Zaqafqaziya Seymi - Wikipedia
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi.
Zaqafqaziya Seymi | |
---|---|
erm. Անդրկովկասի սեյմ gürc. ამიერკავკასიის სეიმი rus. Закавказский сейм | |
Ümumi məlumatlar | |
Növü | Parlament |
Ləğv olunma tarixi | 26 may 1918 |
Əvvəlki orqan | İlk dəfə yaradılıb |
Sonrakı orqan |
Azərbaycan Milli Şurası Erməni Milli Şurası Gürcüstan Milli Şurası |
İdarə heyəti | |
Sədr |
Nikolay Çxeidze, Gürcüstan Sosial Demokrat Partiyası 23 fevral 1918 - 26 may 1918 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 125 |
siyasi partiyalar |
|
1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu.[1][2] [3]
Tarixi
redaktəRusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, "yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə… Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər" fəaliyyət göstərəcək.[4]
Müəssislər Məclisinin dağıdılması
redaktə1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı. Deputatların əksəriyyəti bolşevik hakimiyyətini və II Ümumrusiya Sovetlər Qurultayının qərarlarını tanımaqdan imtina etdilər. Buna cavab olaraq bolşeviklər Müəssislər Məclisini dağıtdılar. Müəssislər Məclisinə dəstək verən Zaqafqaziya Komissarlığı bolşeviklərə qarşı açıq düşmən mövqeyi tutmaqla birlikdə, bolşevik hakimiyyətini tanımamağa da davam edirdi. Gürcü menşeviklərin gözündə Müəssislər Məclisinin dağıdılması Cənubi Qafqaz ilə Rusiya arasında son kövrək olan əlaqənin də kəsilməsi demək idi. Menşeviklərin Seymi yaratmaq təklifi Daşnakların və SR-lərin şiddətli müqaviməti ilə qarşılaşdı. Eyni zamanda Müsavatın bu ideyanı dəstəkləmədiyi halda Seymin formalaşdırılması mümkün görünmürdü. Azərbaycanlı menşeviklər hesb edilən Hümmət gürcü yoldaşlarının ideyasını dstəkləyirdilər. Hümmətçilər Nərimanovun bolşeviklərdən tərəf siyasətini rədd etməkdə idilər. Keçirilən səsvermədə 2 səs çox olmaqla Seymin yaradılması təklifi qəbul edildi. Beləliklə, 10 fevral 1918-ci ildə Tiflisdə Seymin açılış mərasimi keçirildi. Zaqafqaziya Seyminə Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlar daxil idi. Seymin çağırılması Zaqafqaziyanın Sovet Rusiyasından ayrılması yolunda ilk addım oldu.[5][6]
Bolşeviklər Seymin yaradılmasına şiddətlə qarşı çıxmışdılar. Buna cavab olaraq Komissarlıq Bolşevik qəzetlərini qapatdı, lakin qısa müddət sonra bu qəzetlər bir başqa adla yenidən nəşr edilməyə başlandı. Seymin açılış günündə bolşeviklər Tiflisin Aleksandrovski bağında mitinq təşkil etdilər. Polisin dağılışmaq tələblərinə uymayan bolşeviklər güllə baran edildilər. Güllə baran hadisəsini araşdırmaq üçün formalaşdırılan komissiya sonda Tiflis Sovetinə məruzəsində bildirdi ki, güllə baran polis komandanının əmri əsasında olmamış, kütlə içindən polisə atəş açılması ucbatından spontan şəkildə cərəyan etmişdir. Nəticədə Tiflis Soveti gülləbaranın günahkarının bolşeviklər olduğunu bildirdi.[7]
Fraksiyaları Zaqafqaziyanln gələcəyinə yanaşmaları
redaktə1918-ci ilin fevalında yaradılan Zaqafqaziya seymi mərkəzdən ayrılma yolunda desentralistlər üçün daha bir addım idi. Seymdə gürcü menşeviklərin adından çıxış edən Noy Jordaniya bolşevikləri həm çevrilişə, həm də Brest-Litovskda almanlara təslim olmağa görə qınayırdı. O, Zaqafqaziyanın müstəqil dövlət olmaqla kantonlara bölünəcəyini təxmin edirdi. Daşnaklar adına danışan Xaçaznuni gürcülərin separatçılığa çox meyilləndiyini düşünməklə birlikdə, Zaqafqaziyanın muxtariyyət almasını təklif edirdi. O, kantondan çox çoxluq əsasında fevedrativ quruluş qurulmasından tərəfdar idi. O, gələcəkdə Zaqafqaziya hökumətində əsl sosialist partiyaların iştirak etməsini təklif etməklə Müsavatı buradan kənarlaşdırmağa işarə edirdi. Milli qarşıdurma əsasında bu çıxışı edən Xaçaznuni Müsavatın hökumətdən kənarlaşdırmağa çalışırdı. Seymdəki azərbaycanlı deputatlar arasında yekdillilik yox idi. Müsavatın Gəncədən olan üzvü Dr. Ağazadə ənənəvi rus mərkəziyyətçiliyini iflasa uğramış və köhnə adlandırırdı. Müsavatçılara görə gələcək öz müqəddəratını təyin etmədə və milli muxtariyyətdə yatmaqda idi. Müsavatçılar ayrılma sözünü dilə gətirmədən Seymi suveren orqan kimi tanıdıqlarını, Müəssislər Məclisinə bənzər qurum kimi qəbul edirdilər. Muxtariyyət fikri hakim olsa da, onun nə cür həyata keçirilməsi məsələsi müsəlmanlar arasında ziddiyyət təşkil edirdi. İttifahçılardan. Mir Yaqub Mehdiyev qrupunun Rusiyadan ayrılmaya qəti qarşı olduğunu bildirmişdi. O, düşünürdü ki, demokratik Rusiya özünün dini və milli azlıqlarına milli mədəni haqlar verəcəkdir. Onlar Seymin Zaqafqaziyada ali, amma müvəqqəti orqan kimi tannımasının tərəfdarı idilər.[8][9]
Tərkibi
redaktəSeym əslində Zaqafqaziyada müəyyən müddətdir ki mövcud olan qanunverici məclis problemini həll etmək üçün formalaşdırılmışdı və 125 nümayəndədən ibarət idi: gürcü menşevikləri 32 deputat, Müsavat və ona qatılmış partiyasız müsəlman qrupu nümayəndələri — 30 deputat, Ermənistan Daşnaksütyun Partiyası — 27 deputat, Müsəlman Sosialist Bloku — 7 yer, İttihad ("Rusiyada İslam") – 3, Müsəlman Sosial-Demokrat Partiyası – 4. Bundan başqa, Seymdə SR-lərin 6, milli demokratların 1 və Erməni Xalq Azadlıq Partiyasının nümayəndələri də var idi. Menşevik fraksiyasının nümayəndəsi Nikolay Çxeidze çağırılan Seymin sədri, Zaqafqaziya Komissarlığının keçmiş rəhbəri Yevgeni Geqeçkori isə hökumətin başçısı seçildi.[5]
