Su Buxari - Wikipedia
Su buxarı fasiləsiz olaraq su səthindən, rütubətli torpaqdan buxarlanma və bitkilərin transpirasiyası vasitəsilə atmosferə daxil olur. Havadakı su buxarının miqdarı en dairəsindən asılıdır. O, yer səthindən yuxarı yayılır və hava axınları vasitəsilə Yer kürəsinin bir yerindən digər yerinə daşınır.
Atmosferdə su buxarının doyma halı yarana bilər. Belə vəziyyətdə su buxarı havada verilən temperaturda mümkün ola bilən qədər ola bilər. Bu zaman su buxarı doymuş su buxarı adlanır. Adətən doyma vəziyyəti havanın temperaturunun azaldığı zaman yaranır. Bu hala çatdıqdan sonrakı temperatur azalması zamanı su buxarının bir hissəsi izafi olur və kondensasiya baş verərək maye və yaxud bərk hala keçir. Buludlarda və dumanda su damcıları və buz kristalları əmələ gəlir. Buludlar yenidən buxarlana bilər.Digər halda damcılar və kristallar böyüyərək yağış şəklində yer səthinə düşür. Bunun nəticəsində atmosferin ayrı-ayrı yerlərində su buxarının vəziyyəti fasiləsiz olaraq dəyişir.[1] Havada su buxarı və onun qaz halından maye və bərk hala keçməsilə havanın vacib prosesləri və iqlim xüsusiyyətləri əlaqədardır. Atmosferdə su buxarının miqdarı onun və yerin temperatur şəraitində öz əksini tapır. Su buxarı yer tərəfindən şüalanan uzundalğalı infraqırmızı radiasiyanı udur. Digər tərəfdən o özü infraqırmızı radiasiyanı şüalandırır onun əsas hissəsi Yer səthinə gəlir. Bu isə yer səthinin və havanın aşağı qatının gecə soyumasını azaldır. Yer səthindən suyun buxarlanmasına böyük miqdarda istilik sərf olunur, kondensasiya zamanı isə bu istilik havaya ötürülür. Kondensasiya nəticəsində yaranan buludlar günəş radiasiyasını udur və əks etdirir. Buluddan yağan yağış isə havanın və iqlimin vacib elementlərindəndir.[2]