Zoologiya Parki - Wikipedia
Zoopark — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur.
Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır. Bəzi böyük şəhərlər-də bir neçə zoologiya parkı var: Tokio və Çikaqoda 2, Paris və Londonda 3, Nyu-Yorkda isə 4.
Bakıda zoologiya parkı 1945-ci ildə yaradılmışdır və hal-hazırda BAKI HEYVANAT PARKI adlanır.
Dünyanın ən yaxşı zoologiya parkları Berlin, Leypsiq, Köln, San-Diyeqo, Praqa və Varşavadadır.