1918-ci il fevralın 23-də Tiflisdə Seymin ilk iclası keçirildi, lakin Müsavatın demək olar ki, bütün nümayəndələri Yelizavetpol qubernatorluğunda siyasi fəaliyyət ilə məşğul olduqları üçün toplantıda iştirak etmirdilər.[10]
Hökumət məsələsində isə tərəflər arasında razılıq əldə olunmamışdı. Seymin daxilindəki fraksiyalar arasında müxtəlif məsələlər ətrafında mübahisələr yarandı ki, bu da öz növbəsində Seymin səmərəliliyinə təsir etməyə bilməzdi.[5]
Daxili siyasət
redaktəSeym yaradıldığı zaman Cənubi Qafqazda dövlətin müdaxilə etməsini gözləyən iki vacib məsələ var idi. Bunlar milli və aqrar məsələ idi. Lakin Seym tərəfindən qəbul edilən qərarlar heç bir müsbət nəticə vermədi. Deməli, 1918-ci ilin yazında qəbul edilmiş "Mülkiyyətçilərə qalan torpaqların normasının müəyyən edilməsi və torpaq islahatının həyata keçirilməsi tədbirləri haqqında" qanun işləmədi. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin olmaması aqrar iğtişaşların artmasına səbəb oldu.[5]
Kəndlilərin aqrar məsələsinin tam olaraq həll edilməməsinə görə hökumətlə olan problemləri bir qədər sonra Kutais və Tiflis quberniyalarında üsyanların meydana çıxmasına gətirib çıxardı.1918-ci ilin aprelində Suxumida Sovet hakimiyyəti yaradıldı. Üsyana müdaxilə edən Zaqafqaziya hökuməti Suxum dairəsi boyunca — bircə Kodori dərəsi istisna olmaqla, üsyanı yatırmağı bacardı. Üsyanı yatıran qüvvələr Zaqafqaziya Komissarlığının və Gürcü Milli Qvardiyasına məxsus idilər. Üsyanlar martda da olmuşdu. Saçxere və Çiaturi bölgələrində də kədli üsyanları olmuş və üsyanlar yatırılmışdı.
Milli məsələlərin həlli istiqamətində də Seym uğursuzluqla üzləşdi. Belə ki hökumət getdikcə artan millətlərarası toqquşmaların qarşısını ala bilmədi. Məsələni yumşaltmaq üçün müxtəlif millətlərin nümayəndələrindən təşkil edilmiş komissiyaların da regionda millətlərarası məsələləri həll etməkdə heç bir rolu olmadı. Rus araşdırmaçı Vadim Muxanova görə, vəziyyətin belə olmasının səbəbi onda idi ki, Cənubi Qafqazdakı böyük partiyaların əksəriyyəti bu və ya digər dərəcədə bu toqquşmalarla bağlı idilər. Yəni əslində bu toqquşmaları ortaya çıxaran şəxslər elə onlar idi. Yenə bu müəllifə görə, məsələn müsavatçılar müsəlman əhalini qorumaq üçün bölgəyə Türk hərbi birləşmələrini gətirmək istəyirdilər. daşnak rəhbərləri erməni birləşmələrinin yerli müsəlmanlara qarşı repressiyalarına mane olmur, özlərini onunla əsaslandırırdılar ki, sonuncular hərbi eşelonların hərəkətinə mane olur və erməni birləşmələri onların yolu ilə döyüşməli olurlar.[5]
1918-ci ilin yanvarından etibarən ermənilər və azərbaycanlılar arasında toqquşmalar bütün bölgə boyunca baş verdi. Azərbaycan və erməni kəndlərinin ilk yandırılması qeydə alındı. Agentləri müsəlman əhali arasında fəal təbliğat aparan Türkiyə Zaqafqaziyada gərginliyin artmasında mənfi rol oynadı.[a][12][13][14][15]
Gürcü menşeviklərinin liderlərindən biri Akaki Çxenkeli qeyd edib ki, "Türk oriyentasiyasına sadiq qalan silahlı müsəlman əhali özünü türk əsgəri adlandırır və anarxik təzahürləri ilə bütün xristian əhalini dəhşətə gətirir". Eyni zamanda Qərbi Azərbaycan bölgəsində yaşayan etnik azənbaycanlıların da öz yuvalarından qovulması və qırğınlara məruz qalması prosesi davam etməkdə idi.[13]
Hər iki icmanın milli şuralarının Tiflisdə təşkil edilən görüşməsi heç bir nəticə vermədi və gərginlik daha da böyüdü. Hökumət artan zorakılıq və anarxiya qarşısında, eləcə də türklərin yaxınlaşan istilası fonunda xarici təhlükə qarşısında aciz qaldı.[5]
Türkiyə ilə münasibətlər məsələsi
redaktə1918-ci ilin əvvəllərində Rusiya ordusu əslində Qafqaz cəbhəsini tərk etdi. Tərk edən rus əsgərlərinin yerini erməni korpusu aldı. Bu korpusun hələ təşkil edilməsi məsələsi sona çatmamışdı. Seymin təşkil edilməsindən 2 həftə sonra Türk ordusu rusların cəbhəni tərk etməsindən yararlanaraq 17 dekabrda imzalanmış Ərzincan atəşkəsinin maddələrini pozaraq tam hücuma keçdilər. Onların hücumlarının əsas istiqaməti Ərzurum, Van və Qara dəniz sahili bölgələr idi. Qısa müddət sonra 13 fevralda Ərzincan, 24 fevralda Trabzon onlar tərəfindən ələ keçirildi. Bu hücumlar qarşısında məğlub edilən və cəbhəni tərk edən rusların yerinə yerləşdirilmiş erməni hərbi birləşmələri də Cənubi Qafqaza doğru geri çəkilirdi.[16]
Elə Seymin də ilk toplantılarında Türkiyə ilə münasibətlər məsələsi qızğın şəkildə müzakirə edildi. Müzakirələrdə Türk hücumu fonunda onlarla münasibətlər və müstəqillik məsələsi müzakirə edilməkdə idi. Seymdəki Daşnak fraksiyası Cənubi Qafqazı Rusiyanın tərkib hissəsi kimi, amma muxtar hüquqlarla saxlanılmasını, bölgənin isə milli kantonlara bölünməsini, Anadoluda ermənilərin iddia etdikləri bölgələrə isə milli öz müqəddəratını təyin etmə əsasında iddialar irəli sürülməsini təklif edirdilər. Azərbaycan nümayəndələri isə Rusiyadan ayrılmağı və müstəqillik elan etməyi, Türkiyə ilə sülh müqaviləsi imzalanmasını və daxili işlərə müdaxiləni ortadan qaldırmağı təklif edirdilər. Gürcüstan tərəfi Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi və Türkiyə ilə müstəqil müqavilənin bağlanması məsələsində azərbaycanlıları əsas etibarilə dəstəklədi, çünki Zaqafqaziyanın Türkiyə ilə hərbi qarşıdurma üçün sadəcə gücü yox idi.
