Serqi Azerbaycan Ostani - Wikipedia
Şərqi Azərbaycan ostanı — İran İslam Respulikasının şimal-qərbində ostan. İnzibati mərkəzi Təbriz şəhəridir. İranın 31 əyalətindən biridir. Ostanlıq Ermənistan, Azərbaycan Respublikası, Ərdəbil, Qərbi Azərbaycan və Zəncan ostanları ilə həmsərhəddir. Şərqi Azərbaycan ostanı İranın 3-cü bölgəsindədir.
Ostan | |
Şərqi Azərbaycan ostanı | |
---|---|
38°04′36″ şm. e. 46°16′48″ ş. u.HGYO |
|
Ölkə | İran İslam Respublikası |
Daxildir | III region |
İnzibati mərkəz | Təbriz |
Ən böyük şəhərləri | Təbriz |
Tarixi və coğrafiyası | |
Sahəsi | 45 650.5 km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 4 082 000 nəfər (2021) |
Əhalinin sıxlığı | 81.590 nəfər/km² |
Etnik tərkib | Azərbaycanlılar , Tat və sairə |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IR-03 |
Telefon kodu | 0411 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı il siyahıyaalınmasına əsasən [1], Şərqi Azərbaycan vilayətinin əhalisi 3,527,267 nəfər, 2011-ci il siyahıyaalmasında [2] 3,724,620 nəfər, 2016-cı il siyahıyaalınmasında [3] isə 3,909,652 nəfər olmuşdur.
Tarix
redaktəAntik dövr
Bu gün Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhəri qədim zamanlardan yaşayış məntəqəsi olmuşdur. Şəhərin yaxınlığında, Yanıqtəpədə e.ə. 6000-ci illərə aid Neolit dövrü qalıqları aşkar edilib. Lakin şəhərin nə zaman və kim tərəfindən salındığı məlum deyil. Assuriya kralı II. Sarqona (e.ə. 722-705) aid lövhələrdə indiki bölgənin (Təbriz) Manna hakimiyyəti altında olan torpaqlarında anbarı arpa ilə dolu olan Tarmakisa adlı qaladan bəhs edilir. Bizans kralı Faustunun (IV əsr) qeydlərində Sasani şahı II Şapur (309-379) tərəfindən Tavrezin hərbi düşərgə kimi qurulduğu anlaşılır.
Arxeoloqlar, Azərbaycan regionu e.ə I minilliyin əvvəllərində üç irq qrupunun yaşadığını bildirir. Bu üç qrupdan birincisi yerli tayfalar və “Asyani” adı ilə tanınan tayfalardır. İkinci qrupun e.ə II minillikdə bu bölgəyə Fələstin, Suriya və Babil torpaqlarından gətirilən əsir və qullardır. Üçüncü qrup isə Ari xalqı və xüsusilə də Madlardır. Onlar Azərbaycanda e.ə. I minilliyin I yarısında məskunlaşaraq ərazini “Kiçik Mad” adlandırırdılar. Beləliklə, Azərbaycan Madların torpaqlarının bir hissəsi idi. Makedoniyalı İskəndərin zamanında bu bölgənin adı vali Atropatın adına görə Atorpatkan adlanırdı. Daha sonra isə Atorpatgan və Azərbaycan oldu. Bölgə valisi Atropat İskəndərin buraya hücumu zamanı müstəqilliyini elan etdi (e.ə. 328-ci il) və bununla da Kiçik Mad öz müstəqilliyini saxladı. Sonra Azərbaycan Parfiya və Sasanilərin əlinə keçdi. O zaman Azərbaycanın paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşən Şiz idi. Əsas atəşpərəstlik məbədlərindən biri burada yerləşirdi.
Orta əsrlər
Daha sonra Xəlifə Ömərin hakimiyyəti zamanı bölgə ərəb işğalına məruz qalmışdır. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı. Təbriz və ətraf ərazilərin Ərəb xilafətinin tərkibinə qatılması 642-ci ilə təsadüf edir. 730-cu ildə əməvi komandiri Cərrah bin Abdullah Xəzərlər tərəfindən məğlub edilsə də davam edən döyüşlərdə ərazi yenidən ərəblərə tabe olmuşdur. Xəlifə Harun Ər Rəşidin hakimiyyəti illərində Təbriz şəhəri surlarla əhatə edildi. Bu da şəhərin strateji əhəmiyyətini daha da artırmış oldu. Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ölkə ərazisində baş vermiş ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatı başladı. 778-838-ci illər ərzində geniş vüsət almış üsyan ərazidə Abbasi hakimiyyətini zəiflətdi. 893-cü ildə Əbu Sac Divdad Marağa hakimliyini tutaraq öz dövlətinə birləşdirdi. 890-929-cu illər ərzində vilayət Sacilər tərəfindən idarə edildi. Saci şahı Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi. Daha sonra isə ərazi Rəvvadilər dövlətinin hakimiyyəti altına keçdi.[4] Rəvvadi əmri Əbu Mənsur 1054-cü ildə Azərbaycana gələn Səlcuqlu hökmdarı Toğrul bəyə itaətini bildirdi və ölkə Səlcuqlu hakimiyyəti altına keçdi.[5] 1174-cü ildə Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvan Təbrizi qardaşı Qızılarslanın tabeliyinə verdi və o da buranı Azərbaycanın mərkəzinə çevirdi. Qızılarslan Təbrizdə böyük bir saray inşa etdirdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Təbrizə daxil olması ilə burada Eldənizlərin hakimiyyətinə son qoyuldu. 1231-ci ildə Monqol şahı Arqun ağa Təbrizə gələrək şəhəri hərbi fəaliyyətləri üçün mərkəzə çevirdi.1256-cı ildə isə şəhər Hülakülər dövlətinin idari və siyasi mərkəzi oldu. Şəhər öz yüksəliş dövrünü Qazan xanın hakimiyyəti zamanında yaşadı.[6][7] Elxanilərdən sonra şəhər Çobanilər, Qızıl Orda [8][9], Müzəffərilər və Cəlairilər [10] hakimiyyəti altına keçdi. 