Tektonika - Wikipedia
Tektonika - geologiya elminin sahəsi. 1. Yer qabığının tektonik deformasiyaların məcmusu və onların inkişaf tarixilə əlaqədar olan müəyyən bir hissənin quruluşu. 2. Yer qabığının geoloji strukturlarının quruluşu, onların yerləşmə və inkişaf qanunauyğunluqları haqqında təlim
Haqqında
redaktəTektonika bu halda "Geotektonika" termininin sinonimidir. Tektonika bir neçə müstəqil bölməyə ayrılır: ümumi, yaxud morfoloji tektonika (struktur geologiya), regional tektonika, tarixi tektonika, genetik, yaxud nəzəri tektonika, müqayisəli tektonika, eksperimental tektonika, neotektonika və b. Ümumi, yaxud morfoloji tektonika litosferin kiçik və orta miqyaslı struktur elementlərinin müxtəlif tiplərini öyrənir. Regional tektonika struktur formaların yer qabığının ayrı-ayrı sahələrində, yaxud litosferdə müasir vəziyyətini tədqiq edir, geoloji planalma və geofiziki üsulların məlumatlarına əsaslanaraq tektonik rayonlaşdırma məsələlərini işləyib hazırlayır. Tarixi tektonika tektonik hərəkətlərin, Yer qabığının və onun ayrı-ayrı elementlərinin əmələgəlmə tarixini öyrənir, inkişafın əsas mərhələlərini və onun ümumi qanunauyğunluqlarını araşdırır. Genetik, yaxud nəzəri tektonika yer qabığı strukturlarının ümumi inkişaf nəzəriyyəsini işləyib hazırlayır, tektonik hərəkətlərin səbəblərini və tektonik pozulmaların ayrı-ayrı növlərinin əmələgəlmə mexanizmini tədqiq edir. Müqayisəli tektonika bir sinfin struktur elementlərini, onların tipomorf xüsusiyyətlərini aydınlaşdırmaqla inkişaf ardıcıllığını müəyyən edir. Eksperimental tektonika müxtəlif tipli strukturların əmələgəlmə şəraitinin eksperimental yolla öyrənilməsilə məşğul olur. Neotektonika geomorfoloji üsüllarla Yer tarixində yeni (neogen – dördüncü dövr) tektonik hərəkətləri və onların yaratdığı strukturları öyrənir. Faydalı qazıntıların axtarışı və kəşfiyyatının səmərəli istiqamətləndirilməsi üçün tektonika böyük tətbiqi əhəmiyyəti vardır. Yer qabığının üst laylarının strukturu və yeni tektonik hərəkətlərin intensivliyi haqqındakı məlumatlar müxtəlif mühəndisi qurğuların (kanal, SES və b.) tikintisində nəzərə alınır.
Ən yeni tektonika geotektonikanın bölmələrindən biri; müasir relyef formalarını əmələ gətirən tektonik prosesləri öyrənir. Ən yeni tektonika hərəkətlərin yaşını əksər tədqiqatçılar neogen-dördüncü dövr hesab edirlər. Bəzən onun aşağı sərhədini kaynozoyun əvvəlinədək endirilir və müxtəlif regionlar üçün müxtəlif qəbul edilir.
Həmçinin bax
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.