Aleksandriya Peterhof - Wikipedia
Aleksandriya (rus. Александрия) — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblıdır. Bura 1830-cu ildən - 1917-ci ilə qədər Rusiya imperatorlarının iqamətgahlarından biri idi (İmperator Əlahəzrətinin yay sarayı).
Aleksandriya | |
---|---|
Александрия | |
59°52′50″ şm. e. 29°56′24″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Peterhof |
Yerləşir | Peterhof |
Tikilmə tarixi | 1725 |
Sahəsi | 115 ha |
İstinad nöm. | 7810400000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəXVIII əsr
redaktəAleksandriyanın yerləşdiyi torpaq sahəsi I Pyotrdan bağ evləri üçün torpaq əldə etmiş dörd mülkiyyətçiyə məxsus idi. Tarixi məlumatlara əsasən, bu sahələr katib Aleksandr Yakovlevə, qvardiya-leytenantı Danila Çevkinə, general-feldseyxmayster Yakob Brüs və Pyotr Moşkova məxsus idi. Sahiblər 1725-ci ilə qədər dəyişmişdir.
Bəzi məlumatlara görə, 1725-1726-cı illərdə bu torpaqlar Aleksandr Daniloviç Menşikov əldə etmiş və burada Monkuraj (Mənim cəsarətim) adlı sarayın tikintisinə başlamışdır. Buna baxmayaraq, sarayın tikinti işləri tamamlanmamışdı. Pyotrun ən yaxın favoritinin rüsvayçılığından sonra, həmin bu torpaqlar onun siyasi əleyhdarları olan knyaz Dolqorukilərə sövq edilmişdir. Yeni sahiblər ərazinin abadlaşdırılmasından az maraqlanırdılar və bu səbəbdən də xalq arasında buralar "Dolqorukovun boş əraziləri" adlandırılmışdır. 1733-cü ildə bu ərazi imperatriça Anna İoannovnanın mülkiyyətinə çevrilir. Tezliklə burada "Yaqdpark" adı ilə tanınan ovçuluq parkı yaradılır və buraya çox sayda maral, camış, çöl donuzu, dovşan və hətta pələnglər gətirilir. Parkın yuxarı hissəsində heyvanlar üçün yeger slobodası və küzələr, aşağı hissədə isə "Tempel" adlı taxta pavilyonu inşa edilir. Həmin bu pavilyondan imperatriça əvvəlcə sərbəst buraxılan, daha sonra isə saray itləri tərəfindən təqib olunan heyvanlara atəş açırdı.
XVIII əsrin 70-ci illərində yay imperator iqamətgahı qismində Tsarskoye Selo seçilir və Aleksandriyanın ovçuluq sahəsi tənəzzülə uğrayır. Heyvanlardan yalnız kiçik sayda marallar qorunub saxlanılmış və onların bir çoxu əhilləşdirilmişdir. Ərazi "Maral heyvanxanası" adı ilə tanınmağa başlamışdır. Ərazinin bir hissəsi Draqun alayının leyb-qvardiyası üçün otlaq və meyvə bağları kimi istifadə edilmişdir. XVIII əsrin sonunda Menşikov sarayından yalnız xarabalıqlar qalmışdır, "Tempel" pavilyonu isə tezliklə sökülmüşdü.
XIX əsr
redaktə1825-ci ildən bu torpaqların sahibi imperator I Nikolay olur, o taxta oturduqdan dərhal sonra mülkü həyat yoldaşı Aleksandra Feodorovnaya hədiyyə olaraq verir və bu ərazi onun şərəfinə "Aleksandriya" adlandırılır. Bunun ardından, 1826-cı ildə çar yeni əmr imzalayır: "Menşikovun xarabalıqlarının yerləşdiyi ərazidə bütün təsərrüfat müəssisələri və park da daxil olmaqla, kotiç adlanan kiçik kənd evi inşa edilsin". Həmin ildən parkın abadlaşdırılmasına və kottec adlandırılacaq ingilis üslubunda yay sarayın tikintisinə başlanılmışdır. Tikinti işlərinə memar Adam Menelas başçılıq edirdi.
