərə cəlb edib. Elə həmin il Kapitsanın "Rus fizika-kimya cəmiyyəti jurnalı"nda ilk məqaləsi dərc olunub. 1918-ci ildə İoffe Peterburqda ağlagəlməz çətinliklər şəraitində Rusiyada ilk elmi-tədqiqat fizika institutlarından birini yaradıb. Kapitsa bu mərkəzin ilk əməkdaşlarından olur. İnstitut sovetKapitsa oğlanları ilə fizika, nəzəri və texniki fizika elminin inkişafında çox mühüm rol oynayır. İnstitutu bitirdikdən sonra onu fizika-riyaziyyat fakültəsində müəllim saxlayırlar. İnqilabdan sonra olduqca mürəkkəb bir dövrdə İoffe var-qüvvəsi ilə alim və tələbələrini, gənc fizikləri qoruyub saxlamağa can atırdı. Onların arasında Kapitsa da var idi. Kapitsanın hələ 18 yaşı var idi, sovet fizika elminin gələcək banisi olan Abram İoffe onu Peterburq Politexnik İnstitutunda elmi tədqiqat işlərinə cəlb etmişdi. Seminarların bütün iştirakçıları eksperimentator idilər və çox çətin vəziyyətdə işləyirdilər; zəruri avadanlıqlar, cihazlar, alətlər çatışmırdı. Hətta eksperiment aparılacaq cihazı yığmaq üçün sadə məftil belə yox idi. Buna baxmayaraq, olduqca mürəkkəb eksperimentlər qoyulurdu. 1920-ci ildə Kapitsa və N. Semyonov (sonralar Nobel mükafatına layiq görülmüş kimyaçı alim) atomun maqnit sahəsini müəyyən etməyə cəhd etdilər. İoffe Kapitsanın xarici elmi ezamiyyətə göndərilməsində israr edirdi. Lakin yeni qurulmuş bolşevik hökuməti buna icazə vermirdi. Bu məsələ yalnız proletar yazıçısı, ölkədə böyük nüfuza sahib Maksim Qorkinin müdaxiləsi ilə həll olundu. Nəhayət, Kapitsaya Böyük Britaniyaya getməyə icazə verildi.
Lakin tezliklə Rusiya tarixi mərhələyə — inqilab və müharibə mərhələsinə daxil oldu. Onun taleyinə faciəli qismət düşdü. Bir ay ərzində o atasını, gənc arvadı Nadejda Çernosvitovanı, 2 yaşlı oğlunu, yenicə doğulmuş qızını itirdi. Bu 1919-cu ilin qışında vətəndaş müharibəsi zamanı baş verdi. O zaman ölkədə "ispanka" adlandırılan qrip epidemiyası tüğyan edirdi.
Taleyinə ağır günlər düşmüş Kapitsa tam ümidsizliyə qapılmışdı. Ən yaxınlarını itirdikdən sonra yaşamaq getdikcə mənasızlaşırdı… Onun üçün xaricə elmi ezamiyyət taleyüklü və müəyyən qədər də xilasedici oldu. Şagirdinin daxili iztirablarını çox yaxşı anlayan İoffe onu xaricə göndərilən rus elmi qrupuna daxil etdi. Bu qrup Avropanın elm mərkəzləri ilə əlaqə yaratmalı idi. Kapitsanın payına İngiltərə, Kembric düşdü.
