Mir Yaqub Mehdiyev - Wikipedia
Mir Yaqub Mir Əbdüləziz oğlu Mehdiyev (mühacirətdə: Mir Yaqub Mehdier; 24 sentyabr 1891, Xırdalan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 7 noyabr 1949, İstanbul, Türkiyə) — Azərbaycan dövlət xadimi, AXC Parlamenti millət vəkili, AXC-nin Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin üzvü, "İttihad" partiyasının qurucularından biri, Bakı Şəhər Bələdiyyə Rəisinin müavini.
Mir Yaqub Mehdiyev | |
---|---|
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
22 sentyabr 1918 – 27 aprel 1920 | |
Sədr | Qasım Qasımzadə |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
22 sentyabr 1918 – 27 aprel 1920 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Rusiya müsəlmanlıq "İttihad" |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Rusiya müsəlmanlıq "İttihad" |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
29 oktyabr 1917 – 10 aprel 1918 | |
Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komiyəsinin sədrinin müavini | |
1917 – 1917 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1949 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, dövlət xadimi, universitet müəllimi[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olub. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirib. Mehdiyev 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək çar üsul idarəsinin müsəlman xalqlarına etdiyi təzyiqlərə etiraz əlaməti olaraq, Kiyevdə gizli şəkildə fəaliyyət göstərən rusiyalı müsəlman tələbələrinin yığıncağında iştirak edir. Məhz bu səbəbdən həbs olunur, vaxtında Peterburqa qayıda bilmir və institutdan xaric edilir. Lakin az sonra instituta bərpa edilir və 1915-ci ildə buradan məzun olur. İnstitutu bitirdikdən sonra isə təhsilini davam etdirmək məqsədilə Almaniyaya gedir. O, Almaniyanın Bonn şəhərindəki universitetdə ali təhsil alır.[1] Mir Yaqub Mehdiyev kiçik yaşlarından ərəb, fars və rus dillərini öyrənib.[2][3]
Fəaliyyəti
redaktəMir Yaqub Mehdiyev İttihad Partiyasının qurucularından biridir.[2] O, partiyanın birinci (1918, aprel) və ikinci (1920, yanvar) qurultaylarında Mərkəzi Komitə üzvü seçilib. Bu partiyada fəaliyyətinə qədər Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib. Mehdiyev İttihad Partiyasını təmsil edərək Zaqafqaziya Seyminin üzvü seçilmiş[2] və Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi.
1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın 1918-ci il noyabrdın 19-da verdiyi "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmiş və məclis üzvü kimi fəaliyyətə başlamışdır. Parlamentdə "İttihad" fraksiyasının üzvü olub. Mir Yaqub Mehdiyev Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer alıb.[4] Bu tarixi hadisənin iştirakçısı olan Mehdiyev sonralar yazırdı:[2]
Bu iki ölkənin nümayəndəsi xarici işlər nazirliyinə dəvət olundu. Orada müsyö Kambon konfrans adından hörmət əlaməti olara onlara öz minnətdarlığını bildirdi. Müsyö Kambon bəyan etdi ki, Azərbaycan və Gürcüstan respublikaları beynəlxal hüquq normalarına uyğun şəkildə rəsmi olaraq müstəqil dövlətlər kimi tanınmışlar. Bu andan başlayaraq hər iki ölkə rəsmi surətdə Ali Şura ilə əlaqəyə girə bilər, öz ehtiyaclarını, qeydiyyata alınmlarını, konfransın iclaslarında qanuni haqlarını, bərəabərhüquqlu üzv olmalarını tələb edə bilərlər. Bundan başqa, Kambon bildirdi ki, bu dövlətlərin hökumətlərinin tanınması aktı, eyni zamanda, onların Rusiyadan ayrılmalarının tanınması ilə müşayiət olunmalıdır. Burdan çıxış edərək demək olar ki, Azərbaycan və Gürcüstan respublikaları bu gündən etibarən suveren dövlətlər hesab ediləcək. |
Tədqiqatçı Ömər Özcan Mir Yaqub Mehdiyevin müxtəlif mətbuat orqanlarındada çıxan 85 məqaləsini müəyyənləşdirərək siyahısını hazırlayıb.[2]
Mühacirət
