Sultan Baysunqur - Wikipedia
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur.
Sultan Baysunqur | |
---|---|
Əbülfəth Sultan Baysunqur | |
| |
1490 – 1492 | |
Əvvəlki | Sultan Yaqub |
Sonrakı | Sultan Rüstəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bərdə ilə Gəncə arasında |
Atası | Sultan Yaqub |
Anası | Gövhər sultan |
Həyatının erkən dönəmi
redaktəBaysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi.[1] Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.[2] Ona nəzarət etmək, onu şahzadə və hökmdar kimi yetişdirmək vəzifəsi Sufi Xəlil bəy Mosulluya tapşırılmışdı. O, hələ 1478-ci ildə Fars əyalətinin hakimi təyin edilmişdir.[3] Ancaq burada Təbrizdəki mərkəzi hökuməti qayğılandıracaq formada müstəqil hərəkət etmə meyilləri göstərməyə başlamışdı. İran körfəzindəki mühüm mərkəzlərdən olan Hörmüz adasına səfər təşkil edib, uuğrsuzluğa məruz qaldıqdan sonra bu vəzifəsindən azad edilmiş və Təbrizə çağırılmışdır. 1486-cı ildən 1490-cı ilə qədər gürcü səfərlərinin komandanlığına təyin edildi. O, 1490-cı ilə qədər davamlı olaraq gürcü torpaqlarına kiçik-böyük yürüşlər keçirən ordunun başında idi və bundan başqa, imperiya topçu qüvvələrinin böyük hissəsinin müfəttişliyi də onun əlində idi. Beləliklə, o, tədricən dövlətin ən güclü sərkərdələrindən birinə çevrilmişdi.[4] 239
Baysunqurun atası Yaqub 1490-cı ildə ağır bir şəkildə xəstələndi və Qarabağda vəfat etdi. Dövrün müasiri olan bəzi müəlliflər onun arvadı tərəfindən zəhərləndiyini bildirirlər. Onun ölümü Ağqoyunlu dövlətinin süqutunun başlanğıcı oldu.[4]
Hakimiyyəti
redaktəSufi Xəlilin naibliyi altında
redaktəYaqubun ölümündən sonra Sufi Xəlil özünün Qarabağdakı düşərgədə əlverişli bir vəziyyətdə olduğunun fərqinə vardı. Miranşahi şahzadələrinin və Bayandurları özünə inandıran, düşərgədəki Mosullu tayfasından olan qohumlarının dəstəyini alan Sufi Xəlil Baysunquru hökmdar elan etdi. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Bayandurlu şahzadələri, məmurları ortadan qaldırıldı. Öldürülənlər içərisində Yaqubun qardaşı Məsih Mirzə də var idi. Şahzadə Maqsudun oğlu Rüstəm bəy ələ keçirildi və Naxçıvan şəhəri yaxınlığında yerləşən Əlincə qalasında həbsə atıldı.[5] Bu zaman Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin oğlu Mahmud Ərəb İraqına qaçıb oranı əllərində tutan Pörnək tayfasına sığındı. Öz hakimiyyətini gücləndirmək üçün Sufi Xəlil Sultan Yaqubun keçmiş administrasiyasına qarşı da fəaliyyətə başladı. Bu siyahıya güclü bürokratlardan olan Qazi İsa Savəci də daxil idi. Onun vaxtilə keçirdiyi islahatları türk tayfa rəhbərlərinin gəlirlərinin azalmasına səbəb olmuşdu.[6]
