Xedice Qayibova - Wikipedia
Xədicə Osman bəy qızı Qayıbova (24 may 1893, Tbilisi, Rusiya imperiyası – 27 oktyabr 1938, Bakı, SSRİ) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri.[1]
Xədicə Qayıbova | |
---|---|
Xədicə Osman bəy qızı Qayıbova | |
Digər adı | Xədicə Müftizadə |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşı | Nadir bəy Qayıbov |
Atası | Osman bəy Müftizadə |
Təhsili | |
Fəaliyyəti | pianoçu |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəXədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı.[2] 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür.
Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulan rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçdü. Sovet ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edildi. Musiqiçinin təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınları üçün musiqi-dram studiyası yaradılmışdır. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə xanım fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazandı. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir, Ü. Hacıbəyov, R. M. Qliyer (sovet bəstəkarı), Bülbül, H. Sarabski, M. L. Presman, L. Rudolf, L. Ab, Q. Primov kimi sənətkarlarla əlaqə saxlayır, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynamışdır.
1927–1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1933-cü ildə Xədicə xanım həbs edildi və əks-inqilabçılıqda ittiham olundu. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan[3] Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam etdi. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da heç bir sübut, dəlil, olmadığına görə həbsdən azad edirlər. 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi-tədqiqat işi aparmağa başlamışdır. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil oldu və Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirildi.
16 mart 1938 tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyan belə bir arayış tərtib edib:
"Türk və İngilis qərarqahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş, Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində musavat partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizləmiş və onun qaçması üçün şərait yaratmışdır. M. Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir".
Məhz bu arayışa əsasən 17 mart 1938 tarixində, ikinci həyat yoldaşı Rəşid Qayıbovun həbs olunmasından qısa müddət sonra Xədicə xanım da həbs edildi. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilmişdi. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edlib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir. Cəza 1 həftə sonra Bakıda icra olunmuşdur. 1954-cü ildə Xədicə xanımın qızı Sultanova Alanqu Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edərək anası haqqında məlumat istəmişdir. 1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin müstəntiqi Menyayev A. Sultanovanın ərizəsi ilə bağlı bildirmişdir:
"Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilib, ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır."
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə xanım Osman qızına bəraət verilmiş və fevralın 29-da qızı Alanquya bu haqda arayış təqdim edilmişdir.[4]
Ailəsi
redaktəHəyat yoldaşı Nadir bəy Hüseyn əfəndi oğlu Qayıbov 25 sentyabr 1874-cü ildə Qazaxın Salahlı kəndində anadan olmuşdur. 1893-də Tiflis klassik gimnaziyasını bitirərək Peterburq Yol Mühəndisləri İnstitutuna daxil olub[5], ancaq xəstəliyi üzündən 1894-cü ildə 2-ci kursdan çıxıb. Ölüm tarixi məlum deyil.
Maraqlı faktlar
redaktə- Anası tatar əsilli Terequlovlar ailəsinə mənsub bir zadəgan, ilk həyat yoldaşı Nadir Qayıbov dövrün Qafqaz müftisi Hüseyn Əfəndi Qayıbovun oğlu və Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı idi.
- 1927-ci il tarixli məşhur çıxışından: "Qadın istərsə, başarar, nail olar. Tək gərək savad və maarif üçün çalışmaqdır. Mən vətənimin qızlarına sonsuz etimad edirəm."
- İsmailiyyədə baş tutan konsertlərdə çıxış edən Xədicə xanıma H. Z. Tağıyevin xüsusi hörməti varmış. Hətta ona üstündə öz şəkli olan servis və çox qiymətli brilyant qaşlı üzük də bağışlamışdır.
- Məhkum olduğu illərdə eyni hücrədə qaldığı Zivər xanım Əfəndiyeva (Sultanməcid Əfəndiyevin xanımı) sonrakı illərdə xatirələrində qeyd edir ki, hər kəs Xədicə xanımın sürgün ediləcəyini düşünürdü. Ancaq bilinməyən bir səbəbdən 15 dəqiqəlik bir məhkəmə prosesi güllələnmə əmrilə başa çatdı. Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan bir musiqiçi kimi də tarixə düşüb.
Xatirəsi
redaktə2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[6][7]. Tamaşada Xədicə Qayıbovanın həbsi və sorğu sual olunması da təsvir edilib.[8] 2023-cü ildə Xədicə Qayıbova haqqında Azərbaycan Televiziyasında "Ömür sonatası" sənədli filmi çəkilmişdir.[9] Beynəlxalq Muğam Mərkəzində " Xədicə Qayıbova 130" adlı xatirə gecəsi keçirilib.[10]
Həmçinin bax
redaktəMənbə
redaktə- Bağırova Nərmin. Azərbaycanın ilk peşəkar qadın pianoçusu Xədicə xanım Qayıbova (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında). S. 119–127 / Milli Azərbaycan Tarixi Muzeyi-2012. Bakı, 2012.
İstinadlar
redaktə- ↑ "Görkəmli musiqi xadimləri – Xədicə Qayıbova". 2012-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-23.
- ↑ Xədicə Qayıbova [ölü keçid]
- ↑ Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 118. ISBN 978-9952-36-521-4.
- ↑ Трагическая судьба первой пианистки Азербайджана Arxivləşdirilib 2016-06-22 at the Wayback Machine (rus.)
- ↑ "Arxivlənmiş surət". 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-01.
- ↑ ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
- ↑ ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
- ↑ Mədəniyyət TV. ""Ömür sonatası" adlı sənədli film nümayiş olunub" (az.). Youtube.com. 07.12.2023. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
- ↑ "Xədicə Qayıbova 130".