Vanze Konfransi - Wikipedia
Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi.[1]
Vanze konfransı | |
---|---|
Wannsee Conference | |
Keçirilmə tarixi | 20 yanvar 1942-ci il |
Keçirildiyi yer | Qroser-Vanza, Berlin, Almaniya |
İştirakçılar | Reynhard Heydrix, Adolf Eyxman, Alfred Meyer, Henrix Müller |
Müzakirə edilən məsələlər | Yəhudi məsələsinin son həlli |
Vikianbarda əlaqəli mediafayllar |
Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi.[2]
Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejimi tərəfindən yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən vasitə kimi istifadə edilirdi. 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Avropa yəhudiliyinin məhvinə başlandı və 1941-cı ilin iyununda SSRİ-yə hücumdan sonra qətllər daha da gücləndi. 1941-ci il 31 iyul tarixində Herman Görinq, Reynhard Heydrixə Almanların nəzarəti altındakı ərazilərdə "Yəhudi məsələsinin tam həlli" üçün bir plan hazırlamaq, təqdim etmək və bu işdə iştirak edən bütün hökumət təşkilatlarının iştirakını əlaqələndirmək üçün yazılı icazə verdi. Vanze konfransında, Heydərix deportasiya prosesi başa çatdıqdan sonra deportasiya olunanların taleyinin SS-nin səlahiyyətlərində olan daxili məsələyə çevriləcəyini vurğuladı. İkinci məqsəd isə kimin yəhudi olduğunu müəyyənləşdirmək idi.
Yayılan protokol ilə iclas protokolların bir nüsxəsi müharibədə məhv olmadan qalmışdı. O Robert Kempner tərəfindən 1947-ci ilin martında Alman Xarici İşlər Nazirliyinin ələ keçirilmiş sənədləri arasında aşkar edilmişdir. Ondan ikinci Nürnberq Məhkəməsində sübut olaraq istifadə edilmişdir. Konfransın keçirildiyi Vanze villasında hazırda Holokost qurbanlarının xatirə mərkəzi və muzeyi yerləşir.[3]
Tarixi
redaktəAlmaniyada yəhudilərə qarşı leqallaşdırılmış ayrı-seçkilik, nasistlərin 1933-cü ilin yanvarında hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejim yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən istifadə edirdi. Nazizm ideologiyası antisemitizm, irqi ayrı-seçkilik və ari ideologiyası elementlərini birləşdirərək Alman xalqı üçün daha geniş yaşayış sahəsi yaratmaq üçün onları pan-Almanizm və ərazilərin genişləndirilməsi ilə birləşdirdi.[4] Nasist Almaniyası, bu yeni ərazləri əldə etmək niyyəti ilə Polşa və SSRİ-yə hücum edərək, orada yaşayan arilərin hakim irqindən aşağı hesab etdikləri yəhudiləri və slavyanları deportasiya və ya məhv etmək yolunu tutdular.[5]
1933-cü ilin 7 aprel tarixində qəbul edilmiş Peşəkar Dövlət Xidmətinin Bərpası Qanunu, yəhudilərin əksəriyyətini vəkillik və ictimai xidmətdən kənarlaşdırdı. Bənzər qanunvericilik qısa müddətdə digər yəhudiləri peşələrini davam etdirmək hüququndan məhrum etdi.[6] Rejim, yəhudiləri ölkəni tərk etməyə məcbur etmək üçün açıq-açığına təcavüz siyasəti yeridirdi.[7] Yəhudi müəssisələrinin bazara çıxışına maneələr yaradılır, qəzetlərdə reklam verilməsinə sədlər qoyulur və dövlət müqavilələrində iştiraklarına qadağa tətbiq edilmişdi. Vətəndaşlar təqib edilir, şiddətə məruz qalırdı və iş yerləri boykot edilirdi.[8]
1935-ci ilin sentyabrında Nürnberq Qanunları adı ilə yəhudilərlə alman əsilli insanlar arasında evliliyi, nikahdan kənar cinsi münasibətləri və 45 yaşınadək alman qadınlarının yəhudi evlərində ev qulluqçusu kimi istifadə edilməsini qadağan edən qanunlar toplusu qəbul edildi.[9] Reyx Vətəndaşlıq Qanunu, yalnız alman və ya digər almanlarla qan qohumluğu olan şəxslərin vətəndaş sayıldığını bildirirdi. Beləliklə, yəhudilər və digər kiçik xalqlar Almaniya vətəndaşlığından məhrum edildi.[10] Noyabr ayında çıxarılan əlavə bir fərmanla, yəhudi inancına sahib olduqları təqdirdə, üçüncü və ya ikinci nəsil yəhudi nənəsi olanlar yəhudi kimi qəbul olunurdu.[11] 1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə Almaniyada yaşayan 437.000 yəhudidən 250.000-i ABŞ, Fələstin, İngiltərə və digər ölkələrə mühacirət etmişdi.[12][13]
1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Hitler Polşa elitasının və ziyalılarını məhv etmək əmrini verdi.[14] Sonderfahndungsbuch Polen (Polşadakı Xüsusi Prokurorluq Kitabı) - öldürüləcək insanların siyahısı - SS tərəfindən 1939-cu ilin mayında tərtib edilmişdi.[14] Einsatzgruppen (xüsusi qruplar) bu qətlləri Polşada yaşayan etnik Almanlardan ibarət hərbiləşdirilmiş bir qrup olan Volksdeutscher Selbstschutz (Alman Özünümüdafiə Qrupu) dəstəyi ilə həyata keçirmişdi.[15] SS üzvləri, Vermaxt və Ordnungspolizei (Asayiş Polisi; Orpo) üzvləri də Polşa kampaniyası zamanı mülki insanlara atəş açmışdılar.[16] 1939-cu ilin sonunadək təxminən 65.000 mülki şəxs öldürülmüşdü. Polşa cəmiyyətinin liderlərindən əlavə yəhudiləri, fahişələri, qaraçıları və ruhi xəstələri də öldürürdülər.[17][18]
