Sadinlar - Wikipedia
Sadınlar — Azərbaycan Respublikasının Laçın rayonu Sadınlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Sadınlar kəndi Hacılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sadınlar kənd Soveti yaradılmışdır.[1]
Sadınlar | |
---|---|
39°39′05″ şm. e. 46°20′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəTarixçi alim, professor Ziyadxan Nəbibəylinin araşdırmalarına görə (Z.Nəbibəyli. "Zəngəzurun altun tacı Laçın". Bakı-2009) Sadınlar kəndinin sakinləri en qədim türk xalqları olub.Adı lap qədim türk tayfası olan Sodok tayfasının adından götürülmüşdür. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]
Coğrafiyası və iqlimi
redaktəSadınlar kəndi Laçın şəhərindən 45 km qərbdə, Qara göl silsiləsinin şərq ətəklərində, 39 dərəcə 39 dəq 12 san şimal en dairəsində, 46 dərəcə 20 dəq 52 san şərq uzunluğunda Sadınlar dərəsi adlanan böyük bir dərədə, uca dağların əhatəsində dəniz səviyyəsindən 1590 m yüksəklikdə, yaylaq yollarının üstündə əsrarəngiz bir guşədə yerləşir.
Qarıqışlaq, Quşçu, Hacılar və Ermənistanın Xoznavar kəndi ilə həmsərhəddir. Kənddən 5 km qərbdə Qoşnavr (Qoşanohur) Yaylağı, ona bitişik Qaraçılar düzü,Quru dərə,Novlu bulaq,Qaragöl Sadınlar əhalisinin yaylaq yerləridir.
Kəndin orta illik temperaturu 17-23 dərəcə arasında dəyişir. Relyefi dərin dərələrdən, hündür dağlardan və dağların yamaclarında qədim dövrlərdə hazırlanmış yerli əhalinin "Taxtalar" adlandırdıqları əkin yerlərindən ibarətdir. Ətraf əraziləri sıx meşələrdən, çılpaq güneylərdən və quzeylərdən ibarətdir. Meşələrdə cır armud, ulas, palıd, ağcaqayın, cır alma ağacları üstünlük təşkil edir.Kəndin ətraf ərazilərindəki yer adları bunlardır: Qara quzey, Səfilərin güneyi, Cülü əlik vuran, İmanların bulağı, Həcətkə dərəsi, Ağ yar, Ağ qayanın meşəsi, Dik daş, Qalacıq, Atlıgəzən dağı, Gözətin arası, Sultan bəy səngərləri, Mehralı ölən, Məminin yerləri, Dik yurd, Bərənin dərəsi, Allahverdinin meşəsi, Qaranlıq dərə, Şirinin meşəsi, Pənahın yurdu, Fətilərin çiməni, Qəysəfə, Orta çimən, taxtalar. və s.
Əhalisi
redaktəKəndin indiki əhalisi XIX əsrdə Qarıqışlaq kəndindən köçüb gəlmiş Eyvazlılar, Allahverdi uşaqları, Ellazlar, XX əsrin əvvəllərində erməni təcavüzü nəticəsində Ermənistanın indiki Xoznavar kəndindən (Tarixi Azərbaycan torpaqlarından) deportasiya edilmiş Təhməzlilər tayfasından formalaşmışdır. Hazırda Sadınlar kəndinin əhalisi təqribən 650 nəfərdən çoxdur.
II Dünya müharibəsində 47 nəfər həlak olmuş və itkin düşmüşdür. Qarabağ müharibəsində 4 nəfər şəhid olmuşdur. Bunlar Orucov Nadir Şükür oğlu, Allahverdiyev Qaçay Fərhad oğlu, Rəhimov Cavanşir Sarı oğlu və İsgəndərov Qorxmaz İsgəndər oğlu.
