Vulkanizm - Wikipedia
Vulkanizm — Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar əriyib bir-birinə qarışır və maqma əmələ gətirməsi hadisəsi. Yerin daxili qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə vulkanizm deyilir. Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan püskürən zaman odlu maqmanın temperaturu 850º – 1250 °C arasında olur.
Ada vulkanizmi
redaktəAda vulkanizmi — okeanlarda adaların əmələ gəlməsinə və inkişafına səbəb olan vulkanik proseslər. Adalar qövsü və okeandaxili adalar vulkanizmi ayrılır. Adalar qövsündə fəaliyyətdə olan vulkanlar, adətən, onun daxili batıq tərəfində yerləşir. Ada vulkanizmi əsasən eksploziv xarakterli olur. Adalar qövsündə stratovulkanlar üstünlük təşkil edir: çox vaxt kövrək materialdan təşkil olunmuş konuslara və günbəzvari vulkanlara da rast gəlinir. Vulkanik süxurlar içində kalsium-qələvi maqmanın məhsulları çoxluq təşkil edir: andezit və dasitlər daha çox yayılmışdır. Okeandaxili adalar üçün daha çox effuziv vulkanizm səciyyəvidir. "Andezit xətti" daxilində Sakit okeanın daxili adaları qalxanvari effuziv vulkanların hesabına yaranmışdır. Bu tipin ən məşhur və yaxşı öyrənilmiş vulkanları Havay adalarında yerləşir. Sakit, Hind və Atlantik okeanların daxili hissələrindəki ada vulkanları əsasi tərkibli lava püskürür. Burada bazaltlar çoxluq təşkil edir, az miqdarda traxibazaltlar, traxiandezitlər, traxitlər, fonolitlər və tefritlər rast gəlir.[1]
Geomorfoloji termin
redaktəVulkanizm- yer qabığında və onun üzərində maqmanın yerdəyişməsi ilə əlaqədar hadisələrin məcmu. V. yer səthində təzahürü vulkanlardır, dərində — intruziyanın əmələ gəlməsi və onun daxil olduğu süxurların yüksək temperatur və kimyəvi təsir altında dəyişməsidir. (rus. вулканизм, ing. volcanism, vulcanism, vulcanicity)[2]
Püskürmə məhsullarına görə vulkanlar iki cür qruplaşdırılır
redaktə- Sıyıq maqma püskürən vulkanlar
- Turş tərkibli maqma püskürən vulkanlar
Okean tavalarındakı bir çox vulkanlar sıyıq məhlula bənzər lava püskürürlər. Sıyıq maqma püskürən vulkan lavaları daha aşağı temperaturda (870 °C) axma qabiliyyətinə malikdir. Sıyıq maqma püskürən vulkanların kraterlərinin sayı bir olur. Sıyıq maqma püskürən vulkanlarda vulkan konusunun yamacları daha az meyilli olur. Ona görə də bu vulkanlaraqalxanvari vulkanlar deyilir. Onların diametrləri böyük, yamacları az meyilli olur, konusa bənzəyir. Buna Havay tipli vulkanları – Mauna Loa, Mauna Kea, Klauea, Heklanı və s. misal göstərə bilərik. Sıyıq maqma püskürən vulkanlara qalxanvari vulkanlar deyildiyi kimi Havay tipli vulkanlar da deyilir.
Turş tərkibli vulkan lavaları isə temperatur çox yuxarı olsa belə axmaz olurlar. Turş tərkibli maqma püskürən vulkanlarda vulkan borusunda tıxac əmələ gəlməsi mümkündür ki, bu zaman maqma özünə ya yeni yollar açaraq yeni kraterlər yaradır ya da ki, var olan konusun üst hissəsini parçalayıb qıfşəkilli forma əmələ gətirir. Diametri 100–200 metr olan kiçik kraterli bu forma maar adlanır. Ən tipik maarlar Reyn-Şist dağlarındakı Eyfel maarlarıdır. Belə vulkanlar mürrəkkəb və ya çox dik vulkanlar olduqları üçünstratovulkanlar adlanır. Stratovulkanlar qatı lava axınlarından və ya qırıntı məhsullarından ibarət olur. Stratovulkanların sahəsi kiçik, hündürlükləri çox, yamacları isə dik olur.
İstinadlar
redaktə- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- ↑ Vulkanizm // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.