Konfransa aparan yol
redaktəYəhudilərin soyqırımı Vanze konfransından əvvəl başlamışdı. 1941-ci il iyulun 31-də Herman Görinq "Yəhudi məsələsinin son həllinə" cavabdeh kimi Reyx Təhlükəsizliyinin Baş İdarəsi (RTBİ) rəhbəri Reynhard Heydrixi təyin etmişdi.[19] Görinqin Heydrixə verdiyi yazılı icazədə Almanların nəzarəti altındakı ərazilərdə təmsil olunan bütün dövlət təşkilatlarını bu məsələdə əlaqələndirmək də tapşırılırdı.[20] Nasistlərin Generalplan Ost-da(Şərq üçün Baş Plan) işğal altındakı Şərqi Avropa və Sovet İttifaqı əhalisinin kölə əməyi və ya qətl üçün Sibirə deportasiya edilməsi nəzərdə tutulurdu.[21] Vanze konfransının protokollarına görə, SSRİ-nin əhudi əhalisi beş milyona, o cümlədən Ukraynada üç milyona yaxın idi.[22]
Nasistlər yəhudiləri məhv etməklə yanaşı, Herbert Bakke tərəfindən hazırlanan "Aclıq Planı" adlı aksiya çərçivəsində fəth edilmiş ərazilərin əhalisini aclıq səbəbiylə 30 milyon nəfər azaltmağı da planlaşdırırdılar.[23] Ərzaqlar Alman ordusuna və alman mülki əhalisinə yönləndiriləcək, şəhərlər yerlə yeksan ediləcək, torpaqlarda meşələr salınacaq və ya alman kolonistləri tərəfindən məskunlaşdırılacaqdı.[24] "Aclıq Planı"nın məqsədi, Almaniyanın işğalı altındakı Slavyan mülki əhalinin qəsdən kütləvi şəkildə aclıq çəkməsi, bütün ərzaq ehtiyatlarını Şərqi Cəbhəsindəki Almaniyanın mülki əhalisinə və Vermaxta göndərmək idi.[25] Tarixçi Timoti Sneyderə görə, “4.2 milyon Sovet vətəndaşı (əsasən ruslar, belaruslar və ukraynalılar) Bakke planı nəticəsində 1941-1944-cü illərdə nasistlər (nasistlərin nəzarətində olan Vermaxt) tərəfindən "acından öldürülmüşdülər”.[26][27]
1940-cı və 1941-ci illər Almaniyada məhsuldarlıq xeyli aşağı düşmüşdü və müharibə sənayesində çalışmaq üçün ölkəyə çox sayda məcburi işçi gətirildiyi üçün qida təchizatı çətin idi.[28] Bu işçilər, alman xalqı kimi, lazımi qidalanmalı, əvəzində nasist ideologiyası baxımından Almaniyanın hakimiyyəti altındakı milyonlarla yəhudinin olduğu "faydasız ağızların" sayında azalma baş verməli idi.[29]
Üçüncü Reyxin SSRİ-nin işğal etdiyi ərazilərində 1941-ci ilin ikinci yarısında RTBİ-yə tabe olan aynzasqrupları tərəfindən 1 milyona yaxın yəhudi öldürülmüşdü. 1941-ci il 2 iyul tarixli məktubda Heydərix SS və polis rəhbərlərinə Aynzasqrupların Komintern rəsmilərini, Kommunist Partiyasının yüksək rütbəli üzvlərini, Kommunist Partiyasının ekstremist və radikal üzvlərini, Xalq Komissarlarını və partiya üzvü yəhudiləri edam etməsi lazım olduğunu bildirirdi.[30] Digər "radikal ünsürlərin (təxribatçılar, təbliğatçılar, snayperlər, qatillər, təşviqatçılar və s.)" edamına dair daimi təlimat verilmişdi.[30] İşğal olunmuş ərazilərdə işğalçılar tərəfindən kortəbii şəkildə başlanan hər hansı bir talan hadisəsinin gizli şəkildə təşviq edilməsi əmri də verilmişdi.[30] İyulun 8-də o, bütün yəhudilərin partizan sayılması lazım olduğunu elan etdi və 15 ilə 45 yaş arasındakı bütün kişi yəhudilərin edam edilməsini əmr etdi.[31] By August the net Avqusta qədər bu siyahı qadınlar, uşaqlar və yaşlıları əhatə edərək bütün yəhudi milləti daxil edilərək genişləndi.[32]
1941-ci ilin avqustunda Kamenets-Podolskidə Avropadan deportasiya edilmiş yəhudilərin kütləvi şəkildə məhv edilməsi həyata keçirildi. Bunun ardınca noyabr ayında "Riqa gettosu"nda eyni hadisələr təkrarlandı. Oktyabrın 23-də yəhudilərin nasistlərin nəzarətində olan ərazilərdən köç etməsi tamamilə qadağan edildi. 1941-ci ilin dekabrında Xelmnoda yəhudilərin ilk məhv edilmə düşərgəsi fəaliyyətə başladı. Eyni vaxtda Beljets ölüm düşərgəsi tikilməyə başladı, Auşvitz həbs düşərgəsində isə "Siklon B" qazından zəhərlənmə ilə bağlı ilk təcrübələr edildi (ilk təcrübələr sovet hərbi əsirləri üzərində sınaqdan keçirildi).[33]
Vanze konfransının başlanmasına qədər yüz minlərlə Polşa, Serbiya və SSRİ yəhudiləri artıq öldürülmüşdü.[34] Nasistlərin ilkin planına görə Sovet İttifaqının işğalından sonra "Ost baş planı" həyata keçirilməli idi.[21][35] Yəni Avropa yəhudiləri yolun çəkilişlərində ölənə qədər çalışacaqları Rusiyanın işğal olunmuş bölgələrinə sürgün ediləcəklər.[34]
Xolokostun tədqiqatçısı İsrail tarixçisi Saul Fridlander hesab edir ki, bu hadisələr birlikdə yəhudilərin bu vaxta qədər kütləvi şəkildə məhv edilməsi planının mövcudluğunu göstərir.[33] İngilis tədqiqatçısı Kristofer Brovninq eyni fikri dəstəkləyir və onu əlavə edir ki, böyük ehtimalla köçürmə planlarından, tamamilə məhv olmaq planlarına keçid 1941-ci ilin sentyabr-oktyabr aylarında qəbul edilmişdir.[36] Beləliklə, 1941-ci ilin sonlarına yaxın "Yəhudi məsələsi"nin həll yollarının axtarışı başa çatmışdı.
