Fatma Sultan Iii Ehmedin Qizi - Wikipedia
Fatma Sultan (22 sentyabr 1704, İstanbul – 3 yanvar 1733, İstanbul) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır.
Fatma Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1704 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1733 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | III Əhməd |
Anası | Əmətullah Qadınəfəndi |
Həyat yoldaşları |
|
Uşağı | Sultanzadə Mehmed bəy |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktə22 sentyabr 1704-cü ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Əmətullah Qadınəfəndidir. Sultan Əhmədin ilk qızı olması səbəbilə dünyaya gəlişinin ardından dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Fatma Sultana dəyərli hədiyyələr verildi.
Hələ 4 yaşında ikən atası Sultan Əhməd silahdarlarından Əli ağaya vəzirlik rütbəsi verərək qızıyla nigahlamaq niyyətinə düşdü.[1] Ancaq dövrün sədrəzəmi Çorlulu Əli Paşa özünə rəqib gördüyü silahdarın güclənməsinə qarşı idi və bu səbəblə, kiçik sultanın divan vəzirlərindən Əbdürrəhman Paşayla nişanlanmasını təklif etdi. Buna baxmayaraq, sədrəzəmin bu təklifi qəbul edilmədi və 16 noyabr 1708-ci ildə Silahdar Əli ağa 4 yaşlı Fatma Sultanla nişanlandı.
Cütlüyün toy mərasimi isə 11 may 1709-cu ildə Topqapı sarayında başladı və 9 gün boyunca davam etdi. Mərasim davam edərkən 13 mayda cütlüyün nigahı bağlandı və 16 mayda Fatma Sultan dəbdəbəli bir gəlin alayı ilə Əyyubsultandakı saraylardan birinə göndərildi. Ancaq bu nigah və toy mərasimi tamamilə formal xarakter daşıyırdı və evliliyin tamamlanması üçün Fatma Sultanın həddi-büluğa çatması gözlənildi. Ancaq Əli Paşa uğrunda saray mənsublarına dəbdəbəli hədiyyələr göndərdiyi və ziyafətlər verdiyi Fatma Sultanla heç vaxt ər-arvad münasibəti yaşamadı. 1713-cü ildə sədarətə yüksəldi və qərb cəbhəsində davam edən müharibə əsnasında 5 avqust 1716-cı ildə Petrovaradin döyüşündə şəhid oldu.[2] Beləliklə, Fatma Sultan hələ 12 yaşında ikən dul qaldı.
Cəmi 7 ay sonra isə atası Sultan Əhməd qızını sədarət naibi İbrahim Paşayla evləndirmək istədi.[3] 22 fevral 1717-ci ildə saraya çağırılan İbrahim Paşaya xələt verildi və Fatma Sultanla nişanı elan olundu. O əsnada 50 yaşlarında olan İbrahim Paşa ilə 13 yaşındakı Fatma Sultanın toy mərasimi həmin ilin mart ayında Ədirnə sarayında baş tutan mərasimlə evləndi. Toy mərasimindən sonra siyasi nüfuzu daha da artan İbrahim Paşa ertəsi il sədarətə yüksəldi. Cütlüyün bu nigahdan Sultanzadə Mehmed bəy (?-1737) adlı bir oğlu dünyaya gəldi.[4]
Eyni zamanda xeyriyyə işləriylə məşğul olan Fatma Sultan Cağaloğlu səmtindəki sarayının yaxınlığında yerləşən Dərzibaşı Piri ağa məscidini 1727-ci ildə yenidən inşa etdirmiş, bu ibadətgah sonralar Fatma Sultan məscidi olaraq anılmışdır. Sözügedən məscid 1957-ci ildə aparılan yol inşaatı əsnasında dağıdılmışdır.[5] Bundan başqa əri Nevşəhərli İbrahim Paşayla birlikdə 1728-ci ildə Üsküdarda 20 çeşməlik bir su şəbəkəsinin əsasını qoymuşdur.
Ancaq 28 sentyabr 1730-cu ildə başlayan Patrona Xəlil üsyanı bütün həyatını alt-üst etdi. Atası Sultan Əhməd taxtdan endirilərək Topqapı sarayının Şimşirlik bölümünə həbs olundu. Əri Nevşəhərli İbrahim Paşa isə amansızca qətlə yetirildi. Bütün mal-mülkü müsadirə edilən Fatma Sultan Köhnə saraya sürgün olundu. Burada səhhətinin pisləşməsi səbəbilə, taxta çıxan əmisi oğlu I Mahmud tərəfindən Çırağan sarayında yaşamağına icazə verildi. Ancaq səhhəti yaxşılaşmadı və 3 yanvar 1733-cü ildə burada vəfat etdi. Cənazəsi Yeni Məsciddə dəfn edildi.[6][7]
İstinadlar
redaktə- ↑ Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, İstanbul 2011, s. 306
- ↑ Abdülkadir Özcan, “Şehid Ali Paşa”, DİA, XXXVII, 433
- ↑ Raşid Mehmed Efendi-Çelebizâde Asım Efendi, Târih-i Râşid ve Zeyli, II, s. 1055
- ↑ Münir Aktepe, “Damad İbrâhim Paşa”, DİA, VIII, 441
- ↑ Semavi Eyice, “İstanbul’un Kaybolan Eski Eserlerinden: Fatma Sultan Camii ve Gümüşhaneli Dergâhı”, İÜ, İktisat Fakültesi Mecmuası, XLIII, İstanbul 1987, s. 475-482
- ↑ Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
- ↑ M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1985, s. 84-85
Mənbə
redaktə- Fatıma Sultan ve Muhallefatı (III. Ahmed’in Kızı ve Nevşehirli İbrahim Paşa’nın Eşi). Doç. Dr. İsmail KIVRIM. Gaziantep Üniversitesi 2018