Substansiya - Wikipedia
Substansiya (lat. substantia — mahiyyət; sözünün hərfi mənası "əsasında duran" deməkdir) — mövcudluğu özü-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc.[1]
Hələ qədimdən mütəfəkkirlər hiss etmişdilər ki, dünyada sonsuz sayda dəyişikliklər (inkişaf, məhv olma, birləşmə, parçalanma və s.) baş verməsinə baxmayaraq, müəyyən bir sabit, dəyişməz əsasda mövcuddur. Bunu onlar substansiya və yaxud da ilkin materiya adlandırırdılar. Doğrudur, bu əsası müxtəlif cür təsəvvür edirdilər. Bəziləri onu suda, havada və odda görürdülər. Digərlərinin fikrincə, dünyanın dəyişməz əsası suyun, odun, torpağın və havanın birləşməsidir. Bu cür baxışlar ilk nəzərdə sadəlövh görünsə də təbiətin və cəmiyyətin izahında müsbət rol oynamışdır. Belə ki, Yer kürəsinin və Günəş sisteminin yaranması, maddələrin daxili quruluşu haqqında söylənilən fərziyyələr bu fikrə əsaslanırdı.
Materiyaya substansiya kimi yanaşılması aşağıdakı üç vəzifənin həlli baxımından xüsusi əhəmiyyət kəsb edir:
- dünyanın vəhdətinin izahı;
- dünyadakı çoxsaylı əşya və prosesləri eyni bir əsasın müxtəlif növləri kimi göstərilməsi;
- dünyadakı mövcudluq formaların müxtəlifliyini və zənginliyini həmin ümumi əsasın təbii-tarixi gedişində yaratdığını sübut edilməsi.
Dünyanın vəhdətini bir substansiyadan çıxış etməklə izah edən təlimlər monist (tək, vahid deməkdir) təlimlər adlanır. Lakin substansiyanı həm maddi həm də ideal hesab etmək mümkündür. Buna uyğun olaraq materialist monizm və idealist monizm mövcuddur. Monizmin əksinə olaraq dünyanın dualist izahı iki substansiyanın (maddi, predimet və şüur, ruh) olduğunu iddia edir. Fəlsəfi tarixində substansiyanın mahiyyəti müxtəlif şəkildə izah olunmuşdur. Filosofların bir qismi onu substrat(bütün hadisələrin maddi əsası) kimi, digərləri isə mühüm xassə kimi təsəvvür etmişlər.
Antik fəlsəfədə substansiya maddi substrat, əşyaların ilkin əsası kimi göstərilmişdir.(Məsələn Demokritin atomist təlimi). Yeni dövr fəlsəfəsində isə substansiyanın təhlili iki istiqamətdə getmişdir. Birinci xəttin nümayəndəsi Bekon substansiyanı varlığın son hüdudunda duran əsas hesab edirdi. Həmin dövrün digər filosofu R.Dekart ikili substansiyanın (maddi və mənəvi) mövcudluğundan çıxış etmişdir. Məsələn; C.Berkliyə görə, maddi substansiya mümkün deyildir. Bizim qavradığımız hər bir əşya duyğularmızın məcmusudur. Onun fikrincə, substansiya elə bir qarmaqdır ki, insanlar ondan öz duyğularını asırlar.
XX əsrin əvvəllərində qərb fəlsəfəsində substansiya anlayışı və onun idrakda rolu şübhə altına alınırdı. Məsələn pozitivizm onu adi şüurun qalığı hesab edirdi. Bu təlimə görə, substansiya, elmi biliyə də bir qalıq kimi daxil olur.[mənbə göstərin]
İstinadlar
redaktə- ↑ Əlizadə A.A. Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, 2016. - səh. 26.