Hazırlıq
redaktə29 noyabr 1941-ci il noyabrın 29-da Heyndrix yəhudi əhalisini Avropadan sürətli şəkildə qovmaq üçün ən münasib iqtisadi və həll yollarını müzakirə etmək üçün konfransa dəvətnamələr göndərdi.[37] Müharibə dövründə Avropadakı yəhudilərin Madaqaskara köçürülməsi ilə bağlı əvvəllər qəbul edilmiş plan imkansız görünürdü. Bunun əvəzinə Avropanın hər yerindən yəhudilərin toplanması və şərqdəki ağır şəraitdən öləcəkləri əmək düşərgələrinə köçürülməsi planlaşdırıldı. Bura da sağ qalanlar isə "müvafiq tərbiyyədən" keçməli idilər.[38] Konfransda az sayda iştirakçı - müxtəlif dövlət qurumlarının cəmi 15 lideri iştirak etdi: Gestapo, SS təhlükəsizlik xidmətləri, NSAFP-ın yüksək vəzifəli üzvləri, Nasist Almaniyasının müxtəlif nazirliklərinin - ədliyyə və xarici işlər nazirliklərinin, millət və məskunlaşma agentlikləri, habelə yəhudi əmlakının paylanmasına cavabdeh qurumlar. Konfransda iştirak edənlərin yarıdan çoxunun Alman universitetlərindən doktorluq dərəcələri var idi. Onların yəhudi siyasəti haqqında ətraflı məlumatları vardı və hər bir agentliyin bu plana verdiyi töhfənin vacibliyini başa düşürdülər. Onlar "Şərqə evakuasiya"nın yəni konsentrasiya düşərgələrinə deportasiyanın son olduğunu başa düşürdülər və "son qərar"ın Avropa yəhudilərinin məhv edilməsinə yönəldiyini gözəl anlayırdılar.[38]
Konfrans əvvəlcədən 1941-ci il dekabrın 9-na təyin edilmişdi,[37] ancaq Qırmızı Ordunun dekabrın 5-də Moskva yaxınlığında əks hücum təşkil etməsi, Yaponiyanın dekabrın 7-də Pörl-Harbora hücum etməsi[39] və Hitlerin ABŞ-yə müharibə elanı onun 1942-ci ilin 20 yanvarına qədər təxirə salınmasına gətirib çıxardı.[40] [41]
Heydrix konfransın keçiriləcəyi məkan kimi Berlindəki rahat və mənzərəli "Marlir" malikanəsini seçdi.[42] Qonaqlar səhər yeməyinə saat 9:00-da dəvət olunur, görüşlər isə saat 12:00-da keçirilirdi.[43] Konfransın hazırlanmasında və keçirilməsində mühüm rolu Gestaponun IV-B-4 şöbəsinin SS oberşturmbannfüreri Adolf Eyxman oynamışdı.[39]
Konfransa hazırlıq gedərkən, Eyxman müxtəlif Avropa ölkələrindəki yəhudilərin siyahısını hazırlamışdı. Ölkələr iki qrupa ayrılırdı: "A" və "B". "A" ölkələri birbaşa Reyxin nəzarəti və ya işğalı altındakı ölkələr (Vişi Fransası kimi qismən işğal edilmiş və ya dinc münasibətlər olan); "B" ölkələri müttəfiq və ya əməkdaş dövlətlər, bitərəf və ya Almaniya ilə müharibə vəziyyətində olanlar idilər.[44]
Rəqəmlər hər ölkədəki təxmin edilən yəhudi əhalisini əks etdirirdi; məsələn, Estoniya Judenfrei (yəhudilərdən azad) olaraq siyahıya salınmışdı, çünki Alman işğalından sonra Estoniyada 4500 yəhudi 1941-ci ilin sonuna qədər məhv edilmişdi.[45] İşğal olunmuş Polşa siyahıda deyildi, çünki 1939-cu ilədək ölkə qərbdə nasist Almaniyası tərəfindən ilhaq edilmiş Polşa əraziləri, şərqdə Sovet İttifaqı tərəfindən ilhaq edilmiş Polşa əraziləri ilə bir çox sürgünlü polyakların yerləşdiyi Baş Hökumət arasında bölünmüşdü. Bu səbəbdən yəhudilər də artıq köçürülmüşdü.[46]
Konfransın gedişi
redaktəHeydrix giriş nitqi ilə faşistlərin 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən sonra Almaniyada həyata keçirilən yəhudilər əleyhinə tədbirlərdən bəhs edərək konfransı açdı.[47] 1933-cü ildən 1941-ci ilin oktyabr ayına qədər 537.000 Alman, Avstriya və Çex yəhudisinin mühacirət etdiyini söylədi. Bu məlumat, Eyxmanın keçən həftə onun üçün hazırladığı hesabatdan götürülmüşdür. [48] Vanze konfransı cəmi saat yarım davam etdi. Vaxtın üçdə ikisini Heydrixin çıxışı tutdu.[40] Heydrix həmçinin, Avropada təxminən on bir milyon yəhudi olduğunu, bunların yarısının Almaniyanın nəzarəti altında olmayan ölkələrdə yaşadığını bildirdi.[44] Yəhudilərin başqa yerə mühacirətinin Himmler tərəfindən qadağan olunduğundan onun yerinə yeni bir həll yolunun gələcəyini izah etdi.[49] İştirakçılara müraciət edən Heyndrix deyirdi:
... yəhudi probleminin başqa bir həlli yəhudilərin mühacirət etməsi üçün bir yer tapmaqdır, yəni yəhudilərin şərqə təxliyəsi... Bu cür hərəkətlər müvəqqəti bir tədbir kimi görülsə də, praktik təcrübə artıq toplanmışdır və yəhudi məsələsinin gələcəkdə son həlli üçün son dərəcə əhəmiyyətlidir.[38] |
Alman tarixçi Piter Lonqeriç, rejim üzvləri üçün spesifik bir məna kəsb edən terminologiyada tərtib edilmiş qeyri-müəyyən əmrlərin, xüsusən də insanlara cinayət işləri ilə məşğul olma əmri verildiyi zaman yaygın olduğunu qeyd edir. Liderlərə "sərt" və "zəhmli" olmağın vacibliyi izah edildi; bütün yəhudilərə qarşı amansızlıqla mübarizə aparmaq lazım olan potensial düşmən kimi qəbul edilməli idi.ruthlessly.[50] Vanze protokolunun ifadəsi - ümumi iclas protokolları - iştirakçılara şərqə evakuasiyanın ölüm hökmü olduğunu aydınlaşdırdı.[51]
