Sulhun Ezeleleri - Wikipedia
Fulton çıxışı — 1945-in sonu 1946-cı ilin əvvəllərində Vinston Çörçill bir neçə ay ABŞ-də səfərdə olduğu müddətdə prezident Harri Trumenlə, dövlət departamentinin rəhbərləri və digər siyasi xadimlərlə görüşlər keçirir.
Çörçill bir neçə həftə Floridadakı kurorta qaldığı müddətdə "Sülhün əzələləri" adlı çıxışını hazırlayır. Çörçillin nitqi Ettli, Boven, Trumen və dövlət katibi Ceyms Birnsin razılığı ilə baş tutur.
Çörçill nitqinin əvvəlində çıxışının ümumdünya əhəmiyyətini daşıdığını və okeanın o tayındakı qardaş ölkələrə səsləndiyini vurğulayır.
Çörçillin 1946-cı ilin 5 mart tarixində Fultonun Vestminster kollecindəki "Sülhün əzələri" adlı nitqindən əsas hissələr: - İndi biz hansı strateji konsepsiyaya əməl etməliyik? Biz indi bütün ölkələrdə, hər bir evin, ailənin, azadlığını və təhlükəsizliyini təmin etməliyik. Buna nail olmaq üçün 2 dəhşətdən xilas olmaq lazımdır - müharibələr və tiranlar. Məqsədimiz yeni müharibələrin qarşısını alnması olmalıdır. İndi müharibələrin qarşısını almaq üçün beynəlxalq təşkilat yaranıb. Millətlər Cəmiyyətinin xələfi olan Birləşmiş Millətlər Təşkilatı yaradılmışdır. BMT tez bir zamanda beynəlxalq hərbi qüvvələr yaratmalıdır.
... Heç kim bilmir ki, Sovet Rusiyası və onun kommunist ideyaları yaxın gələcəkdə nə işlər görəcək və yaxud ekspansionist tendensiyaları davam etdirməklə sərhədləri necə olacaqdır. Mənim rus xalqına və onun başçısı marşal Stalinə böyük hörmətim var. İngiltərə və ABŞ Rusiyanın (SSRİ-nin) bütün xalqlarının arasındakı ayrıseçkiliyi, uğursuzluqları və möhkəm dostluq yarada bilməməsini başa düşür. Ruslar qərb sərhədlərində yenidən yarana biləcək alman təcavüzündən daha narahat olmaya bilərlər. Rusiyanı Dünya xalqları arasında tutduğu yerə alqışlayıram.
Avropanın indiki vəziyyəti barədə diqqətinizə bir neçə faktı çatdırmabı özümə borc bilirəm. Qitədə Baltikdə Ştettindən - Adriatikdəki Triestə qədər "dəmir pərdə" salınmışdır. Bu "pərdənin" arxasında Mərkəzi və Şərqi Avropanın qədim dövlətlərinin xəzinəsi saxlanılır. Varşava, Berlin, Praqa, Vyana, Budapeşt, Belqrad, Buxarest, Sofiya - bütün bu məşhur şəhərlər sovetin əhatə dairəsindədir və bu və ya digər formada Moskvanın genişlənən nəzarəti altındadır.
Şərqi Avropada əvvəllər mövcud olmuş, fəaliyyəti hiss olunmayan kommunist partiyaları indi daha güclənmiş, say tərkibi dəfələrlə artmışdır. Bu kommunist partiyası indi hər yerdə totalitar hakimiyyət qurmağa can atır. Çexoslovakiya istisna olmaqla bütün bu ölkələrdə polis hakimiyyəti hökm sürür və demokratiyadan əsər-əlamət yoxdur. Rusiyanın sərhədlərindən uzaqda - dünya üzrə kommunistlərin "beşinci kalonu" bir çox ölklərə yayılmışdır. Bu ölkələr artıq kommunist mərkəzlərindən bir çox göstərişlər alır və birgə fəaliyyət göstərirlər.
