Xan Babaxanov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xan Məmmədəli oğlu Babaxanov (26 sentyabr 1943, Kirovabad – 1982, Bakı) — Yunan-Roma güləşi üzrə tanınmış Azərbaycan mütəxəssisi, Ümumittifaq və beynəlxalq yarışların mükafatçısı, SSRİ və Azərbaycan çempionu, beynalxalq dərəcəli idman ustası, 1972-ci ildə Münhendə keçirilmiş Yay Olimpiya oyunlarının iştirakçısı, Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan komandasının baş məşqçisi (1979–1982).
Xan Babaxanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
İdman növü | Yunan-Roma güləşi |
Həyatı
redaktəXan Məmmədəli oğlu Babaxanov 26.09.1943-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Güləşlə 1959-cu ildən məşğul olmağa başlamışdır. İlk qələbələrini Bakıda "Ehtiyat əmək qüvvələri" cəmiyyətində çıxış edərkən şəhər və respublika birinciliklərində qazanmışdır. 60-cı illərdən etibarən Ümumittifaq yarışlarında iştirak etməyə başlamış, 1962-ci ildə bir neçə məsul turnirdə müvəffəqiyyətlə çıxış etdikdən sonra SSRİ idman ustası adına layiq görülmüşdür. 1968-ci ilədək zona yarışlarında 3 dəfə qüvvəsini sınayaraq birinciliyə nail olmuşdur. Xan Babaxanov Belorusiya Bədən Tərbiyəsi İnstitutunun məzunu olmuşdur. 1982-ci ildə Bakıda vəfat etmişdir. AMEA H. Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının həyat yoldaşı olmuşdur.
İdmançı karyerası
redaktə1970-ci ildə SSRİ yığma komandasının tərkibində beynəxalq turnirlərdə çıxış etməyə başlamışdır. İlk dəfə Polşada keçirilən yarışda SSRİ yığmasının şərəfini qorumuşdur. Sonralar Rumıniya, Çexoslovakiya, Almaniya və digər xarici ölkələrdə təşkil olunan beynəlxalq səviyyəli yarışların iştirakçısı olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən məşhur sovet pəhləvanı İvan Poddubnının xatirəsinə həsr olunmuş idman yarışlarında çıxış etməyə başlamışdır. İlk yarışda İran, Türkiyə, İsveç, Bolqarıstan, Fransadan olan təcrübəli rəqiblərinə qalib gəlsə də, dördüncü yerlə kifayətlənmişdir. 1971-ci ildə sözügedən yarışın bürünc mükafatına layiq görülmüşdür. Nəhayət, 1972-ci ildə məşhur idmançılar Ə. Əliyev, Suriya pəhləvanı H. Bəşər, Misir pəhləvanı S. Manqeday və dəfələrlə dünya və olimpiya çempionu olmuş V. Bakulinə qalib gələrək İ. Poddubnının xatirəsinə həsr edilmiş idman yarışlarında ilk dəfə fəxri kürsüyə yüksəlmişdir. Beləliklə, yarışın şərtlərinə müvafiq olaraq qaliblər, həmçinin X. Babaxanov 1972-ci ildə Münhen Yay Olimpiya oyunlarına vəsiqə qazanmışdır. Münhen Olimpiya oyunlarında X. Babaxanov SSRİ milli komandasının şərəfini ləyaqətlə qorumuşdur.
1973–1979-cu illərdə güləşçi dəfələrlə SSRİ çempionatlarında, beynəlxalq səviyyəli yarışlarda, Avropa və Dünya çempionatlarında gücünü sınamış və uğurlu nəticələrə nail olmuşdur. Bu illər ərzində beynəlxalq dərəcəli idman ustasının normativlərini yerinə yetirən X. Babaxanov beynəlxalq dərəcəli idman ustası adına da layiq görülmüşdür.
