Qalvanometr - Wikipedia
Qalvanometr (qalvano — Luigi Qalvaninin soyadı və q.yun. metreo — ölçürəm) — çox zəif cərəyan şiddətini, yaxud elektrik sahəsinin gərginliyini qeydə alan yüksək həssaslıqlı elektrik ölçü cihazı.
Sabit və dəyişən cərəyan qalvanometrləri var. XIX əsrin 20-ci illərində yaradılmış ilk qalvanometrlərin iş prinsipi maqnitoelektrik hadisəsinə əsaslanmışdı. 1881-ci ildə fransız alimi J.A.d'Arsonval mütəhərrik sarğaclı qalvanometr yaratdı. Bu qalvanometrdə mütəhərrik element sabit maqnit sahəsində yerləşdirilmiş cərəyanlı naqil idi. Ölçmə üsuluna görə qalvanometr əqrəbli və güzgülü olur. Qalvanometrin işi məxsusi rəqslərin dövrü və həssaslığı ilə xarakterizə edilir. Məxsusi rəqslərinin dövrü 20–40 san olan qalvanometr ballistik qalvanometr adlanır və qısa müddətli (2 san-yə qədər) impulsları ölçür. Dəyişən çərəyanı ölçmək üçün vibrasiyalı (5 khs-ə qədər tezliklərdə) qalvanometrdən və termoqalvanometrdən (5 khs-dən yüksək tezliklərdə) istifadə edilir. Müasir sabit çərəyan qalvanometrləri təqr. 5•10−11 A cərəyan şiddətini və 5•10−8 V gərginliyi ölçür. Qalvanometrlər elektrik dövrəsində cərəyan və gərginliyin olmamasını göstərən sıfır indikatorları kimi daha çox işlədilir.