"Yeni müharibə qaçılmazdır" və yaxud "yeni müharibə artıq yaxınlaşıb" fikirlərini çalışdığım qədər özümdən uzaqlaşdırmağa çalışıram. Mən inanmıram ki, Sovet Rusiyası müharibə istəsin. O (SSRİ), müharibənin bəhrəsini dadmaq, öz doktrinasını və gücünü dünyaya yaymaq istəyir. Biz bütün dünyada azadlıq və demokratiyanın sürətlə yayılmasını təmin etməli, yeni müharibə təhlükəsinin qarşısını ala bilən sistem yaratmalıyıq. Bütün təhlükələrdən uzaq olmağın yeganə şərti ingilscə danışan xalqların assosiasiyasının yaradılmasıdır. Bizim köhnə doktrinamıza görə tarazlıq əsas şərtdir. İmkan verə bilmərik ki, qüvvələr balansında hər hansı bir qüvvə digərindən daha üstün olaraq müharibə təhlükəsi yaratsın. Əgər qərb demokratiyası bir olsa, BMT nizamnaməsinə ciddi əməl etsə və bu prinsiplərin həyata keçirilməsində iştirak etsə heç bir qüvvə onun qarşısında dayana bilməz. Əgər onları ayırsalar və ya öz vəzifələrini yerinə yetirməsələr hamını fəlakət gözləyir. İndi, 1946-cı ildə müharibənin qarşısını almaq üçün Rusiya ilə bütün sahələrdə qarşılıqlı anlaşma yaratmalı, BMT-nin başçılığı ilə bu həmrəyliyin daha da güclənilməsinə nail olunmalıdır. Rusiyaya qarşı yalnız ingilisdilli xalqların ittifaqı - Britaniya və ABŞ-nin İttifaqı dura bilər."
Çörçill gələcək üçün optimal istiqaməti "ingilisdilli xalqların qardaş assosiasıyasını" yaratmaqda görürdü. Assosiasiya hərbi ittifaq formasında olmalı idi. "Mən müharibə zamanı gördüm ki, ruslara qüvvədən başqa heç bir şey təsir edə bilmir." - U. Çörçill. Bu qızğın silahlanmanın faciəli yolunun başlanğıcı oldu.
Auditoriya prezident Trumenin üzündə razılıq əlaməti duyurdu. O, ingilis siyasətini bir neçə dəfə alqışlayır. Qərb ona edilən bu təhlükəli istiqaməti tez bir zamanda qəbul etmir. Qəzetlər Çörçilli münasibətlərin mürəkkəbləşdirilməsində ittiham etməyə başladılar. Volter Lippman çıxışı "dəhşətli səhv" kimi qiymətləndirdi. Harold İkes prezidenti "axmaq" adlandırdı. Henri Volles Çörçillə əlaqəni kəsməyi tələb etdi.
Bu söhbətlərdən qorxan Trumen Vaşinqtona qayıdanda Çörçillin Fultondakı çıxışından xəbəri olmadığını bildirmişdi. ABŞ tərəfindən Stalinə Fultandakı çıxışa bərabər nitq söyləməsi üçün Missuri Universitetinə dəvət olundu. Çörçillin Fulton çıxışı "Şərqlə münasibətlərinə yenidən baxmaq" istəyən ABŞ-dəki sağçı qüvvələrin maraqlarına uyğun idi.
Harriman, Forrestol, Leqi və Açeson Çörçillin Fulton nitqini razılıqla qarşıladı. Forrestol öz gündəliyində yazır ki, Çörçill mənim analizimlə razıdır: "Biz təkcə Rusiya ilə yox, Birinci Pyotrun dövründən indiyə kimi olan rus ekspansionist qüvvələrinə və üstəgəl missioner dini güclə mübarizə aparmalıyıq". Forrestola diqqətlə qulaq asan Çörçill əlavə edir ki, "Rusiyanın təsiri Almaniyadan Hollandiya və Belçikaya keçərək Britaniyanın yuxu arteriyasını iki yerə böləcək. Ruslara "ədalətli iş aparmaq", "etibar", "həqiqət" sözləri yaddır." Çörçill Fulton çıxışından sonra şəxsi həkimi lord Moranla görüşəndə belə demişdi: "Ola bilsin ki, bu qış Rusiya ilə müharibə başlasın", "Biz Rusiyanın müharibəyə hazırlaşmasını gözləməməliyik".