Erməni nümayəndələrinin inadlı müqavimətinə görə Cənubi Qafqazın Rusiyadan müstəqilliyini elan etmək məsələsi ertələndi. Zaqafqaziyanın Türkiyə ilə ayrıca sülhə dair gələcək danışıqlarda tutduğu mövqeyə gəlincə, Seym uzun müzakirələrdən sonra aşağıdakı qətnaməni qəbul etdi:
1. Bu şərtlər daxilində Seym Türkiyə ilə müqavilə bağlamaq üçün özünü səlahiyyətli hesab edir.
2. Türkiyə ilə danışıqlara başlamaqla Seym son sülhü imzalama hədəfini güdür.
3. Sülh müqaviləsinin şərti Rusiya ilə Türkiyə arasında 1914-cü ildə mövcud olmuş sərhədləri bərpa etməkdir.
4. Nümayəndə heyəti Şərqi Anadolu xalqlarına öz müqəddəratını təyinetmə, xüsusən də Türkiyə daxilində ermənilərə muxtariyyət hüququ qazandırmağa çalışmalıdır.
Bu məsələlər Seymdə müzakirə edilərkən 6 mart tarixində türk ordusu ərdahanı ələ keçirdi. 12 mart tarixində 25 min nəfərlik türk ordusu Vehip Paşanın komandanlığı altında Ərzuruma daxil oldu. Şəhərdə yerləşən erməni orduları qısa müqavimətdən sonra öz arxalarında böyük silah və ərzaq ehtiyatları buraxaraq qaçdılar. Ərzurumun ələ keçirilməsi ilə türklər əslində ermənilərin iddia etdikləri torpaqların böyük bir hissəsini ələ keçirmiş oldular.
Seymdə müzakirələr zamanı bircə Kadetlərin nümayəndəsi Semenov sülh müzakirələrinə Antanta dövlətləri nümayəndələrinin də dəvət edilməsini təklif etdi. Lakin bu o zaman qeyri-mümkün idi, çünki həm Osmanlı, həm də qarşı tərəf belə bir kofnransda iştirak etməyə razı olmazdı.[17]
Cəbhədə vəziyyətin pisləşməsi ilə əlaqədar Zaqafqaziya Seymi Türkiyəyə Trabzonda sülh danışıqlarının aparılmasını təklif etdi.
Trabzon danışıqları
redaktəTrabzon danışıqlarında Seymin nümayəndəliyinə Akaki Çxenkeli rəhbərlik etməkdə idi. Sülh konfransı 14 martda işə başladı.
Konfransın işə başlamasından bir neçə gün sonra Türkiyə Rusiya ilə Brest-Litovsk sülh müqaviləsini imzaladı. Müqavilənin IV maddəsinə və Rusiya-Türkiyə Əlavə Müqaviləsinə görə, türklər nəinki Şərqi Anadolunu, eləcə də Qars, Ərdahan və Batumu da ələ keçirdilər. Bu bölgələr 1877–1878-ci illər Osmanlı-Rusiya müharibəsi zamanı ruslar tərəfindən ilhaq edilmişdi. Rusiya Sovet Federativ Sosialist Respublikası "bu rayonların dövlət-hüquqi və beynəlxalq hüquq münasibətlərinin yeni təşkilinə qarışmamağa", sərhədi "1877–78-ci illər Rusiya-Türkiyə müharibəsindən əvvəl mövcud olan formada" bərpa etməyə söz verdi. Eləcə ruslar həm öz ərazilərindəki, həm də işğal edilmiş türk bölgəsində erməni könüllü dəstələrini yox etməyi öz öhdəsinə götürürdü. Brest-Litovsk müqaviləsinin imzalanması faktiki olaraq Rusiya Sosialist Federativ Sovet Respublikası Xalq Komissarları Sovetinin Anadoludakı ermənilərin öz müqəddəratını təyinetmə hüququndan bəhs edən "Türkiyə Ermənistanı haqqında" dekretini ləğv etdi.[3]
Beləliklə, əslində türklər ruslər ilə çox əlverişli şərtlər ilə müqavilə imzalamış, 1914-cü il sərhədlərinə geri dönmüşdülər və indi də Zaqafqaziya hökumətindən bu müqaviləni tanımalarını istəyirdilər. Çətin vəziyyətə düşən Zaqafqaziya hökuməti ümid edirdi ki, türklərlə yeni bir müqavilə imzalaya bilərdilər. Onlar bu müqavilə ilə Brest-Litovsk müqaviləsinin Qafqaza dair şərtlərini müəyyən qədər yumşada biləcəklərini və Türk dövlətçiliyi çərçivəsində Anadoluda ermənilərə muxtariyyət qazana biləcəklərini düşünürdülər. Özünün hərbi üstünlüyünə güvənən Türkiyə hətta bu şərtlərin müzakirə edilməsini belə rədd etdi. Artıq bu mərhələdə Zaqafqaziyanın hansı əraziləri Türkiyəyə verə biləcəyi ilə bağlı Zaqafqaziyanın milli partiyaları arasında ciddi fikir ayrılıqları aşkarlanırdı. Seymdə müzakirələr zamanı Jordaniya çıxışı zamanı sülh istədiklərini, lakin hər hansısa uyğunsuz şərtlərin də qəbul edilməyəcəyini bildirdi. O, Batumi şəhərinin Zaqafqaziya üçün çox önəmli olduğunu, eləcə də Qars qalası olmadan bölgənin qərb sərhədlərini