Yaniq - Wikipedia
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi.
Yanıq | |
---|---|
XBT-10 | T20-T32 |
XBT-9 | 940, 949 |
DiseasesDB | 1791 |
MedlinePlus | 000030 |
MeSH | D002056 |
Vikianbarda əlaqəli mediafayllar |
Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur.[1] Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir.[2]
Yanıqlar haqqında məlumat
redaktəStatistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir.[1]
Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır. Bütün dünya üzrə yanıqlara məruz qalmış şəxslərin ən yüksək faizini 12 yaşdan aşağı uşaqlar təşkil edir. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlərdə, istehsalat qəzalarında, hərbi münaqişələrdə və s.) yanıqlar xüsusi diqqət tələb edir.[3]
Yanıqlar əsasən, evdə və iş yerlərində baş verir. Yanıqların çox hissəsi, xüsusilə də qadın və uşaqlarda olan yanıqlar qapalı mühitdə baş verir. Yаnıqlаrın əksəriyyəti şəhər mühitində bаş verir. Xəstəхаnаyаqədərki yаrdım аdekvаt (tam uyğun) olmadıqda, yаnıqlаr ciddi аğırlаşmаlаra və əmək qabiliyyətinin itirilməsinə gətirib çıxarır.[4]
Yanıq — istilik, elektrik cərəyanı və ya kimyəvi maddələrlə təmas nəticəsində meydana gələn xəsarətdir. Yanıqlar yaralanmaların bir növüdür.[4]
Yanıqların mənbəyinə görə təsnifatı
redaktəZədələnməni törədən agentin xüsusiyyətindən asılı olaraq yanıqları belə bölmək olar:[5]
- Termiki — mayelərin, bərk, qazabənzər faktorların təsirindən yaranan yanıqlar;[5]
- Kimyəvi — turşuların, qələvilərin, ağır metal duzlarının təsirindən yaranan yanıqlar;[5]
- Elektrik — müxtəlif gərginlikli elektrik cərəyanı ilə kontakt nəticəsində meydana gələn yanıqlar;[5]
- Şüa — atom bombasının partlaması zamanı yaranan yanıqlar;[5]
- Günəş — günəş şüalarının birbaşa təsirindən meydana gələn yanıqlar.[5]
Termiki yanıqlar orqanizmin selikli qişaları, dəri və örtük toxumaların alovla, maye, qaz və ya bərk termiki amillərlə zədələnməsidir.[5]
İstinin təsirindən yaranan termiki yanıqlara tez-tez rast gəlinir. Qaynar yağ çətin soyuyur və onun dəridən kənar edilməsi çətindir. Buxar ciddi yanıqlara səbəb ola bilər: qaynayan suya nisbətən buxarda daha çox istilik enerjisi vardır. Yanmalar zamanı isti məhlulun, buxarın və ya alovun geyimlə təmasda olması nəticəsində yanıq daha ciddi nəticələr verir, çünki geyim istiliyi özündə saxlayır və onun dəriyə təsir müddətini artırır.[6]
Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır:
redaktəDərəcə | Zədələnən qatlar | Görünüş | Dəri | Sağalma vaxtı | Nümunə |
---|---|---|---|---|---|
I dərəcə | Epidermis | Qızartı | Quru | 5-10 gün | |
II dərəcə | Bütün epitel örtüyü | Qızartı və suluqlar | Nəmli | 2–3 həftə | |
IIIa dərəcə | Epidermis və dermanın səthi qatları | Sarı və ya qırmızı rəngdə dəri, suluqlar | Xeyli quru | 3–8 həftə | |
IIIb dərəcə | Dərinin bütün qatları | Ağ, qəhvəyi rəngli dəri | Dərili | Tam sağalma olmur | |
IV dərəcə | Dəri və dəri altındakı toxumalar | Kömürləşmiş toxumalar | Quru | Sağalmır |
I dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları (epidermis yanır) zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir. Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar.[7]
II dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi (bütün epiteli örtüyü yanır) və lay şəklində aralanması baş verir. 2–ci dərəcəli yanıq da 1–ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində şəffaf və ya sarımtıl (seroz) maye olan qabarcıqlar (suluqlar) yaranır. Güclü ağrılar, ödəm 3-4 gün ərzində azalır. 10-14 gün ərzində tam sağalma baş verir. Dərinin piqmentasiyası 6-8 həftəyə keçir. II dərəcəli yanıq zərərçəkənin dəri örtüyünün 15-20%-ni əhatə edibsə, bu ölümlə nəticələnə bilər.[8]
III dərəcəli yanıq - xüsusi dəri yanır. Bu dərəcə dərinliyinə görə 2 səthə bölünür:
III(a) — epidermis və dermanın səthi qatları cəlb olunur. Dəri nekrozu məməvari hüceyrələrin zirvəsini əhatə edir. Bu zaman bazal hüceyrələrin adacıqlar şəklində bir hissəsi, tük, tər və piy follikulları zədələnmir, lakin suluqlar formalaşır. Dəriyə toxunduqda ağrılı olur, 4-21 gün ərzində sağalır. 4-6 həftədən sonra dərinin yanıqdan kənar hissəsindən və zədələnməyən bazal hüceyrələrin adacıqları hesabına dəri bərpa olunmağa başlayır. Yanıq yarası epitelizasiya olunur (dəri toxuması ilə örtülür) və sağalma baş verir. Lakin davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır.[9]
