Siyasi Medeniyyet - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Siyasi mədəniyyət — mənəvi mədəniyyətin tərkib hissəsi olan siyasi mədəniyyət politologiya elminin mühüm anlayışlarından biridir. Siyasi mədəniyyət anlayışı iki mənada işlənir. Geniş mənada siyasi mədəniyyət bəşər cəmiyyətinin yaratmış olduğu ümumi mədəniyyətin bir hissəsi kimi işlənir. Yəni bu halda iqtisadi mədəniyyət, dini mədəniyyət, əxlaqi mədəniyyət və s. kimi hər bir cəmiyyətdə siyasi mədəniyyət də mövcuddur. Onlar bir-biri ilə sıx bağlıdır. Dar mənada siyasi mədəniyyət hər bir fərdin, sosial qrupun, sinfin və ya millətin siyasi davranış və fəaliyyət qaydalarının, onların siyasətdə, siyasi hakimiyyətə münasibətlərinin ifadəsi kimi başa düşülür.
«Siyasi mədəniyyət» anlayışını politologiya elminə ilk dəfə Amerika politoloqları Q.Almond və S.Verba gətirmiş və onu politologiya elminin mühüm kateqoriyalarından biri kimi şərh etmişlər. Q.Almond və S.Verba «Vətəndaş mədəniyyəti» əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemində, siyasi rejimlərdəki rolunu yüksək qiymətləndirərək belə bir ümumi nəticəyə gəlmişlər ki, demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edir və onun sayəsində mümkündür.
Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir. Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər.
Siyasi mədəniyyətdən bəhs edən alimlər, eləcə də politoloqlar onun təsnifatını verməyə çalışmışlar. Burada onlar müxtəlif amillər əsasında siyasi mədəniyyətin müxtəlif tiplərini, yaxud növlərini qeyd edirlər. Q.Almond və Q.Pauel siyasi mədəniyyətin iki əsas tipini müəyyən etmişlər. Birincisi, ənənəvi siyasi mədəniyyət - bu əsasən ayrı-ayrı siyasi sistemlərdə nəsildən-nəslə verilərək davam etdirilən mədəniyyətdir ki, artıq o, ənənəyə çevrilmişdir və bir çox ölkələrdə ondan geniş istifadə edilir. Bu halda bəzi xalqlar dövlətçilik sahəsində, onun idarə olunması və keçmiş qaydaları qoruyub saxlaması təcrübəsini mühafizə edərək nəsildən-nəslə verib ənənəyə çevirmişlər. Siyasi mədəniyyətin ikinci tipi kimi dünyəvi siyasi mədəniyyəti ön plana çəkən Q.Almond qeyd edir ki, bu zaman dövlətçilikdə, idarəçilikdə ümumiyyətlə, siyasi sistemdə praqmatizm əsas götürülür, habelə yeni siyasi partiyalarla, yeni quruluşlarla sazişə girilir, yeni dövrün tələbləri nəzərə alınır. Siyasi mədəniyyət cəmiyyətin siyasi həyatında davranış normalarını, fəaliyyət qaydalarını müəyyən etməklə yanaşı, həm də bu norma və qaydaları təyin edir.
Siyasi mədəniyyətin təsnifatından bəhs edərkən onu ümumiləşmiş halda iki qrupa bölmək olar.Bir siyasi hakimiyyətdə olanların siyasi mədəniyyəti, digəri isə geniş əhali təbəqələrinin siyasi mədəniyyəti. Başqa sözlə desək, idarə edənlərin və idarə olunanların siyasi mədəniyyəti. Bu hər bir siyasi rejimdə, hər bir cəmiyyətdə müxtəlif ola bilər. Siyasi mədəniyyətin təsnifatını eyni zamanda ictimai - iqtisadi formasiyalar üzrə, həmin formasiyalarda mövcud olan dövlətin tiplərinə görə vermək olar. Bu cür yanaşmada quldarlıq tipli, feodal və kapitalist tipli, habelə sosialist tipli siyasi mədəniyyətdən söhbət gedə bilər. Siyasi quruluş və siyasi rejimlərə görə isə demokratik, avtoritar, totalitar, mühafizəkar və s. siyasi mədəniyyət haqqında danışmaq olar. Cəmiyyətin sinfi strukturuna və hakimiyyətə münasibətlərinə görə hakim və məzlum, burjua və fəhlə, varlı və yoxsul və s. və i.a. siniflərin, sosial qrupların siyasi mədəniyyətləri fərqlidir. Milli etnik münasibətlərə görə beynəlmiləl, dünyəvi, milli, millətçi, şovinist, hegemon və s. kimi siyasi mədəniyyət diqqəti cəlb edir.