Müəllim-tələbə dostluğu
redaktəP. Kapitsa 1921-ci ilin mayında İngiltərəyə yollanıb. O, məşhur fizik Ernest Rezervordun bütün dünyada məşhur olan Kavendiş laboratoriyasına düşə bilib. Lakin Rezervordun elm məktəbinə düşmək heç də asan deyildi. Özünün bütün səmimiyyəti ilə Rezervord rusiyalı gəncə bildirib ki, xaricilər üçün onun cəmi 30 yeri var və onların hamısı artıq tutulub. Kapitsa başa düşəndə ki, itirməyə bir şeyi qalmayıb, Rezervorddan soruşub: "Professor, sizin tədqiqatların dəqiqliyi neçə faiz təşkil edir?". "Hardasa, 5 faiz",-deyə Rezervord cavab verir. "Əgər 30-a daha bir nəfəri əlavə etsək, onda tədqiqatın dəqiqlik faizi eksperiment səhvləri çərçivəsində olacaq, elə deyilmi professor",-deyə Kapitsa alimə sual verib. "Çünki siz böyük dəqiqlik dalınca qaçmırsınız". Gəncin məntiqli sual-cavabı qarşısında tutulan böyük Rezervord "Yaxşı, qalın!", — deyərək Kapitsanı laboratoriyasına qəbul edib. Lakin o, bu sözləri də əlavə etməyi unutmayıb: "Əgər siz elmi iş əvəzinə bolşevik təbliğatı ilə məşğul olsanız, mən buna dözə bilməyəcəyəm". Pyotr Kapitsa məhz bu cür Kembricdə özünə yol açıb. Rezervord bundan heç vaxt heyfsilənməyib. Müəllim-tələbə münasibəti dostluğa çevrilib. Onların uzun illik əməkdaşlığı (1921–1934-cü illər) dünya əhəmiyyətli bir sıra elmi kəşflərə yol açıb. Kapitsanın ikinci həyatı belə başlayıb.
"Mən ona və onun mənə qarşı münasibətinə çox borcluyam", — deyə sonralar Kapitsa müəllimi barədə yazırdı. Rezervordun mühazirələrində iştirak etməklə yanaşı, Kapitsa eyni zamanda Kavendiş laboratoriyasında yeni işə başlayan gənc fiziklər üçün məcburi olan fiziki praktikumlardan keçməli idi. Bu praktikumlara Ceyms Çedvik (Nobel mükafatı laureatı) rəhbərlik edirdi. Praktikumlar iki ilə nəzərdə tutulmuşdu, lakin cəmi 2 həftə ərzində bütün zaçotları verən Kapitsa laboratoriya əməkdaşları və Rezervordun özünü belə heyrətləndirdi. Kapitsanın qabiliyyətini görən Rezervord ona alfa zərrəciklərini öyrənməyi tapşırdı. Bunlar Rezervordun "sevimli" zərrəcikləri idi. Onun bütün tələbələri alfa zərrəcikləri ilə məşğul idi. Kapitsa zərrəciklərin impulsunu müəyyən etməli idi. Bunun üçün Kapitsaya güclü maqnit sahəsi lazım idi. Çox güclü maqnit sahəsinin yaradılması üzrə işlər getdikcə müstəqil xarakter aldı və o, alfa zərrəciklərinin impulsunun öyrənilməsi işindən, nüvə fizikasından uzaqlaşdı. Lakin onun 1922-ci ildə Kembricdə müdafiə etdiyi doktorluq işi "Alfa zərrəciklərinin maddələrdən keçməsi və maqnit sahəsinin alınması" idi.
Nobel mükafatı alarkənKembricdə işləyərkən Kapitsa tərəfindən çox güclü maqnit sahələrinin yaradılması problemi öz həllini tapdı. O, buraya Vilson kamerasını yerləşdirməyi təklif etdi. Nəticədə ilk dəfə olaraq maqnit sahəsi tərəfindən əyilmiş alfa zərrəciklər əldə olundu. Zərrəciklərin hərəkət trayektoriyasının əyrilik radiusu əsasında hissəciyin yükünü, enerjisini, kütləsini müəyyən etmək mümkün oldu. Lakin Pyotr Kapitsanın aşağı temperatur, aşağı temperaturlu texnika və fizika sahəsində uğurları xüsusilə dəyərli oldu. 1937-ci ildə Kapitsa əvvəllər elmə məlum olmayan maye heliumun yüksəkaxıcılıq qabiliyyətini kəşf etdi. Bundan başqa, Kapitsa cəmi 6–7 atmosfer təzyiqdə qazların durulaşdırılması üçün unikal maşın yaratdı. Əvvəlki maşınlarda qazı 200–300 atmosferə qədər sıxmaq lazım idi.
Kapitsa məhz aşağı temperaturlar fizikası sahəsindəki bu nailiyyətlərinə görə fizika sahəsində Nobel mükafatı laureatı olub.