III(b) — dərinin bütün qatları epidermis, o cümlədən bazal hüceyrələr, derma və dəri altı piy qatı zədələnir. Yara tədricən təmizlənir və 3-4-cü həftələrin sonunda təzə kobud toxumalarla örtülür (qranulyasiya olunur). Bu cür yaraların yerini bədənin digər sağlam hissəsindən dəri köçürməklə sağaldırlar.[9]
IV dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Dərinin bütün qatları ilə bərabər dəri altında olan bütün toxumalar (piy qatı, əzələlər, sinirlər, vətərlər və sümüklər) məhv olur. Sinir toxumalarında oksigenlə qidalanmanın pozulması nəticəsində hissiyyat itdiyi üçün xəstə ağrı hiss etmir. Dəri yаnmış, sоlğun, аğrısız və sərtləşmiş оlur. Belə yanıqlar qəhvəyi rəngdə və ya kömür rəngində olur. Alt qatdakı toxumalar isə bəzi hallarda ağ rəngə çalır. Dərin yanıqlar həyat üçün təhlükəlidir, çünki yanıqlar açıq yara yaratdığı üçün orqanizm çoxlu maye itirir, infeksiya və şok ehtimalı artır. Yanığın kobud izləri qalır.[9]
I–II–III(A) dərəcəli yanıqlar epidermisin bazal hüceyrələrin saxlanılması hesabına dəri bərpa oluna bilir və səthi yanıqlar qrupuna aid edilir. III(B)–IV dərəcəli yanıqlar dərin yanıqlardır. Belə dərinlikli yanıqlar bir neçə aya sağalır. Yaralar kiçik sahədə olduqda öz-özünə sağala bilər. Zədələnmə sahəsi böyük olduqda, xüsusilə yaralar oynaq sahələrini əhatə etdikdə dəri tamlığının bərpası yalnız operativ yolla aparılır.[9]
Məişətdə istifadə olunan elektrik şəbəkəsi və ya ildırım kimi elektrik mənbələri bədənə daxil olub xarici və daxili yanıqlar yarada bilər. Elektrik cərəyanı, həmçinin ürək-damar sisteminə, beynin tənəffüs və ürək döyüntüsünü tənzimləyən hissəsinə də təsir göstərir.[10]
Müəyyən kimyəvi maddələr dəri ilə təmasda olduqda yanıq əmələ gətirə bilərlər. Yanıqlar dərinin açılmasına və bununla da infeksiyaya, maye itkisinə və bədən temperaturunu tənzimləyən funksiyanın pozulmasına gətirib çıxarır. Yanıqların tənəffüs sistemini və gözləri də zədələməsi mümkündür.[11]
Yanıq baş verən ilk günlərdə zədələnmənin həqiqi dərinliyi barədə fikir söyləmək çətindir. Bunu yalnız qartmaq qopduqdan sonra etmək mümkündür. İlkin yardım göstərilərkən zədələnmənin dərəcəsi təxmini müəyyən olunur və bu zaman onun ağır formasını nəzərdə tutmaq daha yaxşıdır.[11]
Yanıq səthinin təyini
redaktəİnsan bədənin dərisinin ümumi səthi 1,5-2m2dir. Yanıq səthini təyin etmək üçün Uollesin doqquzlar qaydasından istifadə etmək olar. Belə ki, bu qanuna əsasən başın və boyunun yanıq səthi - 9%, gövdənin ön və arxa səthi 18x2%, yuxarı ətraflar 9x2%, aşağı ətraflar 18x2% və aralıq nahiyəsi 1% olaraq hesablanır.
Yanıqların patogenezi
redaktəYanıq məhəlli zədələnmə olub bədənin bütün üzvlərində pataloji fəaliyyət pozğunluqları törədir və bu pataloji vəziyyət yanıq xəstəliyi kimi qəbul olunur.
Yanığın nəticəsi əsasən Frank əmsalı ilə təyin olunur. Belə ki, 1% səthi yanıq 1 vahid, 1% dərin yanıq isə 3 vahid olaraq hesablanır. Frank əmsalına əsasən:
30 vahiddən aşağı - sağalma ehtimalı çoxdur
30-60 vahid - sağalma ehtimalı bir qədər azalmışdır
61-90 vahid - sağalma şübhəlidir
90 vahiddən yuxarı - sağalma mümkün deyil
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 405.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 406.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 406.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2018. səh. 406.
- ↑ 1 2 3 4 5 6 7 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 406.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 406.
- ↑ "Termik yanıqlar zamanı ilk tibbi yardım" (az.). saglamolun.az. 2011-06-19. 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.
- ↑ "Termik yanıqlar zamanı ilk tibbi yardım" (az.). saglamolun.az. 2010-06-19. 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.
- ↑ 1 2 3 4 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 408.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 407.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi Və Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 407.