Heydrix, "son qərarın praktiki həyata keçirilməsində" Avropanın "qərbdən şərqə tərəf təmizlənəcəyini", ancaq Almaniya, Avstriya və Bohemya və Moraviya protektoratına siyasi, əmlak və əlavə sosial üstünlüklər veriləcəyini söylədi.[52] Bu, müttəfiqlərin bombardmanı nəticəsində evsiz qalan almanlara boşalan əmlaklarda məskunlaşmaq icazəsi vermək və eyni zamanda Nasist Partiyasının regional liderlərinə yəhudiləri bölgələrindən qovması üçün təzyiqləri artırmaq üçün işarə idi. Həmçinin bunun boşalan yəhudi əmlaklarında işğal olunmuş ərazilərdən gətirilən işçilərin yerləşdirilməsi icazəsi kimi də başa düşmək olardı. "Evakuasiya edilmiş" yəhudilər əvvəlcə Baş Hökumətdəki "tranzit gettolara" göndəriləcək və oradan şərqə göndəriləcəkdilər.[52] Heydrix, hüquqi və siyasi çətinliklərdən qaçmaq üçün “evakuasiya” məqsədi ilə kimin yəhudi olduğunu müəyyənləşdirməyin vacib olduğunu söylədi. Öldürülməyən insanların kateqoriyalarını göstərdi. Ağır yaralanan və ya Dəmir xaç ordeni qazanan 65 yaşından yuxarı yəhudilər və Birinci Dünya müharibəsi veteranı yəhudi öldürülmək əvəzinə Theresienstadt toplama düşərgəsinə göndərilə bilərdi. Heydrix “Bu ağıllı həll yolu ilə, bir çox müdaxilənin qarşısı alına bilər” - deyirdi.[52]
Konfransın əvvəlində artıq Hitler yəhudi məsələsinin məqsədləri və həlli üsulları ilə bağlı əsaslı bir qərar vermişdi. Konfransda texniki məsələlər müzakirə edildi. Bunlardan biri qarışıq yəhudi-ari nigahları problemi idi - insanları yəhudi hesab etmək, valideynlərindən biri yəhudi, digəri alman olan və bir yəhudi babası və ya nənəsi olanlarla nə etmək məsələləri idi. Bu məsələ ilə bağlı qərar qəbul edilmədi və növbəti iclaslara qədər təxirə salındı.[53]
Heydrix işğal altında olan Fransada yəhudilərin təxliyə üçün qeydiyyatının çətinlik çəkmədən davam edəcəyini bildirdi,[54] lakin sonda Fransız əsilli yəhudilərin böyük əksəriyyəti sağ qaldı.[55] Almaniyanın müttəfiqləri Rumıniya və Macarıstanla daha böyük çətinliklər gözlənilirdi. Heydrix Rumıniyada hökumətin yəhudi işləri üçün bir komissar təyin etdiyini bildirdi.[54] Əslində, antisemitizmin yüksək dərəcəsinə baxmayaraq Rumıniya yəhudilərinin sürgün edilməsi ləng və təsirsiz oldu.[56] "Macarıstandakı problemi həll etmək üçün," Heydrix, tezliklə Macarıstan hökumətinə yəhudi məsələləri üzrə bir müşavir tətbiq etmək lazım olduğunu qeyd etdi.[54] Macarıstanın Miklosş Hort rejimi tərəfindən almanların yəhudi siyasətinə müdaxiləsinə müqavimət göstərməsi, 1944-cü ilin baharına, Vermaxtın Macarıstanı işğal etdiyi günə qədər davam etdi. Tezliklə Macarıstandakı 600.000 yəhudi (və Macarıstan tərəfindən işğal olunmuş Çexoslovakiya, Rumıniya və Yuqoslaviyanın bir hissəsi) Macarıstan rəhbərliyinin köməyi ilə Eyxman tərəfindən ölümə göndərildi.[57] Heydrixin çıxışından sonra təqribən otuz dəqiqəlik sual və şərhlər davam etdi. Daha sonra rəsmilırin çıxışı başladı.[58]
Otto Hofmann (SS-nin İrqçilik və Köçürmə Baş İdarəsinin rəhbəri; RuSHA) və Vilhelm Stukart (Reyx Daxili İşlər Nazirliyinin Dövlət Katibi) qarışıq nikahlarla əlaqəli qanuni və inzibati çətinliklərə işarə etdilər və qarışıq nikahların zorla ləğv edilməsini və ya daha sadə bir alternativ olaraq sterilizasiyanın daha geniş istifadəsini təklif etdilər.[59] Dörd İllik Plan çərçivəsindən çıxış edən Erix Neumann, müharibə üçün həyati əhəmiyyət daşıyan sahələrdə çalışan və əvəz edilə bilməyən yəhudilərin azad edilməsini təklif etdi. Heydrix onu bunun artıq əsas məsələ olduğuna əmin etdi; bu cür yəhudilər öldürülməyəcəkdir.[60] Baş Hökumət Dövlət Katibi Yozef Bühler, planı dəstəklədiyini və məhv etmənin ən qısa müddətdə başlayacağına ümid etdiyini söylədi.[61] İclasın sonlarına yaxın konyak verildi, bundan sonra söhbət daha az rəsmi xarakter aldı.[59][58] Eyxman Heydrixin görüşün gedişindən məmnun olduğunu yazırdı. Sonralar O, xatırlayırdı ki, əslində Heydrix iştirakçılardan müqavimət gözləyirdi, amma bunun əvəzinə əvvəllər onların arasında olmayan həmrəylik hiss olunurdu.[62]
Sonda konfransın protokolu tərtib edildi. Heydrix Eyxmana protokolda göstəriləcəklər barədə qəti təlimat verdi. Eyxman məhkəməsində bu barədə bunları demişdi: “Bunu necə izah edə bilərəm - bəzi həddən artıq sadə söhbətlər və jarqon ifadələr rəsmi dilə tərcümə edilməli idi. Yekun sənədlər yalnız çıxışlardan tərtib edilməməli, hər şey dəqiq göstərilməlidir".[61]
Konfransın protokolunu tərtib edən Adolf Eyxman, Hitlerin əvvəllər göstərişinə əsasən, yəhudilərin dərhal Şərqi Avropaya (işğal edilmiş Polşanın ərazisinə, daha sonra konsentrasiya düşərgələrinin inşa edildiyi əraziyə) çıxarılmasının lazım olduğunu bildirdi. Protokolda qaz kameraları və krematoriyalardan bəhs edilmir, ancaq "inşallah çoxları ağır əməkdən" məhv olar və həmçinin sağ qalanların yaşamağına imkan vermək olmaz çünki, onlar yenidən yəhudilərin doğub çoxalması üçün başlanğıc olacaqlar.[53]
Hər bir iştirakçı protokolun bir nüsxəsini aldı. Müharibənin sonuna yaxın demək olar ki, bütün iştirakçılar öz nüsxələrini məhv etdilər, lakin bir nüsxə alman tarixçi Robert Kempner tərəfindən 1947-ci ildə Xarici İşlər Nazirliyinin arxivində,[63] sahibinin - Martin Lüterin müharibənin sonunda konsentrasiya düşərgəsində olması səbəbindən tapıldı.