Ümummilli mədəniyyət bütövlükdə ictimai həyatın tamlığını və birliyini təmin etdiyi kimi, onun tərkib hissəsi olan siyasi mədəniyyət də özünün siyasi davranış prinsipləri, norma və idealları ilə cəmiyyətin siyasi həyatının, ümumiyyətlə, siyasi sferanın tamlığını, bütövlüyünü təmin edir. Siyasi mədəniyyəti siyasi birliyə daxil olan əhalinin böyük əksəriyyəti tərəfindən bəyənilən və qəbul edilən sərvət-normativ sistem kimi şərh etmək olar. Bura bir sıra siyasi sistemlərə aid olan inamlar məqsədlər, istiqamətlər, simvollar və siyasi təcrübəyə aid olan digər davranış və normalar daxildir. Burada isə əsas yeri siyasi sistemin formalaşmasına və bunun stabilliyinin təmin edilməsinə, qorunub saxlanılmasına kömək edən inam və məqsədlər tutur. Belə bir cəhəti də nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət heç də yalnız mövcud siyasi sistemin xeyrinə olan, onun möhkəmlənməsinə kömək edən müsbət amillərdən ibarət deyildir. Belə ki, həmin amillərin əhalinin əksəriyyəti tərəfindən qəbul edilməsini iddia etmək fikir və mövqe müxtəlifliyinin inkar edilməsi demək olardı. Əslində mövcud siyasi sistemdə əsas və müəyyənedici amil mövcud quruluşun qanuniliyinə olan inam və məqsəd birliyidir.
Beləliklə, siyasi mədəniyyət siyasi sistemdə, onun əməli fəaliyyətində qüvvədə olan normaların, davranışların, ictimai-siyasi təsisatların və s. qarşılıqlı münasibətlərinə aid olan ideyaları konsepsiyaları, inamları, nəsildən-nəslə keçib formalaşan siyasi ənənələri, insanların mövcud ictimai-siyasi sistemə, onun idarə və təsisatlarına olan münasibətlərini əhatə edir.
Siyasi mədəniyyət müəyyən funksiyalar yerinə yetirir. Bu funksiyalar - cəmiyyət həyatının demokratikləşdirilməsi; xalqın dövlətin idarə edilməsində iştirakının təmin edilməsi; siyasi baxışların dövrlə bağlı yeniləşməsi; baş verən siyasi hadisə və proseslərdə aşkarlığın olması; siyasi proseslərdə xalqın iştirakı və rolu; siyasi rəhbərlik və ideya rəhbərliyində iştirakı və s. Eləcə də inkişaf etmiş cəmiyyətlərdə ahəngdarlığın və dinamik inkişafın pozulmaması, siyasi stabilliyin saxlanılması, istehsalın durmadan artması və iqtisadiyyatın inkişafı, əhalinin durmadan artan maddi və mənəvi ehtiyaclarının dolğun ödənilməsi mənafeyi yüksək siyasi mədəniyyət zəminində bütün siyasi qüvvələrin, hətta onlar bir-birinə əks qütblərdə dayansalar belə, bir araya gəlməli, vətəndaş həmrəyliyi göstərməli, vahid siyasi və ideya xətti hazırlamaladır. Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi ictimai-siyasi vəziyyəti cəmiyyətimizdə mövcud olan siyasi qüvvələrin ölkənin siyasi sistemində iştirak edən və etməyən bütün siyasi partiya və qurumların respublikanın iqtisadi, sosial, mədəni inkişafı naminə təhrik edildiyimiz müharibədən xilas olmaq, itirilmiş torpaqlarımızı geri qaytarmaq naminə bir araya gəlməli, bu vəziyyətdən çıxmaq üçün vahid xətt işləyib hazırlamalı və beləliklə də yüksək siyasi mədəniyyət nümayiş etdirməlidirlər.
Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyətin tərkib hissəsi kimi siyasi mədəniyyət öz təsirini mənəvi paklıq, mənəvi təmizlik , sözlə işin uyğunluğu, doğruçuluq, prinsipiallıq və s. kimi keyfiyyətlər üzərində qurmalı, onu tikməli və ucaltmalıdır. Ona görə də siyasi mədəniyyətin funksiyalarından bəhs edərkən onun əsas funksiyalarından biri kimi məhz cəmiyyət üzvlərinin ehtiyac və tələblərinə diqqətlə, qayğı ilə yanaşmaqdan, onların ödənilməsi qeydinə qalmaqdan ibarətdir. Bu ehtiyac və tələblər isə insan həyatının bütün sahələrini əhatə edəcək qədər çoxtərəfli və əhatəlidir. Bu adi sosial-məişət problemlərindən tutmuş iqtisadi, siyasi, mənəvi ehtiyacları, maraq və mənafeləri nəzərə almağı, onun ödənilməsi ilə şərtlənir. Bu ehtiyac və tələblər ayrı-ayrı fərdlərdən tutmuş ailələrə, sosial qruplar, siniflər, bütövlükdə cəmiyyət və millət səviyyəsinə qədər geniş miqyaslıdır və cəmiyyətin bütün üzvləri onunla yaşayır. Bu ehtiyaclara etinasızlıq mədəniyyətsizlikdir. Bundan əlavə siyasi mədəniyyət sahəsində qazanılmış müsbət irsi, mütərəqqi cəhətləri, yüksək dəyərləri qoruyub saxlamaq, onları inkişaf etdirmək və geniş yaymaq, gələcək nəsillərə çatdırmaq, siyasi mədəniyyətin başlıca funksiyalarındandır. Siyasi mədəniyyət sahəsində əldə olunan mühüm yenilik və nailiyyətlərin, dəyərlərin, demokratik norma və davranışların bir dövlət, bir millət çərçivəsində məhdudlaşdırmaq deyil, onları millətlər və dövlətlər arasında yaymaq siyasi mədəniyyətin çox mühüm funksiyasıdır.
Onu da qeyd etmək lazımdır ki, siyasi mədəniyyətin yerinə yetirdiyi funksiyalar hər bir siyasi sistemdə, onların xarakterindən asılı olaraq müxtəlif ola bilir və siyasi quruluşuda baş verən dəyişikliklə əlaqədar olaraq dəyişilə bilir. Demokratik ölkələrdə, sivilizasiyalı cəmiyyətlərdə siyasi mədəniyyət yüksək səviyyədə olur və ölkədə aşkarlıq hökm sürür. İstər siyasi həyatda, istərsə də ictimai-iqtisadi həyatda baş verən hadisə və proseslər haqqında inkişaf və irəliləmələr nöqsan və durğunluq, geriləmə halları, onların səbəbləri haqqında düzgün izah və şərhlər verilir, açıqlamalar olur. Siyasi mədəniyyətin əsas funksiyalarından biri kimi cəmiyyətin demokratikləşməsi, xalqın ölkənin idarəedilməsində iştirak üçün şərait yaradılması, şəxsiyyətin öz imkan və bacarığını inkişaf etdirməsi, ondan cəmiyyətin xeyrinə istifadə edə bilməsi imkanlarının yaradılmasından ibarətdır. Siyasi mədəniyyət cəmiyyət üzvlərinin, ölkə vətəndaşlarının siyasi quruluşa münasibəti, siyasi biliklərə yiyələnmək səviyyəsi, siyasi fəaliyyətlərinin təcəssümüdür. Deməli, siyasi mədəniyyətin tərkibini təşkil edən komponentlər əsasən insanların siyasi sistemə olan inamları, siyasi fəaliyyətləri, siyasi biliklərinin səviyyəsidir və s.
Siyasi mədəniyyətin formalaşması və onun uzunömürlülüyünü təmin edən əsas amil mövcud siyasi sistemin legitimliyinə əhalinin, cəmiyyət üzvlərinin inamıdır, bu inamın səviyyəsidir. İnsanların siyasi davranış normaları, siyasi ideyalar, inamlar, siyasi biliklər - bir sözlə siyasi mədəniyyətin bütün hissələri mövcud cəmiyyətin siyasi birliyini, siyasi bütövlüyünü təmin edir. Siyasi mədəniyyət o vaxt daha yüksək səviyyəyə qalxa bilər və daha yüksək inkişaf pillələrinə ucala bilər ki, ölkədə, cəmiyyətdə insanların maraq və mənafelərinin lazımı səviyyədə ödənilməsi qeydinə qalınsın, insanların hüquqları, azadlıqları və bərabərlikləri təmin olunsun, mədəni səviyyəsi yüksək olan demokratik ölkələrin təcrübəsindən istifadə edilsin, ümumbəşəri dəyərlərdən bəhrələnilsin. Ümumiyyətlə götürdükdə insanın yaşadığı ictimai mühitin siyasi mədəniyyətin formalaşmasında çox böyük və müəyyənedici rolu vardır. Burada sağlam mühit: demokratik siyasi sistem, fikir plüralizmi, iqtisadiyyatın yüksək inkişafı, ədalətin hökmran olması, aşkarlıq həyatın bütün sahələrində inkişaf və yüksəlişin, habelə düzgünlük və geriliyin səbəbləri, onların düzgün və elmi şəkildə qərəzsiz izahı və şərhi, yüksək siyasi mədəniyyət, zəngin siyasi sərvətlərin siyasi nikbinliyin yaranması və formalaşması üçün başlıca şərtdir. Qeyri-sağlam mühit isə: totalitar, inzibati-amirlik rejimi, azadfikirliyə yol verilməməsi aşkarlığın olmaması, ölkədə baş verən hadisə və proseslərin üstüörtülü qalması, xalqın bu hadisə və proseslərdən xəbərsiz olması, onlar haqqında ya düzgün məlumat verilməməsi, ya da heç bir məlumat verilməməsi, iqtisadiyyatın, mədəniyyətin aşağı səviyyədə olması, sosial vəziyyətin pis olması, ümumiyyətlə, əhalinin ehtiyac və tələblərinin ödənilməməsi siyasi nikbinlik yarada bilməz və belə ölkələrdə siyasi mədəniyyət də aşağı səviyyədə olur.
