Cicek - Wikipedia
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ.
Çiçəklərin quruluşu
redaktəMüxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır.
Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır.
Çiçəyin funksiyaları
redaktəÇiçəyin funksiyaları:
- Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
- Müdafiə — çiçəkyanlığı çiçəyin əsas hissələri olan erkəkcik və dişiciyi qoruyur.
- Mikro və meqasporların əmələ gəlməsi.
- Tozlanma.
- Mayalanma.
- Toxum və meyvələrin formalaşması.
Çiçəkyanlığı
redaktəÇiçəkdə ləçəklərdən ibarət parlaq rəngli tac diqqəti cəlb edir. Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. Tac və kasacıq çiçəkyanlığını təşkil edir. Çiçəkyanlığı çiçəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı cücüləri özünə cəlb edir. Çiçəkyanlığına görə çiçəklər aşağıdakı qruplara bölünür:
- Qeyri tam çiçək
- Sadə çiçəkyanlığı olan çiçək
- İkiqat çiçəkyanlığı olan çiçək
Həm ləçəkləri, həm də kasa yarpağı olan çiçəkyanlığı ikiqat və ya mürəkkəb çiçəkyanlığı adlanır. İkiqat çiçəkyanlığı olan çiçək 6 elementdən ibarətdir:
- Çiçək saplağından
- Çiçək yatağından (çiçək saplağından genişlənmiş yuxarı hissəsi)
- Kasacıqdan
- Tacdan
- Erkəkciklərdən
- Dişicik və ya dişiciklərdən Sadə çiçəkyanlığı olan çiçək 5 elementdən ibarətdir. Belə çiçəyin çiçəkyanlığı yalnız yarpaqcıqlardan ibarətdir (kasacıq və tac olmur), məsələn, taxıl bitkilərinin, zanbaq və süsənkimilərin (dağ laləsi, inciçiçəyi) nümayəndələrinin çiçəkləri. Sadə çiçəkyanlığının yarpaqcıqları yaşıl rəngə boyanıbsa, belə çiçəkyanlığı sadə kasacıqşəkilli adlanır (çuğundur, çətənə, gicitkan). Əgər sadə çiçəkyanlığının yarpaqcıqları parlaq rənglidirsə, belə çiçəkyanlığı sadə tacşəkilli adlanır (inciçiçəyi, dağ laləsi).
Qeyri-tam çiçəklər
redaktəCicəkyanlığı olmayan çiçəklər qeyri-tam çiçəklər adlanır (söyüd, qovaq). Qeyri-tam çiçəklər maksimum 4 elementdən ibarətdir (qovaq, söyüd). İkievli bitkilərin qeyri-tam çiçəkləri daha da az elementlərdən ibarət ola bilər (söyüd bitkisinin yaşıl-dişicikli çiçəkləri çiçək saplağından, çiçək yatağından və dişicikdən, sarı-erkəkcikli çiçəkləri isə çiçək saplağından, çiçək yatağından və erkəkciklərdən ibarətdir).
Kasacıq
redaktəKasacıq çiçəkyanlığının xarici dairəsini əmələ gətirir; onun yarpaqcıqları nisbətən kiçik ölçüdə, yaşıl rəngdə olur. Kasacıq sərbəst və ya bitişik yarpaqlı olur və adətən, qönçəni müdafiə edir. Bəzən çiçək açılanda kasacıq tökülür (xaş-xaş fəsiləsi). Gülçiçəklilər fəsiləsindən olan bitkilərdə kasacığın altında yerləşən yaşıl yarpaqcıqlar kasacıqaltlığını əmələ gətirir.
Tac
redaktəTac çiçəkyanlığının daxili hissəsi kasacıqdan parlaq rəngi və daha iri ölçüləri ilə fərqlənir. Ləçəklərin rəngi piqmentlərdən (antosian, antoxlor) və ya xromoplastların olmasından asılıdır. Sərbəst və bitişikləçəkli taclar ayırd edilir.çiçəklər həmçinin simmetrik (tacdan bir neçə simmetriya oxu keçirmək olarsa) və qeyri-simmetrik (tacdan heç bir simmetriya oxu keçirmək olmaz) olur. Çoxləçəkli çiçəklər anormal çoxlu sayda ləçəklərə (qızılgül, qərənfil, pion, xaş-xaş) malikdir.
Erkəkcik
redaktəÇiçəyin əsas hissələri dişicik və erkəkcikdir. Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozcuq mikrospordan əmələ gəlir. tozluğun içində cücərən mikrosporlar erkək qametofitə başlanğıc verir. bağlayıcı ilə birləşən tozluq 2 yerə bölünmüş olur. Çiçəkdə olan erkəkciklərin toplusu androsey adlanır. çiçəkdəki erkəkciklərin sayı sistematik əlamət ola bilər.