1961-ci ildə Eyxmanın Qüdsdəki məhkəməsi zamanı ifadəsində bildirirdi ki, konfransın rəsmi hissəsi bitdikdən sonra qeyri-rəsmi şəraitdə iştirakçılar konyak içə-içə iclasın nəticəsini müzakirə etməkdən çəkinmirdilər, utanmadan qətllər, məhv və yox etmə haqqında birbaşa danışırdılar.[64][53]
Son protokolun məzmunu
redaktəProtokolda bu konfransın əsas məqsədi - "yəhudi məsələsinin son həlli"nin həyata keçirilməsi və müxtəlif şöbələrin hərəkətlərinin əlaqələndirilməsi üçün dəqiq bir planın hazırlanması aydın şəkildə göstərilmişdir. Planın icrasına cavabdeh olan əsas şəxs Himmler idi.
Heydrix həmin gün nasistləri irqçilik siyasətinin əsas "uğurlarını" qısa şəkildə izah etdi. Bunların arasında - Nürnberq irqçi qanunlarının köməyi ilə Reyxin həyatının bütün sahələrindən yəhudilərin sıxışdırılması və məcburi mühacirəti dururdu. Bununla birlikdə, yəhudilərin Reyxdən kənarda mühacirət etmələrini məcbur etmə siyasətinin özünü doğrultmadığı qeyd edildi. Bunun əsas səbəbləri, bütün potensial ölkələrin yəhudi qaçqınlarını qəbul etməkdən imtina etməsi və qaçqınların mühacirət etmələri üçün vəsaitlərin olmamasıdır. Bundan əlavə, müharibənin başlaması ilə Himmlerin təhlükəli sayaraq yəhudi mühacirətini qadağan etdiyi deyildi.
Yəhudi məsələsinin yeni bir həll təklifi edildi: "yəhudilərin şərqə qovulması", Polşadakı konsentrasiya düşərgələrində yəhudilərin məhv edilməsini ifadə edən bir təklif. İştirakçıların nəzərinə bir siyahı təqdim edildi - Avropa ölkələrinin hər birindəki yəhudi əhalisinin statistik qiymətləndirməsi, cəmi 11 milyon yəhudi. Bu siyahıda Albaniya yəhudilərinin sayı xüsusilə diqqətə çarpır - cəmisi 200 nəfər. Bu da bütün yəhudilərin məhv edilməsini nəzərdə tutan "yəhudi məsələsinin son həlli"nin yerinə yetirilməsindən xəbər verir. 11 milyon yəhudinin heç biri sağ qalmamalı idi.[65]
Konfransın nəticələri
redaktə1942-ci il yanvarın 31-də Adolf Eyxman bütün polis komandanlığına, gizli təhlükəsizlik xidmətlərinə və SD rəhbərlərinə, Almaniya, Avstriya və Çexiyadan yəhudilərin deportasiyasına dair ətraflı təlimatları olan təcili əmrlər göndərdi. Bu andan sistematik və diqqətlə hazırlanmış soyqırım başlayır. Sovet İttifaqı və Polşada işğal edilmiş ərazilərdə yəhudilərin qırğınları davam etdi və Belzecdəki konfrans zamanı artıq yeni bir ölüm düşərgəsi inşa edildi; digər ölüm düşərgələri planlaşdırma mərhələsində idi.[34][66] Yəhudilərin məhv edilməsi qərarı artıq verilmişdi və Heydrix, Himmlerin nümayəndəsi olaraq, deportasiyaların həyata keçirilməsində müxtəlif şöbələrin əməkdaşlığını təmin etmək üçün bir toplantı keçirmişdi.[67] Tarixçi Lourens Ris Lonqriçin yəhudilərin taleyi ilə bağlı qərarın konfransdan əvvəl verildiyi mövqeyini dəstəkləyir. Ris, Vanze konfransının əslində "ikinci dərəcəli məmurların" bir görüşü olduğunu qeyd edir və nə Himmler, nə Göbbelsin, nə də Hitlerin iştirak etdiyini vurğulayır.[68]
Longeriçə görə, iclasın əsas məqsədi deportasiya başa çatdıqdan sonra deportasiya olunanların taleyinin tamamilə başqa bir şöbənin səlahiyyətlərindən kənarda SS-nin daxili işinə çevrildiyini vurğulamaq idi. İkinci məqsəd sürgünün miqyasını müəyyənləşdirmək və kimin yəhudi, kimin Mişlinq (qarışıq nigahdan olanlar) olduğunu müəyyənləşdirmək idi.[69]
Lonqriçin sözünə görə: "Nazirlik bürokratiyasının nümayəndələri bu kimi deportasiya prinsipindən narahat olmadıqlarını açıq şəkildə bildirdilər. Bu, həqiqətən də görüşün həlledici nəticəsi və Heydərixin ətraflı protokollar hazırlayıb geniş yaymasının əsas səbəbi idi".[70] İclasdakı iştirak hər kəsin törədilmiş qətllərdə əlbir olmasını da təmin etdi.[71]
Eyxmanın bioqrafı David Cesarani, Lonqeriçin təfsiri ilə razılaşır. O, qeyd edir ki, Heydərixin əsas məqsədi yəhudi siyasəti ilə məşğul olan müxtəlif nazirlik və idarələrə öz səlahiyyətlərini göstərmək və məhv kampaniyasında əvvəllər ortaya çıxan mübahisələri təkrarlamamaq idi. “Heydrixin maneəsiz sürgün axınını təmin etməsinin ən sadə və ən qətiyyətli yolu, Reyxdəki və Şərqdəki yəhudilərin, eləcə də başqalarının taleyi üzərində tam nəzarətini təmin etmək idi. Bütün təşkilatlar RTBİ xəttinə sadiq olmalı idi", - deyə Cesarani bildirir.[72]
Professor Dan Mixmanın sözlərinə görə Vannze konfransı məhv prosesində vacib bir mərhələ idi, çünki Nasist hakimiyyətinin hərəkətləri daha ardıcıl və mütəşəkkil hal aldı. Ancaq o, hesab edir ki, konfransda kütləvi qırğınla bağlı qərar verilməyib.[39]
Konfransda razılaşdırılmış siyasətə uyğun olaraq, nasist hakimiyyəti insanları öldürmək üçün hazırlanan ölüm düşərgələri şəbəkəsini yaratdı. 1942-1944 illərdə bu düşərgələrdə 3 milyon yəhudi öldürüldü.[73]
Konfrans iştirakçıları və onların sonrakı taleyi
