Ibrahim Aga Vekilov - Wikipedia
İbrahim ağa Vəkilov (İbrahim ağa Paşa ağa oğlu Vəkilov; 16 oktyabr 1853, Salahlı, Yelizavetpol qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 12 fevral 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət. Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), İranın "Şire-Xorşid" ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. Paşa ağa Vəkilovun oğlu, Qalib bəy Vəkilov, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın atasıdır.
İbrahim ağa Vəkilov | |
---|---|
23 iyun 1918 – 6 may 1920 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Xudadat bəy Rəfibəyli |
7 dekabr 1918 – 5 fevral 1919 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər fraksiyası |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
Müdafiə Partiyasının sədri | |
1907 – 1909 | |
Əvvəlki | vəzifə təsis edildi. |
Sonrakı | vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 oktyabr 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1934 (80 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Uşaqları | |
Hərbi xidmət | |
Mənsubiyyəti | general-mayor |
Döyüşlər | |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur.[1] 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır. 1934-cü ildə 2 iyun tarixində İbrahim ağa Vəkilov vəfat etmişdir.[2]
Ailəsi
redaktəİbrahim ağa Vəkilov 11 yaşında atasını itirmişdi, atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, qürrələnirdi. İbrahim ağa rus məmurunun qızı Yelena Yefimova ilə eşq yaşayırdı. Aralarında qarşılıqlı münasibət olmasına baxmayaraq, ailəsi dinini dəyişdirməcəyi təqdirdə qızın müsəlman oğlanla evlənməsinə icazə vermirdi. Hətta Yelenaya müsəlmanla evlənəcəyi halda onu övladlıqdan uzaqlaşdıracağını bildirmişdilər. Lakin sevgi qalib gəlir. Yelena 1884-cü ildə Vəkilovla birgə Türküstana gedir, orda qeyri-qanuni də olsa evlənirlər. 1891-ci ildə isə İbrahim bəyi gözlənilmədən Rusiyaya hərbi attaşe qismində ezam edirlər. Bu zaman onların böyük oğlu Borisin 7, Qlebin isə 6 yaşı var idi. Mayor rütbəsində olan Vəkilov nikahlarının rəsmi olaraq tanınması üçün çara, III Aleksandra müraciət edir. İbrahim Vəkilovun xaricdə və ölkə daxilində gördüyü xidmətlər nəzərə alınaraq xahişi qəbul olunur.
Övladları
redaktə1884-cü ildə Yelena və İbrahim ağanın ilk oğlan övladları olan Boris dünyaya gəlir. 1885-ci ildə isə ikinci oğlanları Qleb dünyaya gəlir. Daha sonralar isə Reyhan xanım Vəkilova adlı qız övladları olur. İbrahim bəy Vəkilovun oğlanları onun təsiri ilə çox yaxşı tərbiyə almış və maarifçilik dünyagörüşü ilə maksimal dərəcədə təmin edilmişdilər. Onlar vətənə, Azərbayacana çox bağlı idilər. Hər ikisi dinlərini dəyişib, müsəlman cəmiyyətinə yaxınlaşmaq fikrinə düşdülər. Vəkilovların övladları öz əqidələrinə sonadək sadiq qaldılar. İslamı qəbul edib adlarını dəyişdilər. Boris özünə Faris, Qleb isə Qalib adını götürür. Böyük oğlu mühəndis olmaqla yanaşı, Azərbaycan maarifçi cəmiyyətinin üzvü olur, atasının yolunu davam etdirən Qalib isə elə onun sağlığında rus ordusunun polkovniki rütbəsinə yüksəlir. Sonradan repressiya Vəkilovlar ailəsində yan keçmir. Atalarının yolunu davam etdirən Vəkilov qardaşları Sovet dövründə də öz xidmətlərini əsirgəmədilər. Amma bu da onları xilas etmədi. 1930-cu illərdə baş verən kütləvi repressiyalar onlardan da yan ötmədi. 1937-ci ildə hər ikisi həbs edildi. Qalib elə həmin il güllələndi. Əvvəlcə Mordoviyaya, sonra isə Karaqandaya sürgün edilən Faris isə 1956-cı ildə Bakıya döndü.[3]
Fəaliyyəti
redaktəXidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912–1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ. Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür.
Cümhuriyyət dövründə
redaktəİbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. 1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər şuraların seçkilərinə rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokrat Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü təkan vermişdi. 1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmişdi. Onun daxili işlər nazirinə göndərdiyi 1919-cu il 23 mart tarixli məlumatında bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnəfəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə birləşən ermənilər, müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir. 1919-cu ilin martında Novruz bayramı münasibətilə Milli Ordunun paradı keçirilirdi. Respublika hərbiyyə naziri Səməd bəy Mehmandarov və bir qrup parlament üzvü parad-nümayişdə iştirak etmək üçün Gəncəyə gəlmişdi. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi.[4]
6 may 1919-cu il tarixində general-mayor İbrahim ağa Vəkilov hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdu.[5]
Hərbi bayrağın tərtibi
redaktə1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə Müqəddəs Qurandan: "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
Mirzə Cəlil ilə birgə
redaktəHələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından iştirak edən İbrahim ağa Vəkilov böyük dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaşmışdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanımın "Mirzə Cəlil haqqında xatirələrim" kitabında da rast gəlmək olar. Həmidə xanım yazır: "1907-ci ildə Qarabağda çəyirtkə və aclıq gözlənirdi… Tiflisdə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri İbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bizim rayonun qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərərçəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat pul göndərmişdi". Polkovnik İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkkizində Qafqaz kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə namizədlər isə Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Osman bəy Müftizadə, Rəşid bəy İsmayılov, İmadəddin Sübhanqulov, Kamal əfəndi Ünsizadə, Məmmədhəsən İmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və başqaları seçilir.