Siyasi mədəniyyətin meydana gəlməsi və inkişafında tərbiyənin böyük rolu vardır. Tərbiyə işinin təşkili və onun istiqamətindən asılı olaraq siyasi mədəniyyət öz mahiyyətinə görə müxtəlif cür ola bilər. Tərbiyə işi isə ilk növbədə ailədən başlayır və onun miqyası getdikcə genişlənərək məktəblərdə, əmək kollektivlərində, sosial qruplarda, daha geniş miqyas alır və nəhayət dövlət və cəmiyyət səviyyəsinə yüksəlir, tamamlanır. Beləliklə də siyasi tərbiyə bu mərhələlərdən keçərək formalaşır. Hər bir insanın siyasi həyatda iştirakı, onun bu sahədə fəallığı həmin şəxsin siyasi mədəniyyətinin göstəricisidir. Siyasi mədəniyyət cəmiyyətin hər bir üzvünün çox mühüm əlaməti, şəxsiyyətin keyfiyyət göstəricisi olub, onun həyat tərzinin bütün tərəflərini, bütün cəhətlərini əhatə edir.
Siyasi mədəniyyətin tarixi praktikaya əsaslanan işlənib hazırlanmış, cəmiyyətin siyasi həyatında mövcud olan bir sıra modelləri vardır. Bu modellər əsasən bunlardır: demokratiya, mühafizəkarlıq, mürtəce, liberalizm, inqilabçılıq, millətçilik, milli dövlətçilik, dinçilik, diktatorluq və s. modellər. Bu modellərdən birinin hakimiyyətdə olması digərlərinin gələcək fəaliyyətini şərtləndirə bilər, yəni onları ya yaşada bilər, ya da aradan çıxarda bilər, ləğv edə bilər.
Demokratik cəmiyyətin siyasi mədəniyyəti bir qayda olaraq özünü müxtəlif modellərin rəngarəngliyində tapır. Çünki demokratiya özü cəmiyyət həyatının rəngarəngliyini qanunauyğun bir hal hesab edir. Diktatorluq isə tamamilə əksinə, belə rəngarəngliyi qəbul etmir, müxtəlif modelləri inkar edir və onları ləğv etməyə çalışır. Siyasi mədəniyyətlə siyasi sistemin qarşılıqlı əlaqələri və bir-birinə təsiri vardır. Bu əlaqə, bu vəhdət və təsir birdən-birə deyil, tarixi inkişaf nəticəsində meydana gəlib formalaşır. Burada isə əsas və müəyyənedici yeri yenə də siyasi sistem tutur. Belə ki, hər bir siyasi sistem özünə uyğun siyasi mədəniyyət yaradır. Lakin cəmiyyətin siyasi mədəniyyəti də passiv deyildir. O siyasi sistemə güclü təsir edib, onu dəyişdirə bilər. Belə ki, hər bir xalqın özünəməxsus milli xarakteri yəni mədəni, siyasi ənənələri, ictimai-siyasi həyatı, özünə məxsus norma və davranışları vardır və bu amillər siyasi mədəniyyətə təsir edir, onda öz əksini tapır.