Sarayın tikintisi 1829-cu ilə qədər davam etmişdir. Eyvan və terraslarla bəzədilmiş qotik üslublu saray, üç bölgülü fasadı olan kiçik iki mərtəbəli bina təəssüratı yaradır. Kottec sarayının fasadında Aleksandriyanın Ağ gül çələnginin içərisindən keçən siyirməqılınc və qalxan emblemi yerləşdirilmişdir. Bu romantik cəngavər gerbi şair Vasili Jukovski tərəfindən yaradılmışdır və Alexandriyanın demək olar ki, bütün binalarında aşkar olunur.
İqamətgahın idillik xarakterini daha da vurğulamaq üçün, memar A.Menelas 1829-1831-ci illərdə Kottecin yaxınlığında "Ferma" adlanan təsərrüfat, çobanlar üçün otaqlar, mətbəx və anbarlar inşa etmişdir. Sonrakı illərdə, düz 1859-cu ilə qədər ferma binası Ştakenşneyder tərəfindən dəfələrlə dəyişikliyə uğramış və 1855-ci ildə imperator titulu əldə etmiş II Aleksandrın yay sarayı üçün uyğunlaşdırılmışdır.
Eyni zamanda, kottec sarayının tikinti işlərinin gedişi ilə birgə daha autentik olan mənzərə-romantik parkın formalaşması da Onun yaradılmasında bağ ustası Peter Erler özünün 20 il əməyini sərf etmişdir.
Aleksandriyanın ən orijinal və maraqlı binaların biri əlbəttə ki, qotik Kapelladır, bu Aleksandr Nevski şərəfinə inşa olunmuş kral ailəsinin ev kilsəsidir.
Aleksandriyanın sonuncu böyük həcmli saray tikililərindən biri, dördmərtəbəli Aşağı və ya II Nikolayın Yeni sarayıdır. Dahi memar A. Tomişko tərəfindən "İtaliya memarlığı" üslubunda inşa olunmuş saray, parkın şimal-şərq küncündə, yəni dəniz sahilində yerləşdiyindən, məhz "daça" adı ilə tanınmışdır.
II Nikolayın daçası böyük siyasi əhəmiyyətə malik bir sıra hadisələri şahidi olmuşdu. Belə ki, burada Birinci Dünya müharibəsinə Rusiyanın da daxil olmasını təsdiqləyən manifest imzalanmışdır. Aşağı daçada imperator II Nikolay və həyat yoldaşı Aleksandra Feodorovna özlərinin ilk yay istirahətini birgə keçirmişdilər. Və burada da 30 iyul 1904-cü ildə onların yeganə oğlu Aleksey anadan olmuşdu.
Sovet dövrü
redaktə1920-1930-cu illərdə Aleksandriya muzey kompleksinə çevrilməyə başladı. 1932-ci ildə Kapella Alexandriya park kompleksinin tarix muzeyinə verilmişdi. Elə həmin il, Fermer sarayının yaxınlığındakı çəmənlikdə bir abidə - massiv postament üzərində piramidal qranit obelisk ucaldılmışdır. Obeliskə əlavə edilmiş mərmər xatirə lövhəsinin üzərində "İş insanları - Peterhof qurucuları" yazısı həkk edilmişdi. Hal-hazırda həmin lövhə obeliskdən çıxardılıb.
1929-cu ildə Kottecin yaxınlığında yerləşən parkda, qeyri-adi muzey açılmışdır: II Nikolaya məxsus və onun sonuncu yaşayış yeri sayılan qatarın iki vaqonu Peterhof muzeyinin işçiləri tərəfindən Dəmir Yolu Xalq Komissarlığından əldə olunaraq, həmin parkda yerləşdirilmişdi. Həmin vaqonların birində sonuncu rus çarı öz taxtından imtina etməsini təsdiqləyən fərman imzalamışdır. Məişət mühitini tam şəkildə qoruyub saxlamış vaqonlarda və onların mühafizəsi məqsədiylə tikilmiş xüsusi odada "İmperialist müharibəsi və çar rejiminin süqutu" adlı böyük bir sərgi açılmışdır. Tikanlı məftil və dirəklərdən hazırlanmış və hasarla əhatə olunmuş bu ərazidə vaqonlar düz 1950-ci ilə qədər saxlanılırdı; mühafizə olunmamasına baxmayaraq, ziyarətçilər tərəfindən buralar maraqla tədqiq olunurdu.