qorumağın mümkünsüzlüyünü vurğulayırdı. Jordaniyadan sonra söz Fətəli xan Xoyskiyə verildi. O, ümumiyyətlə Seymin mövqeyində ikibaşlılığın olduğunu bildirdi. Çünki Zaqafqaziya həm Rusiyadan ayrılmadığını bildirməklə birlikdə, Rusiyanın imzaladığı Brest-Litovsk sülhünü də tanımadığını elan edirdi. Xoyskinin bu çıxışı Kadet və SR deputatların etirazları ilə qarşılaşdı. Onların hər ikisi türklərə qarşı müqavimətdən tərəfdar idilər. Menşevik Gegeçkori də bunu dəstəklədi. Bu ərəfədə Zaqafqaziya nümayəndələrinə Trabzonda müzakirələrdə təzyiqlər davam edirdi. Zaqafqaziya nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeli aprelin 5-də türk qoşunlarının davam edən hücumunu nəzərə alaraq həm ərazi məsələsində, həm də türk ermənilərinin taleyi ilə bağlı güzəştə getməyə hazır olduğunu bildirdikdə, Türkiyə nümayəndə heyəti iki təklif də təqdim etdi. Bir-birinin ardınca təqdim edilən bu ultimatumlar Brest-Litovsk müqaviləsini tanımaq və Zaqafqaziyanın müstəqilliyini elan etməyi tələb edən mahiyyətdə idi. Zaqafqaziya nümayəndə heyətinin Türkiyənin ilkin tələblərinə razılıq verməsi, hərbi qələbələrdən ruhlanan indi 1877–78-ci illər Rusiya-Türkiyə sərhədini keçmək və hərbi əməliyyatları Qafqazın dərinliklərinə aparmaq niyyətində olan Türkiyə hökumətini qane etmədi. Aprelin 10-da Zaqafqaziya hökumətinin sədri Qeqeçkori "Türkiyə ilə Zaqafqaziya arasında Zaqafqaziya sərhədində sülh razılaşmasının əldə olunmamasını nəzərə alaraq" nümayəndə heyətini geri çağırmaq üçün Trabzona teleqram göndərdi. Beləliklə, Seym rəsmi olaraq Türkiyə ilə müharibəyə girdi. Müharibə məsələsinin həll edildiyi Seym iclasında, yəni 14 apreldə menşeviklər Türkiyəyə müharibə elan edilməsini təklif etdilər. Müsavat partiyası adından danışan Rəsulzadə çıxışı zamanı çox ustalıqla sözlərlə oynamağı bacardı. O, azərbaycanlıların aktiv şəkildə türklərlə müahribəyə qatılmayacaqlarını elan etməklə birlikdə, müharibə elanı qərarına da etiraz etməyəcəklərini bildirdi. Eyni zamanda Rəsulzadə, müharibədə azərbaycanlıların haqlı tərəfi dəsyəkləyəcəyini bildirsə də, bu tərəfin kim olduğunu nə özü, nə də digər partiya yoldaşları açıqlamadılar. Eyni zamanda, Seymdəki Azərbaycan fraksiyasının nümayəndələri "Türkiyə ilə xüsusi dini əlaqələrini" nəzərə alaraq, Zaqafqaziya xalqlarının Türkiyəyə qarşı ümumi ittifaqının yaradılmasında iştirak etməyəcəklərini açıq şəkildə bildirirdilər.[18][19][20]
Türk hücumu və Zaqafqaziyanın özünün müstəqilliyini elan etməsi
redaktə5 apreldə türklər Qars və Ərdahan istiqamətində Sarıqamışı ələ keçirdilər və Batum istiqamətində irəlilədilər. Həmin zaman Batumdakı Mixailovskaya qalasında 14 minlik ordu və 100 top mövcud idi. Bu qədər əhəmiyyətli qüvvələrə baxmayaraq, aprelin 14-də Batum Şəhər Duması bolşeviklər tərəfindən yaradılmış İnqilabi Müdafiə Komitəsini ləğv etdi və bundan sonra "şəhərə daxil olan türk birləşmələrini qəbul etmək üçün bütün millətlərin nümayəndələrindən" nümayəndə heyəti seçdi. Qara dənizdəki mühüm liman döyüşsüz təslim edildi. İrəliləyən türk qoşunlarına Acarıstan və Axaltsix müsəlmanlarının da qoşulduğu məlum oldu. Türklər Gürcüstan ərazilərini – Quriya və Özurqeti işğal edib Qarsa yaxınlaşanda belə, gürcü birləşmələri nizami türk ordusunun hücumu altında geri çəkilməyə məcbur oldular.
Aprelin 22-də Zaqafqaziya Seyminin iclasında qızğın mübahisədən sonra erməni nümayəndə heyətinin etirazına baxmayaraq, Türkiyənin tələblərinin təmin edilməsi və Zaqafqaziyanın "müstəqil, demokratik və federativ respublika" elan edilməsi qərara alındı. Həmin iclasda Yevgeni Gegeçkori hökumətinin istefası qəbul edilib. Zaqafqaziyanın yeni hökumətini yaratmaq Akaki Çxenkeliyə tapşırıldı.
28 aprel tarixində Türkiyə Zaqafqaziya Demokratik Federativ Respublikasının müstəqilliyini tanıdı və hərbi əməliyyatları durdurdu.