Molla Nəsrəddin jurnalında
redaktə1909-cu il martın 22-də çap olunan "Molla Nəsrəddin" jurnalının on ikinci sayında Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyəti haqqında yazılmışdır. Həmin sayda İbrahim ağa haqda iki dostluq şarjı verilib. Birinci şarjda küçədə İbrahim ağaya rast gələn ziyalı müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, sən Xeyriyyə Cəmiyyətini təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. İzof Rotterin məharətlə çəkdiyi bu şəklin altında belə yazılmışdır: "İbrahim ağa Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl". İkinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb. Ondan baş götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək, "Bunlara nə oldu?" – deyir. Bu "ziyalı" müsəlmanların kimisi qaçır, kimisi də gizlicə tindən, dalandan qorxa-qorxa İbrahim ağaya baxır. Hərbi formalı İbrahim ağanın küçədə əlləri təəccüblə açıq qalmış şəkli paylaşılmışdır. Şəklin altında isə yazılmışdır: "Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra".
Topoqraf kimi
redaktəİbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Əsrin əvvələrində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. Podpolkovnik İbrahim ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarımverstlik miqyası (məsafədən) çəkilişini davam etdirmək tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən əla aparılmışdı. Podpolkovnik İ. Vəkilovun coğrafi çəkiliş şöbəsində kollec assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik Bekleşov və üç torpaq ölçən iştirak etmişdir.
İlk coğrafi xəritə
redaktə1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-mayor İbrahim ağa Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını bəyan etmiş Milli Şuranın üzvü idi. 1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz Donanmasının əmrində yazılmışdır: "Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa Vəkilov yoldaş hərbi topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində misilsiz xidmətlərinə, eləcə də yeni topoqrafların yetişdirilməsinə səmimi vicdanla yanaşmasına görə, topoqrafçıların birinci buraxılışının təntənəsi günü, ümumi iclasın qərarlarına əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir.’’
Sovet dövründəki elmi-tədqiqi
redaktə- Topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir. (Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373a nömrəli əmrin surətinə əsasən)
- Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamışdır
- Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23 noyabr 1922-ci il tarixli jurnal qərarının çıxarışını yazmışdır.
- Azərbaycan Hərbi Komissarlığının 1923-cü il 8 may tarixli 1347 nömrəli vəsiqəsini tərtib etmişdir.
- Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 1 aprel tarixli qətnaməsinin çıxarışını yazmışdır.
- Köçərilər haqqında məqaləm "Azərbaycanı Tədqiq Edən və Öyrənən Cəmiyyətin Xəbərləri" jurnalının üçüncü nömrəsində dərc edilmişdir.
- "Yeni kənd" jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə Texnikumunun yaradıcısı kimi İbrahim ağa Vəkilovun fotoşəkli verilmişdir.
- T. Q. Sultanovun "Naxçıvan Diyarı və onun iqtisadiyyatı" kitabı İbrahim ağanın tərtib etdiyi xəritə ilə birlikdə nəşr olunmuşdur.
- Azərbaycanın, bütün Qafqazın, Avropanın, Asiyanın, Amerikanın (Şimali və Cənubi), Türk xalqlarının Asiya və Avropada məskunlaşmasının xəritələrini tərtib etmişdir.
Mükafatları
redaktəQırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri bir sıra orden və medallarla qiymətləndirilib:
- Müqəddəs Anna ordeni (üçüncü dərəcə, 1886)
- İranın "Şire-Xorşid" ordenilə (1888)
- Müqəddəs Stanislav ordeni (ikinci dərəcə, 1894)
- Müqəddəs Anna ordeni (ikinci dərəcə, 1897)
- Müqəddəs Vladimir ordeni (dördüncü dərəcə, 1903)
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
- "Rus imperatorluğunun coğrafi birliyinin Qafqaz şöbəsi xəbərləri". XV cild. Tiflis 1902. s.258
- "Azərbaycan generalları" Kataloq. — Bakı, "Elm", 2005, 190 səh.
İstinadlar
redaktə- ↑ "Ali təhsil tariximizdən". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.
- ↑ Şəmistan Nəzirli general Əli ağa Şixlinski və silahdaşları hərb tarixindən araşdırmalar
- ↑ "Lev Tolstoyun azərbaycanlı generalın arvadına gizli məktubu". 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
- ↑ Qanunverici aktlar, 1998. səh. 491
- ↑ Qanunverici aktlar, 1998. səh. 533
Xarici keçidlər
redaktə- İbrahim ağa Vəkilov
- İlk azərbaycanlı hərbi topoqraf — İbrahim ağa Vəkilov
- Topoqraf — general İbrahim ağa Vəkilov
- İbrahim ağa Paşa ağa oğlu Vəkilov — ilk Azərbaycanlı Hərbi Topoqrafiya Generalı
- Gəncə qubernatoru İbrahim ağa Vəkilovun Daxili İşlər nazirinə məktubu — Ermənilər Böyük Britaniyanın nümayəndələri tərəfindən dəstəklənirlər