1386-cı ildə Təbrizi müharibəsiz tutan Teymur növbəti il şəhərin idarəsini oğlu Miran şaha [11], 1404-cü ildə isə nəvəsi Ömərə verdi. Şəhər 1408-ci ildə Teymuri Əbu Bəkr Mirzənin və 1410-cu ildə Əhməd Cəlairi məğlub edən Qaraqoyunlu Yusifin əlinə keçdi.[12][13] Teymuri Şahrux üç dəfə hücum etdiyi Təbrizi 1436-cı ildə Qaraqoyunlu Cahan şaha təslim etdi.[14] 1469-cu ildə isə Uzun Həsən Təbrizi Ağqoyunluların paytaxtı elan etdi.[15] 1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular.[16] Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı oldu. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu.[17] Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, "bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır". Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585–1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan Əfşar Təbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. Nadir şahın ölümündən sonra Azərbaycanın digər bölgələri kimi indiki Şərqi Azərbaycan ostanının ərazisində də müstəqil xanlıqlar yarandı. Bunlardan ən başlıcası Təbriz xanlığı idi.[18] XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi.[19]
Ostanlığın ərazisində yaranan bir digər xanlıq olan Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olunmuş. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.[20]
Bölgədə yaranan digər xanlıqlar Qaradağ, Sərab, Xoy xanlıqları idi. 1791-ci ildə Qacarlar tərəfindən süqut edilən Qaradağ xanlığı vilayətə çevrildi və ərazisinə Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar şəhərləri daxil edildi.[20]
Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz Qacar imperiyasının hakimiyyətində qaldı. Şərqi Azərbaycan ostanlığının mərkəzi olan Təbriz şəhəri 1905-1911-ci illərdə İran inqilabının mərkəzi idi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu.
Müasir dövr
1917–1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də "Təcəddüd" qəzetinin binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü.[21] İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatıingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. 1941-ci il avqustun 26-da şəhər Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən işğal edildi. Təbrizli ziyalılar Sovet və İran zülmünə qarşı muxtariyyət istəyən Firqə-i Demokrat-ı Azərbaycanı qurdular. Partiyanın səyləri ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisi açıldı və Seyid Cəfər Pişəvərinin sədrliyi ilə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli hökumət 1946-cı il yanvarın 16-da "Dil haqqında" qanun qəbul etdi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu. İyun ayında Təbriz Universiteti təsis olundu. Az bir vaxtda ana dilində məktəblər, qiraətxanalar, kitabxanalar, birliklər, qəzet və jurnallar fəaliyyətə başladı. Milli-demokratik hərəkatın ictimai həyatın bütün sahələrində uğurları şah hökumətində böyük təşviş yaratdı.[21]
1946-cı il iyunun 14-də İran hökuməti ilə azərbaycanlıların hüquqlarını təmin edən müqavilə imzalansa da, İran hökumət qüvvələri 1946-cı ilin dekabrında Təbrizə daxil olaraq Azərbaycan Muxtar Respublikasını ləğv etdilər. Minlərlə insan güllələndi və həbsə alındı. Kütləvi təqiblər başlandı. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Cəzadan xilas olmaq üçün on minlərlə vətənpərvər mühacirət etməyə məcbur qaldı. 1941–1946-cı illər milli-azadlıq hərəkatı məğlubiyyətə uğradı.[21]
1950-ci ildə Şərqi Azərbaycan ostanı yaradıldı. Təbriz yeni yaradılan ostanın mərkəzi oldu.
İranda 1978–1979-cu illər inqilabında da Təbriz əhalisi ən fəal şəkildə iştirak etdi. 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-da Cənubi Azərbaycanda başa çatdırıldı. İnqilab dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər.
1994-cü ildə Ərdəbil şəhəri Şərqi Azərbaycan ostanlnda ayrıldı və Ərdəbil ostanı yaradıldı.
Coğrafiya
redaktəOstanlığın ərazisi təqribi 47830 km²-dir. Əhalisi isə 4 milyon nəfərdir. Bölgə şimaldan Azərbaycan, Ermənistan Respublikaları və Naxçıvan Muxtar Respublikası ilə, qərbdən Zəncan, şərqdən isə Ərdəbil şəhərləri ilə həmsərhəddir.[22] Ostanlığın ərazisinin 40%-ni dağlar təşkil edir. Burada ən hündür nöqtə Təbrizin cənubunda yerləşən Səhənd dağının vulkanik zirvəsidir (3707 m). Bölgədə yerləşən dağlara Səhəndlə yanaşı, Mişo dağı, Bozquş, Qaflan Kuh, Gərədağ, Morodağ, Eynəli, Qoşa dağı misal göstərmək olar. Bundan başqa bölgənin Ərdəbil sərhəddində Savalan dağı yerləşir.
Şərqi Azərbaycanın iqliminə Aralıq dənizi kontinental, eləcə də soyuq yarı quraq iqlim təsir göstərir. Xəzər dənizindən əsən mülayim mehlərin də alçaq ərazilərin iqliminə müəyyən təsiri var. Temperatur Təbrizdə 8,9 °C-ə qədər, Marağada 20 °C-ə qədər yüksəlir, qışda isə ən azı -10 ilə -15 °C-ə düşür. Əyaləti ziyarət etmək üçün ideal fəsillər yaz və yay aylarıdır.