Dişicik
redaktəDişicik-çiçəyin meyvə əmələ gətirən bir hissəsidir; yarpaq mənşəli olub meyvə yarpaqcıqlarından əmələ gəlir. Dişicik genişlənmiş hissədən yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından ibarətdir. Dişiciyin alt hissəsində yumurtalıq yerləşir; orada toxum əmələ gətirən yumurtacıq formalaşır. Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə, məsələn, alma, armud, heyva və s. meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir. Tozcuğu tutmaq üçün, yumurtalıöın üstündə ağızcıq adlanan xüsusi vəzli toxuma yerləşir. dişiciyin ağızcığı yumurtalığın bilavasitə üzərində (oturaq) — (çovdar, xaş-xaş, dağ laləsi) və ya sütuncuğun üzərində yerləşə bilər. Çiçəkdə dişiciklərin toplusu genisey adlanır.
Bitkilərin çox az hissəsində çiçəklər tək-tək yerləşir. Çobanyastığı, albalı, gilas, günəbaxan, inciçiçəyi və bir çox bitkilərdə çiçəklər qruplara toplanaraq çiçək qruplarını təşkil edir.
Erkən yazdan başlayaraq payızın axırlarına qədər meşələrdə, tarlalarda, bağlarda və parklarda bitkilər çiçək açır. Fındıq və dəvədabanı bitkiləri hələ qar əriməmiş çiçəkləyir.
Çiçəyin düsturu və diaqramı
redaktəÇiçəyin quruluşunun şərti ifadəsi üçün düsturdan istifadə olunur. çiçəyin düsturunu tərtib etmək üçün aşağıdakı işarələrdən istifadə olunur: Ç-sadə çiçək yanlığı, K-kasacıq, L-ləçək, E-erkəkcik, D-dişicik. Çiçəkdə elementlərin sayı rəqəmlə qeyd olunur. Diaqram çiçəyin çiçək oxuna perpendikulyar olan səthinə sxematik proyeksiyasıdır. Diaqramı açılmamış çiçək tumurcuqlarının en kəsiyinə görə tərtib edirlər. düsturda göstərilməsi mümkün olmayan çiçək hissələrinin əlaqəli yerləşməsini diaqramda daha dolğun göstərmək olar. çiçəklər bitkilərin üzərində tək-tək və ya qrup şəklində — çiçək qruplarında yerləşir. Çiçək qrupları sadə və mürəkkəb olur. Sadə çiçək qrupları:
- Sadə salxım — salxımın ümumi oxu üzərində saplaqlı tək-tək çiçəklər növbəli yerləşir (inciçiçəyi, kələm, meşəgilası);
- Sadə sünbül — ümumi oxun üzərində tək-tək saplağı olmayan çiçəklər növbə ilə yerləşir (bağayarpağı);
- Sadə qıça — sünbüldən fərqli olaraq yoğun lətli oxun üzərində tək-tək saplaqsız çiçəklər yerləşir (ağqanad);
- Sadə çətir — çiçək saplaqları çiçək oxunun təpə nöqtəsindən çixir (novruzçiçəyi, albalı, baş soğan);
- Səbət — saplaqsız çiçəklər (oturaq) yoğunlaşmış və genişlənmiş çiçək yatağında yerləşir. Xaricdən bu çiçək qrupu yaşıl yarpaqlar sarığı ilə qorunur (günəbaxan, astra, çobanyastığı, georgin);
- Başcıq — saplaqsız çiçəklər çiçək qrupunun genişlənmiş dairəvi oxu üzərində yerləşir (üç yarpaq yonca);
- Qalxan — salxım törəməsidir. Salxımdan fərqli olaraq saplaqları uzundur və çiçəkləri eyni bir səviyyədə yerləşir (armud, feyxoa).
Mürəkkəb çiçək qrupları:
- İkiqat mürəkkəb salxım — ümumi oxun üzərində sadə salxımlar yerləşir (üzüm, dəstək, zirinc);
- Mürəkkəb sünbül — ümumi oxun üzərində sadə sünbülcüklər yerləşir (buğda, çovdar, arpa);
- Mürəkkəb qıça — çiçək qrupunun ümumi genişlənmiş oxu üzərində sadə sünbülcüklər yerləşir (qarğıdalı). Qarğıdalının mürəkkəb qıçası yaşıl yarpaqlarla — sarğı ilə əhatə olunur;
- Mürəkkəb çətir — çiçək qrupunun oxunun təpəsində sadə çətirlər ayrılır (şüyüd, cəfəri, cirə baldırğan);
- Mürəkkəb səbət — bir oxun üzərində bir neçə səbət yerləşir (dağtərxunu);
- Süpürgə — bir oxun üzərində salxımvari və ya sünbülvari çiçək qrupları yerləşir (vələmir, qirtic). Ömründə yalnız bir dəfə çiçək açan və meyvə gətirən çoxillik bitkilərə monokarp bitkilər deyilir (Meksika aqavası). Ömründə bir neçə dəfə çiçək açan və meyvə gətirən çoxillik bitkilərə polikarp bitkilər deyilir (çoxillik bitkilərin əksəriyyəti).