Simli Musiqi Aletleri - Wikipedia
Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır.
Tarixçə
redaktəYazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər.
Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.
Növləri
redaktəSimli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür:
Quruluşu
redaktəSimli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir:
- Çanaq (gövdə). Burada səs rezonansı yaranır, formalaşır və güclənir.
- Qol. Çanağa rezonans verən simlər qolun üstündən keçərək sol əlin barmaqları ilə hissələrə bölünür ki, bu da müxtəlif səslərin alınmasına imkan verir.
- Baş (kəllə). Burada simlərin bağlandığı aşıqlar vasitəsi ilə müxtəlif kök qaydaları alınır.
Hazırlanma texnologiyası
redaktəSimli alətlərin çanaqlarının hazırlanma texnologiyası iki cürdür:
- Yığma üsulu ilə, yəni bir neçə hissə ayrılıqda hazırlanıb sonra quraşdırılır. Ud, saz, bərbət, çoğur, çəqanə, səntur, qanun bu qayda ilə hazırlanır. Bu cür yığılan çalğı alətlərinin hazırlanması üçün əvvəlcədən xüsusi qəlib hazırlanır. Qəlibin baş hissəsində "küp", aşağı hissədə isə "dabancıq" adlanan hissələr yerləşdirilir. Lazımi ağac növündən seçilib qurudulmuş taxta material 5 mm qalınlığında kəsilərək müvafiq ölçülərdə hazırlanır. Həmin qabırğalar 70–90 °C isti suda 20–25 dəqiqə saxlandıqdan sonra xüsusi qəliblərdə əyilərək dabancıq və küp üzərində quraşdırılır. Yığılmış hissələr dəmir sancaqlarla bir daha bərkidilir. Qabırğaların sayı əksər hallarda tək (9, 11) olur.
Hazır olmuş çanağa qol əlavə edilir. Bu zaman qol ilə çanağın tarazlığına xüsusi fikir vermək lazımdır. Qol çanağa birləşdirildikdə dəqiqliyi tam saxlamaq üçün xüsusi xətkeşlərdən istifadə edilərək, qolun kəllə ilə birləşdiyi hissə 5 mm aralı qoyulur ki, simlər köklənərkən qol qabağa gəlib öz yerini alsın. Çanaq ilə qol birləşdikdən sonra üz hissəsi quraşdırılır. 5 mm qalınlığında tut və ya qoz ağacından hazırlanmış üzlük əsasən, bəzir və ya zeytun yağı ilə yağlanıb bir neçə gün saxlanılır. Ta yağı tamamilə özünə çəkdikdən sonra o, odun üstünə tutularaq qurudulur (bişirilir). Bir neçə gündən sonra bu proses bir daha təkrar edilir. Hazır olmuş üzlük xüsusi ağac yapışqanı ilə çanağın üzərinə bərkidilir.
Alətin quraşdırılmasında, əsasən, sümükdən və balıq yağından bişirilərək hazırlanmış taxta yapışqandan istifadə edilir. Hissələr hamarlandıqdan və təmizləndikdən sonra üzərlərinə isti halda nazik yapışqan sürtülür və üst-üstə qoyularaq güclü təzyiqlə sıxılır. Bütün hissələr birləşdikdən sonra aşıqlar və pərdələr quraşdırılır.
- Bütövyonma üsulu ilə, yəni müəyyən ölçüdə kəsilmiş ağac kötüyünün içərisi oyularaq, xarici tərəfdən lazımi qalınlığadək hamarlanır. Tar, kamança, rud, rübab, tənbur, qopuz, çəng ikinci üsulla hazırlanır. Bu üsulla hazırlanan, yəni çanaqları bütöv yonulan çalğı alətləri üçün seçilmiş ağac növünün kəsilmə vaxtı mütləq nəzərə alınmalıdır. (Ümumiyyətlə, ağacların şirəvermə dərəcəsi ən çox yanvar, fevral aylarında azalır. Çanağın hazırlanması üçün nəzərdə tutulmuş ağacı da bu aylarda kəsmək lazımdır. Bu, onunla əlaqədardır ki, şirəsi çox olan ağacdan hazırlanmış çanaq bir qədər quruduqdan sonra çatlayır və yaxud deformasiyaya uğrayır. Çanaq yonulduqdan sonra uzun müddət xüsusi temperaturda, qaranlıq yerdə ən azı 2–3 il qurudulmalıdır.
İstənilən çalğı alətinin çanağını hazırlamaq üçün kəsilmiş ağac gövdəsini ikiyə bölüb, özəyi çıxarmaq lazımdır. İkiyə bölünmüş parçaların kəsilmiş üzləri hamarlanır, nəzərdə tutulmuş alətin ülgüsü çəkilərək içərisi oyulur. Tutdan hazırlanan alətlərin çanağını yaş-yaş oymaq daha asan olur. Təcrübə göstərir ki, yaşı çox və özəyi boş olan ağacdan istifadə etmək məqsədəuyğun deyildir.
Alətin səslənməsi onun necə quraşdırılmasından çox asılıdır. Çanaqlar tam quruduqdan sonra onun iç və çöl tərəfləri bir qədər də yonulub hamarlanır və bundan sonra qol, kəllə və başqa hissələri quraşdırılır. Çanağın üzü mal ürəyinin pərdəsi və ya balıq dərisi ilə örtülür. Çanağın üzərində qoyulmuş böyük xərək simlərin ehtizazını qəbul edir və çanağın daxilindəki boşluğa verir. Bu boşluqda formalaşan səs dalğaları yenidən üz hissəyə qayıdır. Bu halın bir neçə dəfə təkrarı nəticəsində səs güclənir, uzanır, beləliklə, dolğun tembrli səs çalarları əldə olunur.
Qol hissəni hazırlayarkən materialın möhkəmliyinə xüsusi fikir vermək lazımdır, çünki alət kökləndikdə güclü təzyiq altında olan qolda əyilmə (çəngəl) ola bilər.
Aşıqların hazırlanması üçün ən yaxşı material armud ağacı sayılır. Ondan hazırlanmış aşıqlar kökü dəqiq saxlayır, atmosfer təzyiqinə davamlı olur.
Simli çalğı alətində metal, kapron, ipək və bağırsaqdan hazırlanmış simlər istifadə olunur. Metaldan olan simlər daha güclü və təmiz səs versə də, ifa zamanı barmaqla sıxarkən ipək və bağırsaqdan hazırlanmış simlərə nisbətən daha sərt olur. Simlər hər alətdə müxtəlif diametrdə olur və baş tərəfi ilgək edilərək çanağın aşağı tərəfində yerləşdirilmiş xüsusi simgirlərə keçirilir. Simgir metal, ebonit və yaxud möhkəm ağac materialından hazırlanır.
Müxtəlif dövrlərdə Azərbaycan ərazisində musiqi alətlərini hazırlayan məşhur sənətkarlar olmuşdur. Hazırda Bakıda və respublikanın digər rayonlarında onlarla peşəkar el sənətkarı bu ənənəni davam etdirir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan ənənəvi musiqi atlası — Simli alətlər". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
- ↑ "Muğam Ensiklopediyası — Sevəndər". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
- ↑ "Azərbaycan ənənəvi musiqi atlası — Simli musiqi alətlərin hazırlanma texnologiyası". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-04.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.