Qazax Xalcalari - Wikipedia
Qazax xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Qazax şəhərinin adından almışdır. Qazaxın özündə xalçaçılar bu xalçanı "Qazax-şəhər" də adlandırırlar.[2] Qazax xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Xalça | |
Qazax | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Qazax xalçaları |
Məktəbi | Qazax xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Qazax |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Qazax xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | Qoyun yunu |
Tarixi
redaktəQazax şəhəri və onu əhatə edən kəndlər qədim dövrlərdən Azərbaycanın əsas xalçaçılıq mərkəzlərindən biri olmuşdur.[2] XX əsrin I yarısına kimi burada yaşayan hər bir azərbaycanlı ailəsi il ərzində 5 m2-dən az olmamaqla ən azı 4–5 xovlu və ya xovsuz xalça toxuyurdu.[2] Xalçalar adını Qazax şəhərinin adından almışdır. Qazaxın özündə xalçaçılar bu xalçanı "Qazax-şəhər" də adlandırırlar.[2]
Bədii analiz
redaktəBirinci üsul
redaktəBirinci üsulla toxunmuz Qazax xalçaları bəzən həm də "Dördbuynuz" adlandırılır. Bu xalçalarda tamğa[4] əks olunduğuna görə, Qafqaz, Ön Asiya və Qazaxıstan toxucuları onu həm də "Tamğalı" adlandırırılar. M. D. İsayev "Zaqafqaziyada xalça istehsalçılığı" adlı əsərində bu xalçanı Borçalı ərazisindəki Kürdlər kəndi ilə əlaqələndirir.[5] Bu xalçaların ara sahəsinin kompozisiyası cəmi üç elementdən təşkil olunur. Forma baxımından onlar sadə görünüşə malik olsalar da, şahmat formalı düzülüşləri ilə qədim dövrlərə aid olma təsəvvürü yaradır.[6]
Künclərdə yerləşən böyük kvadrat və kiçik dördbucaqlı elementlərdən mərkəzi hissəyə budaqlar uzanır. Bunlar dörd əsas həyat ünsürü olan su, hava, od və torpağı simvolizə edir.[6] Oxşar təsviri 1958-ci ildə Həsənlitəpə ərazisində arxeoloji tədqiqatlar zamanı aşkarlanmış e.ə. VIII əsrə aid kasa üzərində də görmək mümkündür.[6] Kasa üzərində naxış şir təsvirindən solda qabarıq şəkildə əks olunmuşdur.[6] Qədim dövrlərdə bu naxış bir çox Azərbaycan xalçalarında əks olunurdu. XIX əsrin II yarısından ara-sıra müxtəlif xalçalarda bu naxışa rast gəlinir. XX əsrin əvvəllərindən etibarən isə həmin naxış ilkin anlamını itirərək sırf dekorativ elementlə çevrilir.[6]
Qədim dövrlərdən buynuzlu heyvanlar, o cümlədən maral, ceyran, öküz, qoyun müqəddəs hesab edilirdi. Bir çox şərq xalqlarının mədəniyyətində buynuz təsviri güc və kişilik simvolu hesab edilir, bəzi hallarda isə dini-mistik görüşləri əks etdrir. Ona görə də xalçanın ara hissəsinin əsas naxışlarının buynuza oxşar dörd budaqdan təşkil olunması təsadüfi deyil. Onlar "Dördbuynuz" adlanmaqla dörd əsas həyat ünsürünə işarədir.[6]
İkinci üsul
redaktə"Qazax-şəhər" xalçalarının ikinci növü toxucular tərəfindən çox vaxt "Əjdahalı" adlandırılır.[3] Əjdaha sözü altında xalçanın ara hissəsinin kənarlarında və ya gölün ətrafında təsvir edilən qeyri-müəyyən formalı fiqurlar nəzərdə tutulurdu.[3]
Azərbaycan mifologiyasında əjdaha qanadlı və ya qanadsız od püskürən fantastik varlıqdır. O, dörd ayaqlı və ilan bədənli təsvir edilir. Əjdaha təsvirinə qədim dövrlərdən bir çox xalqların mədəniyyətində rast gəlinir. Orta əsrlərdə Ön Asiya, Azərbaycan və İran xalqlarının mədəniyyətində simurq quşu xeyir qüvvələri, əjdaha isə şər qüvvələri təmsil etmişdir. Xalq inamına görə bu iki qarşı tərəfin mübarizəsində həmişə mərhəmət və sevgiyə güvənən xeyir qüvvələr qalib gəlir.[3]
