Sibir Xanligi - Wikipedia
Sibir xanlığı (Сибирский юрт, tatar. Себер ханлыгы, Seber xanlığı; Себер йорты, Seber yortı) — Qərbi Sibirdə feodal Türk dövləti. Paytaxtı Qaşlıq şəhəri idi.
Tarixi dövlət | |||
Sibir xanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Qaşlıq | ||
Rəsmi dilləri | Türk dili | ||
Dövlət dini | İslam | ||
İdarəetmə forması | xanlıq | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə"Sibir" sözü "Sabir" adlı türk tayfasının adı ilə bağlıdır. Sibirdə paleolit dövründən qalma 40 min il bundan əvvələ aid ilk insan izlərinə Ob və Yenisey çayları ilə Baykal gölü ətrafında rast gəlinmişdir. Kama-İtil ərazisindəki "Suvar" şəhərinin adı da bu türk tayfasının adı ilə bağladır.
Sabirlər V əsrdə İtil (Volqa) çayı boyunca Xəzər dənizinə, daha sonra isə bir qismi Qafqazı keçərək Anadoluya qədər yayılmışlar. Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Şimali Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir.
Qızıl Orda imperiyasının parçalanmasından əvvəl Sibir xanlığının ilk hökmdarı Mamiq oğlu Taybuğa olmuşdur. Çingiz xan ona İrtış, Tobul, İşim və Tura çaylarının sahillərini vermişdi. Bu xanlığın mərkəzi Çimki-Tura, indiki Tümen şəhəri olmuşdur. Sonralar bura sadəcə, Tura deyilmişdir. Taybuğadan sonra xanlığı Xoca xan, Mar xan və daha sonra onun nəvələri Məhəmməd xan, Anqış xan, Məhəmməd xanın oğlu, Qasım xan və oğlu, Yadigar xan idarə etmişdir. Qazan xanlığının ruslar tərəfindən işğalından sonra Yadigar xan könüllü olaraq rus təbəəliyini qəbul etmişsə də, Çingiz xanın nəslindən olan Küçüm xan Yadigar xanı məğlub edərək 1563-cü ildə Sibir xanlığını da öz əlinə keçirmiş, türk (tatar) boyları arasında islam dinini yaymış, bu məqsədlə Buxara xanı Abdullah xana müraciət edərək islam dinini öyrədən xocalar göndərilməsini xahiş etmiş və Buxara xanı tərəfindən buraya din alimləri və şeyxləri göndərilmişdir. Beləliklə, Küçüm xanın səyi nəticəsində Sibir türklərinin böyük bir qismi şamanizmi tərk edib islamlaşmış, bir qismi isə bu günə qədər yenə də şamanizmdə qalmaqdadırlar. Böyük mədəni quruculuq işlərinə başlayan Küçüm xan rus hücumu nəticəsində bu işləri dayandırıb ruslarla savaşmaq məcburiyyətində qalır. Bir tərəfdən ruslarla, digər tərəfdən də rus knyazlarının zülmündən qaçaraq Yermakın başçılığı ilə qaçaq dəstəsi yaradan kazaklara qarşı vuruşan Küçüm xan və qardaşı Məhəmməd Qul tatar bəylərini ümumi düşmənə qarşı bir araya gətirə bilmədiklərindən ruslara məğlub oldular. Doğrudur, Küçüm xan ruslar tərəfindən hər cür yardım edilən və "Sibir fatehi" elan edilən kazak dəstəsinin başçısı ataman Yermakı 1584-cü ildə məğlub edərək öldürdü və rusları Sibirdən qaçmağa məcbur etdi, lakin Moskva tərəfindən vaxtilə xristianlığı qəbul etmiş tatar mirzalarından Mansurov adlı birinin komandanlığında Sibirə toplarla silahlanmış bir hərbi dəstə göndərildi. Tatar əsilli Mansurovun rəhbərlik etdiyit bu hərbi dəstə Şimali Sibirin istehkam qalalarını və xüsusilə müqəddəs sayılan "Bütləri" top atəşinə tutaraq qorxu yaratdı. Bütlərin dağılmasından qorxuya düşən ostyaklar rus hakimiyyətini tanımağa məcbur oldular. Küçüm xan bu məğlubiyyətlərə baxmayaraq, ruslara qarşı savaşı davam etdirdi. Vəziyyətin çətin olduğunu görən ruslar Polşa, Litva əsirlərini və Dnepr kazaklarını da öz min nəfərlik hərbi hissələrinə qataraq nəhayət 1598-ci ildə Küçüm xanın üzərinə yürüdülər. Qanlı döyüşlər əsnasında Küçüm xanın ailəsi və yaxınları rusların əlinə keçdi. Ruslar Küçüm xanın əsir edilən ailə üzvlərini Moskvaya göndərdilər. Bu müdhiş zərbə ilə Küçüm xanın siyasi və hərbi fəaliyyəti sona çatsa da, onu ruslar nə əsir götürə, nə də öldürə bildilər. Moskva onu çarın xidmətinə dəvət etsə də o, bu dəvəti qəbğul etməmiş, öz vətənində qalmağı üstün tutmuşdur. Ömrünün sonlarına doğru Küçüm xanın gözləri tutulmuş və öz əcəli ilə 1600-cü ildə vəfat etmişdir. Küçüm xanın ölümündən sonra ruslar mərhələ-mərhələ Sibirin buryatlar, tunquslar, yakutlar yaşayan ərazilərini də XVII əsr boyu zəbt edərək öz ərazilərini türk boylarının hesabına daha da genişləndirdilər. Beləliklə, bir türk-tatar xanlığı da tarixə qovuşmuş oldu.