"Rusiyadan olan dahi"
redaktəXX əsrin əvvəlləri — 1920-ci illər müasir fizikanın təşəkkülündə ən səmərəli və məhsuldar dövr hesab olunur. Kavendiş laboratoriyasında və Avropanın digər elmi mərkəzlərində ən ağlagəlməz eksperimentlər qoyulurdu. Elmi dairələrdə çox gərgin elmi diskussiyalar davam edirdi. Kvant qanunauyğunluqlarının öyrənilməsinə ilk cəhdlər edilirdi. Kavendiş laboratoriyası müzakirələr və mübahisələr meydanına çevrilmişdi. Pyotr Kapitsa da tezliklə bu mühitə daxil oldu. İoffe məktəbi ona bu sahədə ilk elmi baza bilikləri vermişdi. Gənc fizik yenilikçi mühəndis risklərinə tam hazır idi. BaxmayaraqKapitsa həyat yoldaşı Anna ilə. 1930-cu il. Kembric ki, Kapitsanın güclü maqnit sahəsinin alınması məqsədilə apardığı eksperimentlər laboratoriyada güclü partlayışlarla müşayiət olunurdu, o, bundan əsla qorxmurdu. Kapitsanın eksperimentləri Kavendişin köhnə divarlarında tez-tez əks-səda yaradırdı, eksperimentlər isə maddə və sahənin quruluşu barədə əvvəlki bilikləri zənginləşdirirdi. Kembricdə Kapitsanın elmi nüfuzu sürətlə artırdı. 1929-cu ildə London Kral Cəmiyyəti ona professor fəxri adı verdi. Müəllimi Rezervord "Rusiyadan olan dahi"nin təşəbbüsləri üçün xəsislik etmirdi. Artıq 30-cu illərdə Kavendiş laboratoriyasının əməkdaşları Rezervordun qüsurlarından söz düşəndə qeyd edirdilər ki, ser Rezervord Pyotr Kapitsanın tədqiqatları üçün həddən çox vəsait xərcləyir. Əlbəttə ki, söhbət laboratoriyanın həyətində Pyotr Kapitsa üçün ayrıca müasir laboratoriyanın (Mond laboratoriyası) tikintisindən gedirdi. Rezervordun təkidi ilə London Kral Cəmiyyəti xüsusi olaraq Kapitsa üçün yeni laboratoriya yaratdı. Laboratoriya alman əsilli sənayeçi və kimyaçı Lüdviq Mondun Kral Cəmiyyətinə vəsiyyət etdiyi vəsait hesabına inşa olunmuşdu və onun şərəfinə Mond laboratoriyası adlanırdı.
Rezervord tələbəsinə inanırdı, ona böyük ümidlər bəsləyirdi. Bu qədər maliyyə xərcləri və şərəfə Rezervordun heç bir şagirdi layiq görülməmişdi. Mond laboratoriyasında çox güclü maqnit sahəsi tədqiq olunurdu. Tezliklə Kapitsa ən müasir elmi problemlərin müzakirə olunduğu seminarlar təşkil edir. Avropanın ən istedadlı alimləri bu seminarlarda iştirak edirdilər. "Kapitsa klubu" adlandırılan bu seminarlarda bəzən ən aktual elmi problemlər ətrafında qızğın müzakirələr aparılırdı. Klubun ən məşhur qonaqları qismində tez-tez Nils Bor, Born, Ernest Rezervord və digər məşhur alimlər iştirak edirdi. Mond laboratoriyasında Kapitsa aşağı temperaturları öyrənirdi. O, tez-tez Rusiyaya gəlirdi. 13 il İngiltərədə yaşayan Kapitsa vətəndaşlığını dəyişməmişdi. Baxmayaraq ki, ingilis həyat tərzi onun üçün artıq yad deyildi.
1934-cü ildə sovet hakimiyyəti növbəti dəfə vətənə gələn Kapitsaya Kembricə qayıtmağı qadağan etdi. Ona hətta öz müəllimi Ernest Rezervordla danışmağa belə icazə vermədilər.
"Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin mənim ruhumu heç kim ala bilməz…"
Sovet hökumətinin Kapitsaya İngiltərəyə qayıtmağı qadağan etməsi onun müəllimi Ernest Rezervord və Avropa elmi cəmiyyətləri tərəfindən hiddətlə qarşılandı. Rezervord sevimli tələbəsinin müdafiəsinə qalxdı. O bəyan etdi ki, Kapitsa Mond laboratoriyası olmadan, laboratoriya da onsuz yaşaya bilməz. 1934-cü il aprelin 24-də London qəzetləri "Kembric Sovetlərin qərarından şokdadır", "Kembric tədqiqatlarının sonu", "Rusiya professoru saxlayıb; İngiltərə böyük alimi itirir", "Elm aləmi üçün fəlakət" kimi başlıqlarla dərc olunmuşdu.
İngiltərədə yaşadığı 13 il ərzində Kapitsa Londonda ikinci dəfə evləndiyi Anna Krılova ilə bir neçə dəfə mühazirələr oxumaq və kurortların birində dincəlmək üçün vətənə qayıtmışdı. Kremldə Kapitsanı "uzunmüddətli xarici ezamiyyətdə olan sovet fiziki" kimi tanıyırdılar. Sovet rəsmi hakimiyyət orqanları dəfələrlə müraciət edərək ondan Sovet İttifaqında daimi yaşamağı xahiş etmişdilər. O bu təklifə maraqla baxırdı, lakin öz şərtini də irəli sürürdü. Bu şərt isə əsasən Kapitsanın Avropa səfərlərinə əngəl yaradılmaması ilə bağlı idi. Məhz bu şərti Moskva qəbul etmirdi və nəticədə bu məsələ həll olunmamış qalırdı. 1934-cü ilin yayında Kapitsa növbəti dəfə arvadı ilə Sovet İttifaqına səfərə gəldi. Lakin İngiltərəyə dönmək istəyəndə məlum oldu ki, onların Avropaya qayıtmaq vizaları ləğv olunub. Sovet rəhbərliyi ilə kəskin və faydasız toqquşmadan sonra Kapitsa vətəndə qalmağa məcbur oldu. Onun arvadına isə İngiltərəyə uşaqlarının yanına dönməyə icazə verdilər. Beləliklə də sovet rejimi akademik Kapitsanı ailəsindən, sevimli işindən, laboratoriyasından ayırdı. O, sarsılmışdı.
Alimin yaşadığı ruhi-mənəvi sarsıntıları onun İngiltərəyə arvadına göndərdiyi məktublar sübut edir. Məktublardan birində o yazırdı: "İndi həyat mənim üçün son dərəcə mənasızdır. Mənim yumruqlarım sıxılır və mən saçlarımı yolmağa və dəli olmağa hazıram. Mənim laboratoriya cihazlarım, mənim ideyalarımla başqaları yaşayır və işləyir, mən isə burada oturmuşam, başa düşə bilmirəm ki, bu, nə üçün lazımdır. Bəzən mənə elə gəlir ki, mən dəli oluram".
Bir neçə müddətdən sonra Anna Alekseyevna Moskvaya ərinin yanına köçdü, daha sonra isə oğlanları (Sergey və Andrey Kapitsalar sonralar sovet elminin görkəmli nümayəndələri oldular) da vətənə döndülər. Rezervord sovet hakimiyyətindən Kapitsanın elmi işlərini davam etdirməsi üçün İngiltərəyə dönməsinə icazə verməsini xahiş etmişdi. Lakin bütün müraciətlər nəticəsiz qaldı. 1935-ci ildə Kapitsaya SSRİ Elmlər Akademiyasının yeni yaradılmış Fiziki Problemlər İnstitutunun direktoru postunu təklif etdilər. Lakin Kapitsa bir il bu təklifi rədd etdi. Öz sevimli tələbəsini itirməsi ilə barışmaq məcburiyyətində qalan Rezervord sovet hökumətinə Mond laboratoriyasını satın almağı və onu dəniz yolu ilə SSRİ-yə çatdırmağa razılıq verdi. Laboratoriyanın daşınması və onun Fiziki Problemlər İnstitutunda bərpası üzrə danışıqlar bir neçə il davam etdi. Rezervordun özü üçün də Kapitsanın Rusiyada qalması əsl dram idi və nəticədə sevimli tələbəsindən uzaq düşən Rezervord tezliklə həyatla vidalaşdı.