Məşqçilik fəaliyyəti
redaktə1978-ci ildə Yunan-Roma güləşi üzrə məktəblilərdən ibarət Azərbaycan komandasının məşqçisi kimi fəaliyyətə başlamış və elə həmin ildə Daşkənddə Ümumittifaq məktəblilərinin XV spartakiadasında məşqçi kimi uğurla debüt etmişdir. Belə ki, gənc məşqçinin tələbələrindən ikisi vətənə qızıl medalla qayıtmışdır. 1979-cu ildə Azərbaycan SSRİ Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin qərarı ilə Yunan-Roma güləşi üzrə baş məşqçi-müəllim statusuna yiyələnmişdir. Elə həmin vaxtdan etibarən klassik üzrə gənclərdən ibarət Azərbaycan komandasının baş məşqçisi kimi fəaliyyətə başlamışdır. Onun yetişdirdiyi idmançılar SSRİ çempionatlarında dəfələrlə ali mükafatlara layiq görülmüşlər. X. Babaxanov məşqçilik etdiyi 4 il ərzində sonralar SSRİ, Olimpiya və Dünya çempionatlarının qalibi olmuş yüzlərlə gəncə Yunan-Roma güləşinin incəliklərini öyrətmişdir.
Medalları
redaktə— 6 – 8 oktyabr 1961-ci il. Bakı şəhərində Yunan-Roma güləşi üzrə xüsusi komanda birinciliyinin bürünc medalı
— 1 – 4 iyun 1962-ci il. Sovet İttifaqı qəhrəmanı genaral-mayor İ. V. Panfilov adına yarışın bürünc medalı
— 8 may 1966-cı il. Yunan-Roma güləşiüzrə Azərbaycan SSRİ xüsusi komanda birinciliyinin gümüş medalı
— fevral 1967-ci il. SSRİ silahlı qüvvələrinin çempionatında gümüş medal
— 2 iyun 1969-cu il. SSRİ silahlı qüvvələrinin XIV spartakiadasında gümüş medal
— 14 yanvar 1970-ci il. Minskdə V. İ. Leninin 100 illiyinə həsr olunmuş SSRİ silahlı qüvvələrinin çempionatında gümüş medal
— 7 iyul 1970-ci il. Yunan-Roma güləşiüzrə Belarusiya çempionatında qızıl medal.
— 13 dekabr 1970-ci il. Yunan-Roma güləşi üzrə Minsk şəhərinin komanda çempionatında qızıl medal
— 8 aprel 1971-ci il. Belorusiya Bədən Tərbiyəsi İnstitutunda təşkil olunmuş yarışda qızıl medal.
— 16 oktyabr 1972-ci il. Yunan-Roma güləşiüzrə Belarusiya çempionatında qızıl medal.
Məşqçi kimi qazandığı uğurlar
redaktə— 1977-ci il. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan SSR yığma komandasına hazırlığında iştirak etdiyinə görə fəxri fərman.
— 1977-ci il. Məşqçi kimi Gənclərin II Ümumittifaq idman oyunlarında müvəffəqiyyətli iştirakına görə fəxri fərman.
— 17 – 21 mart 1979-cu il. Bir qrup tələbəsi respublika çempionatında qalib gəldiyi üçün ən yaxşı məşqçilər üçün nəzərdə tutulmuş diplom.
— 14 – 18 dekabr 1980-ci il. Tələbəsi Respublika çempionatının qızıl mükafatına layiq görüldüyü üçün məşqçilər üçün nəzərdə tutulmuş fəxri fərman.
— 23 dekabr 1981-ci il. Tələbəsi A. Əliyev Yunan-Roma güləşi üzrə Azərbaycan SSR gənclərinin idman oyunlarının qalibi olduğu üçün fəxri fərman
— 10 may 1981-ci il. Tələbəsi Yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən yarışlarda qalib gəldiyi üçün məşqçi kimi təltifləndirilib.
— 6 – 9 may 1982-ci il Yunan-Roma güləşi üzrə gənclər arasında SSR birinciliyinin qalibi olmuş idmançının məşqçisi kimi mükafatlandırılıb.