Xan Qizi Natevanin Evi - Wikipedia
Xan qızı Natəvanın evi — Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yerləşir. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.
Xan qızı Natəvanın evi | |
---|---|
39°45′53″ şm. e. 46°45′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa rayonu |
Aidiyyatı | Qarabağ xanlığı |
Memar | Kərbəlayi Səfixan Qarabaği[1] |
Sifarişçi | Xurşidbanu Natəvan |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | ermənilər tərəfindən dağıdılıb |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 342 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir.
Tarixi
redaktəXurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərə də malikdir.[2]
Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəbə rəhbərlik Həsənov soyadlı şəxsə tapşırıldı. Məktəb Xan qızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdı.
1987-ci ildə binada restavrasiya işləri aparılmış və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlamışdır. Muzeyin ilk direktoru Namiq Babayev olmuşdur.[3]
Memarlıq xüsusiyyətləri
redaktəEvin cənub divarı kərpicdən, qalan divarları isə yerli daşlardan inşa edilmişdir. Bina planda 24x12.5 metr ölçüyə malikdir və düzbucaqlı formasındadır. Binanın yerdən dama qədər olan hündürlüyü 8.5 metrə bərabərdir. Binanın birinci mərtəbəsində xidməti xarakterli və xidmətçilərin yaşaması üçün nəzərdə tutulmuş yeddi otaq yerləşir. Cənub tərəfdə üç giriş qapısı yer almaqdadır. Onlardan ortada yerləşən qapı dəhlizə, yanlarda yerləşən digər iki qapı isə yan otaqlara aparır.[4]
Aşağı mərtəbənin otaqları iki qrupa bölünür ki, onlardan da birinə dörd, digərinə isə üç otaq daxildir. Bu otaq qrupları arasında əlaqə yalnız dəhliz vasitəsiylə həyata keçirilir.[4]
Parad xüsusiyyəti daşıyan ikinci mərtəbəyə evin qərb divarında inşa edilmi daş pilləkən aparır. İkinci mərtəbənin mərkəzində geniş qonaq zalı, onun ətrafında isə yaşayış üçün nəzərdə tutulmuş dörd otaq yerləşir. Zal, hər iki tərəfdən bütün uzunluğu boyunca 5x3.5 metr ölçülərə malik iri şəbəkə pəncərələr vasitəsiylə işıqlandırılır. Cənub divarında böyük giriş qapısı ətrafında daha iki pəncərə yerləşir. Parad zalının hündürlüyü 5 metrə yaxındır. Altında antresollar yerləşən digər dörd otağın hündürlüyü isə bir qədər azdır. Parad zalının interyerinin bəzədilməsində freska rəsmləri və alebastr üzərində oyma naxışlardan istifadə olunmuşdur.[4]
Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir. Tikilinin cənub fasadı vertikal şəkildə yerləşdirilmiş bellərlə bölünmüşdür. İkinci mərtəbənin pəncərələrini çərçivəyə alan bellər isə digərləri ilə müqayisədə daha da genişləndirilmişdir.[5] Bölünmələr arasındakı fərqli məsafələr sayəsində binanın memarlığı quruluqdan xilas edilmişdir. Üstdən əlavə edilmiş horizontal bölünmələr sayəsində fasad düzgün və yüngül xarakter əldə etmişdir.[5]
Evin birinci və ikinci mərtəbəsinin kərpic divarı oxvari tağlar və düzbucaqlı formaya malik pəncərələrlə həll edilmişdir. Üçüncü mərtəbə isə kör kərpic divara malikdir. Fasadın bu cür bölünməsi maraqlı işıq-kölgə oyunu effekti yaratmışdır.[5] Binanın yerli daşlardan tikilmiş və şimala baxan fasadı isə öz formaları ilə yerli Şuşa evlərinin memarlığına daha yaxın olsa da, memarlıq işlərinin keyfiyyətinə görə, bir çox bəy-ağa evlərindən geri qalır.[5]
İstinadlar
redaktə- ↑ Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. səh. 60.
- ↑ Азербайджан (Исторические и достопримечательные места). Б.: Издательство АН Азербайджанской ССР. 1960. səh. 92.
- ↑ "Дом-музей Хуршидбану Натаван". 1905.az. 27.01.2015. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2019.
- ↑ 1 2 3 Саркисов, Ализаде, 1950. səh. 127
- ↑ 1 2 3 4 Саркисов, Ализаде, 1950. səh. 128
Ədəbiyyat
redaktə- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
- А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
- Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
- Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.