Qaradağ dağ silsiləsi ərazinin şimal hissəsini əhatələyən ən böyük dağ silsiləsidir. Bu silsilə bölgənin qərbində Divandağ ərazisindən başlayaraq Mərənd, Şəbəstər, Təbriz, Əhər, Kəleybər və Meşkinşəhr şəhərləri boyunca uzanır. Ostanlığın bir digər dağ silsiləsi Qoşadağ silsiləsidir. Bu silsilənin ən hündür nöqtəsi (3150 m) Qoşadağ zirvəsidir. Azərbayan vilayətinin ən yüksək zirvəsi olan Savalan volkanik kütləsi isə Qoşadağın şərqində Ərdəbil şəhəri ərazisində yerləşir.
Dağın adı | Ən yüksək zirvəsi | Hündürlüyü (m) |
---|---|---|
Səhənd | Kamal | 3750 |
Mişo | Əli Ələmdar | 3155 |
Bozquş | Bozquş | 3304 |
Qaflankuh | Ocaq dağı | 2981 |
Gərə dağ | Kiyaməki | 3414 |
Moro dağ | Çəllə Xana- Pir Musa | 2210 |
Eynəli dağı | Eynəli | 1800 |
Qoşa dağ | Qoşa | 3150 |
Savalan | Sultan Dağı | 4811 |
Qaradağ | Nişankuh | 3660 |
Daxili sular
redaktə- Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanının çayları
- Ətrafı məlumat üçün: Şərqi Azərbaycan ostanında yerləşən su anbarları
- Qarasuçay
- Əhərçay
- Acıçay
- Quruçay
- Araz çayı
- Urmiya gölü
- Quru göl
- Asiyab Xarabə şəlaləsi
- Gül Axur şəlaləsi
- Eyş Abad şəlaləsi
- Şor şor şəlaləsi
- Sərkənd Dizeç şəlaləsi
- Pir Saqqa şəlaləsi
Şərqi Azərbaycan ostanı mədən suları və termal sularla olduqca zəngindir. Taptapan, Vercuy , Qoşayiş , Abgərmə Sərab, Allah Haq , Bostanabad, Esbfruşan, Pir Saqqa termal suları və Kəndvan, Sufiyan mineral suları bunlardan ən çox bilinənləridir.
Ostanlığın ərazisinin 16.400 hektarını təxminən 4.1%-ni meşələr təşkil edir. Bu meşələrin böyük bir hissəsi Qaradağ bölgəsindədir. Bundan başqa Əhər, Xudafərin, Kəleybər, Vərziqan və Culfa şəhristanında da belə yaşıllıq sahələri vardır. Araz çayı ətrafında Kəleybər şəhristanı hüdudlarında 80428 ha-lıq ərazi təbiət abidəsi elan olunaraq mühafizə edilmişdir. Digər tərəfdən Şərqi Azərbaycan vilayətinin təbii sərvətlərindən biri olan Arasbaran bölgəsi 1976-cı ildə təbii həyat sahəsi kimi YUNESKO tərəfindən dünya təbii sərvətlər siyahısına daxil edilmişdir.
İqtisadiyyat
redaktəBölgənin iqlim şəraiti, torpaq xüsusiyyətləri və coğrafi mövqeyi Şərqi Azərbaycan vilayətini kənd təsərrüfatı üçün əlverişli əraziyə çevirmişdir. Vilayət münbit torpaqlarına və kənd təsərrüfatı fəaliyyəti sahəsində böyük təbii sərvətlərə malik olduğuna görə ölkənin əsas kənd təsərrüfatı mərkəzlərindən biridir. Bu torpaqlarda istehsal olunan məhsullar həm ölkə həm rayon tələbatının bir hissəsini təmin edir, həm də xaricə də ixrac olunur. Bölgədə müxtəlif bağçılıq məhsulları ilə yanaşı, tərəvəz və taxıl məhsulları da becərilir.
Şərqi Azərbaycan bölgəsi soğan və yonca istehsalı üzrə ölkədə birinci yerdədir. Mərcimək istehsalında ikinci, kartof və noxud istehsalında isə beşinci yerdədir. Bura o cümlədən bağ bitkilərinin becərilməsində də əhəmiyyətli rola malikdir. Belə ki, ərik istehsalı sahəsində birinci, alma və badam istehsalı üzrə ikinci, üzüm istehsalına görə dördüncü, qoz istehsalına görə isə beşinci yeri tutur.
Kənd təsərrüfatı. Şərqi Azərbaycan bölgəsi həm də geniş otlaq sahələrinə görə ölkənin ən mühüm heyvandarlıq mərkəzlərindən biridir. Bu çərçivədə xüsusilə ət və dəri istehsalı baxımından əhəmiyyətli yerə malikdir. Bölgədəki köçəri heyvandarlıq fəaliyyəti əyalətdə heyvandarlığın əhəmiyyətini və iqtisadi vəziyyətini iki qat artırır. Vilayətdə heyvandarlıq ümumiyyətlə ənənəvi üsullarla aparılır, müasir heyvandarlıq isə yenicə inkişaf etməyə başlayıb.
Şərqi Azərbaycan vilayəti bal istehsalı üzrə ölkədə ikinci, yumurta istehsalına görə üçüncü, ət istehsalına görə dördüncü, süd və quşçuluğa görə beşinci yeri tutur. Bütün bunlar əyaləti ölkənin ən mühüm heyvandarlıq və heyvandarlıq məhsulu mərkəzlərindən birinə çevirmişdir.