Sovet hökuməti isə əksinə, Zaqafqaziyanın Sovet Rusiyasından faktiki olaraq ayrılmasına etiraz edirdi. Abxaziyada Sovet hakimiyyətini dəstəkləmək üçün üsyan başladı. Üsyançılar Sovet Rusiyası ilə tam həmrəy olduqlarını bəyan edərək Suxumda hakimiyyəti ələ keçirdilər. Abxaziyada sovet hakimiyyəti 42 gün davam etdi. Bakı Kommunası Bakı quberniyasının bir sıra qəzalarında: aprelin 18-də Şamaxıda, aprelin 21-də Salyanıda, aprelin 23-də Kubada, mayın 1-də Lənkəranda Sovet hakimiyyətini qurmağa nail oldu. Belə hakimiyyətlərin qurula bilməsinin əsas səbəbi isə 31 mart tarixində bölgədəki türk-müsəlman əhalinin bolşevi-daşnak bölmələri tərəfindən kütləvi şəkildə qırğına məruz qalması oldu.
Qarsın təslim edilməsi
redaktəQars bölgəsini ələ keçrmiş erməni dəstələrinə yeni hökumət tərəfindən göndərilmiş əmrdə türklərlə atəşkəs imzalamaları əmr edilirdi. Erməni Korpusunun komandanı General Foma Nazarbəyov ordusunun II diviziyasının komandanı polkovnik Movses Silikova və Qars qalasının komandanı General Deyevə göndərmiş olduğu əmdə düşmənliyi sonlandırmağı və türklərlə demarkasiya xəttinin müəyyənləşdirilməsi üçün danışıqlara başlama əmr edilirdi. Türkiyə qoşunlarının komandanı erməni tərəfinin atəşkəs tələbi ilə danışıqlara başlamazdan əvvəl erməni qoşunlarının qaladan xeyli aralıya çıxarılmasını və türk qoşunlarının şəhərə sərbəst daxil olmasına icazə verilməsini tələb etdi. Tiflisdən göndərilmiş yeni bir əmr ilə ermənilərə düşmənliyi sonlandırmaq və türk tərəfinin şərtlərinə əməl etmək tapşırıldı. 25 apreldə erməni ordusu Qarsı tərk etdi. Bu zaman şəhərdə yenicə yerləşmiş olan 20 min erməni də onları izlədi. Axşam saat 9-da XI Türk diviziyası Qarsa daxil oldu. Zaqafqaziya hökumətinin türk tərəfinin bütün tələblərini yerinə yetirməsinə baxmayaraq, türklər hücumlarını davam etdirdilər və erməni diviziyası onların hücumu altında Aleksandropola geri çəkildi.
Türkiyə ordusunun Kutaisi, Aleksandropol və Culfa şəhərləri istiqamətində hücumunu davam etdirməsi ilə əlaqədar, Almaniya özünün Zaqafqaziyada təsirinin mümkün zəifləməsindən narahat olaraq türk komandanlığından daha da irəliləməyi dayandırmağı tələb etdi. Aprelin 27-də Almaniya və Türkiyə Zaqafqaziyada təsir dairələrinin bölünməsi haqqında məxfi müqavilə imzaladılar: artıq işğal etdiyi ərazilər və Qars-Aleksandropol-Karaklis dəmir yolu xəttinin bir hissəsi Türkiyəyə, Zaqafqaziyanın qalan hissəsi isə Almaniyanın nüfiz dairəsi elan edildi.
Qarsın təslim olması ilə bağlı Erməni Milli Şurasının kəskin etirazlarına və Çxenkeli hökumətindəki erməni nümayəndələrinin istefaya getməsinə baxmayaraq, Çxenkeli öz postunda qaldı və Türkiyə ilə yeni danışıqlara hazırlaşmağa başladı. Sülh konfransı mayın 11-də Batumda açıldı.
Batumda sülh konfransı
redaktəBatumda iki həftə davam edən sülh danışıqları Erməni, Gürcü və Azərbaycan Milli Şuraları arasında sərt xarici siyasət fərqliliklərinin olduğunu üzə çıxardı. Bölgədə baş verən hadisələrin şahidi, gürcü tarixçisi Zurab Avalovun qeyd etdiyi kimi, Batumun itirilməsi Gürcüstanın və Zaqafqaziyanın iqtisadiyyatına zərbə vurdu, Qarsın itirilməsi isə Ermənistanı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Türkləri öz məqsədlərinə çatmaqda onlara kömək etməyə qadir olan qohum xalq kimi görən azərbaycanlılar tamam başqa vəziyyətdə idilər.[21]
Danışıqlarda Türkiyə Brest-Litovsk müqaviləsində nəzərdə tutulduğundan daha çətin şərtlər irəli sürdü – Zaqafqaziya İrəvan quberniyasının ərazisinin üçdə ikisini Türkiyəyə, Tiflis qubernatorluğunun Axaltsix və Axalkalaki rayonlarına, habelə Zaqafqaziya dəmir yolu üzərində nəzarəti ona verməli idi.
21 maydan etibarən Osmanlı ordusu öz irəliləyişinə davam etməyə başladı və ilk başlarda uğur qazandı. Lakin Sərdarabad (21–29 may) və Qarakilisə (24–28 may), Başaparan (21–24 may) döyüşlərində ermənilər Osmanlı ordusunun irəliləyişini dayandırmağı bacardılar.