redaktəHeydrix konfransa bir sıra hökumət nazirliklərinin nümayəndələrini, o cümlədən xarici işlər, ədliyyə, daxili işlər və dövlət nazirliklərinin dövlət katiblərini və SS nümayəndələrini dəvət etmişdi. Konfransın iclası keçirildiyi zaman yəhudilərin taleyi barədə məlumat yaymaq prosesi artıq sürətlə başlamışdı.[74] O Konfransda iştirak edən 15 nəfərdən 8-nin akademik və ya elmlər doktoru dərəcəsi var idi.[75]
Təşkilat | Adı | Vəzifəsi | Şəkili | Gələcək taleyi |
---|---|---|---|---|
İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyi | Alfred Meyer | İmperiyanın İşğal Olunmuş Şərq əraziləri nazirliyinin məsləhətçi katibi, qaulyayter və reyxsştatqalter | 1945-ci aprelin 11-də Xessiş Oldendorfda intihar etmişdir (Aşağı Saksoniya)[76] | |
İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyi | Georq Leybbrant | İmperiyanın işğal olunmuş Şərq əraziləri nazirliyinin Baş siyasi idarəsinin rəisi, reyxsamtslyayter | 1943-cü ilin yayında dövlət xidmətindən istefa vermiş, 1982-ci il iyunun 16-da Bonnda vəfat etmişdir | |
İmperiyanın Daxili İşlər Nazirliyi | Vilhelm Ştukkart | İmperiyanın Daxili İşlər Nazirliyi məsləhətçi katibi | 1947-ci ildə Vanze konfransında iştirak etmədiyini bildirirdi. 1949-cu ildən azadlıqda. 1953-cü ildə avtomobil qəzasında həlak olmuşdur[77] | |
Dördillik plan idarəsi | Erix Noyman | Dördillik plan idarəsinin məsləhətçi katibi | 1948-ci ildə səhəti ilə əlaqədar həbsdən azad edilmişdir, 1951-ci il martın 23-də vəfat etmişdir[78] | |
İmperiyanın Ədliyyə Nazirliyi | Roland Freysler | İmperiyanın Ədliyyə Nazirliyinin məsləhətçi katibi | 1945-ci il fevralın 3-də Berlində amerika bombardmanı zamanı həlak olmuşdur[76] | |
General-qubernatorluğun höküməti (Üçüncü reyx) | Yozef Buler | General-qubernatorluğun hökümətinin məsləhətçi katibi | Polşaya təhvil verilmiş və 1948-ci il avqustun 22-də Krakovda polyak xalq məhkəməsinin hökmü ilə edam edilmişdir[76] | |
İmperiya Xarici İşlər Nazirliyi | Martin Lüter | İmperiya Xarici İşlər Nazirliyinin Alman şöbəsinin kiçik məsləhətçi katibi | Ribentropa qarşı fitnə qurmağa görə konslaqerə göndərilmişdir, azad edildikdən sonra 1945-ci ilin 12-si və ya 13 mayında Berlində vəfat etmişdir (və ya sovet hərbçiləri tərəfindən güllələnmişdir)[77][76][79] | |
Nasional Sosialist Alman Fəhlə Partiyasının dəftərxanası | Qerxard Klopfer | Partiya Dəftərxanasının nazir-direktoru, SS oberfürüri | 1949-cu ildə məhkəmədə "müəyyən dərəcədə günahkar" sayılmışdır. Ulmedə vəkilin vergilər üzrə köməkçisi. 1987-ci ildə vəfat etmişdir.[77] | |
İmperiya dəftərxanası | Fridrix Vilhelm Kriçinger | İmperiya dəftərxanasının nazir-direktoru | 1947-ci ildə sağlamlığına görə həbsdən azad edildikdən sonra vəfat etmişdir[77][76] | |
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) | Reynhard Heydrix | Reyx Təhlükəsizliyinin Baş İdarəsini rəisi, SS oberqruppenfüreri | 1942-ci il mayın 27-də Böyük Britaniyadan göndərilən çex vətənpərvərlərinin təşkil etdiyi sui-qəsd nəticəsində ağır yaralandıqdan sonra iyunun 4-də Praqada etmişdir.[76] | |
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) | Henrix Müller | IV İdarənin rəisi (Dövlət Gizli Polisi (Gestapo)), SS qruppenfüreri | Ehtimal olunur ki, 1945-ci ilin mayında Berlində naməlum şəraitdə həlak olmuşdur | |
Reyx Təhlükəsizliyinin Baş İdarəsi(RTBİ) | Adolf Eyxman | Dövlət Gizli Polisinin (Gestapo "yəhudi şöbəsinin" rəhbəri, SS oberşturmbannfüreri | 1961-ci ilin dekabrında Qüdsdə məhkəmə tərəfindən ölüm hökmü qərarına əsasən 1962-ci il mayın 31-də Ramlada edam edilmişdir | |
SS-in irq və köçürülmə baş idarəsi | Otto Hofman | SS-in irq və köçürülmə baş idarəsinin rəisi, SS qruppenfüreri | 1948-ci il martın 10-da Nürnberqdə ABŞ hərbi tribunalında SS-nin irqiçilik cinayətlərində mühakimə olunaraq 25 il həbs cəzasə aldı. 1951-ci ilin yanvarında cəza müddəti 15-ilə endirildi və 1954-cü ildə azadlığa çıxdı. Vyutemberqdə ticarət xidmətçisi kimi fəaliyyət göstərdi 1982-ci ildə vəfat etmişdir.[77][76] | |
SS ali rəhbərinin təşkilatında və General-qubernatorluğun polisində | Karl Ebxard Şenqart | General-qubernatorluqda Təhlükəsizlik xidməti (SD) polisinin komandanı, SS oberfüreri | 1946-cı il mayın 16-da Britaniya tribunalının hökmü ilə Hamelndə edam edilmişdir (Aşağı Saksoniya)[77] | |
"Ostland" Reyxskomisariatında SS ali rəhbərinin təşkilatında və polisdə | Rudolf Lanqe | "Latviya" general komisarlığının təhlükəsizlik polisinin və SD-nin komandanı, SS şturmbannfüreri | 1945-ci ilin fevralında Poznanda döyüşlərdə həlak olmuşdur.[76] |
Marlir Villası dövrümüzdə