Forrestol dostu Klaren Dillona yazır: "Kommunist partiyasının təsiri Fransa, Balkanlar, Yaponiyaya və digər ölkələrə yayılmaqdadır. Əsas səbəb bu ölkələrdəki yerli kommunist partiyalarının olmasıdır. Mənə elə gəlir ki, indi müharibə təhlükəsi 30-cu illərdən daha qüvvətlidir."
SSRİ-yə İngiltərənin yeni səfiri təyin olunan Bedell Smit Stalinlə görüşərkən belə bir sual verir: "Kreml ABŞ və Britaniyanın SSRİ-yə qarşı qüvvələrinin birləşdirəcəyinə inanırmı?" Stalin bu suala "Bəli" cavabını verir.
Çörçill bunula bərabər Rusiya ilə dostluq münasibətlərini davam etdirməyi lazım bilir: "Britaniya siyasəti əvvəllər Rusiyanın isti limanlara çıxmasına mane olmaqdan ibarət idi. İndi Britaniya Dizraeli və lord Kerzonun siyasətini davam etdirmir. Bizim Rusiyanı saxlamaq fikrimiz yoxdur. Biz kömək etmək istəyirik." Stalin Rusiyanın boğazlardakı marağını Britaniyanın Süveyşdə və Cəbəllüttariqdə, Amerikanın isə Panamadakı maraqları ilə müqayisə edirdi.
İosif Stalin Çörçillin nitqinə olan münasibətini aşağıdakı şəkildə bildirmişdir:
Çıxışdan görünür ki, Çörçillin İngiltərə və ABŞ-dəki dostları ingiliscə danışan millətlərə belə bir ultimatum verir: "bizim ağalığımızı könüllü qəbul edin - yoxsa sizə müharibə elan edəcəyik". Şübhəsiz ki, yoldaş Çörçill SSRİ-ni müharibəyə çağırır. Çörçill belə hərəkətləri ilə özünü Hitlerə oxşadır.
90-cı illərin sonunda Britaniya arxivində "Ağlasığmaz" adlı əməliyyat planı aşkar edilir. Bu plan 1945-ci ilin martında Üçüncü Reyxin süqutundan əvvəl Çörçill tərəfindən hazırlanmışdı. Sənəddə 1945-ci ilin iyulunda Qızıl Ordunun 50 amerikan, ingilis, yenidən silahlandırılmış alman diviziyaları vasitəsilə Avropadan çıxarılması, sonra isə Rusiyanın dağıdılması nəzərdə tutulurdu. Çörçill Sovet İttifaqının Mərkəzi Avropada üstünlüyünü nəzərə alaraq "strateji müdafiədə olarkən preventiv hücumlara" üstünlük verməyi planında qeyd etmişdi.
Çörçill "bolşevikləri öldürmək və hunlarla (burada Çörçill almanları nəzərdə tutur) öpüşmək" prinsipini ölənə qədər davam etdirir. Bu prinsipi Çörçill hələ 1918-ci ildə bir ingilis aristokratla olan söhbətində bildirmişdi. O vaxt Vladimir Lenin Çörçilli (o zaman Çörçill hərbi nazir idi) "Sovet Rusiyasının ən qatı düşməni" adlandırmışdı.
Xarici keçidlər
redaktə- Vikimənbədə Çörçilin Fulton çıxışı haqqında mətn var.
- Çörçillin Fulton çıxışı Arxivləşdirilib 2008-04-21 at the Wayback Machine (rus.)