Beləliklə, Gürcüstan keçmiş Tiflis qubernatorluğu ilə sıx bağlı olan əraziləri itirirdi və Ermənistan üçün yeni sərhəd demək olar ki, tamamilə fiziki məhv olmaq demək idi. Zurab Avalovun qeyd etdiyi kimi, bu tələblərin qəbulu üç xalqın birliyi kimi Zaqafqaziyaya zərbə vurdu, çünki Ermənistandan bu cür qopmadan sonra heç nə qalmadı.[12][b]
Seym və Azərbaycan
redaktə1918-ci ilin mart ayının sonlarından etibarən Zaqafqaziya Seyminin həm daxili, həm də xarici siyasətində böhran son həddə çatmışdı. Seymdaxili fraksiyalar arasındakı ziddiyyətlər artmaqda davam edirdi. Seymin iclaslarına fasilə verilməsi, fövqəladə üçlüyün yaradılması və bu komissiyaya müsəlmanların buraxılmaması, Müsavat və bitərəflər qrupunun Osmanlı meyilli siyasət yeritməyini qətiləşdirmişdi. N. Yusifbəyli qeyd edirdi ki, Seym üzvlərinə təyziqi artırmaq lazımdır ki, Zaqafqaziyanın müstəqilliyi elan edilsin və nəticədə Bakı Soveti ilə mübarizə daha da sürətlənər. Lakin Seymdəki üstünlüyə malik olan menşeviklər, əsas diqqəti Osmanlı dövləti ilə münasibətləri nizamlamağa vermişdilər. X. Xasməmmədov doğru olaraq vurğulayırdı ki, Seym hökuməti mövcud deyil, yalnız üçlük tərəfindən rəhbərlik olunan diktatura var".[22]
1918-ci ilin aprelin ortalarından etibarən müsəlman fraksiyasında Müsavat və bitərəflərin üstünlüyü və İttihadçıların siyasi ideyalarında müəyyən dərəcədə Osmanlı orientasiyasının olması Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi təkilifi ətrafında təyziqləri artırırdı. Əslində isə İttihadçılarla Müsavatçıların arasında müəyyən fikir ayrılıqları var idi. Lakin bu iki qrup Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələsində vahid mövqedən çıxış edirdilər. 1918-ci il aprel ayının ikinci yarısında Seymin iclaslarında Müsavat və bitərəflər qrupundan olan siyasi xadimlər müstəqillik məsələsini daha təkidlə tələb etdirdilər.[23] Seym daxilində qarışıqlıq hökm sürərkən Azərbaycanlı nümayəndələr əsasən desentralizasiya siyasəti yürüdürdülər. Daşnakların vahid və bölünməz Rusiya siyasətini dəstəkləməsinə qarşı azərbaycanlılar bunun əksini istəyirdilər. M. Ə. Rəsulzadə Seymin iclasında müstəqilliyin uğur qazandıracağını söylədiyi zaman bütün skamyalardan alqışlar eşidildiyi halda daşnaklar buna əks-reakisya verdilər.[24] Cənubi Qafqaz millətləri arasındakı münasibətlər Osmanlı ilə müharibə və sülh danışıqları fonunda daha da qəlizləşmişdi. May ayının 22-dən etibarən gürcü siyasi xadimlərinin böyük əksəriyyəti Gürcüstanın müstəqilliyini Osmanlı dövlətinin irəli sürdüyü tələblərə qarşı ən yaxşı vasitə olacağını qərara aldılar. Azərbaycan siyasi xadimlərinin səylərinə baxmayaraq gürcülərin Seymdən çıxmaq istəyi, Azərbaycanın da müstəqilliyini elan etməsindən başqa çıxış yolu qoymurdu.[25]
Azərbaycanın müstəqilliyini elan etməsi
redaktəMayın 25-də müsəlman fraksiyasının X. Məlikaslanovun sədrliyi ilə keçirilən səhər iclasında Gürcüstanın istiqlaliyyəti məsələsi müzakirə edildi. İclasda əksəriyyət qərara gəldi ki, əgər Gürcüstan müstəqilliyini elan edərsə Azərbaycan da öz istiqlaliyyətini elan etsin. May ayının 27 də Seymin müsəlman fraksiyasının fövqəladə iclası keçirildi. İclasda Müvəqqəti Milli Şuranın yaradılması qərara alındı. M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. M. Seyidov və H. Ağayev onun müavinləri təyin edildilər. M. Ə. Rəsulzadənin namizədliyini İttihad fraksiyasından başqa bütün partiyaların nümayəndələri dəstəklədi. F. X. Xoyski yekdilliklə Şuranın İcraiyyə Komitəsinin sədri seçildi. Ertəsi gün, mayın 28-də Milli şuranın ilk iclasında gündəlikdə Azərbaycanın müstəqilliyinin elan edilməsi məsələsi ortaya qoyuldu. Bəzi siyasi xadimlər müstəqil Azərbaycanın yardılması məsələsinə tərəddüdlə yanaşırdılar. Məsələn, F. X. Xoyski müstəqilliyin elan edilməsi üçün lazimi zaman və şəraitin yetişmədiyini qeyd edirdi. Onun fikrincə, reallıqla yanaşılarsa, həmin dövrdə müstəqil Azərbaycanın yaşaması sual altında ola bilərdi. Çünki həm beynəlxalq siyasi-iqtisadi, həm də daxili vəziyyət ziddiyyətli səciyyə daşıyırdı. Milli Şuranın üzvü Ə. Pepinov xatirələrində həmin dövrü, tam hakimiyyətsiliyin, özbaşnalığın olduğu, inzibati idarə sisteminin mövcud olmadığı dövr kimi təsvir edirdi. Milli Şuranın iclasında 24 nəfər lehinə səs verməklə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması elan edildi. Milli şura üzvlərindən 2 nəfər — S. Qənizadə və C. Axundov bitərəf qaldılar. F. X. Xoyski Nazirlər kabinetinin sədri və Daxili işlər naziri təyin edildi.[26]
Gürcüstanın müstəqilliyinin elan edilməsi
redaktə22 may tarixində gürcü nümayəndələri Batum kofnransı çərçivəsində növbəti addımlarını planlaşdırmaq üçün tək görüşdülər. Bu görüşdə tək pozitiv addımın Gürcüstanın müstəqilliyinin elan edilməsi olduğu üzə çıxdı. Belə olacağı halda gürcülər almanları onları qorumaq üçün dəvət edə bilərdilər. Osmanlı tərəfindən ağır təzyiqlərə məruz qalan gürcülər yardım ala bilmək üçün almanlara müraciət etdilər. Alman komandanlığı da bu müraciəti həvəslə cavablandırdı. Çünki apreldə Zaqafqaziyada təsir dairələrinin bölüşdürülməsi haqqında imzalanmış gizli müqavilənin şərtlərinə görə Gürcüstan artıq Almaniyanın təsir dairəsində idi. Alman nümayəndələri Gürcüstana dərhal müstəqilliyini elan etməyi və türklərin işğalından və məhvindən qaçmaq üçün Almaniyadan rəsmən himayə istəməyi tövsiyə etdilər.[27]
24 mayda gürcülərlə almanların nümayəndəsi fon Lossow ilə danışıqlar sonlandı. Çxenkeli bu barədə Tiflisə məlumat verdi. Məlumatda razılıq barədə məlumat verilir və bütün bunların imzalanmağa hazır olduğu bildirilirdi.[28]
1918-ci il mayın 24–25-də Gürcü Milli Şurasının icraiyyə komitəsinin iclasında bu təklif qəbul edildi. Orada da qərara alındı ki, bundan sonra Gürcüstan Milli Şurası Gürcüstan Parlamenti adlandırılsın.