Sənaye
redaktəŞərqi Azərbaycan vilayəti mədənlərin olması baxımından ölkənin ən zəngin bölgələrindən biridir. Əyalətdə 110 növ mədən var, onlardan 45-i fəaliyyət göstərir. Vilayətdəki ən əhəmiyyətli mədənlər 2 milyon ehtiyatla dünyanın ən böyük mis mədənlərindən biri olan Əhər rayonundakı Süngür mis mədənidir. Qızıl, diatomit, nefel, sinit və bəzək daşları vilayətin digər mədənlər sırasındadır. Şərqi Azərbaycan vilayəti 8000-ə yaxın fabrik və sənaye emalatxanası ilə ölkənin həm də mühüm sənaye mərkəzlərindən biri hesab olunur. Bölgənin sənayesini xammal sərfiyyatına və istehsal keyfiyyətinə görə “yüngül sənaye” və “ağır sənaye” kimi iki kateqoriyaya bölmək olar. Vilayətdə yüngül sənaye müsəssiləri bunlardır: mebel və stul fabrikləri, dəri sexləri, elektrik sənayesi, şüşə sənayesi, boya istehsalı sənayesi, toxuculuq sənayesi və ayaqqabı sənayesi. Ağır sənaye obyektləri arasına isə Təbriz İES, Təbriz NEZ, maşınqayırma zavodları, traktor zavodu, sement zavodu və s. daxildir.[23]
Turizm
redaktəOstanlığın ərazisini turizm baxımından üç hissəyə bölmək olar. Bunlar şimal, cənub və mərkəzi hissələrdir. Bu baxımdan vilayətin mərkəzi İpək yolu marşrutu üzərində olması səbəbindən daha böyük əhəmiyyətə malikdir. Vilayətin şimalında çoxlu tarixi, mədəni abidə var. Bundan başqa Araz çayı və ətrafının yaşıl vizual mənzərələri, Müqəddəs Stepanos monastrı, Arasbaran meşələri turistik baxımdan əhəmiyyətlidir.[24]
Görməli yerləri
Kilisələr: Şərqi Azərbaycan vilayətində zaman-zaman müsəlmanlar və xristianlar yan-yana yaşamış, daha sonra xristianlar müxtəlif səbəblərdən bu bölgəni tərk etmişlər. Bununla belə, onlardan geridə qalan mühüm dini əsərlər var. Kilsələr də onlardan biridir. Müqəddəs Stepanos monastrı, Çoban kilsəsi, Müqəddəs Hoans kilsəsi, Sehrəgə kilsəsi,, Mücumbar kilsəsi, Müqəddəs Məryəm kilsəsi , Məryəm Nənə, Adventist kilsəsi, İncil kilsəsi, Şuğat Müqəddəs, Katolik kilsələri və s. əyalət sərhədləri daxilində yerləşir. Bu kilsələr arasında Müqəddəs Stepanos monastrı X-XII əsrə,Müqəddəs Məryəm kilsəsi XVI əsrə, Mucumbar kilsəsi XVII əsrə, digərləri isə XVIII-XIX əsrlərə aiddir.[25]
Qalalar: Şərqi Azərbaycan vilayətinin sərhədləri daxilində də çoxlu tarixi qalalar yerləşir. Təəssüf ki, bu qalalar və onların əksər obyektləri bəzi xarabalıqlar istisna olmaqla, günümüzə gəlib çıxa bilməmişdir. Çatanlarda isə lazımi təmir işləri aparılmayıb.[26] Əslində, bu əsərlərin aidiyyəti orqan və təşkilatlar tərəfindən qorunmadığı və gələcək nəsillərə çatdırılması ideyası zəif olduğu üçün onların hazırkı vəziyyəti hər keçən müddətdə daha da məhvə doğru gedir. Kəleybər şəhristanı daxilində yerləşən Babək qalası hələ Sasani dövləti zamanında tikilmişdir. Daha sonra ərəb ordusuna qarşı döyüşlərdə Babək və ordusu tərəfindən müdafiə məqsədilə istifadə edilmişdir.
Kürdəşt qalası- Culfa şəhristanı daxilində , Araz çayının cənubunda Kürdəşt kəndində yerləşir. Qacarlar dövründə İran və Rusiya arasında gedən müharibələrdə xalq qəhrəmanı Abbasmirzə tərəfindən də hərbi məqsədlər üçün istifadə edilmişdir.[27]
Həştrud qalası- Hərştrud şəhərindən 20 km uzaqlıqda yerləşir. Bir digər adı isə Narınqaladır.