Kapitsa sovet hökumətinin düzgün hesab etmədiyi bir çox qərarlarını açıqca tənqid edirdi. O, yalnız tədricən totalitar sistemin reallıqlarını anlamağa başladı. Alim sanki qəfəsdə idi. Bəzən o, ümidsizliyə qapılırdı. "Məni qala tikməyə, kanal qazmağa məcbur etmək olar, lakin mənim ruhumu heç kim ala bilməz. Əgər məni ələ salmaq istəsələr, onda mən alnıma güllə sıxaraq həyatıma son qoyacam".
Bu hələ son deyil
redaktə"Qəm yemə və kədərlənmə. Həyat ən mürəkkəb problemləri həll edir, əgər ona kifayət qədər vaxt verilsə",-deyən Kapitsa bu qənaətdə idi ki, elmi həqiqət həyatda hər zaman özünə yol açacaq. Lakin bu yolu sürətli və daha düz etmək birbaşa insanların özündən asılıdır.
Və Kapitsa artıq Moskvada öz işlərini təşkil etməyə qərar verdi. Hər şey sıfırdan başlanmalı idi. Onun artıq 40 yaşı var idi. Lakin tükənmək bilməyən elm yanğısı onu dinc qoymurdu. 1938-ci ildə Kapitsa "SSRİ Elmlər Akademiyasının məruzələri" və "Nature" jurnalları redaksiyasına qeyri-adi xəbər göndərdi: "Mayelərin müqavimət olmadan yüksəkaxıcılıq qabiliyyəti kəşf olunub". Bu görünməmiş fiziki hadisə yalnız aşağı temperaturlarda maye heliumda müşahidə olunurdu. Maye heliumun yüksəkaxıcılıq qabiliyyətinin kəşfi heç şübhəsiz ki, istedadlı alimin ən parlaq elmi nailiyyəti idi. Maye heliumu öyrənmək, laborator tədqiqatları aparmaq məqsədlə kifayət qədər helium əldə etmək üçün Kapitsa xüsusi qurğu işləyib hazırlamışdı. Bu işdə də Kapitsanın uşaqlıqlan böyük maraq göstərdiyi ixtiraçılıq qabiliyyətinin böyük rolu olmuşdu. Tezliklə Kapitsanın elmi uğuru Avropanın bütün elmi cəmiyyətləri tərəfindən maraqla qarşılandı və qəbul olundu.
Gənc alimlərin havadarı
redaktəSovet hakimiyyətinin Kapitsanı Mond laboratoriyasından ayırması onun elmi taleyinə ilk yüksək zərbə idi. Müharibədən bir il sonra, 1946-cı ildə ona daha bir zərbə vuruldu: Moskva Texniki İnstitutunun nəzdində öz əlləri ilə yaratdığı laboratoriyanı da əlindən aldılar. Kapitsanı müstəqilliyinə və nadir müşahidə olunan cəsarətli davranışlarına görə vəzifəsindən azad etdilər. Bu cəsarət və müstəqilliyini o, müharibəyə qədər 3 dəfə — 1935, 1937, 1938-ci illərdə nümayiş etdirdi. 1935-ci ildə görkəmli rus riyaziyyatçısı Nikolay Luzinin müdafiəsi üçün sovet rəhbərliyinə məktub yazdı. Öz məktubu ilə Kapitsa riyaziyyatçını həbsdən xilas etdi. 1937-ci ildə tanınmış fizik-nəzəriyyəçi Vladimir Fok həbs olundu. Yenə də Kapitsa özündə cəsarət toplayaraq Stalinə ünvanladığı məktubda riyaziyyatçının azad olunmasını xahiş etdi. Alimin təkidli xahişlərindən və açıqca nümayiş etdirdiyi cəsarətin təsirindən Stalin bu xahişi rədd etmədi.
