Sparta - Wikipedia
Sparta və ya Lakedemon — klassik antik dövrdə Yunanıstanda şəhər. E.ə. II minilliyin sonunda Dori istilasından sonra Peloponnes (Mora) yarımadasında dorilər tərəfindən qurulan şəhər və şəhər dövləti. Yunanıstanda qədim dövlət.
Sparta | |
---|---|
Σπάρτη | |
37°04′55″ şm. e. 22°25′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | e.ə.900 |
Ləğv olunub | e.ə. 192 |
Sahəsi |
|
Əhalisi | |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSpartanın tarixi şəhər-dövlətlərin siyasi təkamülündə istisnalıq təşkil edir. Spartalıların digər yunanlarla eyni kökdən gəlməsinə baxmayaraq, dövlət demokratik idarəçilik istiqamətində heç bir inkişafa nail olmamışdı. Bunun əvəzində, Sparta müasir elit diktatorluğa bənzər formada inkişaf etmişdi. Dövlət 6 əsrdən sonra mədəni cəhətdən də inkişafı dayandırmışdı. Ölkənin ətraf aləmdən təcrid olunması qismən bunun səbəblərindən biri idi. Şimal-qərbdən və Qərbdən dağlarla əhatələndiyinə və limanların azlığına görə Spartalıların ətraf dünyada yaşanan inkişafdan faydalanmaq şansı az idi. Bundan əlavə, azadlıq mübarizəsində xalqa yardım edəcək orta sinif yox idi. Sparta Yunanıstanın Lakoniya yaxud Lakedemoniya adlanan vilayətinin əsas şəhəri idi. Buna görə də Sparta bəzən Lakoniya (yaxud Lakedemoniya), spartalılar isə lakoniyalılar adlanırdı. Müasir dövrdə istifadə etdiyimiz “lakonik” sözünün kökü qədim spartalıların sözlərə qənaət etməsi faktına dayanır.
Peloponnes yarımadasının cənub-şərqində Lakoniya, cənub-qərbində isə Messeniya vilayəti yerləşirdi. Bu ərazinin torpağı çox münbit idi. E.ə. II minillikdə dorilər hücum edib Lakoniyanı tutduqdan sonra Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar. Spartalılar messeniyalılara qarşı uzun müddət mübarizə apardılar, e.ə.VII əsrdə onlara qalib gəldilər. Tabe olmayanlara ölkədən çıxıb getməyə icazə verdilər. Spartalılar yerli əhalinin çoxunu qula çevirdilər.
Qulları hilot adlandırırdılar. Azad adamlar spartalılara vergi verirdilər. E.ə. VI-VIII əsrlərdə Spartada quldarlıq dövləti yarandı. Burada xalq yığıncağı ahıl adamlardan ağsaqqallar şurası seçirdi. Onun üzvləri mühüm işlərə başçılıq edirdilər. Spartalılar ancaq hərbi işlə məşğul idilər. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Döyüş vaxtı onlar bir cərgəyə düzülüb nizələrini qabağa uzadır, irəli yeriyir, sanki divar hərəkət edirdi. Belə düzülüş falanqa adlanırdı. Spartalılar uşaq vaxtlarından sərt tərbiyə alır, bütün günü hərbi işlə məşğul olurdular. Spartalılar qısa və aydın danışırdılar. Belə danışıq lakonik danışıq adlanırdı. Sparta 30 ilə qədər davam edən Peloponnes müharibəsində (e.ə. 404-431) Afinaya qalib gəlmiş, bütün Yunanıstana hakim olmuşdu. E.ə. 146-cı ildə Romadan asılı vəziyyətə düşmüşdü.
Messeniyanın işğalı
redaktəSpartalılar mənşəcə şərqi Peloponnesdən gəlmiş işğalçı dorilər idilər. Onlar e.ə. 9-cu əsrin sonlarında bütün Lakoniyanı ələ keçirmiş, lakin bununla kifayətlənməmişdilər. Tayqet dağlarının qərbində Messeniyanın münbit çöllükləri yerləşir. Spartalılar oranı işğal etmək qərarına gəldilər. İşğal uğurlu oldu və Messeniya vilayəti Lakoniyaya birləşdirildi. Təxminən e.ə. 640-cı ildə messeniyalılar Arqosun ordusuna qoşuldular və üsyan başlatdılar. Lakoniya işğal edildi, lakin Arqos sərkərdəsinin ölümü və Tirtey dastanının vətənpərvər çağırışları spartalıları məğlubiyyətdən xilas edə bildi. Bu dəfə qaliblər heç kimə aman vermədilər. Onlar Messeniyanın torpaqlarıını ələ keçirdilər, dövlət idarəçilərinin bəzilərini öldürdülər, digərlərini isə sürgünə göndərdilər və əhalini qula (hilot) çevirdilər. Bundan sonra Spartanın xarici siyasəti müdafiəyönümlü oldu. Messeniya müharibəsindən sonra spartalılar xarici işğalların hilot üsyanına fürsət yaradacağından ehtiyat etdilər. Bu səbəbdən, Sparta özünü o vaxta qədər qazandıqlarını qoruyub saxlamağa həsr etdi.
