Fethi Xosginabi - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Fəthi Xoşginabi və ya Həmzə Fəthi Xoşginabi (22 mart 1922, Xoşginab — 1989, Moskva) — yazıçı.
Fəthi Xoşginabi | |
---|---|
Doğum tarixi | 22 mart 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 1989 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Həmzə Əli Xoşginabi |
Fəaliyyəti | yazıçı |
Janr | realist üslub |
Mükafatları |
Həyatı
redaktəHəmzə Fəthi Əli oğlu Xoşginabi 1922-ci il martın 22-də Xoşginab kəndində anadan olub.[1][2] İlk təhsilini doğulduğu kənddəki mədrəsədə alıb.[1] O, ehtiyac üzündən təhsilini yarımçıq qoyub, işləmək üçün İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik edib.[3][4]
Azərbaycan Demokrat Firqəsinə üzv olub və 21 Azər hərəkatına qoşulub.[1][5] Partiyanın yeni bölgə təşkilatlarının yaradılması, partiyaya yeni üzvlərin cəlb olunması məqsədilə Cənubi Azərbaycanda bir çox bölgələri gəzib təbliğat aparıb.[5] 1946-cı ildə "Azərbaycan qəzeti"nin baş redaktoru olub.[3] Onun dövründə qəzetin 152-246-cı sayları çap edilib.[6] Milli Hökumət dövründə "Suvarılmış poladlar", "Eşq və müharibə" povestlərini yazaraq Təbrizdə çap etdirib.[7]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.[8]
Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib.[1] Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.[9] 1946–1956-cı illərdə dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi fəaliyyət göstərib.[3][4] 1956–1958-ci illərdə Moskvada Ali Ədəbiyyat Kursunu bitirib.[4] 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji təbliğat sahəsində fəaliyyət göstərib.[3] 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib.[3] 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur kimi fəaliyyət göstərib.[5] 1969-cu ildə Moskavaya qayıdaraq, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlayıb.[10][6]
1979-cu il İran İslam İnqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann Şairlər və Yazıçılar Cəmiyyətini yaradıb və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərib.[6][4] Bundan başqa cəmiyyətin mətbuat orqanı kimi "Ülkər" jurnalını təsis edib.[3][6] 1980-ci ildə yenidən Moskvaya qayıdıb.[10]
1989-cu ildə Moskvada vəfat edib və Bakıda dəfn olunub.[10]
Bakı şəhərinin, Səbail rayonunda yerləşən küçələrdən birinə Fəthi Xoşginabinin adı verilib.[5]
Ədəbi fəaliyyəti
redaktəFəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən fars dilində yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlayıb.[4] 1941-ci ildən etibarən şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görüb.[6] 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazmağa başlayıb.[1] Eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olub.[3][4]
Azərbaycan Milli Hökuməti dövründə 1945–1946-cı illərdə kəskin siyasi, ictimai mövzulu məqalələr, satirik şeirlər və yazılar yazıb. "Zeynəb", "Züleyxa", "Məsum və Məsumə", "Mehri", "İbrahim" kimi hekayələri və ilk irihəcmli "Eşq və müharibə" povesti bu illərdə yazılıb.[4] Milli Hökumət dağıldıqdan sonra Şimali Azərbaycana köçüb.[4] Bu dövrdə "Ata" (1959), "İki qardaş" (1959), romanları və "İki dost" (1951), "Son bayraqdar" (1956), "Hekayələr" (1956), "Məhəbbət və nifrət" (1965) adlı hekayələrdən ibarət kitabları Bakıda nəşr olunub.[4] Bundan başqa dram əsərlərinin müəllifi kimi də tanınıb. Farsca yazdığı "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.[3][4]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Kafkasyalı, 2002. səh. 507
- ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 439. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
- ↑ 1 2 3 4 5 6 7 8 Sultanlı,İsmayıl, 2017. səh. 79
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Əlamətdar və tarixi günlər təqvimi-2017, 2017. səh. 82
- ↑ 1 2 3 4 Fərəcov, Savalan. "Mühacir yazıçının hekayələr çələngi". medeniyyet.az (az.). 2017-11-08. İstifadə tarixi: 2025-01-08.
- ↑ 1 2 3 4 5 "Azərbaycan qəzetinin baş redaktorları: H.F.Xoşginabi". Azərbaycan Ruznaməsi (az.). İstifadə tarixi: 2025-01-08.
- ↑ Mehdibəyova, Mahmizər. "Milli azadlıq hərəkatı Güney Azərbaycan nəsrində". Azərbaycan qəzeti (az.). 2022-12-20. İstifadə tarixi: 2025-01-08.
- ↑ Əhmədov, 2011. səh. 348
- ↑ Həsənli, 2006. səh. 456
- ↑ 1 2 3 Sultanlı,İsmayıl, 2017. səh. 80
Ədəbiyyat
redaktə- Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
- Əlamətdar və tarixi günlər təqvimi-2017 (PDF) (az.). Bakı: Azərbaycan Milli Kitabxanası. 2016. səh. 420. ISBN 9789952504477.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120.
- Kafkasyalı, Ali. İran türk edebiyatı antolojisi (az.). V. Ərzurum: Atatürk Üniversitesi Basımevi. 2002. səh. 573. ISBN 9757698113.
- Sultanlı, Vaqif; İsmayıl, İrəc. Güney Azərbaycan nəsri: başlanğıcdan bu günə qədər: antologiya (az.). Bakı: Nurlar NPM. 2017. səh. 517. ISBN 9789952507164. İstifadə tarixi: 2025-01-08.