Şərqi Azərbaycan ostanında yerləşən və günümüzə qədər gəlib çatan qalalar aşağıdakılardır: Daşqala-Əcəbşir, Coşin qalası (Vərziqan), Kürdəşt qalası (Culfa), Noduz qalası, Pəştu qalası (Əhər), Ağcaqala (Vərziqan), Sansarud qalası (Mərənd), Peyqam qalası , Qəh-qəhə qalası, Hülakü xan qalası (Üskü).[27]
Körpülər: Acıçay körpüsü (Acıçay, Təbriz) , Xudafərin körpüsü (Araz çayı), Qarı körpüsü (Təbriz, Mehran Rud çayı), Pənc Çeşmə körpüsü (Sufiçay, Bünab), Qız körpüsü (Miyanə, Qızılüzən çayı), Pol Səngi körpüsü, Bilankuh körpüsü, Münəccimbaşı körpüsü, Mənsur körpüsü (Təbriz), Venyar körpüsü (Təbriz), Qızlar körpüsü (Mərduğ çayı), Şəhərçay körpüsü (Miyanə) və s.[28]
Muzeylər: Azərbaycan muzeyi (Təbriz), Cənubi Səhənd antropologiya muzeyi, Ölçü muzeyi (Təbriz), Əşair muzeyi (Sərab), Dəmir dövrü muzeyi (Təbriz), Marağa Qaya Rəsmləri muzeyi (Marağa), Elxani İxtisas muzeyi (Marağa), Xudafərin Bastan Şənasi muzeyi (Xudafərin).[29]
Digər görməli yerlər: Azərbaycan Muzeyi, Avarsın qalası, Təbrizin Ölçü muzeyi, Şahgölü / Elgölü, Təbrizin Ərk qalası, Təbriz Bazarı, Təbriz cümə məscidi, Təbriz Bələdiyyə sarayı, Tərkin Daş məscidi, Xaraba dəyirman, Sərkəndədizə şəlaləsi, Sabılmı məscidi, Zöhhak qalası, İşava şəlaləsi, Qafariyə günbədi/gümbəzi, Qədimqaya köhülü/mağarası, Qurugöl gölü, Qırmızıgünbəd/gümbəz, Kəbüd günbədi/gümbəzi, Kəndovan kəndi, Küyətər köhülü/mağarası, Təbrizin Göy məscidi, Gülaxır şəlaləsi, Mudur günbədi/gümbəzi, Marağa rəsədxanası, Təbrizin Məşrutə evi, Behnam evi, Əmir Nizam-i-Gerrusi evi və s.[30]
Nəqliyyat
redaktəNəqliyyat sektoru bu bölgənin iqtisadi fəaliyyətinin açarı kimi, həm də həssas sahələrin inkişafında mühüm rola malikdir. Şərqi Azərbaycan vilayətinin yerləşməsinin üstünlükləri sayəsində avtomobil yolları ilə yanaşı hava və dəmir yollarına da sahibdir. Bundan əlavə Urmiya gölü vasitəsilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında su yolu daşımaları həyata keçirilirdi.[23]
Coğrafi mövqeyi, İpək Yolu üzərində və Şərqi, Qərbi eləcə də Mərkəzi Asiyanın ticarət yollarının qovşağında olması, Avropa ilə əlaqəsi Şərqi Azərbaycan vilayətinin nəqliyyat şəbəkələrinin xüsusiyyətlərindəndir. Buna görə də, əyalətdə avtomobil yolları şəbəkəsinin genişləndirilməsi avtomobil nəqliyyatının yaxşılaşdırılmasına şərait yaratmışdır. Bu çərçivədə bölgələr və şəhərlər magistral yollarla bir-birinə bağlıdır.[31]
Vilayətdəki digər nəqliyyat sistemi dəmir yoludur. 2016-cı ilə aid statistik məlumatlara əsasən, Şərqi Azərbaycan vilayətinin dəmir yolu xətlərinin (magistral, yarım, manevr, sənaye və ticarət) uzunluğu 745,3 km-dir. Həmin ildə şəhər dəmir yolu şəbəkəsini, eləcə də şəhərdaxili nəqliyyatı əhatə edən avtomobil yollarının uzunluğu 14200,96 km idi. Bu şəbəkənin 25,4%-ni şəhərlərarası, 1,1%-ni şəhərdaxili, 73,5%-ni isə kənd yolları təşkil edirdi. [32] Şərqi Azərbaycan dəmir yolları İran dəmir yolu şəbəkəsini Türkiyə üzərindən Avropa və Yaxın Şərqə, Naxçıvan Muxtar Respublikası üzərindən Qafqaz və onun hüdudlarından kənara, o cümlədən adı çəkilən ölkələrin dəmir yollarını Orta Asiya, Xəzər dənizi, Fars körfəzi və Hind okeanı limanlarına birləşdirir.[33]
Şərqi Azərbaycanın mərkəzi olan Təbriz, əyalətə daxil olan Əcəbşir, Bünab, Marağa, Həştrud, Miyanə və Culfa şəhərləri ilə dəmir yolu şəbəkəsi ilə bağlıdır.
Şərqi Azərbaycan vilayətinin iki beynəlxalq hava limanı (Təbriz və Səhənd) gündə orta hesabla 30 daxili və beynəlxalq uçuş həyata keçirir. Bunlardan Təbriz hava limanı İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində yerləşir. Bu hava limanı İran Hərbi Hava Qüvvələri tərəfindən də hava bazası kimi istifadə olunur. Vilayətin digər hava limanı Səhənd şəhərində yerləşir.[34]
Mədəniyyət
redaktəXalçaçılıq
Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb. Təbriz xalçaçılıq məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Geris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağaclı xalçası", "Dörd fəsil xalçası".
Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. XVII əsr Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə Təbriz toxuculuq nümunələrində rast gəlinməsinin Səfəvilər dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray kitabxanasının fəaliyyəti ilə əlaqələndirilir. Azərbaycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazandıqları uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq sahələrinə təsir göstərmişdir.[35]
Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə nisbətən ornamentli xalçalar çoxluq təşkil etmişdir. Bunu həm müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xalçaların döşəməyə salınması ilə əlaqələndirmək mümkündür. Digər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlərlə “danışmağa” üstünlük verən, elementlərin semiotiklinə səy göstərən yerli ustaların son nəticədə xalçanı Azərbaycan xalqının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini təsvirdən çox, naxışlarla ifadə etmələrini təbii saymaq olar. Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçəkturunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in kompozisiyalarını naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə uyğunlaşdırılması təşkil edir.[35]
Geris-bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Kəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Sənətşünaslar yazır ki, kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılıb. Ancaq vaxt keçdikcə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz, öz başına toxuyurdular. Burada təəccüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.[36]
Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.[37]
XIX əsrdə Cənubi Azərbaycan şəhərlərində də toxuculuq, boyaqçılıq geniş yayılmışdı.41 Təbrizdə pambıq emalı üzrə xeyli karxana fəaliyyət göstərirdi. Lakin bu dövrdə bəsit əl dəzgahlarında toxunmuş pambıq, yun, ipək və s.parçalar Avropanın müasir texnika əsasında işləyən fabrik məhsulları ilə rəqabət apara bilmirdi.