1938-ci ilin aprel günlərindən birində Fiziki Problemlər İnstitutunun əməkdaşı, sovet nəzəriyyəçi fiziklərin rəhbəri Lev Landau işə gəlmədi. Dərhal da hamıya məlum oldu ki, bunun səbəbi nədir. Yenə də Kapitsa dərhal Stalindən Landaunun işinə müdaxilə etməsini və onun tezliklə azad olunmasını tələb etdi. Əks halda, rəhbərlik etdiyi institutdan istefa verəcəyi ilə hədələdi. Landau bir ildən sonra azadlığa buraxıldı.
Kapitsa və totalitar sovet rejimi
redaktəBöyük Vətən müharibəsi illərində Kapitsanın alim-mühəndis dahiliyi düşmən üzərində hərbi üstünlüyün təmin olunmasında qiymətsiz idi. Müharibə illərində Kapitsa 2 dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına, 2 Stalin mükafatına layiq görüldü, "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olundu. Sovet rejimi bir dahi alim, elm təşkilatçısı kimi onunla hesablaşmağa məcbur idi.
1945-ci ilin avqustunda Kapitsa akademik İqor Kurçatovla birlikdə SSRİ atom bombasının hazırlanması üzərində işləyən Xüsusi komitənin tərkibinə daxil olur. Onlara fövqəl etimad göstərildi. Komitədə yalnız 2 fizik — Kapitsa və Kurçatov təmsil olunurdu, komitəyə isə Lavrenti Beriya rəhbərlik edirdi. Bu isə tezliklə fəlakətə gətirib çıxardı. Kapitsa əmin oldu ki, belə bir adamın rəhbərliyi altında işləyə bilməyəcək, ona görə də Stalinə 2 məktub yazaraq Beriya haqda bütün narazılıqlarını əsaslandırdı. Məktublarında Kapitsa heç nəyi gizlətmədi. Bundan əlavə, məktubu Beriyanın özünə də göstərməyi xahiş edirdi! Məktubda isə qeyd olunurdu ki, Beriya atom layihəsinə rəhbərlik edir, lakin işlərin mahiyyətindən bixəbərdir. Kapitsa Beriyanı notu oxuya bilməyən dirijora bənzədirdi. Bütün bunlar rejimə boyun əyməyən akademikə qanlı divan tutmaq üçün kifayət idi. Məlumdur ki, Stalin onun haqqında — "bütün alimlərin dostu" ifadəsini işlətmişdi. "Mən onu işdən azad edirəm, lakin sən ona toxunma",-deyə Stalin Beriyaya Kapitsa barədə tapşırıq vermişdi. Kapitsanı gözdən saldılar, lakin o, Beriya ilə qarşıdurmadan sağ qaldı. Məşhur fiziki Xüsusi komitədən uzaqlaşdırdılar. Ev dustağı oldu. Yaratdığı institutdan kənarlaşdırıldı. 1949-cu ilin dekabrında bütün ölkə Stalinin 70 illiyini qeyd edəndə Kapitsa tədbirlərə qatılmadı. Buna görə də M. Lomonosov adına MDU-da professor vəzifəsindən də kənarlaşdırıldı. Lakin bütün bu təzyiqlər onun iradəsini sındırmadı. Yaratdığı laboratoriyadan, başına topladığı əməkdaşlarından məhrum olan Kapitsa bir neçə aydan sonra özünün bağ evində kiçik laboratoriya yaratdı. O, burada hidrodinamika ilə məşğul olmağa başladı. Məşhur akademiklə hər hansı əlaqədən qorxan keçmiş əməkdaşları gizlində ona kömək edirdilər. Yalnız Stalinin ölümündən 2 il sonra Kapitsa instituta qayıda bildi. 1955-ci ilin yanvarında Kapitsa Fiziki Problemlər İnstitutunun direktorluğuna bərpa olundu. O, ömrünün sonuna kimi instituta rəhbərlik etdi. Sonrakı illərdə Kapitsa plazma fizikası ilə məşğul oldu. 1965-ci ildə 30 illik fasilədən sonra Kapitsa Kembricə səfər etdi.