II Nikolayın vaqonları yaxınlığında bir başqa "dəmiryolu" abidəsi - I Nikolayın dövründə Sankt-Peterburq və Moskva şəhərləri arasında istismara verilmiş ilk qatarın vaqonları yerləşirdi.
1926-cı ildə Fermer sarayının birinci mərtəbəsində tarix-məişət muzeyi, ikincisində isə Leninqrad Şəhər Şurasının istirahət bazası açılmışdır. Altı il sonra, muzey naməlum səbəblərdən bağlanılmışdı. Həmin ildə də Aşağı daçada yerləşən muzey bağlanılır, onun binası isə NKVD-nin istirahət və əyləncə mərkəzinə çevrilir.
Böyük Vətən Müharibəsi zamanı Fermer sarayı güclü dağıntıya məruz qalmışdı; onun dekorativ tərtibatı məhv olunur və müharibədən sonra bura Petrodvorets Saat Zavodunun yataqxanasına çevrilmişdir.
Müharibə zamanı saray və park ansamblının digər obyektlərinə də çox böyük zərər dəymişdi. Tikililər içərisində ən az zərər Kottecə dəymişdir - hələ müharibədən bir iki gün öncə eksponatların əksəriyyəti saraydan evakuasiya edilmişdi (ekspozisiyada nümayiş olunan 2500 əşyadan 1980-i xilas edilmişdi).
Müharibə zamanı, park hərbi əməliyyatların keçirildiyi bir məkana çevrilmişdi (Peterhof desantı). Bu zaman sarayın daxili bəzək işləmələrinə çox böyük ziyan dəymişdi. Saray binası dağılmasa da, bütün onun mebelləri məhv edilmiş, yapma naxışlı ornamentlər və oyma palıd pannolar isə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmışdı.
Aşağı daça binası da top atəşi və bombalanmaya məruz qalaraq güclü dağılmışdı. 60-cı illərin əvvəlində daça "avariyalı bina" olaraq qiymətləndirilmiş və ətrafda gəzən çoxsaylı ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə sökülmüşdü.
1978-ci ildə, Leninqrad şəhərinin "Restavratorlar" birliyindən olan rəssamlar, heykəltəraşlar, marmərcilər və bir çox ixtisaslar üzrə ustalar, memar Benuanın rəhbərliyi altında Kottec sarayının bərpasını tamamlamışdılar.
Müasir dövr
redaktəFermer sarayının restavrasiyası demək olar ki, Sankt-Peterburqun 300 illik yubileyi ərəfəsinə başa çatdırılsa da, 22 dekabr 2005-ci ildə baş vermiş yanğın sarayı ciddi şəkildə zədələmişdir. Bərpa işləri yenidən başladılmışdı. Həmçinin bir neçə ildir ki, "Peterhof" Dövlət Muzeyinin elmi tədqiqatçıları sarayın gələcək ekspozisiyası üçün II Aleksandrın dövrünə aid müxtəlif əşyaları eləcə də imperatora aid şəxsi əşyaları əldə edirlər. 2006-cı ildə Fermer sarayının bərpa işlərini davam etmiş və parallel olaraq Aşağı daçanın bərpası üçün layihə tərtib edilmişdir. Kottec ziyarət üçün həmişə açıqdır. 2006-cı ildə, daha bir bərpa işlərindən sonra Qotik kapella kilsə tərəfindən təqdis olunaraq yenidən açılmışdı.
2006-cı ilin sentyabr ayında qotik kapella binasında imperator III Aleksandrın həyat yoldaşı Mariya Feodorovnanın (doğumunda şahzadə Daqmara) vida mərasimi təşkil olunmuşdu.
2008-ci ilin iyun ayının sonunda yenidən bərpa edilmiş "Xaraba körpü" adlanan tarixi abidə, çoxsaylı ziyarətçilərin ixtiyarına verilmişdi. Bir il sonra isə, saray-park ansamblının ayrılmaz hissəsi sayılan Fermer sarayı da təntənəli şəkildə açılmışdı.