Dünya muzeylərində sərgilənən Təbriz xalçaları
- Xalça "Ovçuluq"-Təbriz, 1522–1523 (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan
- Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London
- Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York
- Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt
- Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris
- Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından
- Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
- Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
- Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
- Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq xalqları Sənəti Dövlət Muzeyi, Moskva
- Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
- Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
- Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı
- Dərviş təsvir olunmuş xalça-Təbriz, XIX əsr, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi. Bakı
- Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi. Bakı
Kulinariya
redaktəŞərqi Azərbaycan ostanının ən məşhur və sevilən yeməklərindən biri Abguştdur. Sümüklü quzu əti, rəndələnmiş pomidor, soğan, noxud, kartof və sarıkök ilə gil və ya torpaq qazanda bişirlən yemək isti çörəklə servis olunur.[38]
Digər məşhur yeməklərdən biri isə Ayran aşı adlandırılan qatıqla hazırlanan ayranın içinə düyü, noxud, ağ lobya, sarımsaq, ispanaq, kişniş və nanə əlavə etməklə bişirlən yeməkdir.
Bölgənin ən çox diqqət çəkən yeməklərinə "Səbzi qovurma", "Qiymə", "Təbriz köftəsi", "Əriştə aşı", "Umac aşı" kimi yeməkləri misal göstərmək olar.[38]
Geyim
Ənənəvi Azərbaycan geyimlərinin tikiş bacarıqları ölkənin milli abidələrinin Qeyri-Maddi İrs Siyahısında qeyd olunsa da, təəssüf ki, əyalət şəhərlərində yerli və ənənəvi geyimlərə üstünlük verilmir. Bu geyim növündən kəndlərdə köçəri (Qaradağ) tayfaları bəzi xüsusi hallarda istifadə edirlər. Şərqi Azərbaycanın kənd yerlərində qadınların hələ də yerli paltarlar geyindikləri, moda və mediadan təsirlənmədiyi söyləmək olar. Buna görə də Qaradağ köçərilərinin yerli geyimləri vilayətin mədəni görməli irslərindən biridir. Onların yaylığı pəncə ilə bağlanmış çiçəkli çərşafdır. Qadın paltarları uzun və müxtəlif rənglərdədir. Tenban adlanan köynək Gilan, Bəxtyari və Qaşqayi qadınlarının geyimlərini əks etdirir. Qaradağ köçəri qadın jiletləri qızıl və gümüş sikkələrin tikildiyi qolsuz parçalardır və sikkələrin sayı ailənin zənginliyini ifadə edir.[39]
Kişilər üçün xüsusi geyimlər kostyum və kep kimi tanınan papaqdır. Bu yerli paltar günümüzdə də Cənubi Səhənd kəndlərində istifadə olunur. Səhənd dağının çobanlarının istifadə etdiyi paltarlar əsasən qədər kişi pencəkləri Şərqi Azərbaycanın özünəməxsus və xüsusi geyimlərindəndir. Vilayətin köçəri bölgələrində yerli geyimlər bu gün də məşhurdur, lakin ucuz və hazır paltarların yayılması yerli geyimlərə təsir göstərmiş və bəzi köçəri tayfaların gənclərinin ənənəvi paltar yerinə bu geyimlərə üstünlük verməsinə səbəb olmuşdur.[40]
Hökumət
redaktəYerli özünüidarə
redaktəŞərqi Azərbaycan ostanı inzibati cəhətdən aşağıdakı 21 şəhristanlara bölünür:
- Azərşəhr
- Bostanabad
- Banab şəhristanı
- Culfa şəhristanı
- Çaroymaq şəhristanı
- Əcəbşir şəhristanı
- Əhər şəhristanı
- Heris şəhristanı
- Həştrud
- Hurand şəhristanı (2013-cü ildən bəri)
- Kəleybər şəhristanı
- Marağe şəhristanı
- Məlikan
- Mərənd şəhristanı
- Miyanə şəhristanı
- Sərab şəhristanı
- Şəbüstər şəhristanı
- Təbriz şəhristanı
- Üskü şəhristanı
- Vərziqan şəhristanı
Əhali
redaktəSiyahıyaalınmalara əsasən Şərqi Azərbaycan ostanı əhalisinin sayı[41] | |
---|---|
Siyahıyaalınma tarixi | Əhalinin sayı |
1 noyabr, 1956-cı il | 2 112 134 |
1 noyabr, 1966-cı il | 2 596 439 |
1 noyabr, 1976-cı il | 3 197 685 |
22 sentyabr, 1986-cı il | 4 114 084 |
11 dekabr, 1991-ci il | 4 420 343 |
23 oktyabr – 16 noyabr, 1996-cı il | 3 325 540 |
28 oktyabr – 17 noyabr, 2006-cı il | 3 603 456 |
24 oktyabr – 13 noyabr, 2011-ci il | 3 724 620 |
Ostanın sahəsi 47.830 km²-dir.[42]
Şəhərlər
redaktəŞəhər | 2006[1] | 2011[2] | 2016[3] |
---|---|---|---|
Əhər şəhristanı | 147,781 | 150,111 | 154,530 |