Peloponnes müharibəsi
redaktəAfina e.ə. 478-ci ildə bir neçə yunan şəhəri ilə bərabər Deliya liqası adlanan hücum və müdafiə məqsədli ittifaq yaratdı. Farslarla aparılan müharibənin bitməsinə baxmayaraq, ittifaq illərlə qorunub saxlandı, çünki yunanların əksəriyyəti farsların geri dönməsi ehtimalından qorxurdu. Vaxt keçdikcə, Afina şəxsi istəklərinə görə ittifaqı tədricən hərbi-dəniz imperiyasına çevirdi. Afina öz məqsədləri üçün ümumi xəzinədəki pullardan istifadə etməyə başladı. Bu, qalan digər üzvlərin narazılığına səbəb oldu və nəhayət onlardan biri üsyan qaldırdı. Afina üsyanı yatırtdı, həmin şəhərin donanmasını zəbt etdi və işğal edilmiş ölkə kimi ona xərac kəsdi. Bu cür özbaşına davranış Afinanın heqemonluğunun bütün Yunanıstana yayılacağından ehtiyat edən Spartanın şübhələrini artırdı.
Müharibənin əsas səbəblərindən biri də Afina və Sparta arasındakı sosial və mədəni fərqlər idi. Afina demokratik, proqressiv, urban, imperialist, və elmi və mədəni cəhətdən inkişaf etmiş ölkə idi. Sparta isə aristokratik, konservativ, aqrar, provensial və mədəni cəhətdən geri qalmışdı. Bir-birindən bu qədər kəskin fərqlənən sistemlər yan-yana mövcud olanda münaqişənin baş verməsi qaçılmazdır. Afina və Sparta bir-birinə düşməncəsinə münasibət bəsləyirdilər. Afina Spartanı yontulmamış hesab edirdi. Spartalılar afinalıları şimali Peloponnes dövlətlərinin idarəsini ələ keçirməyə çalışmaqda və hilotları üsyan qaldırmağa təşviq etməkdə günahlandırırdılar. Münaqişənin başlanmasında iqtisadi amillər də böyük rol oynamışdı. Afina Siciliya və şimali İtaliya ilə əsas ticarət yolu olan Korinf körfəzini ələ keçirmək istəyirdi. Bu, Afinanı Spartanın əsas müttəfiqi Korinfin ölümcül düşməninə çevirirdi.
E.ə. 431-ci ildə başlayan və e.ə. 404-cü ilə qədər davam edən müharibə Afina üçün dəhşətli fəlakətlərlə nəticələndi. Afinanın ticarəti dağıldı, demokratiya devrildi, əhali isə dəhşətli qırğına məruz qaldı. Mənəvi tənəzzülü hərbi məğlubiyyətlər əvəz etdi. Xəyanət, rüşvətxorluq və vəhşilik son bir neçə il davam edən müharibənin gətirdiyi müsibətlər arasında idi. Afinalılar Milos adasının bütün kişi əhalisini qətlə yetirdi, qadınları və uşaqları isə qula çevirdilər. Nəhayət, Samos istisna olmaqla bütün müttəfiqlərini itirən və ərzaq ehtiyatı tükənən Afinanın təslim olmaq yaxud aclıqdan ölməkdən başqa seçimi qalmamışdı. Afina qarşısında qoyulan şərtlər dəhşətli idi; qalaların dağıdılması, bütün xarici əmlakın və donanmanın təslim edilməsi, hakim dövlət kimi Spartaya tabe olmaq.