Aleksandriya saray-park ansamblının görməli yerləri
redaktəPeyzaj parkı
redaktəAleksandriya (Peyzaj) parkı Peterhof saray kompleksinin Aşağı parkından şərqdə yerləşir və Heyvanlı, Nikolay və ondan Dəniz darvazallarını kəsən daş divar vasitəsiylə ayrılır, digər tərəfdən isə Znamenka malikanəsi ilə sərhədlənir, onun cənub sərhəddi isə Fin körfəzi sahilindəki Peterburq-Oranienbaum (Lomonosov) şossesinə kimi gedib çıxır. Parkın sahəsi 115 hektardır. Dənizkənarı Aleksandriya landşaft parkı iki terrasda - aşağı (sahilyanı) və yuxarı terrasda yerləşir. Burada Kottec, Fermer sarayı və Kapella kimi ansamblın əsas memarlıq strukturları inşa edilmişdir.
Fermer sarayının bağçası | Tozağacı talası | Fin körfəzinə açılan mənzərə | Parkın mərkəzindən keçən kiçik kanal | Sıx meşəlik | Böyük daş körpünün xarabalıqları |
Park ərazisinin relyefi müxtəlif səfalı təbiət landşaftlarını təsvir etməyə imkan yaradır. Burada növbə ilə təpələr talaları, mail yamaclar dərin yarğanları, geniş kölgəli xiyabanlar isə dolama dar yolları əvəz edir. Aleksandriya landşaftına xüsusi özəlliyi parkın bir çox nöqtəsindən görünən dəniz bəxş edir.
Alexandriyanın fərqləndirici xüsusiyyətlərindən biri, yaşıllıqların müxtəlifliyidir. Burada palıd və cökə, tozağacı və ağcaqayın, qovaq və göyrüş kimi müxtəlif ağaclarla rastlaşmaq olar. Burada həm də nadir və ekzotik ağac və kol bitkiləri çox əkilib. Açıq yaşıl sahələr, ağacların və kolların qrupları ilə növbələşir. Bu illər ərzində, Aleksandriya parkı köşk, heykəl və karaulka kimi müxtəlif dekorativ elementlər ilə zənginləşdirilmiş və onların hamısında qotik memarlıq elementləri istifadə olunmuşdur. Belə ki, Kottecin yaxınlığında hündür arxalıqları olan "Qotik divanlar" yerləşirdi. Onun yerində hazırda yaşıl rənglə boyanmış ajur, metallik köşk görmək olar.
Parkdakı romantik əfval-ruhiyyəni dərin uçurum üzərindən salınmış körpü qalıqları daha da vurğulayır. Müharibədən sonra, körpü qalıqlarından yalnız şərq söykənəcəyi və pudoss daşından nəhəng güldanlarla bəzədilmiş iki postament salamat qalmışdı. Körpünün məhz bu cür adlandırılmasının əsas səbəbi isə, tikinti zamanı Menşikov sarayı xarabalıqlarının yaxınlıqda aşkar olunması idi.
Kompozisiya həlli, topoqrafiyanın mahir istifadəsinə və bitkilərin nizamla klassifikasiyasına görə, Aleksandriya park-mənzərə üslubunun gözəl nümunəsi və XIX əsrin rus landşaft memarlığının ən görkəmli abidələrindən biridir.
Parkın kompozisiyasının mərkəzində Nikola xiyabanı durur ki, onu düz xətt üzrə qərbdən şərqə doğru kəsir - daş divarda yerləşən eyni adlı darvazadan Böyük gölməçəyə kimi, burada isə həmin xətt gölməçəni kəsərək parkın şərq sərhəddinə çatır. Nikola xiyabanı parkı şimal və cənub hissələrə - sahilyanı və dağlıq əraziyə bölür. Aleksandriyanın qalan digər yolları mənzərə park tikintisinə xarakterik olan dolama formasındadır.