Sufi Xəlil Qazi İsanı dinə qarşı gəlmədə ittiham etsə də, sonuncu bunu rədd etdi. Buna baxmayaraq, bir neçə gün sonra, 24 yanvar 1491-ci ildə Sufi Xəlil Qazi İsanı ordu bazarında asaraq edam etdirdi.[7][8] Qazi İsanın qardaşı Şeyx Əli Savəci qardaşının planladığı islahatları vaxtilə Fars əyalətində həyata keçirmişdi. O da, Fars əyalətinin hakimi Mansur bəy Pörnək tərəfindən ələ keçirilib işğəncələrə məruz qaldı və cərimə edildi. Buradan Təbrizə gedən Şeyx Əli Sufi Xəlil tərəfindən də həbs edildi və bu dəfə edam edildi.[9] Qazi İsanın qardaşının oğlu Nəcm əl-Din Məsud Savəci ilkin mərhələdə qaçmağı bacarsa da, Sufi Xəlil əmri ilə Molla Can tərəfindən zəhərlənərək öldürüldü.[10] Onun atası Mahmud Can Deyləmi Qəzvinə qaçıb canını qurtarmağı bacardı.[11] Dövlətin yeni bürökratiyası Təbrizdən olan köklü ailə Keçəçilərə tapşırıldı. Beləliklə, Sufi Xəlil özünün ən qatı düşmənlərindən qurtulmu, Azərbaycanı öz əlinə keçirmiş, şərqdə Xorasan sərhədində olan qardaşı Bəkr bəyin və qərb sərhədində olan qardaşı oğlu Gülabi bəyin sədaqətini təmin etmişdi.[9]
Hər bir halda, Sufi Xəlilə qarşı müqavimət davam etməkdə idi. Uzun müddət Sultan Yaqubun Ərəb İraqındakı hakimi kimi xidmət etmiş Şahəli bəy Pörnək Həmədan şəhərində digər Ağqoyunlu şahzadəsi Mahmud ibn Uğurlu Məhəmmədi hökmdar elan etdi. Mahmud Təbrizə göndərmiş olduğu məktubda yazırdı:
Mənim atamın qılıncı ilə Həsənəli Qaraqoyunlu öldürülmüş və İraq ələ keçirimişdir Mən onun oğluyam və Sufi Xəlil mənim haqlarımı tanımalıdı. Hər iki tərəf üçün yaxşı olar ki, Diyarbəkir və Azərbaycan Baysunqura, İraq və Fars da mənə qalmış olar.[12]
Sufi Xəlil buna qarşı idi və Mahmuda qarşı müharibə elan etdi. İki ordu Darquzin adlanan yerdə qarşı-qarşıya gəldi və Mahmudla Şahəlinin ordusu darmadağın edildi. Şahəli döyüş meydanında ölərkən, Mahmud əsir kimi ələ keçirildi və edam edildi. Öz tayfadaşı Şahəli Pörnəyi başlanğıcda müdafiə edən Mansur bəy Pörnək daha sonra Sufi Xəlil və Baysunqur tərəfə keçmişdi. O, daha sonra Yəzd şəhərində üsyan qaldırmış Qayıtmış Bayandurun üsyanını yatırdı və başını Təbrizə Sufi Xəlilə göndərdi.[12] Qayıtmış Bayandur Sultan Yaqubun əmisioğlu idi. Bu üsyanın da yatırılması ilə Sufi Xəlilin hakimiyyəti Ərəb İraqına, İran İraqına və Fars əyalətlərinə qədər uzandı.[13]
Süleyman bəyin naibliyi altında
redaktəSufi Xəlil uzun müddət idi ki, Diyarbəkrdə olan Süleyman bəy Bicanoğlu ilə düşmən idi. Süleyman bəy Sufi Xəlilin illərin düşməni olmaqla birlikdə, Sultan Yaqubun mühafizəçisi, keçmiş baş komandanı və qayınatası olmuşdu. O, 1491-ci ildə Diyarbəkrdəki Sufi Xəlilin qohumu Gülabi bəyi məğlub etdi və Sufi Xəlilə tərəf yürüşə başladı. Uzun müddət davam edən toqquşmalardan sonra Sufi Xəlil və adamları Təbrizə geri çəkilməyə başladılar, lakin yolda 29 iyul 1491-ci ildə Süleyman bəyin ordusu tərəfindən məğlub edildilər. Döyüşdə Sufi Xəlil və qardaşı Bəkr bəy öldürüldülər. Lakin Süleyman bəy Baysunqura toxunmadı və onu hökmdar taxtında saxlayaraq özü Sufi Xəlilin mövqeyini götürdü.