Gecikmiş mükafat
redaktəNobel mükafatını Kapitsa çox gec, 1978-ci ildə 84 yaşında ikən aldı. 1978-ci ildə İsveç Nobel komitəsi P. Kapitsaya teleqram göndərərək ona aşağı temperaturlar fizikası sahəsində fundamental tədqiqatlarına görə Nobel mükafatına layiq görüldüyünü xəbər verdi. Demək olar ki, mükafat tam 40 il gecikmişdi. Alimin silahdaşları onun mükafatı çox gec almasını ədalətsiz qərar adlandırmışdılar. "Problemi görmək onu həll etməkdən çox çətindir. Birinci üçün təxəyyül, ikinci üçün isə yalnız bacarıq lazımdır", — deyən Kapitsaya görə, işgüzarlıq olmadan heç bir istedad nəticə verə bilməz. O bu prinsipə ömrü boyu əməl etmişdi.
İstinadlar
redaktə- ↑ 1 2 Гельтман Д. В. История неполучения заслуженной учёной степени: Документы о попытке присуждения Н.В. Тимофееву-Ресовскому учёной степени доктора биологических наук без защиты диссертации в 1957 г., The Story of Non-awarding of the Deserved Degree: Documents on the Attempt to Award a Doctor of Science Degree in Biology without Defense of a Thesis to N.V. Timofeyeff-Resovskii in 1957 (rus.). // Историко-биологические исследования 2018. Т. 10, вып. 3. С. 89–108. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2018-11968
- ↑ 1 2 http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=KAPICA,%20Piotr%20L.%20.
- ↑ 1 2 Yudina A. Pyotr Kapitsa // Prominent Russians: Pyotr Kapitsa. RT.
- ↑ Kojevnikov A. Pyotr Leonidovich Kapitsa // Pyotr Leonidovich Kapitsa - SOVIET PHYSICIST. 2018.
- ↑ 1 2 Bibliothèque nationale de France Petr Leonidovič Kapica // Petr Leonidovič Kapica (1894-1984) (fr.). 2011.
- ↑ This Month in Physics History - January 1938: Discovery of Superfluidity. Amerika Fizik Cəmiyyəti, 2006.
- ↑ Piotr Leonidovich Kapitza // Papers of Piotr Leonidovich Kapitza.
- ↑ Pyotr Kapitsa // Cambridge University - EDUCATIONAL INSTITUTION (ing.). 2002.
- ↑ Профиль Петра Леонидовича Капицы Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine на официальном сайте РАН
- ↑ Kapitza; Piotr Leonidovich Arxivləşdirilib 2021-05-29 at the Wayback Machine (1894–1984) // London Kral Cəmiyyətinin saytı
- ↑ Pyotr Kapitsa ABŞ Milli Elmlər Akademiyası (ing.) saytında.
- ↑ Petr L. Kapica [ölü keçid] (alm.)
Ədəbiyyat
redaktə- Vladimir Yesakov. Почему П. Л. Капица стал невыездным // Вестник Российской академии наук . 67. № 6. 1997.
- Павел Рубинин. История одного открытия в письмах и документах (к 60-летию открытия сверхпроводимости) (PDF) // Успехи физических наук . 167 (rus). Российская академия наук. 1997. 12.
- Loren R. Graham. Moscow stories. Indiana University Press. 2006. ISBN 9780253347169.
- Allan Griffin. Superfluidity: three people, two papers, one prize (PDF) // PhysicsWorld (ingilis). № 8. 2008.
- Балдин А. М. и др. Пётр Леонидович Капица: Воспоминания. Письма. Документы.
- Vladimir Yesakov, Рубинин П. Е. Капица, Кремль и наука. Т. 1: Создание института физических проблем: 1934-1938. М.: Наука. 2003. ISBN 5-02-006281-2.
- Добровольский Е. Н. Почерк Капицы.
- Кедров Ф. Б. Капица: Жизнь и открытия.
- Elevter Andronikaşvili Воспоминания о жидком гелии. — Тбилиси: Ганатлеба, 1980.