Kottec
redaktəKottec sarayı Aleksandriya ansamblının mərkəzi memarlıq tikintisidir. Saray yüksək terrasda, parkın cənub-şərq hissəsində yerləşir və buradan Fin körfəzinə, eləcə də Sankt-Peterburq və Kronştadt şəhərlərinin uzaq məsafədən kontur cizgilərinə bənzəyən görüntülərinə möhtəşəm mənzərə açılır.
Kottec 1826-1829-cu illərdə memar A. Menelas tərəfindən tərtib olunmuş layihəyə əsasən psevdoqotika üslubunda inşa edilmişdir. Mansardlı kiçik iki mərtəbəli bina itibucaqlı fronton, sivrli arkada, erker pəncərə, rozettka, tağlı toqqa, xaççiçək və üçyarpaqlı yonca ornamentləri ilə bəzədilmişdir. Saray interyerlərinin inşası və dekorativ bəzədilməsində İncəsənət Akademiyasının sədri D.B. Skotti, oymaçı V. Zaxarov, naxış ustası M. Sokolov, həmçinin bir çox istedadlı rus sənətkarları, döşəməçilər, dülgərlər, daşçılar və digərləri iştirak edirdi.
Qotik məhəccər, tağ və kronşteynlərlə bəzədilmiş zərif tökmə və ajur tavanlar sarayın interyer dizaynını tamamlayan ornamental rəsm əsərləri ilə birlikdə ahəngdarlıq yaradır. Saray otaqlarının mühüm memarlıq və bədii bəzək elementlərindən biri, məharətlə yaradılmış pəncərə və qapı yamaclarının oyma bəzəkləri və parketlərin ciddi həndəsi naxışlarıdır. Qotik ornament əl işi sayılan xalçalarda, sobaların dekorasiyasında, mərmər kamin və mebellərdə də təkrarlanır. Həmçinin divar satları, kandelyabr və çilçıraqlar da qotika üslubunda hazırlanmışdır. İnteryer tərtibatında divarları və bir çox otaqların tavanlarını bəzəyən rəsm əsərləri mühüm rol oynayır. 1828-1829-cu illərdə baş vermiş Rus-Türk müharibəsində rus ordusunun zəfər və qələbəsini, Varna qalasına hücum zamanı rus qoşunları tərəfindən demontaj edilən və daha sonralar vestibülün divarına quraşdırılan böyük həcmli bir daş xatırladır.
Kottec I Nikolay və onun yoldaşı Aleksandra Feodorovnanın yay iqamətgahı olmuşdur.
Memar A.İ. Ştakenşneyder tərəfindən 1842-1843-cü illərdə Kottecə mərmər terraslı gözəl yemək otağı əlavə olunur. Binanın şimal fasadında yerləşən xarici divar nişasına memar "Madonna və Uşaq" heykəltəraşlıq qrupunu yerləşdirmişdir. Ən maraqlı və zəngin bəzədilmiş otaqlar birinci mərtəbədə yerləşir. I Nikolayın kabineti istisna olmaqla, ikinci mərtəbədə yerləşən otaqların interyeri daha sadə və kiçikdir. Birinci mərtəbədə yemək otağı ilə yanaşı Aleksandra Feodorovnanın kabineti, böyük salon, kitabxana, böyük ziyafət və qonaq otaqları da yerləşir. Bir neçə otaq uşaqlar üçün nəzərdə tutulmuşdur. Uşaq otağına çadırabənzər tərtibatı olan geniş "Təlim balkonu" bitişir. Sarayın otaqları - Romantizm dövründə Rusiyada geniş yayılmış interyer tərtibatının tipik bir nümunəsidir.
Oktyabr inqilabından sonra, Kottec sarayı Tarix və İncəsənət Muzeyində çevrilmişdi. Elmi əsaslarla yaradılmış ekspozisiya materialları, bir çox ekskursiyaların həyata keçirilməsinə və muzeyə gələn ziyarətçiləri XIX əsrin ikinci rübündə Rusiya və Qərbi Avropada yaradılmış bir çox sənət əsərləri haqqda geniş məlumat əldə etmələrinə imkan yaratmışdı.