[14] Baysunqur 1491-ci ildə Süleyman bəy Bicanoğlu ilə birlikdə Təbriz şəhərinə daxil oldu. Onun əmri ilə Xacə Ruhullah Qəzvini maliyyə nazirliyinə, Qara Osman Qorxmaz ibn Qur Məhəmməd Bayandur ordu komandanlığına təyin edildi.[15]
Süleyman bəyin 8 ay davam edəcək faktiki hakimiyyəti dönəmi əvvəlki ilə müqayisədə heç nə ilə fərqlənmirdi, Ağqoyunlu dövləti tədricən süqut etməkdə idi. Qonşu dövlətlər öz namizədlərini başa çıxarmaq üçün planlar qurmaqda idilər. Məsələn, 1492-ci ildə Qahirədəki Məmlük hökmdarı Qayıtbəyə çatan kəşfiyyat materiallarına əsasən Osmanlı Ağqoyunlu taxtına yeni bir hökmdar çıxarmağa hazırlaşmaqda idi. O, bunu önləmək üçün əlindəki Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin oğlu Hüseyn bəydən yararlanmaq qərarına gəldi. Onun planı Hüseyn bəyi Təbriz taxtına oturtmaq idi, lakin bəzi səbəblərə görə o, yürüşə başlaya bilmədi. Hüseyn bəy də bundan 9 ay sonra Hicazda vəfat etmişdir. Süleyman bəyin və Sultan Baysunqurun taxtı içəridə də laxlamaqda idi. Qaynaq dini və hərbi elitanın Qarabağ qətliamından etibarən Əlincə qalasında həbsdə saxlanılan Rüstəm bəyi hakimiyyətə gətirməyi düşündüklərini bildirirlər. Süleymana qarşı ilk üsyan Uzun Həsənin ətrafındakılardan geri qalanların və Bayandur elinin əsas əmrlərinin iştirakı ilə ordunun baş komandanı Qorxmazın (həm də Uzun Həsənin qayını) rəhbərliyi altında Təbrizdə başladıldı. Lakin Süleyman üsyanı yatırdı və Qorxmazı edam etdirdi. Qorxmazın edamı Qarabağ qışlaqlarındakı ağqoyunluları hərəkətə keçirdi. Qorxmazın qardaşının oğlu İbrahim ibn Dana Xəlil (ləqəbi Eybə Sultan) rəhbər seçildi və onun ətrafında rəhbər Ağqoyunlu əmirləri, Səfəvi ordeni tərəfdarları, Pörnək və Qacar tayfaları, həmçinin Mosullu tayfasından sağ qurtulmağı bacaranlar birləşdi və Əlincə qalasındakı Rüstəmi xilas etmək üçün yürüşı başlanıldı. Qalanın komandanı olan Pörmək Sidi Əli bəy üsyançılar tərəfdə keçdi və dustağı buraxdı. Eyni zamanda Süleyman ilə Baysunqurun ordusu dağılmaqda, döyüşçüləri qaçaraq Rüstəm bəyin rəhbərliyindəki orduya birləşməkdə idi. Ordusunun zəif olduğunu görən Baysunqur Şurvana qaçıb ana babası Fərrux Yasara sığındı, Süleyman bəy isə Diyarbəkrə getdi. Rüstəm bəy 1492-ci ilin mayında ordu tərəfindən tərk edilmiş Təbriz şəhərinə daxil oldu.[16]
Öldürülməsi