Əcəbşir şəhristanı | 65,741 | 66,746 | 70,852 |
Azərşəhr şəhristanı | 99,286 | 107,579 | 110,311 |
Bünab şəhristanı | 125,209 | 129,795 | 134,892 |
Bostanabad şəhristanı | 96,555 | 94,985 | 94,769 |
Çaroymaq şəhristanı | 33,921 | 32,745 | 31,071 |
Haştrud şəhristanı | 64,611 | 60,822 | 57,199 |
Heris şəhristanı | 67,626 | 67,820 | 69,093 |
Hurand şəhristanı1 | — | — | — |
Culfa şəhristanı | 52,176 | 55,166 | 61,358 |
Kəleybər şəhristanı | 87,259 | 48,837 | 46,125 |
Xudafərin şəhristanı1 | — | 34,977 | 32,995 |
Malikan şəhristanı | 100,366 | 106,118 | 111,319 |
Marağa şəhristanı | 227,635 | 247,681 | 262,604 |
Mərənd şəhristanı | 229,215 | 239,209 | 244,971 |
Miyanə şəhristanı | 187,870 | 185,806 | 182,848 |
Üskü şəhristanı | 84,061 | 98,988 | 158,270 |
Sərab şəhristanı | 132,094 | 131,934 | 125,341 |
Şəbüstər şəhristanı | 121,787 | 124,499 | 135,421 |
Təbriz şəhristanı | 1,557,241 | 1,695,094 | 1,773,033 |
Vərziqan şəhristanı | 46,833 | 45,708 | 52,650 |
Ümumi | 3,527,267 | 3,724,620 | 3,909,652 |
1Əhər şəhristanından ayrılıb |
Etnik və linqvistik tərkib
redaktəƏhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.[44] Həmçinin ostanda çox az sayda tatlar, ermənilər, kürdlər (Xoxaranlu qəbiləsi), talışlar da məskunlaşmışdır. Ostanda toplam 2782 yaşayış məntəqəsi mövcuddur.[45]
Şərqi Azərbaycan günümüzdə
redaktəİran Statistika qurumunun 2016-cı ildə verdiyi təhsil statistikasına görə;
2011-2016-cı illəri əhatə edən 5 illik dövrdə Şərqi Azərbaycan əyalətində əhalinin savadlılıq səviyyəsi 17,92%-dən 15,31%-ə enib. Sözügedən nisbət kişilərdə 12,61 faizdən 10,66 faizə, qadınlarda isə 23,32 faizdən 20,11 faizə qədər azalıb.
Şərqi Azərbaycan vilayətinin şəhərləri arasında Üskü şəhəri 91,1 faizlə ən yüksək savadlılığa malikdir. İranda icbari təhsil 9 ildir və 7 yaşdan başlayır. Ali təhsildə dörd səviyyə var. kollec (2 il), bakalavr (4 il), magistratura (2 il) və doktorantura (4 il)
Universitetlər
redaktəİran Tələbələr Xəbər Agentliyinin (İSNA) 2019-cu ildə dərc etdiyi hesabata əsasən, 2016-2017-ci tədris ilində Şərqi Azərbaycan vilayətində 139 universitet fəaliyyət göstərirdi.
Ali təhsil müəssisəsinin növü | Dövlət | Elmi-Tətbiqi | Distant təhsil | Texniki və Peşə | Kommersiya məqsədi güdməyən | Azad |
---|---|---|---|---|---|---|
Sayı | 8 | 37 | 26 | 8 | 12 | 48 |
Burada yerləşən əsas universitetlərin siyahısı:
- Təbriz Universiteti [46]
- Səhənd Texnologiya Universiteti[47]
- Azərbaycan Şəhid Mədani Universiteti
- Marağa Universiteti
- Təbriz Tibb Elmləri Universiteti
- Bünab Univeristeti [48]
- Təbriz İslam İncəsənəti Universiteti
- Təbriz Azad İslam Universiteti[49]
- Marağa Azad İslam Universiteti
- Miyanə Azad İslam Universiteti [50]
- Təbriz Payame Noor Universiteti
- Tətbiqi Elm və Texnologiya Universiteti
Tanınmış şəxslər
redaktəQalereya
redaktə-
Təbriz bələdiyyə binası
-
Müqəddəs Stepanos monastrı
-
Şərqi Azərbaycanda bir kənd
-
Ərk qalası
-
Arasbaran meşəsi
-
Təbriz xalçası
-
Qurabiyə
-
Azərbaycan muzeyi, Təbriz
-
Eynəli dağı meşə parkı
-
Şəhid Bakeri bulvarı
-
Təbriz bələdiyyəsinin tikintisi
Mənbə
redaktə- Melville. Charles Melville (redaktor). Proceedings of the Third European Conference of Iranian Studies: Mediaeval and modern Persian studies. Reichert. 1999. ISBN 978-3-89500-104-8.
- Dalby, Andrew. Dictionary of Languages: The Definitive Reference to More Than 400 Languages. Columbia University Press. 1998. səh. 156. ISBN 978-0-231-11568-1.
- İ. Gaderi. İran Turizm Coğrafyasına Bir Giriş. Tehran: Mehkameh. 2015.
- Scheyvens, R. Ekoturism and the Empowerment of Local Communities. 20. Tourism Management. 1999. 245–249.
- Sharpley, R., Telfer, D. J. Tourism and Development in the Developing World. Routledge. 2008.
- Alempur Recebi, M. Doğu Azerbaycan İl’inin Müzeleri. Təbriz: Doğu Azerbaycan İli Kültürel Miras Müdürlüğü. 2014.
- Mokhlesi, M. A. Doğu Azerbaycan’ın Tarihi Eserleri Listesi. Tehran: Kültürel Miras Örgütü. 1992.
- Ali NOROUZİ ALANJAGH. DOĞU AZERBAYCAN İLİNİN (İRAN) BÖLGESEL AÇIDAN TURİZM PLANLAMASI VE ANALİZİ. Erzurum. T.C. ATATÜRK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ COĞRAFYA ANABİLİM DALI. 2019.
- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 608.
- Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
- Azərbaycan tarixi 7 cilddə, VII cild. Bakı: Elm nəşriyyatı. 2008.
- Muradov, Vidadi. Azərbaycan xalçaçılıq məktəbinin Təbriz qrupu. Bakı. 2013.
- S.M. Onullahi. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı. 1982.
- Christoph Werner. "The Amazon, the Sources of the Nile, and Tabriz: Nadir Mirza's Tarikh Va Jughrafi-yi Dar Al-saltana-yi Tabriz and the Local Historiography of Tabriz and Azerbaijan". Iranian Studies. 33 (1–2). 2000: 165–184. doi:10.1080/00210860008701980. ISSN 0021-0862.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.
- Tabriz // Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009. ISBN 9780195309911.
İstinadlar
redaktə- ↑ 1 2 "Census of the Islamic Republic of Iran, 1385 (2006)" (Excel). AMAR (fars). The Statistical Center of Iran. səh. 03. 20 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2022.
- ↑ 1 2 "Census of the Islamic Republic of Iran, 1390 (2011)" (Excel). Iran Data Portal (fars). The Statistical Center of Iran. səh. 03. 16 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ 1 2 "Census of the Islamic Republic of Iran, 1395 (2016)" (Excel). AMAR (fars). The Statistical Center of Iran. səh. 03. 13 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2022.
- ↑ Azərbaycan tarixi II cild, 2007. səh. 89
- ↑ Azərbaycan tarixi II cild, 2007. səh. 284
- ↑ Azərbaycan tarixi II cild, 2007. səh. 325
- ↑ Grove, 2009
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 39
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 26
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 66
- ↑ Balfour, 1885
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 41
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 28
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 73
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 83
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 174
- ↑ Azərbaycan tarixi III cild, 2007. səh. 177
- ↑ "Азербайджанские ханства". 2012-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-02.
- ↑ Werner, 2000
- ↑ 1 2 Azərbaycan tarixi III cild, 2007. səh. 380
- ↑ 1 2 3 Azərbaycan tarixi VII cild, 2008
- ↑ "همشهری آنلاین-استانهای کشور به ۵ منطقه تقسیم شدند (Provinces were divided into 5 regions) (1 Tir 1393, Jalaali)". Hamshahri Online (Persian). 22 June 2014. 23 June 2014 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Sharpley, 2008. səh. 31
- ↑ Mokhlesi, 1992. səh. 35
- ↑ Mokhlesi, 1992. səh. 54
- ↑ Mokhlesi, 1992. səh. 45
- ↑ 1 2 Mokhlesi, 1992. səh. 44
- ↑ Mokhlesi, 1992. səh. 23
- ↑ Recebi, 2014. səh. 65
- ↑ Recebi, 2014. səh. 68
- ↑ ALANJAGH, 2019. səh. 186
- ↑ Şərqi Azərbaycan Ostanı Statistika illiyi, 2016
- ↑ ALANJAGH, 2019. səh. 187
- ↑ ALANJAGH, 2019. səh. 188
- ↑ 1 2 "Azərbaycan xalçaçılıq məktəbinin Təbriz qrupu". azerilme.az (az.). 2023-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-21.
- ↑ Muradov, 2013. səh. 12
- ↑ Muradov, 2013. səh. 67
- ↑ 1 2 ALANJAGH, 2019. səh. 142
- ↑ ALANJAGH, 2019. səh. 148
- ↑ ALANJAGH, 2019. səh. 150
- ↑ Provinces of Iran Arxivləşdirilib 2016-10-22 at the Wayback Machine — Administrative Divisions of Countries Country Regions ("Statoids" Arxivləşdirilib 2012-04-11 at the Wayback Machine). United States of America, North Carolina, Durham.
- ↑ "www.gazetteer.de". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-08.
- ↑ شماره کتابشناسی ملی:۲۸۹۰۸۲۱/طرح بررسی و سنجش شاخصهای فرهنگ عمومی کشور (شاخصهای غیرثبتی){گزارش}:استان آذربایجانشرقی/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۹-۳۵-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۳ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)
- ↑ "Columbia İnternational Affaris Online : Iran — International Pressure and Internal Conflict". 2007-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-26.
- ↑ "Arxivlənmiş surət". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-24.
- ↑ "Təbriz Universiteti rəsmi saytı". tabrizu.ac.ir. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
- ↑ "Səhənd Texnologiya Universiteti rəsmi saytı". /www.sut.ac.ir (fars). Archived from the original on 2007-04-30. İstifadə tarixi: 2023-03-12.
- ↑ "Bünab Universiteti rəsmi saytı". bonabu.ac.ir. 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
- ↑ [www.iaut.ac.ir "Təbriz Azad İslam Universiteti"] (#bad_url). iaut.ac.ir.
- ↑ [www.iau-maragheh.ac.ir "Marağa Azad İslam Universiteti"] (#bad_url). iau-maragheh.ac.ir.
Xarici keçidlər
redaktə- Şərqi Azərbaycan ostandarlığının rəsmi veb səhifəsi: استانداری آذربایجان شرقی Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine
- Qaradağ kəndlərinin türk adları fars adları ilə dəyişdirilib – Siyahı — GünAzTV
- Official website Arxivləşdirilib 2011-03-03 at the Wayback Machine
- Cultural Heritage Organization of East Azerbaijan
- The Union for Handwoven Carpets of East Azerbaijan
- Recent Photos from Azerbaijan
- Arasbaran UNESCO Biosphere Reserve
- Lake Urmia UNESCO Biosphere Reserve
- East Azerbaijan Research Park net portal
- Azerbaijan entries in the Encyclopædia Iranica