Böyük Vətən müharibəsi zamanı, eksponatların əksəriyyəti saraydan evakuasiya edilmişdi (ekspozisiyada nümayiş olunan 2500 əşyadan yalnız 1980-i xilas edilmişdi), binanın özü isə bir sıra zədələr almasına baxmayaraq, qorunub saxlanılmışdır. Demək olar ki, qalan bütün mebel məhv edilmişdi, yapma naxışlı ornamentlər və oyma palıd pannolar isə əhəmiyyətli dərəcədə dağıntıya məruz qalmışdı.
Sarayın tam bərpası 1978-ci ildə başa çatdırılmışdır.
Fermer sarayı
redaktə1828-1831-ci illərdə memar A. Menelas tərəfindən Böyük knyaz Aleksandr Nikolayeviç üçün süd ferması nəzdində Pavilyon inşa edimişdir. Daha sonra isə, o, dəfələrlə memar A.İ. Ştakenşneyder tərəfindən yenidənqurma işlərinə məruz qalmışdır. Bunun nəticəsində, sadə pavilyon binası neoqotik üslublu yeni və böyük şəhərdənkənar saraya çevrilmiş və imperator II Aleksandrın ailəsi üçün nəzərdə tutulmuş yay sarayı rolunu oynamağa başlamışdır. Fermer sarayının yaxınlığında uşaq oyunları üçün kiçik kəndli daxma, bağçalı miniatür ferma, su dəyirmanı, yanğın qülləsi və torpaq sipərli qala tikilmişdir. Maraqlıdır ki, məhz burada, yəni Fermer sarayında təhkimçiliyin ləğv edilməsi haqqında sərəncam müzakirə olunmuşdur. Saray binasında həmçinin Rusiyada ilk lift yaradılmışdır, bununla belə o əl ilə qaldırılırdı.
İmperatorun ölümündən sonra və 1917-ci ilin inqilabından öncə, Fermer sarayında II Aleksandrın və onun həyat yoldaşı Mariya Aleksandrovnanın artıq yetkin uşaqları və nəvələri - imperator III Aleksandr oğlu II Nikolay ilə birlikdə burada yaşayırdı.
1917-ci ildən sonra, saray binasında tarix və məişət muzeyi yaradılmış, 1932-ci ildə isə həmin muzey ləğv edilərək hələ 1926-cı ildən bu ərazidə fəaliyyət göstərən NKVD-nin pansionatına təhvil verilmişdir.
Böyük Vətən müharibəsi illərində, sarayda nasist ordusunun Baş qərargahı yerləşirdi. Müharibədən sonra binada əsaslı bərpa və təmir işləri görülməmişdi.
1950-ci ildən burada Petrodvorets Saat Zavodunun yataqxanası yerləşirdi, 1975-ci ildən isə bina yenidən boşaldılmışdı.
2003-2005-ci illərdə saray restavrasiya olunmuş, ancaq 22 dekabr 2005-ci ildə baş vermiş yanğın hadisəsi, bərpa işlərinin 2006-cı ilə kimi uzanmasına səbəb olmuşdur. Yanğının səbəbi təmir-bərpa işlərini həyata keçirən işçilər tərəfindən təhlükəsizliyinin pozulması idi. Yanğından sonra bərpa olunmuş saray 2010-cu ilin iyun ayında ictimaiyyət üçün açılmışdır[1].
Qotik kapella
redaktəQotik kapella - Müqəddəs Aleksandr Nevski kilsəsidir və o dövrdə populyar olmuş neoqotika üslubunda inşa edilmişdir.
1829-cu ildə Kottecin tikintisi başa çatdıqdan sonra, ev kilsəsinin tikintisi zərurəti yaranmışdır. Ev kilsəsinin gələcəkdə Aleksandriyanın qərb hissəsində yerləşəcəyi ərazini I Nikolay şəxsən seçmişdir.
Fasad və plan layihələri məşhur Alman memarı K.F. Şinkel tərəfindən həyata keçirilmişdir. Memar A. Menelas tikinti işlərini birbaşa müşahidə edirdi, onun ölümündən sonra (1831-ci ilin sentyabr ayında) isə, bu rol memar İ.İ. Şarlemana həvalə olunmuşdur.