redaktəAğqoyunlu taxtına iddia edən iki şəxs arasında vasitəçilərin dəstəyi ilə uzlaşma təmin edildi. Gəncə və Bərdə şəhərləri Baysunqura verildi, Rüstəm isə Təbrizdən yerdə qalan əraziləri idarə etməyə başladı. 1493-cü ilin baharında Şirvanşah dövlətinin dəstəyi ilə Baysunqur taxtını geri almağa çalışsa da, Kür çayı sahilində Eybə Sultan tərəfindən məğlub edildi. Bundan bir qədər sonra Baysunqur Qara Yuluq Osman bəyin soyundan gələn İsfahan hakimi Kosa Hacı ibn Şeyx Həsən ilə birlikdə yenidən Təbriz üzərinə yürüşə başladı. Təbrizin şimalında Eybə Sultan yenə də Baysunquru məğlub etdi. Eyni zamanda Pörnək ordusu Kosa Hacı rəhbərliyindəki Əcəm İraqı üsyanını da yatırdı. Köməkçiləri tərəfindən tək buraxılmış Baysunqur ələ keçirdi və 1493-cü ildə ögəy qardaşı Həsən və Kosa Hacı ilə birlikdə Təbrizdə edam edildi.[17][18]
İstinadlar
redaktə- ↑ Woods, 1999. səh. 270 (note 32)
- ↑ Dunietz, 2015. səh. 24
- ↑ Dunietz, 2015. səh. 116
- ↑ 1 2 Langaroodi, Negahban, 2008
- ↑ Sale və başqaları, 2017. səh. 115
- ↑ Woods, 1999. səh. 151
- ↑ Woods, 1999. səh. 151–152
- ↑ Minorsky, 1955. səh. 457–458
- ↑ 1 2 Woods, 1999. səh. 152
- ↑ Dunietz, 2015. səh. 125
- ↑ Dunietz, 2015. səh. 126
- ↑ 1 2 Woods, 1999. səh. 153
- ↑ Dunietz, 2015. səh. 155
- ↑ Woods, 1999. səh. 153–154
- ↑ Woods, 1993. səh. 254
- ↑ Woods, 1993. səh. 255
- ↑ Quiring-Zoche, 1986. səh. 163–168
- ↑ Woods, 1993. səh. 256
Mənbə
redaktə- John Swinton George Sale, George Psalmanazar, Archibald Bower, George Shelvocke , John Campbell. An Universal History: From the Earliest Accounts to the Present Time. Isha Books. 2011. ISBN 978-9333006064.
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press. 1999. ISBN 978-0874805659.
- Alexandra Dunietz. The Cosmic Perils of Qadi Ḥusayn Maybudī in Fifteenth-Century Iran. Brill. 2015. ISBN 978-9004302310.
- Reza Rezazadeh Langaroodi; Negahban, Farzin. Āq-qūyūnlū. Brill Online. In Madelung, Wilferd; Daftary, Farhad (eds.). 2008. ISBN 1875-9831.
- Christopher Markiewicz. The Crisis of Kingship in Late Medieval Islam: Persian Emigres and the Making of Ottoman Sovereignty. Cambridge University Press. 2019.
- Vladimir Minorsky. The Aq-qoyunlu and Land Reforms. Bulletin of the School of Oriental and African Studies. 17 (3). 1955.
- R. Quiring-Zoche. Āq Qoyunlū. Encyclopædia Iranica. 1986. 163–168.
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded ed.). University of Utah Press. 1999. ISBN 978-0874805659.
- John E. Woods. AKKOYUNLULAR: Aşiret, Konfederasyon, imparatorluk. 15. Yüzyıl Türk-İran Siyaseti Üzerine Bir İnceleme. Milliyet Yayınları. Tərc. Sibel Özbudun
Əlavə yazılar və açıqlamalar: Necdet Sakaoğlu. 1993. ISBN 975-506-124-x.
Xarici keçidlər
redaktəSultan Baysunqur Doğum: 1481 Vəfat: 5 iyun 1492
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Sultan Yaqub |
Ağqoyunlular dövləti(آققویونلو) sultanı 1490-1492 |
Xələfləri Sultan Rüstəm |