Bütün Yunanıstan üzərində heqemonluğu
redaktəSparta Afina üzərində qazandığı qələbədən sonra bütün Yunanıstanda hakimiyyəti ələ keçirdi. Spartanın dəstəklədiyi oliqarxiya bir sıra yunan şəhərində demokratiyanı əvəz etdi. Lakin Spartanın e.ə. 404 və e.ə. 371-ci illər arasında bütün Yunanıstan üzərində mütləq hakimiyyətini qoruyub saxlamaq üçün gücü və siyasi bacarığı kifayət etmədi. Bunun nəticəsində bir sıra yunan şəhərində vətəndaşlar arasında münaqişə başladı. Bu şəhərlərdə Spartanın əleyhinə olan demokratlar Spartanın dəstəklədiyi oliqarxlara qarşı üsyan qaldırdılar, bundan əlavə, Afina və Fiv şəhərində demokratlar Spartanın Yunanıstandakı heqemonluğuna son qoymaq üçün hakimiyyəti ələ keçirmişdilər. Fiv e.ə. 371-ci ildə Levktra döyüşündə Sparta qoşunlarını məğlub etdi. Lakin Fiv də Yunanıstanı uzun müddət idarə edə bilmədi. E.ə. 371-ci ildən e.ə. 338-ci ilə qədər dəyişən müttəfiqlər arasında aramsız döyüşlər davam etdi. Müharibə aparan tərəflər artıq tükənmişdilər. Yunan mədəniyyətinin möhtəşəmliyinin (ən görkəmli yunan filosofları Platon və Aristotel sayəsində yunan fəlsəfəsi təxminən e.ə. 390 və e.ə. 330-cu illər arasında öz zirvə dövrünü yaşayırdı) gec sönməsinə baxmayaraq, Yunanıstanın əsas şəhərlərinin hamısı tez bir zamanda hərbi və siyasi baxımdan zəifləmişdi.
Dövlət quruluşu
redaktəSparta konstitutsiyası Qaranlıq əsrlərdəki köhnə sistemin formalarını qoruyub saxlayan dövlət quruluşunu dəstəkləyirdi. Lakin bir deyil, ayrı-ayrı yüksək rütbəli ailələri təmsil edən iki hökmdar var idi. Sparta hökmdarlarının hakimiyyəti məhdud idi. Onlar, əsasən, hərbi və dini lider idilər. Dövlətin ikinci orqanı iki hökmdar və 60 yaşdan yuxarı 28 zadəgandan ibarət şura idi. Bu orqan idarəçilik işlərinə nəzarət edir, yığıncağa təqdim etmək üçün qanun layihələri hazırlayır və cinayətin istintaqında ali məhkəmə kimi xidmət edirdi. Dövlətin üçüncü orqanı olan yığıncaq yetkinlik yaşına çatmış bütün kişi vətəndaşlardan ibarət idi, o, şuranın təkliflərini qəbul yaxud rədd edir və hökmdarlar istisna olmaqla bütün siyasi məmurları seçirdi. Sparta kontitutsiyasında ən ali dövlət orqanı 5 kişidən ibarət eforat adlanan şura idi. Eforlar əslində dövlətin özü idilər. Onlar şura və yığıncağı idarə edir, təhsil sisteminə və əmlakın bölüşdürülməsinə nəzarət edir, vətəndaşların həyatını senzuradan keçirirdilər. Eforatın bütün qanun layihələrinə veto qoymaq, yeni doğulmuş körpələrin talelərini həll etmək, şuradan əvvəl istintaq aparmaq və hətta dini işlər qaydasında getməsə, hökmdarları devirmək hüququ var idi. Buna görə də eforlar tərəfindən idarə edilən Sparta dövləti oliqarxiya hesab edilir.