redaktəVillada hal-hazırda Xolokost Xatirə Mərkəzi yerləşir.[3] Lakin mərkəzin yaradılması heç də asan başa gəlməmişdi. Belə ki, müharibədən 20 il sonra 1965-ci ildə tarixçi Yozef Vulff Vanze konfransının keçirildiyi Marlir villasının Holokost xatirə və sənədli mərkəzinə çevrilməsini təklif etdi. Lakin Qərbi Almaniya hökuməti o zaman bu məsələyə ciddi yanaşmadı. Bina məktəb kimi istifadə olunurdu və muzey üçün maliyyə yox idi. Layihənin uğursuzluğa uğramasından və Qərbi Almaniya hökumətinin nasist müharibə cinayətkarlarını mühakimə edib cəzalandırmamasından kədərlənən Vulf 1974-cü ildə intihar etdi.[80]
20 yanvar 1992-ci il tarixində konfransın əllinci ildönümündə "Haus der Wannsee-Konferenz" (Vanza Konfransının Evi) adı altında Holokost xatirə mərkəzi və muzeyi olaraq açıldı.[81] Muzeydə Holokost hadisələrini və onun planlaşdırılmasını sənədləşdirən rəsmi mətnlər və fotoşəkillər sərgiləri də var.[82] The İkinci mərtəbədəki Yozef Vulf Kitabxanası/Media Kitabxanasında Nasist dövrü haqqında zəngin kitab fondu, həmçinin mikrofilmlər və orijinal Nasist sənədləri kimi digər materiallar saxlanılır.[82]
Vanze konfransı mədəniyyətdə
redaktə2001-ci ildə Frenk Pirsonun konfransa həsr etdiyi "Sui-qəsd" filmi işıq üzü gördü. Filmdə əsas rolları Kennet Brana (Heydrix), Stanli Tuççi (Eyxman) və Kolin Fört (Ştukkart) oynayıblar. Konfrans Robert Harrisin alternativ hekayə mövzusunda "Faterland" (1992) romanında xatırlanır. Romanın süjetində müharibədə qalib gələn nasistlər Avropadakı yəhudiləri məhv edir və ABŞ prezidenti Con Kennedinin Almaniyaya Hitlerlə ittifaq imzalamaqdan əvvəl Gestapo şahidləri aradan götürmək üçün konfrans iştirakçılarını öldürür. Kitab əsasında eyni adlı film də çəkilmişdir.
İstinadlar
redaktə- ↑ Longerich, 2010. səh. 309–310
- ↑ Browning, 2004. səh. 309
- ↑ 1 2 "Дом Ванзейской Конференции". 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
- ↑ Evans, 2008. səh. 7
- ↑ Longerich, 2010. səh. 132
- ↑ Longerich, 2010. səh. 38–39
- ↑ Longerich, 2010. səh. 67–69
- ↑ Longerich, 2010. səh. 41
- ↑ Kershaw, 2008. səh. 346
- ↑ Evans, 2005. səh. 544
- ↑ Kershaw, 2008. səh. 347
- ↑ Longerich, 2010. səh. 127
- ↑ Evans, 2005. səh. 555
- ↑ 1 2 Longerich, 2010. səh. 144
- ↑ Longerich, 2010. səh. 144–145
- ↑ Longerich, 2012. səh. 429
- ↑ Evans, 2008. səh. 15
- ↑ Longerich, 2012. səh. 430–432
- ↑ "Письменное полномочие Геринга Гейдриху от 31 июля 1941 года". Archived from the original on 2010-05-05. İstifadə tarixi: 2020-05-20.
- ↑ Browning, 2007. səh. 315
- ↑ 1 2 Snyder, 2010. səh. 416
- ↑ Roseman, 2002. səh. 112
- ↑ Tooze, 2006. səh. 476–486, 538–549
- ↑ Snyder, 2010. səh. 162–163, 416
- ↑ Tooze, 2006. səh. 669
- ↑ Snyder, 2010. səh. 411
- ↑ Gerhard, 2009
- ↑ Tooze, 2006. səh. 539
- ↑ Tooze, 2006. səh. 538–549
- ↑ 1 2 3 Longerich, 2012. səh. 523
- ↑ Longerich, 2010. səh. 198
- ↑ Longerich, 2010. səh. 207
- ↑ 1 2 Даниил Романовский, Давид Зильберкланг. От антисемитизма к уничтожению: историография нацистской политики по отношению к евреям и попытка интерпретации. (сборник). Иерусалим: Яд ва-Шем. 2010. 68—69. ISSN 1565-9941.
- ↑ 1 2 3 Longerich, 2010. səh. 309
- ↑ Kershaw, 2008. səh. 683
- ↑ Christopher Browning. По поводу моей книги «Истоки „окончательного решения“»: замечания об «окончательном решении», его предпосылках и важнейших последствиях Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine
- ↑ 1 2 Roseman, 2002. səh. 57
- ↑ 1 2 3 (#empty_citation). "Wannsee Conference" (ingilis). Encyclopædia Britannicas Reflections on the Holocaust. 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
- ↑ 1 2 3 Михман, 2001
- ↑ 1 2 Бриман Ш. "60 лет после Ванзее". Хроники Иерусалима. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-9.
- ↑ Browning, 2007. səh. 407
- ↑ Browning, 2007. səh. 406
- ↑ Roseman, 2002. səh. 65
- ↑ 1 2 Roseman, 2002. səh. 111–112
- ↑ Longerich, 2010. səh. 237, 239
- ↑ Browning, 2007. səh. 93
- ↑ Roseman, 2002. səh. 110
- ↑ Cesarani, 2005. səh. 112
- ↑ Roseman, 2002. səh. 110–111
- ↑ Longerich, 2010. səh. 189–190
- ↑ Roseman, 2002. səh. 77
- ↑ 1 2 3 Roseman, 2002. səh. 113
- ↑ 1 2 3 Browning, 2004. səh. 413
- ↑ 1 2 3 Roseman, 2002. səh. 114
- ↑ Marrus, Paxton, 1981. səh. 343–344
- ↑ Cesarani, 2005. səh. 151–155
- ↑ Cesarani, 2005. səh. 159–195
- ↑ 1 2 Browning, 2007. səh. 413
- ↑ 1 2 Cesarani, 2005. səh. 113
- ↑ Roseman, 2002. səh. 71
- ↑ 1 2 Cesarani, 2005. səh. 114
- ↑ Browning, 2007. səh. 414
- ↑ Roseman, 2002. səh. 1
- ↑ "Показания Адольфа Эйхмана о Ванзейской конференции на процессе против него в окружном суде Иерусалима, июнь-июль 1961" (PDF). Дом Ванзейской конференции. 2017-09-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-12.