Xanlıq əhalisinin qalıqları
redaktəUral dağlarının şimalındakı Tobol, İrtış, İşim və Ob çaylarını əhatə edərək Altay dağlarına qədər uzanan bu geniş ərazidə bu gün də müxtəlif türk boyları yaşamaqdadır. Sibirdə başlıca olaraq yakutlar, tuvalılar, Qərbi Sibir tatarları, xakaslar, altaylar, Sibir buxaralısı, dolqanlar, şorlar və s. kimi dəyişik adlarla türk xalqları və mərhələ-mərhələ Sibirə köçürülmüş ruslar yaşamaqdadır. Bu gün Rusiya Federasiyasının tərkibində olan bu geniş ərazidə Buryat Muxtar Respublikası, Tuva Muxtar Respublikası, Altay Respublikası və Krasnoyarsk, Kemerov, Novosibirsk, Omsk, Tomsk, Tümen, Arxangelsk, İrkutsk və Çikitinsk vilayətləri yerləşir. Çox böyük yeraltı sərvətlərə malik bu bölgədə çox az insan yaşamaqdadır ki, bunların təqribən 1,5 nəfəri türklərdir. Onlara Sibir və ya Altay türkləri deyilir.
Tuvalılar
redaktəTuva türklərinin adına ilk olaraq Çinin Su sülaləsinin (581–618) qeydlərində rasi gəlinir. Tuvalıların yaşadıqları bölgəyə tarixən Tannu-Tuva, işlətdikləri dilə Soyonca və ya Uranxayca deyilmişdir. Bu gün Tuvalılar qədim bir türk dilini işlədirləçr ki, digər Türk xadlqlarının onları tam anlaması zordur. Tuvalıların Karaqas və ya Tofa deyilən bir boyu da vardır. Tuva Muxtar Respublikasının əravzisi 1.750.500 kv. km-dir. Əhalisi təqribən 400000 nəfərdir ki, bunun 300000 nəfəri Tuva Türkləri, qalanları isə rus, xakas, ukrain və digər xalqlardır. 1990-cı illərdən başlayaraq, Tuva Türkləri siyasi fəaliyyətə başlayaraq öz ölkələrindən rusları çıxarmsağa başlayıblar.
Tuva Muxtar Respublikası ərazisinin yarısı meşəlikdir. Muxtar Respublikada ağac, dəri və yeyinti sənayesi məhsulları istehsal edilir, daş kömür çıxarılır. Qoyun, mal-qara, donuz, at, dəvə və maral saxlanılır. Kürk hazırlamaq üçün vəhşi heyvanlar ovlanır.
Yakutlar
redaktəRusiya Federasiyasının ərazicə ən böyük Muxtar Cümhuriyyəti Yakutiyadır. Ümumi sahəsi 3.103.000 kv. km-dir. Əhalisi 1,5 milyon nəfərdir. Əhalisinin çoxu ruslardır. Yakut və ruslardan başqa ölkədə Tatarlar, Ukraynalılar və digər xalqlar yaşayır. Ərazisindən Anabar, Olenek, Lena, Yana, İndiqirka və Kolomna çayları axır. Qışı çox uzun — 220 gündür. Ölkənin beşdə dörd hissəsi iynəyarpaqlı meşələrdən ibarətdir. Ölkədə soyuğadavamlı Ren maralları və at yetişdirilir. Kürk hazırlamaq üçün heyvanlar ovlanılır. Əhali balıqçılıqla da məşğul olur. Zəngin yeraltı sərvətlərə malikdir. Ölkədə xeyli qızıl, almas yataqları var. Bundan əlavə qurğuşun, sink, volfrom və molibden çıxarılır. Ölkənin çox zəngin kömür ehtiyatları olduğu təxmin edilir. Yakutların dünyadakı ümumi sayı 500000 nəfərdir ki, bunların da 97 faizi öz Cümhuriyyətlərində yaşayır.