25 may tarixində alman ordusu Gürcüstana çıxarıldı. Gürcüstanın müstəqilliyinin elan edilməsi bir çox gürcü üçün gözlənilməz idi. Əhali müstəqillik məsələsinə gələcəyin qeyri-müəyyənliyi kimi yanaşmaqda idi. Lakin gürcü müstəqilliyinin kökləri mövcud idi. Hələ 1914-c üildə kiçik bir qrup gürcülərin müstəqilliyini müdafiə etməkdə idi. Müharibə zamanı isə İstanbul və Berlindəki gürcü mühacirəti müstəqilliyi müdafiə edən komitələr də qurmuşdular. İstanbuldakı komitə hətta Osmanlı hökuməti ilə danışıqlara da girmişdi. Rusiya zəiflədikcə gürcü millətçiləri daha yüksək səslər müstəqilliyi tələb etsələr də, tarixi şərait müstəqillik ideyasının ən qatı düşmənləri olan sosia-demokratların müstəqilliyə gedən yola rəhbərlik etmələrini labüd etdi. Jordaniya Tiflisdən gəldi və müstəqillikdən sonra görüləsi işlərə rəhbərlik etdi. Tarixçi Kazımzadə bildirir ki, bu müstəqillik məsələsi Jordaniyanın bütün həyatını əhatə edən ideyaları ilə ziddiyyət təşkil edirdi. Lakin o, əlavə edir ki, "milli aidiyyət bütün ideologiyalardan güclüdür və mücərrəd prinsipdən daha zərurətdir".[29]
Seymin və ZDFR-in özünü ləğv etməsi
redaktəHələ Zaqafqaziya Federasiyası süqut etməmişdən əvvəl Azərbaycan partiyalarının nümayəndələri "ikinci türk dövləti"nin elan edilməsində Gənc Türkiyə hökumətindən kömək axtarmaq üçün gizli ezamiyyətlə İstanbula səfər etmişdilər. Tərəflər əməkdaşlıq, xüsusən də Azərbaycanın gələcəyinin silahlı qüvvələrinin yaradılmasında türk ordusunun köməyi, onların maliyyələşdirilməsi, türk qoşunlarına yerli türk əhalidən köməklik haqqında razılığa gəliblər. Müsavat Partiyası Azərbaycan ilə Türkiyənin yaxın münasibətlərinin qurulması üçün danışıqlar aparmaqda idi. qoşulduğunu elan etməyə hazırlaşır.[30] Hadisələrin müasiri olan Solomon Heifetz qeyd etdi:[31]
Türkiyəyə qoşulmaq ajiotajı geniş vüsət almışdı. Müsəlman ruhaniləri tam gücü ilə işləyirdilər. Hərəkata Zaqafqaziya Seyminin üzvü olan həmin müsavatçılar başçılıq edirdilər. Seymin üzvü Həkim Sultanov türk zabit geyimində açıq şəkildə səyahət edir və Azərbaycanın ilhaqının lehinə təbliğat aparırdı. Müsavatın Tiflisdəki nümayəndələri, sarayın özündə, Seymin iclas zalından bir daş atım məsafədə, öz fraksiya otağında gizli şəkildə türk emissarlarını qəbul edirdilər.
Lakin tarixçi Tadeuş Svyetoxovski bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətini quranlar Türkiyə ilə birləşmək niyyətində deyildilər.
Trabzon və Batumda aparılan danışıqlarda Müsavat Partiyası Türkiyə tərəfinə Cənubi Qafqazın müsəlman hissəsinin Türkiyəyə birləşdirilməsini təklif etdi, lakin Türkiyənin regionda apardığı böyük siyasət tələb etdiyi üçün bu təklif rədd edildi. Cənubi Qafqaz xalqlarının konfederasiyasında Azərbaycanın müəyyən müstəqilliyinin qorunub saxlanması lazım idi. Azərbaycan nümayəndə heyətinin Ənvər Paşaya məktubunda qeyd edilirdi:[32]
Zaqafqaziyanın müsəlman hissəsinin tamamilə Türkiyəyə birləşdirilməsini xahiş etməyimizə baxmayaraq, Türkiyənin böyük siyasətinin bizdən hələlik müstəqil və güclü olmağı tələb etdiyini izah etməyə həvəsləndirildik…Biz bu göstərişləri bilə-bilə qəbul etdik.
26 may 1918-ci ildə Zaqafqaziya Seymi özünü buraxdığını elan etdi. Seymin qərarında deyilirdi:
Müharibə və sülh məsələsində Zaqafqaziya Müstəqil Respublikasını yaradan xalqlar arasında əsaslı fikir ayrılıqlarının üzə çıxdığını və buna görə də bir mötəbər hökumətin Zaqafqaziya adından çıxış etməsi mümkün olmadığını nəzərə alaraq Seym Zaqafqaziyanın parçalanması faktı və səlahiyyətlərindən əl çəkdiyini bildirir.