- ↑ "Протокол обсуждения «Окончательного решения еврейского вопроса» 20 января 1942 года" (PDF). Дом Ванзейской конференции. 2015-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-12.
- ↑ Breitman, 1991. səh. 229–233
- ↑ Longerich, 2010. səh. 310
- ↑ Rees, 2017. səh. 251–252
- ↑ Longerich, 2000. səh. 14
- ↑ Longerich, 2010. səh. 306, 310
- ↑ Longerich, 2000. səh. 7
- ↑ Cesarani, 2005. səh. 110–111
- ↑ "«Окончательное решение еврейского вопроса»: первый этап. Подготовка к тотальному уничтожению. Ванзейская конференция". Холокост (Шоа). ru:Яд ва-Шем. 2015-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-1-17.
- ↑ Browning, 2007. səh. 410–411
- ↑ Rees, 2017. səh. 252–253
- ↑ 1 2 3 4 5 6 7 8 Залесский, 2005
- ↑ 1 2 3 4 5 6 "60 лет после Ванзее". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.
- ↑ "Биография Эриха Ноймана в «Актах Рейхсканцелярии Веймарской республики»". 2012-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.
- ↑ Döscher, 1993
- ↑ Lehrer, 2000. səh. 134–135
- ↑ Wannsee House
- ↑ 1 2 Lehrer, 2000. səh. 135
Ədəbiyyat
redaktə- Breitman, Richard. The Architect of Genocide: Himmler and the Final Solution. The Tauber Institute Series for the Study of European Jewry. Hanover, NH: Brandeis University Press. 1991. ISBN 978-0-87451-596-1.
- Browning, Christopher R. The Origins of the Final Solution : The Evolution of Nazi Jewish Policy, September 1939 – March 1942. Comprehensive History of the Holocaust. Lincoln: University of Nebraska Press. 2007 [2004]. ISBN 978-0-8032-0392-1.
- Cesarani, David. Eichmann: His Life and Crimes. London: Vintage. 2005 [2004]. ISBN 978-0-099-44844-0.
- "Creation of the Memorial Site". Haus der Wannsee-Konferenz. 1 February 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 October 2015.
- Dederichs, Mario. Heydrich: The Face of Evil. Casemate Publishers. 2009 [2006]. ISBN 9781935149125.
- Evans, Richard J. The Third Reich in Power. New York: Penguin. 2005. ISBN 978-0-14-303790-3.
- Evans, Richard J. The Third Reich at War. New York: Penguin. 2008. ISBN 978-0-14-311671-4.
- Gerhard, Gesine. "Food and Genocide. Nazi Agrarian Politics in the occupied territories of the Soviet Union". Contemporary European History. 18 (1). February 2009: 57–62. doi:10.1017/S0960777308004827.
- Gerlach, Christian. "The Wannsee Conference, the Fate of German Jews, and Hitler's Decision in Principle to Exterminate All European Jews" (PDF). Journal of Modern History. 70 (4). December 1998: 759–812. doi:10.1086/235167. 2018-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-09.
- Kershaw, Ian. Hitler: A Biography. New York: W. W. Norton & Company. 2008. ISBN 978-0-393-06757-6.
- Lehrer, Steven. [[Wannsee House and the Holocaust|Wannsee House and the Holocaust]]. Jefferson, NC: McFarland. 2000. ISBN 978-0-7864-0792-7. (#bad_paramlink)
- Longerich, Peter. The Wannsee Conference in the Development of the 'Final Solution' (PDF). Holocaust Educational Trust Research Papers. 1. London: The Holocaust Educational Trust. 2000. ISBN 978-0-9516166-5-9. 2 April 2015 tarixində arxivləşdirilib (PDF).
- Longerich, Peter. Holocaust: The Nazi Persecution and Murder of the Jews. Oxford; New York: Oxford University Press. 2010. ISBN 978-0-19-280436-5.
- Longerich, Peter. Heinrich Himmler: A Life. Oxford; New York: Oxford University Press. 2012. ISBN 978-0-19-959232-6.
- Marrus, Michael R.; Paxton, Robert O. Vichy France and the Jews. Stanford, CA: Stanford University Press. 1981. ISBN 978-0-8047-2499-9.
- Rees, Laurence. The Holocaust: A New History. New York: PublicAffairs. 2017. ISBN 978-1-61039-844-2.
- Roseman, Mark. The Villa, The Lake, The Meeting: Wannsee and the Final Solution. London; New York: Allen Lane. 2002. ISBN 978-0-71-399570-1.
- Snyder, Timothy. Bloodlands: Europe between Hitler and Stalin. New York: Basic Books. 2010. ISBN 978-0-465-00239-9.
- Tooze, Adam. [[The Wages of Destruction|The Wages of Destruction: The Making and Breaking of the Nazi Economy]]. London; New York: Allen Lane. 2006. ISBN 978-0-713-99566-4. (#bad_paramlink)
- Залесский К.А.:НСДАП. Власть в Третьем рейхе
- Михман Д. Ванзейская конференция // Катастрофа европейского еврейства. 3. Тель-Авив: Открытый университет Израиля. 2001. ISBN 965-06-0233-X.
- Christopher Browning. The Origins of the Final Solution The Evolution of Nazi Jewish Policy, September 1939-March 1942. Lincoln: University of Nebraska Press. 2004. ISBN 978-0-8032-1327-2.
- Döscher H. Martin Luther – Aufstieg und Fall eines Unterstaatssekretärs. Darmstadt: WBG. 1993. ISBN 3534801229.
Xarici keçidlər
redaktə- Official website Vanzedə yerləşən Muzeyin rəsmi saytı (alm.)
- Vanze konfransı və Avropa yəhudilərinin soyqrımı (pdf)
- Faksimil Protokolu (alm.)
- Vanze konfransında keçən dəqiqələr Arxivləşdirilib 2018-09-19 at the Wayback Machine (ing.)
- The Wannsee Conference
- Adolf Eichmann testifies about the Wannsee Conference — YouTube platformasında (Yapon altyazıları ilə Alman dilində)
- Vanze konfransında keçən dəqiqələr (ing.)