redaktəBeləliklə, Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvarın 11-də de-fakto tanındı. Bu tanınmada Mir Yaqub bəyin də xidməti olub. 5 mart 1920-ci ildə Azərbaycan hökumətinin verdiyi qərarda bildirilir ki, Qərbi Avropa dövlətlərində xüsusi diplomatik heyətlərin yaradılması ilə bağlı olaraq, Paris diplomatik missiyası öz təyinat yerinə çatınca hökumətin 28 dekabr 1918-ci il tarixli qərarı ilə Avropaya göndərilmiş Sülh Nümayəndə Heyəti ləğv edilsin. Lakin bu qərarın icra edilməsi mümkün olmur, nümayəndə heyətinin üzvləri Parisdə mühacirət həyatı yaşamağa məcbur olurlar. Beləliklə də, Mir Yaqub Mehdiyevin mühacirət həyatı başlayır.[2]
On səkkiz ildən artıq Fransada yaşayan Mir Yaqub Mehdiyev burada yaşadığı illərdə təhsilini davam etdirir. O, elmi səviyyəsini artırmaq məqsədilə Monpolye-3 Universitetinin Hüquq fakültəsinin doktorantı olur. "SSRİ-də milli məsələ" mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl bitirərək hüquq elmləri doktoru elmi dərəcəsini qazanır. Ərəb, fars və rus dilləri ilə yanaşı alman, fransız və ingilis dillərini də öyrənməsi Mir Yaqub Mehdiyevin Fransadakı fəaliyyətində müsbət rol oynayır[2][3]
1926-cı ildə Fransada yaşayan və müxtəlif millətləri təmsil edən mühacirlərin təşkil etdiyi "Prometey" cəmiyyətinin mətbu orqanı olan "Prometey" jurnalı fransız dilində nəşr olunur. Mir Yaqub Mehdiyev də bu jurnalın redaksiya heyətinin üzvlərindən biri olmuşdur. Onun jurnalda vaxtaşırı məqalələri dərc olunurdu. Bu məqalələr əsasən Azərbaycanda baş verən hadisələrə, ölkəmizin mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə həsr olunurdu.[2][3]
M. Mehdiyevin "Prometey" jurnalının 1932-ci il dekabr ayında çıxan 73-cü nömrəsində fransız dilində "San-Remo konfransı və Qafqaz respublikaları", 1933-cü ilin mart ayındakı 76-cı nömrəsində isə "Erməni məsələsi" məqalələri çap edilmişdir. "Erməni məsələsi" məqaləsi müəllifin 1933-cü ildə fransız dilində çap etdirdiyi irihəcmli "Qafqaz problemi" adlı kitabına olduğu kimi daxil edilmişdir. İkinci Dünya müharibəsi illərinə qədər Mir Yaqub bəy Avropada Azərbaycanla bağlı qurulan təşkilatlarda, birliklərdə mübarizə aparır, müxtəlif mövzulu konsfranlar təşkil edirdi. M. Mehdiyev 1927-ci ildə Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Milli Mərkəzində təmsil olunurdu.[3]
Mühacirətdəki "İttihad" liderlərindən biri nə qədər səy göstərsə də partiyanın xarici ölkələr bürosunun yaradılmasına nail ola bilməmişdir. Məmməd Məhərrəmovla birlikdə Cenevrə və Lozanna konfranslarında iştirak etmiş, Azərbaycan neftini heç kimin hərraca qoymağa səlahiyyətli olmadığı barədə kəskin etiraz notaları ilə çıxış etmişdir. SSRİ-nin Millətlər Cəmiyyətinin (MC) üzvlüyünə daxil olunması ilə bağlı MC-nin XVIII ümumi toplantısının rəisinə ünvanlanmış etiraz notasını Azərbaycan adından imzalamışdır.
Ölümü
redaktəMir Yaqub Mehdiyev 7 noyabr 1949-cu ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. O, Feriköy məzarlığında dəfn edilmişdir.
Mir Yaqub Mehdiyevin ölümü ilə bağlı yayımlanan nekroloqda onun Türkiyədə qazandığı nüfuzu öz əksini tapmışdır:[2]
Milli Azərbaycan Cümhuriyyətinin Avropa nümayəndəsi, İstanbul Hərb Akademiyasının rus dili müəllimi, Heybəli Ali Deniz Məktəbi iqtisad professoru, hüquq doktoru Mir Yaqub Mehdier 7.11.1949 sabahı infarkdan vəfat etmişdir. Cənazəsi bu gün, 8.11.1949 tarixində günorta namazı ərəfəsində Teşvikiyə məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy məzarlığında dəfn edilmişdir. |
Kitabları
redaktəMir Yaqub Mehdiyevin 1928-ci ildə İstanbulda "Beynəlmiləl siyasətdə petrol" kitabı nəşr edilmişdir.[2] Kitab Məhəmməd Əmin Rəsulzadənin İstanbulda yaratdığı Milli Azərbaycan nəşriyyatının sayca 9-cu kitabı idi. Məhəmməd Əmin Rəsulzadənin ön söz yazdığı kitab bir neçə başlıqdan ibarətdir: "Petrolun cahan hərbindəki rolu", "Cenevrə Konfransında Azərbaycan", "İngiltərə-Amerika rəqabəti", "Bolşeviklərə qarşı müştərək bir cəbhə", "Neft rəqabətinin təvəllüd etdiyi məhzurlar".[3]
Kitabda Bakı neftindən və onun uğrunda beynəlxalq aləmdə gedən mübarizədən söhbət gedir. Əsər İstanbul nəşrindən az sonra fransız dilinə, 1931-ci ildə isə çin dilinə tərcümə edilmişdi. Milli Kitabxanada əldə olunan faktlara əsasən, "Beynəlmiləl siyasətdə petrol" əsəri Amerikada ingilis dilində çap olunmuş, sonralar isə həmin əsər 1992-ci ildə Azərbaycan dilində Bakıda nəşr edilmişdir.[3]