Qeydlər
redaktə- ↑ Hələ 1917-ci il oktyabrın əvvəllərində Britaniya missiyasının rəhbəri general-leytenant Çarlz Barter gizli hesabatında rus ordusunun baş komandanı Nikolay Duxoninə məlumat vermişdi ki, Qafqazda rus qoşunlarının nizamsızlığı ucbatından müsəlmanlar arasında panturan və müsəlman tərəfdarı təşviqat daha da güclənib. Bununla bağlı Çarlz Barter general Uilyam Robertsonun sözlərini çatdıraraq ermənilərin Qərb Cəbhəsindən geri çəkilən qoşunların buraxdığı yerlərə tez bir zamanda köçürülməsini təklif etmişdi.[11]
- ↑ Ermənistan üçün yeni sərhəd demək olar ki, tamamilə məhv olmaq demək idi: Aleksandropol şəhəri, Aleksandropol və Eçmiədzinin ətrafının çox hissəsi, yəni Ermənistanın ən çox erməni hissəsi – Qarsla – Aleksandropol və Aleksandropol - İran Sərhəd dəmiryolları Türkiyəyə keçdi.[12]
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 454. ISBN 9952-417-44-4.
- ↑ Volkhonsky, 2004. səh. 156
- ↑ 1 2 Shakhbazyan, 2004
- ↑ Mukhanov, 2019. səh. 35–36
- ↑ 1 2 3 4 5 6 Mukhanov, 2019. səh. 98–100
- ↑ Swietochowski, 1985. səh. 109
- ↑ Kazemzadeh, 1951. səh. 88
- ↑ Swietochowski, 1985. səh. 110-111
- ↑ Kazemzadeh, 1951. səh. 87
- ↑ Mukhanov, 2019. səh. 99
- ↑ Vasilenko, 2014. səh. 127
- ↑ 1 2 3 Avalov, 1924. səh. 42
- ↑ 1 2 Mukhanov, 2019. səh. 31–32
- ↑ Madatov, 1968. səh. 60
- ↑ Korganov, 2018. səh. 74–75, 154
- ↑ Mukhanov, 2019. səh. 101
- ↑ Kazemzadeh, 1951. səh. 91
- ↑ Shaw və Kural, 1977. səh. 326
- ↑ Hovannisian, 2012. səh. 292-293
- ↑ Kazemzadeh, 1951. səh. 94, 101
- ↑ Avalov, 1924. səh. 35-36
- ↑ Həsənov, 2020. səh. 638
- ↑ Həsənov, 2020. səh. 638-639
- ↑ Həsənov, 2020. səh. 640
- ↑ Həsənov, 2020. səh. 645
- ↑ Həsənov, 2020. səh. 645-646
- ↑ Kazemzadeh, 1951. səh. 115
- ↑ Kazemzadeh, 1951. səh. 120
- ↑ Kazemzadeh, 1951. səh. 118-119
- ↑ Keykurun, 1998
- ↑ Mukhanov, 2019. səh. 103
- ↑ Mukhanov, 2019. səh. 103–104, 108.
Mənbə
redaktə- Vasilenko, V. A., [ (ing.) Armenians in World War I (1914–1918)] (#bad_url), Russian Writer, 2014, ISBN 9785916421392
- Avalov, Zurab, [ (ing.) The Independence of Georgia in International Politics (1918–1921): Memoirs. Essays] (#bad_url), Paris, 1924
- Mukhanov, Vadim, [ (ing.) The Caucasus at a Revolutionary Time. On the History of Transcaucasia in 1917 – the First Half of 1918] (#bad_url), Moscow: Modest Kolerov, 2019, ISBN 978-5-905040-47-4
- Documents on the Foreign Policy of Transcaucasia and Georgia , 1920, Transcaucasian Seim, [ (ing.) Verbatim Records] (#bad_url), Tiflis, 1920
- Volkhonsky, Mikhail, (rus.) Transcaucasian Commissariat (#bad_url), 2004
- Shakhbazyan, A. A., (rus.) Armenia. Historical Sketch Section: Armenia in the 20th Century (#bad_url), Great Russian Encyclopedia ed., 2004
- Madatov, Garash, [ (ing.) The Victory of the Soviet Power in Nakhichevan and the Formation of the Nakhichevan Autonomous Soviet Socialist Republic] (#bad_url), Bakı, 1968, ISBN 9785604180419
- Korganov, Gavriil, [ (ing.) "Russian Troops Leave the Front. Formation of the Armenian Corps". Participation of Armenians in the World War on the Caucasian Front (1914–1918)] (#bad_url), Moskva, 2018
- Keykurun, Naki, [ (ing.) The Memoirs of the National Liberation Movement in Azerbaijan, by Tomris Azeri] (#bad_url), 1998
- Həsənov, Rahim, Cənubi Qafqaz Dövlətçilik sistemində Azərbaycan siyasi xadimlərinin fəaliyyəti (1918-ci il aprel- 1918-may), Akademik Tarih ve Düşünce Dergisi, 2020
- Hovannisian, Richard G., Richard G., "Armenia's Road to Independence", in Hovannisian, Richard G. (ed.), The Armenian People From Ancient Times to Modern Times, Volume II: Foreign Dominion to Statehood: The Fifteenth Century to the Twentieth Century, Houndmills, Basingstoke, Hampshire: MacMillan, 2012, ISBN 978-0-333-61974-2 (#invalid_param_val) Şablon:Ref-
- Shaw və Kural, Stanford J.; Shaw, Ezel, (ing.) History of the Ottoman Empire and Modern Turkey: Volume 2, Reform, Revolution, and Republic: The Rise of Modern Turkey 1808–1975 (#bad_url), Cambridge University Press, 1977, ISBN 9780521291668
- Swietochowski, Tadeusz, (ing.) Russian Azerbaijan, 1905–1920 The Shaping of a National Identity in a Muslim Community (#bad_url), Cambridge University Press, 1985
Xarici keçidlər
redaktə- Avtandil Menteshashvili. From the History of Relations Between the Georgian Democratic Republic and Soviet Russia and the Entente. 1918–1921
- R. A. Vekilov. The History of the Emergence of the Republic of Azerbaijan
- Eduard Hovhannisyan. Age of Struggle. Munich–Moscow, 1991
- Irada Bagirova. Integration Processes in the South Caucasus and the Policy of Great Powers in the Historical Retrospective of the 20th Century // The Caucasus & Globalization. 2007. No. 2. Pages 102–113
Ədəbiyyat
redaktə- Azərbaycan tarixi, 7 cilddə. c. 5, Bakı, 2001.
- Vəkilov P., Azərbaycan Respublikasının yaranma tarixi. Bakı, 1998.