24 may 1831-ci ildə, ən yüksək İmperator ruhanisi və protopresviter Nikolay Muzovskinin iştirakı ilə, təntənəli şəkildə kilsənin təməlqoyma mərasimi keçirilmişdir.
1834-cü ilin yayında binanın tikinti işləri tamamlanmış və 3 iyul 1834-cü ildə kilsə həmin protopresviter Nikolay Muzovski tərəfindən Müqəddəs və Böyük knyaz Aleksandr Nevskinin şərəfinə təqdis edilmişdir.
Ev kilsəsi imperator ailəsinə məxsus idi və ibadət işləri burada yalnız yay aylarında həyata keçirilirdi.
1918-ci ildə kilsə bağlanır. 1920-ci ildə bağlanılmış kilsə binasında muzey açılır və yalnız 1933-cü ildə həyata keçirilmiş əsaslı təmir işlərindən sonra, burada "Aleksandriya" parkı barədə bəhz edən sərgi açılmışdır.
Bina Böyük Vətən müharibəsi zamanı ciddi zədələnmişdi. 1970-1999-cu illərdə kilsə binasında aparılan bərpa işləri bitirdikdən sonra, burada yenidən muzey açılmışdı. Binanın təqdis olunmasına baxmayaraq, burada ibadət işləri həyata keçirilmirdi. 2003-cü ildə kilsə binasında yenidən bərpa-təmir başlamış və 4 iyun 2006-cı ildə Sankt-Peterburq və Ladoga Mitropoliti Vladimir (Kotlyarov) tərəfindən təntənəli şəkildə təqdis edilmişdi.
Aşağı daça
redaktəAleksandriyanın sonuncu böyük saray binası, imperator II Nikolayın dörd mərtəbəli "Aşağı" və ya çox vaxt Aşağı daça adlanan "Yeni saray" idi. Saray parkın şimal-şərq küncündə, yəni dəniz sahilində yerləşdiyindən, məhz "daça" adı ilə tanınmışdır.
XIX əsrin 80-ci illərin ortalarında memar A. Tomişko "İtaliya memarlığı" üslubunda III Aleksandr üçün Pavilyon inşa etmişdir, on ildən sonra isə o "Uşaq qanadı" deyilən və əsas binaya birləşən hissəni tamamlamaqla II Nikolayın Aleksandriyada yeni daçasının olması arzusunu yerinə yetirmişdir.
Körfəzin sahilində yerləşən sarayın yaxınlığında xidməti binalar tikilmişdir. Eyni üslubda tərtib olunmuş binalar, kiçik saray və park ansamblını yaratmışdırlar. Burada 30 iyul 1904-cü ildə onların yeganə oğlu Aleksey anadan olmuşdu. Burada həmçinin imperator tərəfindən Birinci Dünya müharibəsinə Rusiyanın da daxil olmasını təsdiqləyən bir manifest imzalanmışdır.
Sovet hakimiyyətinin ilk illərində saray binasında böyük populyarlıq qazanmış muzey təşkil edilmişdi, lakin qısa müddət sonra bina NKVD tərəfindən pansionata çevrilmişdir.
Böyük Vətən Müharibəsi dövründə? Aşağı daça əhəmiyyətli dərəcədə zədələnmişdir. Parkı ziyarət edən qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə, binanın qalıqları 1961-ci ildə partladılmışdı.
2000-ci ildə sarayın yenidən inşa edilməsi üçün yeni layihə tərtib edilmişdi, lakin 2014-cü ilin iyul ayında aparılan monitorinq, həmin ərazidə yalnız xarabalıqların olmasını və heç bir bərpa işlərinin aparılmadığını təsdiqləmişdi.
İstinadlar
redaktə- ↑ "Открылся фермерский дворец Александра Второго (видео)". 2013-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
Xarici keçidlər
redaktə- Документальный сериал «Красуйся, град Петров!»:
- «Дворцово-парковый ансамбль „Александрия“» Arxivləşdirilib 2014-04-26 at the Wayback Machine
- «Коттедж» Arxivləşdirilib 2015-06-17 at the Wayback Machine,
- «Фермерский дворец» Arxivləşdirilib 2014-04-26 at the Wayback Machine