Əjdaha təsvirli ən qədim xalçalar XIV–XVII əsrlərə aiddir. Onlardan ən mraqlısı XV əsrə aid olan və Berlin İslam İncəsənəti Muzeyində saxlanan xovsuz xalçadır.[3] Xalçada iki qarşı tərəfi əks etdirən simurq və əjdahanın qarşılaşması təsvir edilmişdir.[3]
Lətif Kərimovun fikrincə, bir çox tədqiatçıların Türkiyə xalçası hesab etdiyi bu xalçanın bədii xüsusiyyətləri, həndəsi naxışları, stilləşdirilmiş heyvan təsvirləri və digər xüsusiyyətlərinin müqayisəli tədqiqi, həmin xalçanın Qazax xalçaçılıq məktəbinə aid olmasını söyləməyə imkan verir.[3]
Üçüncü üsul
redaktəÜçüncü üsulla toxunmuş "Qazax-şəhər" xalçaları toxucular tərəfindən bəzən "Qazaxça" da adlandırılır.[3] Bu xalçalar əsasən Qazax şəhərinin özündə və ona yaxın olan kəndlərdə istehsal olunsa da, bədii xüsusiyyətləri baxımından Kiçik Asiya mənşəli Berqamo xalçalarını xatırladır.[3]
Ara sahənin ortasında yerləşən kvadrat göl forma və dizaynına görə orijinaldır. Onun ortasında Azərbaycanın şimal-qərb bölgəsi sakinlərinin sevimli ev heyvanları olan dörd qaz və dörd ördək təsvir olunmuşdur.[3] Mərkəzi gölün altında və üstündə kiçik ölçülü dörd göl yerləşdirilmişdir. Onlar ümumilikdə kompozisiyaya bitkinlik bəxş edir. Qazaxça xalçalarındakı bu göllərin daha mürəkkəb formalarına Quba xalçaçılıq məktəbinə məxsus Köhnə Quba xalçalarında rast gəlinir.[3]
Dördüncü üsul
redaktəDördüncü üsulla toxunmuş "Qazax-şəhər" xalçası toxuyucular tərəfindən Ağqoyunlu xalçası[7] adlandırılır. Xalçanın sxemi, koloriti və rənglərin harmonikliyi türkman incəsənəti nümunələrini xatırladır.[3]
Xalçaçılar belə hesab edirlər ki, xalçanın ara sahəsində bir-birinin ardınca yerləşdirilmiş göllər yur, çadır və ya ailə ocaqlarını simvolizə edir.[3] Lətif Kərimov qeyd edir ki, "ara sahədə göllərin ətrafında qırmızı fon üzərində səpələnmiş heyvan təsvirləri, həmçinin ara sahənin sağ və sol tərəfində yerləşdirilmiş çiçəkləyən ağac təsvirləri yaşlı xalçaçıların bu qeydlərinin doğru olduğunu göstərir."[3] Bu iddia qəbul edilərsə, Qazax xalçasının dördüncü üsulla toxunmuş variantında ara sahədə köçəri xalqın həyatından səhnənin əks olunduğunu qeyd etmək olar.[3] Xalçanın kənar xəttləri Azərbaycan xalçaçılığı üçün xarakterik naxışlarla işlənmişdir. Orta kəməri əhatə edən kiçik kəmər bu xalça üçün xarakterik olan quş təsvirlərinə malikdir.[3]
Beşinci üsul
redaktəBeşinci üsulla toxunmuş "Qazax-şəhər" xalçalarını xalçaçılar "Qaraman xalçaları" adlandırırlar.[6] Ara sahədə bir-birinin ardınca yerləşdirilmiş göllər forma və dizaynına görə xalçaçılar tərəfindən beşik adlandırılırlar. Sadə formaya malik bu göllər arzu və istəyi simvolizə edir.[6]
Texniki xüsusiyyətlər
redaktə"Qazax-şəhər" xalçaları müxtəlif ölçü və formalarda toxunur. Qazax xalçalarında bir m2-də ilmələrin sıxlığı 30x30 ilmədən 100.000x120.000 ilməyə qədər olur. Qazax xalçalarının xovunun hündürlüyü 8–12 mm-dir.[3]
İstinadlar
redaktə- ↑ Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 13.
- ↑ 1 2 3 4 5 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 121
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 124
- ↑ Türk sözü olan "tamğa", "damğa" möhür anlamını ifadə edir. Həmçinin simgə mənasında da istifadə olunurdu.
- ↑ Исаев, М. Д. Ковровое производство Закавказья. 1932: Научно-исследовательский институт кавказоведения Академии наук СССР. И Управление народно-хозйственного учета ЗСФСР. Тифлис. səh. 224.
- ↑ 1 2 3 4 5 6 7 8 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 123
- ↑ bu ad XV əsrdə Azərbaycanda və İranda hakimiyyətdə olmuş Ağqoyunlu tayfası ilə əlaqəlidir.