Xakaslar
redaktəKrasnoyarsk bölgəsinə daxil olan Xakas Muxtar Vilayətinin ərazisi 64400 kv. km-dir. Cəmi yarım milyon əhalisi olan bu Muxtar Vilayətin yalnız yüz mini Xakas Türkləridir. Xakas Türklərinin Saqay və Qırğız adlı iki mühüm qolu var.
Altaylar
redaktəDağlıq Altay Muxtar Vilayətində təqribən 250 min əhali yaşayır ki, bunların da yalnız 100 min nəfəri Altay Türkləridir. Altay Türklərinə əvvəllər Oyrotlar da deyilmişdir.
Şorlar
redaktəKemerov Vilayətində sayları 100 min nəfər olan Şor türkləri yaşayırlar.
Dolqanlar
redaktəKrasnoyarsk bölgəsinə bağlı Taymır Muxtar Mahalında 10000 nəfər Dolqan Türkləri yaşayır. Dolqanlar indi özlərinə Saka, yəni Yakut deyirlər.
Barabinlər
redaktəSibir bölgəsində yaşayan Tobolsk, Tümen, Tomsk və Barbara Tatarlarının Qazan Tatarları ilə çox yaxın qohumluq əlaqələri var.
Buxaralılar
redaktəBu bölgədə Sibir Buxaralıları deyilən bir Türk boyu da vardır ki, sayları 50 minə yaxındır.
Dilləri
redaktəSibir bölgəsində yaşayan Türk — Tatarların dilləri əsasən orta əsrlərdə bu ərazidə yaşamış Türk boylarından olan Peçenq və Qıpçaq dillərinin davamı olub iki şivədə danışırlar. Bunlardan biri Qazan Türkcəsi və ya Tatarcadır. Bu şivəyə Tatarlarla yanaşı Başqırd, Hoqay və Miser ağızları daxildir. İkincisi isə Altay şivəsidir. Bu şivədə Qərbi Sibirdə İrtış, Tara, Tobol və Tumlu çayları ətrafında yaşayan Türklər danışırlar.
Rus işğalı və türk dili
redaktəQızıl Orda imperatorluğu dağıldıqdan sonra bu imperatorluğun ərazisində bir sıra Xaqanlar yarandı və bu Xaqanlar da mərhələ-mərhələ Ruslar tərəfindən işğal edildi. Bu işğal təkcə ərazi işğalı deyil, həm də mənəvi işğal oldu. Bu işğallar Türk dili üçün də təsirsiz qalmadı, təbii olaraq Türk dilinin yaşama qüdrətinə də ən böyük zərbə vurdu. Dar bir mühitdə adi ehtiyacları ödəmək məcburiyyətində qalan Türk dili istər-istəməz məhəlli xüsusiyyətlərinə uymaq məcburiyyətində qaldı. Adda-budda öz mövcudluğunu qoruyub saxlayan mədrəsələrdə də tədris dilinin ərəb və farsca olması bu işi daha da çıxılmaz etdi. Ən böyük zərbəni isə ruslar vurdu. Rus hökuməti Türk milli varlığını yox etmək üçün nələr düşünə bildisə, bunların hamısını təcrübədən keçirdi. İlk əvvəl Çar Rusiyası türk torpaqlarını parçalamaq, türk ərazilərini bir-birindən ayırmaq üçün süni rus mühacir məntəqələri yaratı, münasib olmayan yerlərdə xüsusi idarəçilik formaları təsis etdi. O dövrdə Türk milli birliyinin sütunlarından sayılan İslam dininə qarşı xüsusi missioner təşkilatlar hazırlayıb Türk bölgələrinə göndərdi. Maarifin türklər arasında yayılması üçün xüsusi tədbirlər gördü, milli mətbuatın yaranmasını yasaqladısa, bolşevik dövrü Sovet Rusiyası daha da irəli gedərək "Türk" adını işlətməyi və hətta elmi ədəbiyyatda belə işlədilməsini yasaqladı. Türk Vətəni sözdə "müstəqil" dövlətlərə ayrılaraq ayrı-ayrı adlarla adlandırıldı, ümumi türk dili anlayışı bir sıra qəbilə, xalq və şivə adları ilə əvəzləndi. Bütün bunlar da azmış kimi hər bir Türk qəbiləsi üçün ayrı-ayrı fonetik əlifbalar qəbul etdirdi. Beləliklə də türk dilini ictimai-mədəni bir vasitə olmaqdan çıxararaq kiçik qəbilə və tayfaların yalnız gündəlik ehtiyaclarını ödəyəcək məişət dilinə çevirmək, bunun yerinə Rus dilini yerləşdirmək və bununla da öz assimiliyasiya siyasətini həyata keçirməyə çalışdılar və buna müəyyən qədər də nail oldular.