Müəllifin növbəti iri həcmli kitabı olan "Qafqaz problemi" 1933-cü ildə Parisdə "Amerika və Şərq kitabxanası" seriyası altında fransız dilində nəşr olunmuşdur.[2] Kitab 1996-cı ildə Əziz Gözəlsoyun tərcüməsində "Azərbaycan" nəşriyyatında azərbaycanca işıq üzü görmüşdür. "Qafqaz problemi" 200 səhifəyə yaxındır və "Giriş", "Rusiya tərəfindən Qafqazın işğal edilməsi", "Azərbaycan türklərinin intibahı", "Gürcüstanda milli hərəkat", "Şimali Qafqazda milli hərakat", "Erməni məsələsi", "Avropada separatistlərin fəallığı", "Zaqafqaziya Federasiyası", "Qafqaz və Brest-Litovsk sülhü", "Milli respublikaların formalaşması", "Qafqaz respublikalarının müstəqilliyinin tanınması", "Qafqaz respublikaları arasında əlaqələr", "Qafqaz respublikaları və Türkiyə", "Bolşeviklər tərərfindən Qafqazın işğalı", "Qafqazda siyasi cəbhə birliyi" və "Nəticə" kimi yarım sərlövhələrdən ibarətdir. "Qafqaz problemi" Fransanın Milli Kitabxanasında saxlanılır. Əsərin nüsxəsi üzərində müəllif türk dilində öz dəsti xətti ilə yazmışdır:[3]
Dostum və qardaşım Mustafa bəyə hörmətlərimlə, Mir Yacoub. Paris, 11/VIII. 1933. |
Bundan əlavə, Mir Yaqub Mehdiyevin "Sovet rejimi. Qaynaqlar və mahiyyəti" (Paris, 1926) "Beynəlxalq vəziyyət və SSRİ-də milli problem" (Paris, 1934) və "Avropada və Asiyada siyasi vəziyyət" (Paris, 1936) kitablarının müəllifidir.[2]
Əsərləri
redaktə- Sovet rejimi. Qaynaqlar və mahiyyəti (fr. Le Régime des Soviets. Ses origines. Sa constitution). Montpellier, impr. Causse, Graille et Castelnau, 1926;
- Beynəlmiləl siyasətdə petrol (türk. بينالملل سياستده پترول). İstanbul: Orxaniyyə mətbəəsi, 1928;
- Qafqaz problemi (fr. Le Problème du Caucase). Paris: G.-P. Maisonneuve; Librairie Orientale et Americaine, 1933;
- Beynəlxalq vəziyyət və SSRİ-də milli problem. Paris, 1934;
- Avropada və Asiyada siyasi vəziyyət. Paris, 1936.
Xatirəsi
redaktə2018-ci ildə İstanbulun Feriköy qəbiristanlığında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb.[5] Mir Yaqub Mehdiyevin də qəbri bu ildə təmir olunub və məzarlığın girişindəki abidənin üzərinə adı həkk olunub.[6]
2024-cü ildə müəllifi Dilqəm Əhməd olan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı işıq üzü görüb.[7] Kitab Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə nəşr olunub və Aprel işğalından sonra Türkiyəyə köçərək ömrünün sonunadək orada mübarizə aparıb İstanbulda dəfn olunmuş 60-dan çox mühacir haqqındadır. Kitabda Mir Yaqub Mehdiyev haqqında da məlumat yer alıb.[8]
İstinadlar
redaktə- ↑ Tahirzadə, Ədalət. "Peterburq ali məktəblərində oxumuş tələbələrimiz". www.muallim.edu.az (az.). Azərbaycan Müəllimi. 17 fevral 2012. 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 D.Əhməd. "Bir ildən yüz ilə". Bakı: TEAS Press. 2018. səh. 77-82. ISBN 978 9952 310 47 4.
- ↑ 1 2 3 4 5 6 7 Əsgər Əliyev. "Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər" (azərb. ). 525.az. 02.02.18. 2 fevral 2018 tarixində arxivləşdirilib.
- ↑ "Paris Sülh Konfransı" (PDF) (azərb. ). anl.az. 27 may 2019 tarixində arxivləşdirilib (PDF).
- ↑ "İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açıldı - - FOTO". publika.az (az.). 2018-05-15. İstifadə tarixi: 2024-10-22.
- ↑ "İstanbulda mühacir cümhuriyyətçilərin xatirə lövhəsi açılıb". musavat.com. 2018-05-15. İstifadə tarixi: 2024-10-22.
- ↑ Ünal, Sevil. "İstanbulda "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabının təqdimatı keçirilib". Report İnformasiya Agentliyi (az.). 2024-10-18. İstifadə tarixi: 2024-10-21.
- ↑ Yazkan Aslanova, Esmira. ""Son mənzili İstanbul olan azərbaycanlılar"". Respublika qəzeti. 2024-10-20. İstifadə tarixi: 2024-10-21.
Xarici keçidlər
redaktə- Mir Yakub Mehdiyev’e görü uluslararsı siyasette petrol ve Azerbaycan petrolleri — academia.edu saytında. (türk.)
- Tanış olun — Mir Yaqub Mehdiyev / İctimai radio