Apella
redaktəSpartanın bütün tamhüquqlu, 30 yaşına çatmış vətəndaşlarının xalq yığıncağı. Əvvəllər Apellalar çarlar, sonralar isə eforlar tərəfindən çağırılırdı. Apella ali hakimiyyət orqanı hesab olunsa da, hüquqları gerusiya tərəfindən məhdudlaşdırılırdı. Apella gerusiya və eforların qərarlarını təsdiq və ya rədd edə bilər, lakin onları dəyişmək, yaxud təklif irəli sürmək hüququna malik deyildi. Qərarlar səsvermə yolu ilə qəbul edilirdi. Səsvermənin nəticəsini gerontlar müəyyən edirdilər. Apella çar və ya gerusiya tərəfindən buraxıla bilərdi. Apella qeyri-müntəzəm çağırılırdı, bu da Sparta oliqarxiyasının maraqlarına xidmət edirdi.[1]
Sosial və ictimai həyat
redaktəSpartalıların həyatının, demək olar ki, bütün əsas aspektləri messeniyalılarla apardıqları müharibə ilə əlaqədar idi. Onlar düşmənləri tabe və qarət edərkən istəmədən özlərini qula çevirmişdilər. Spartalılar əsrlər boyunca üsyan qorxusu ilə yaşamışdılar. Bu qorxu onların konservatizmini və yeniliyə qarşı inadcıl müqavimətini izah edir. Onlar hər hansı yenilik baş verərsə, sistemin zəifləyəcəyindən qorxurdular. Onların əyalətçiliyi də eyni səbəblə əlaqəli idi. Onlar inkişafın ölkəyə gətirə biləcəyi təhlükəli ideyalardan qorxaraq səyahəti pisləyir və ətraf dünya ilə ticarət əlaqələrini qadağan edirdilər. Vətandaş sinifinin çox sayda qul əhali üzərində mütləq hakimiyyətini qoruyub saxlamaq ehtiyacı dəmir intizam və ciddi idarəçilik tələb edirdi; buna görə də spartalıların kollektivizmi sosial və iqtsadi həyatın bütün sahələrini əhatə edirdi. Spartalıların mədəni geriliyi təmkinlilikdən irəli gəlirdi və bu təmkinlilik Messeniyanı işğal etmək və onları sərt təzyiq altında saxlamaq üçün aparılan qızğın mübarizədən qaynaqlanırdı.
Sparta əhalisi 3 əsas sinifə bölünürdü. Hakimiyyət spartalılara yaxud ilk işğalçıların varislərinə məxsus idi. Spartalılar tarix boyu bütün əhalinin ən çox 1/20 hissəsini təşkil etmişdilər, lakin bütün siyasi üstünlük onlara məxsus idi. İkinci sinif periyeki yaxud “ətrafda məskunlaşmışlar” idilər. Bu sinifin mənşəyi naməlumdur, lakin, çox güman ki, onlar bir vaxtlar spartalıların müttəfiqləri olmuş və Sparta hakimiyyətini könüllü şəkildə qəbul etmiş xalqlar idilər. Hakim sinif və hilotlar arasında bufer əhali rolunu oynayan periyekilərə xidmətlərinin əvəzi olaraq ticarət və sənətkarlıqla məşğul olmağa icazə verilirdi. Ən alt təbəqə isə torpaq mükəlləfiyətli hilotlar yaxud qullar idi. Bu siniflər arasında yalnız periyekilər rahatlıq və azadlıqdan nəzərəçarpan dərəcədə zövq ala bilirdilər. Hilotların iqtisadi vəziyyəti o qədər də ağır deyildi, onlar sahiblərin mülkündə istehsal etdikləri məhsulun bir hissəsini özlərinə götürə bilərdilər, lakin onlarla mənəvi cəhətdən alçaldıcı rəftar edildiyinə görə tez-tez üsyan qaldırırdılar. Üsyanın qarşısını almaq üçün gənc spartalılar bəzən hilotlar arasında gizlin şəkildə yaşamağa göndərilirdi, onlar istədikləri şəxsi öldürmək hüququna malik gizli polislər idilər.
Spartiat sinifində doğulan şəxslər həyatları boyunca şərəfli qulluğa məhkum edilirdi. Sərt qaydalara tabe olmağa və şəxsi istəkləri qurban verməyə məhkum edilmiş spartalılar böyük maşındakı kiçik vintə bənzəyirdilər. Spartalı uşaqlar doğulanda möhkəmlik testindən keçir, zəif hesab edilən körpələr isə bir təpənin zirvəsində ölümə tərk edilirdi. Spartalı kişilərin təhsili, demək olar ki, hərbi təlimlə məhdudlaşırdı. Hərbi təlimlər yeddi yaşdan başlayır, oğlanları müharibəyə hazırlamaq və möhkəmlətmək üçün rəhimsiz cəzalar verilirdi. 20 yaşından 60 yaşına qədər bütün kişilər, demək olar ki, bütün vaxtlarını dövlət xidmətinə həsr edirdilər. Evliliyin məcburi olmasına baxmayaraq, az sayda ailə var idi; gənc kişilər kazarmalarda yaşamalı idilər. Onlar 30 yaşından sonra hələ də hərbi yeməkxanalarda yeməli idilər. Kişilər həyat yoldaşlarını güc rəmzi olaraq toy gecələrində qazanırdılar. Onlar qadınlarını sonra çox az görürdülər, bəzən kişilər “həyat yoldaşlarının üzünü gün işığında görməzdən əvvəl uşaq sahibi olurdular” (Plutarx, “Likurq”, Görkəmli kişilərin həyatı 1, 81). Güclü övladlar dünyaya gətirmək qadınların əsas vəzifəsi idi, lakin analar övladlarının dövlətin malı olması faktını qəbul etməli idilər. Spartalılar bu çətinliklərə və məhrumiyyətlərə etiraz etmirdilər. Çox güman ki, hakim sinif statusu onlara sərt qaydalar və hüquqların təkzibini unutdururdu.