Siyasi prosesləri, xüsusilə siyasi mədəniyyət kateqoriyasını tədqiq edən, araşdıran bəzi tədqiqatçılar belə hesab edirlər ki, siyasi mədəniyyət bioloji amillərdən və habelə yerli coğrafi mühitdən asılıdır və bu amillərin əsasında meydana gəlir və formalaşır. Siyasi mədəniyyətin bioloji amillərdən asılı olması ideyası, bioloji determinizminin bariz nümunəsi özünü rasizm, irqçilik, sionizm faşizm və s. aydın göstərir. XIX əsrin sonu, XX əsrin əvvəllərində coğrafi mühitin rolunu həddindən artıq şişirdən bir cərəyan - geopolitik cərəyan meydana gəlmişdir. Coğrafiya elmində yaranan bu cərəyanın geniş yayıldığı Avropa ölkələrində «mədəni mərkəz» məktəbi yarandı. Bu mərkəzçilər belə bir ideya irəli sürürdülər ki, Avropa ölkələri bütün cəhətdən - iqtisadi, siyasi, mədəni və s. sahələrdə yüksək inkişaf etmişdir, digər xalqlar isə geridə qalmışdır və mədəni cəhətdən də yoxsuldurlar. Ona görə də inkişaf etmiş Avropanın geri qalmış xalqları idarə etməsi qanunauyğun haldır, bu tarixi missiyanı onlar yerinə yetirirlər. Geopolitiklərin dünyanın siyasi mənzərəsini beləcə öz mənafelərinə uyğun şəkilə salmaq səyləri, təəssüf ki, bəzi dairələr tərəfindən indi də davam etdirilir. İnsan çox mürəkkəb bir varlıqdır. O özündə yaşadığı həyatın bir çox cəhətlərini, keyfiyyətlərini cəmləşdirir və yeri gəldikcə bunları açıb göstərir. Bu mənada insana nəinki bioloji bir varlıq kimi, hətta iqtisadi siyasi varlıq kimi də baxmaq olar. O həm də ictimai və sosial-mədəni varlıqdır. Bu o deməkdir ki, insanın şüurunun rassional tərəfi emosional-iradi, milli psixoloji, mifoloji, habelə ənənəvi komponentlərlə sıx çulğalaşmışdır. Bu komponentlər hər bir insanın davranışına, onun hadisə və proseslərə münasibətinə, eləcə də siyasi davranışlarına təsir edir. Ona görə də insanların siyasətə münasibətini, siyasi fəaliyyətini, siyasi davranışını qiymətləndirərkən həmin amilləri mütləq nəzərə almaq lazımdır. Siyasi mədəniyyətin mühüm komponentləri milli dövlət simvolları və ideallarıdır. Siyasi mədəniyyəti «simvollar sistemi» adlandıran politoloqlar burada haqlıdırlar. Doğrudan da dövlətin bayrağı, himni, gerbi, konstitutsiyası, pul nişanları: bayramları və digər simvolları tarix boyu dövlətin mühüm atributları kimi onun möhkəmlənməsinə, qüdrətli olmasına xidmət etmişdir. Siyasi mədəniyyətin mühüm komponentlərindən biri kimi dinin də cəmiyyətin siyasi həyatına mühüm təsiri vardır. Bu təsir müxtəlif tarixi dövrlərdə müxtəlif olmuşdur. Bu cəhətdən Şərq ölkələrində İslam dini cəmiyyətin siyasi həyatında müstəsna rol oynamışdır. Belə ki, müsəlman ölkələrində əsrlər boyu cəmiyyətin siyasi həyatı İslam dininə tabe etdirilmişdir. İnsanların həyat tərzinin ayrılmaz tərkib hissəsi olan din, eləcə də Qərbi Avropa ölkələrinin siyasi həyatında həlledici rol oynamışdır. Hətta bəzi politoloqlar göstərirlər ki, ABŞ demokratiyasının yaranmasında və inkişafında din həlledici mövqeyə malik olmuşdur. Politoloq A.Təxvil yazırdı ki, din Amerika Birləşmiş Ştatlarında ilk siyasi təsisat olmuşdur. Müstəqillik və suverenlik uğrunda Azərbaycan xalqının apardığı mübarizə zamanı və müstəqil Azərbaycan dövlətinin yarandığı son illərdə mədəniyyətimizin və əxlaqımızın tərkib hissəsi kimi İslam dininin mühüm rolu olmuşdur. İnsanların milli və dini hissləri daha incə və oynaqdır. Onları daha tez ehtizaza gətirmək olur. Bunu bilən siyasətçilər həmişə öz məqsədlərinə nail olmaq, istədikləri siyasi ambisiyalarını həyata keçirmək üçün dini və milli şüarlar irəli sürür, xalqı dini və milli bayraq altında birləşdirirlər. Buna aid tarixdə bütün xalqların həyatında özünü göstərən hallar və mübarizə formaları vardır.