Qarsiliqli Evezolunma - Wikipedia
Qarşılıqlı əvəzolunma - maşın, aqreqat, mexanizm, apparat və s. texniki konstruksiyaların hissələrinin və düyümlərinin əlavə emala ehtiyac olmadan, onun işləmə qabiliyyətinə qoyulmuş əvvəlki tələbləri ödəməklə qarşılıqlı dəyişdirilməsinə imkan verən xassələr toplusudur. Geniş mənada qarşılıqlı əvəzolunma müasir texnikanın inkişafını səciyyələndirən kompleks anlayışdır. Bu baxımdan qarşılıqlı əvəzolunma maşının, cihazın və s. layihələndirməsi, istehsal texnologiyasını və istismarını özündə cəmləşdirir. O, xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malik olub, iri seriyalı və kütləvi istehsalın əsasını təşkil edir. Yalnız qarşılıqlı əvəzolunmanı təmin etməklə bir ölkə daxilində yox, hətta müxtəlif ölkələrdə yerləşən müəssisələr arasında kooperasiya yaratmaq mümkündür. Əgər istehsal olunmuş hissə yığma zamanı heç bir uyğunlaşdırmaya, seçməyə və başqa əlavə işlərə ehtiyac olmadan, maşın və ya mexanizmə qoyulmuş bütün texniki tələbləri ödəyə bilirsə, onda belə qarşılıqlı əvəzolunma tam adlanır. Məsələn lampaların yivləri, ştepsel çəngəlləri, vintlər, qaykalar, yastıqlar və s. yalnız tam qarşılıqlı əvəzolunma şəraitində tətbiq oluna bilirlər. Bəzi hallarda yığma zamanı hissələrdən birinin, və ya bir qrupunun ilkin seçilməsi və əl əməliyyatlarının tətbiqi ilə uyğunlaşdırılaraq qrup üzrə yığılması, və ya selektiv yığma prosesində uyğun gələn hissənin seçilib quraşdırılması iqtisadi və texniki cəhətdən əlverişli olur. Belə olan halda qarşılıqlı əvəzolunma natamam sayılır. Bu üsul əsasən müəssisələrdə maşınların yığılması zamanı tətbiq olunur və ehtiyat hissələrinə aid edilmir. Qarşılıqlı əvəzolunmanın yerinə yetirilməsi üçün əsas şərtlərdən biri İSO tərəfindən ölçülərə qoyulmuş müsaidələrə riayət olunmasıdır.
Mənbə
redaktə- Mövla-zadə, V.Maşınqayırma texnologiyası. Bakı: AzTU, 2008. II Hissə.422 s.
- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.