İqtisadi həyat
redaktəSpartanın iqtisadi quruluşu, demək olar ki, tamamilə hərbi məhsuldarlıq və vətəndaş sinifinin hakimiyyətinə istiqamətlənmişdi. Ən yaxşı torpaqlar dövlətə məxsus idi və bərabər hissələrə bölünərək spartiat sinifinə verilirdi. Torpaq satıla, bağışlana və dəyişdirilə bilməzdi. Lakin sonralar torpağın satışına və dəyişdirilməsinə icazə verildi, bunun nəticəsində bəzi vətəndaşlar varlandılar. Torpağın becərilməsi ilə məşğul olan hilotlar dövlətə məxsus idi və torpaqla bərabər ayrı-ayrı şəxslərə verilirdi. Hilotların sahiblərinə onları azad etmək və ölkədən kənara satmaq qadağan edilmişdi. Hilotların əməyi bütün vətəndaş sinifinin ehtiyaclarını təmin edirdi. Çünki vətəndaş sinifinin üzvlərinə iqtisadi və kənd təsərrüfatı işləri ilə məşğul olmaq qadağan edilmişdi. Spartanın minimal ticarəti və sənayesi periyekilər tərəfindən həyata keçirilirdi. Beləliklə, Sparta hökuməti nə qədər repressiv idisə, iqtisadiyyatı da bir o qədər durğun idi.
Ədəbiyyat
redaktə- Elmi axtarışlar.
- Андреев Ю. В. Архаическая Спарта. Искусство и политика. СПб., 2008.
- Андреев Ю. В. Мужские союзы в дорийских городах-государствах (Спарта и Крит). СПб.: Алетейя, 2004. — ISBN 5-89329-669-9.
- Зайков А. В. К вопросу о специфике спартанской экономики // Из истории античного общества. Нижний Новгород, 1991. C. 5—14. (Текст доступен с официального сайта исторического факультета Нижегородского государственного университета).
- Зайков А. В. Территориальная экспансия Лакедемона и становление спартанского полиса // Вестник Ленинградского государственного университета. 1991. Сер. 2. Вып. 3. С. 24–29.
- Зайков А. В. Спартанские ксенеласии // Античная древность и средние века. Вып. 30. Екатеринбург: УрГУ, 1999. С. 6—25.
- Печатнова Л. Г. История Спарты. Период архаики и классики. — Гуманитарная Академия, 2002. — ISBN 5-93762-008-9.
- Хэммонд Н.Дж.Л. Пелопоннес // Расширение греческого мира. VIII—VI вв. до н. э. М.: Ладомир, 2007 (Кембриджская история древнего мира. Т. III, часть 3). — ISBN 978-5-86218-467-9.
- Научно-популярные издания.
- Дубровский И. Спартанский эксперимент Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine // Вокруг света. — 2006. — № 1 (2784).
- Секунда Н. Армия Спарты. М.: АСТ, Астрель, 2004.- ISBN 5-17-023262-4, ISBN 5-271-08554-6, ISBN 1-85532-689-0.
- В. С. Сергеев. История Древней Греции. СПб, издательство "Полигон", 2002, 702 стр., ISBN 5-89173-171-1
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- GTP—Sparta
- GTP—Ancient Sparta
- Sparta'nın tekrar gözden geçirilmiş tarihi, Antik Sparta'nın inanaçları ve kültürü
- Journal of Laconian Studies—A peer-review open source Journal for the study of Laconian history Arxivləşdirilib 2010-02-11 at the Wayback Machine
- Sparta & Yunan tarihi Arxivləşdirilib 2016-10-21 at the Wayback Machine
- Antik Tarih Kaynak Kitabı: 11. Brittanica: Sparta
- Antik Sparta'nın tarihi Arxivləşdirilib 2001-03-05 at the Wayback Machine
- Sparta gerçekleri
- Sparta Tarihi
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 571. ISBN 978-9952-441-02-4.