Əhalinin bir hissəsi 1992-ci ildən Ağcabədi rayonun ərazisində məskunlaşmışdır. Kənddə tam orta məktəb, Mədəniyyət evi, Kitabxana fəaliyyət göstərir. Məktəbdə 20 nəfər müəllim uşaqların təlim-tərbiyyəsi ilə məşğul olur.
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq və əkinçilikdən ibarətdir. Əhalinin bir hissəsi qışda heyvanları qışlamaq üçün aran rayonlarına, yayda isə yaylaqlara çıxarırdılar. Kəndin ətraf ərazilərində geniş otlaq sahələri, biçənəklər burada heyvandarlığın inkişafı üçün əlverişli baza yaradırdı. Lakin sovet dönəmində hökumətin sərt qərarı şəxsi mülkiyyətin inkişafına ciddi əngəl törədirdi. Hər bir ailəyə 15 baş qoyun, 1 baş inəkdən artıq saxlamağa imkan verilmirdi. Əhali əsasən Qoşanohur, Sonabulaq, Novlu, Qara göl yaylaqlarından istifadə edirdilər.
Bağçılıq qismən inkişaf etmişdi. Ən böyük bağlarından son dövrlərə qədər qalmış "İmanların bağı" ermənilər tərəfindən vəhşicəsinə qırılmışdır. Kənddə keçmişdən qalma və "Bəylər evinin dəyirmanı" adlanan su dəyirmanı ötən əsrin 70-ci illərinə qədər fəaliyyət göstərirdi. Kolxoz dövründən 4 böyük ictimai tövlə fəaliyyət göstərirdi. İctimai iaşə müəssisələrindən iri mağaza (qarışıq mallar mağazası) əhaliyə xidmət edirdi.
Mədəniyyəti
redaktəKəndin mərkəzində Qədim Alban məbədi yerləşir. Bu məbədi uzunluğu təqribən 17 m 50 sm, eni 5 m 70 sm-ə yaxındır. Məbədin içəri tağlarında Alban əlifbası ilə yazılmış daş kitabələr var. Qarşı tərəfdən məbədin şərqində daşlar üzərində günəş və insan şəkilləri çəkilmişdir. Məbədin daşları üzərində albanlara məxsus xaç şəkilləri həkk olunmuşdur. Məbəd Sovet hakimiyyəti illərində kolxoz anbarı kimi istifadə olunurdu. 1980-ci ildən sonra təmir olunub mədəniyyət evi kimi istifadə olunmağa başladı. Kəndin qənşərindəki Alban dövrünə aid olan və yerli əhalinin "Xaç" adlandırdıqları Alban qəbristanlığında qəbirüstü daşlar üzərində eyni ilə kilsədəki kimi şəkillər həkk olunmuşdur. Təəssüf ki, zəngin tarixə malik bu ərazilərin tarixi demək olar ki, heç öyrənilməmişdir. Kəndin kənarında yerli əhalinin "Sulu Kaha" adlandırdıqları, uzunluğu 65 m, eni 22–25 m olan təbii mağara vardır. Mağaranın içərisinə iri qaya parçaları uçulub-töküldüyündən mağaranı öyrənmək mümkün deyildi. Amma mağarada tapılmış və laqeydlik nəticəsində dağıdılmış insan və heyvan sümükləri ehtimal ki, mağaranın ilk insan məskəni olduğunu göstərir.
Əhali qoyunçuluqla məşğul olduğundan xalçaçılıq sənəti inkişaf etmişdi. Mahir xalça ustalarından Tamaşa Məmmədova, Gilə İbrahimova, Xanpəri nənə və başqalarını göstərmək olar. Qadınlar əsasən palaz, cecim, fərməş, xurcun, çuval və digər sənət nümunələri hazırlayırdılar.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- ↑ Azərbaycan toponimləri. Ensiklopedik lüğət. 1966, səh. 595
Ədəbiyyat
redaktə- Zakir Orucov, Fehruz İsmayılov. "Dağlarda qalan izlər". Bakı, "Elm və təhsil", 2016
Həmçinin bax
redaktə Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |