Apennin Daglari - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Apennin dağları (it. Appennini; lat. Apenninus, Apennini montes) — İtaliya ərazisində, Apennin yarımadasında dağ sistemi. İtaliyanın, əsasən, Apennin yarımadası istiqamətində şimalından cənubuna qədər 1000 km boyunca uzanır. Orta hündürlüyü 1200–1800 m, maksimal hündürlüyü 2912 m-dir (Korno-Qrande zirvəsi). Kadibona aşırımı ilə Alp dağlarından, dərəli-təpəli dağətəyi və sahilboyu düzənliklər zolağı ilə isə Adriatik və Tirren dənizlərindən ayrılır. Fəaliyyətdə olan Vezuvi vulkanı Neapol körfəzi yaxınlığındadır. Dağ sisteminə “Apennin” adını ilk dəfə e.ə. 2 əsrdə Polibi vermişdir.
Apennin | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2 912 m |
Uzunluğu | 1 000 km |
Eni | ≈140 km |
Hündür nöqtəsi | Korno-Qrande dağı |
Yerləşməsi | |
42°28′09″ şm. e. 13°33′56″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Relyef
redaktəGeomorfoloji quruluşuna görə Şimali, Mərkəzi və Cənubi Apennin dağlarına ayrılır. Şimali Apennin dağları Liquriya Apennin dağlarından (hünd. 1803 m-ədək – Macoraska d.) və Toskana-Emilian Apennin dağlarından (hünd. 2165 m-ədək – Çimone d.), nisbətən yüksək Mərkəzi Apennin dağları Umbro–Mark Apennin dağlarından (hünd. 2476 m-ədək – Vettore d.) və Abrutsi Apennin dağ massivlərindən (Qran-Sasso d΄İtaliya massivi (o cümlədən Korno d.) və Maella massivi (hünd. 2795 m-ədək – Monte-Amaro d.), Cənubi Apennin dağalrı isə Kampan Apennin dağlarından (hünd. 1421 m-ədək – La-Montanyola d.) və Lukaniya Apennin dağlarından (hünd. 2267 m-ədək – Dolçedorme d.) ibarətdir. Apennin dağları Alp orogenezində əmələ gəlmişdir. Hündürlüyü 3000 m-ədək çatsa da ortadağlıq relyefi səciyyəvidir. Şərq yamacları az meyilli, qərb yamacları nisbətən dikdir. Yamaclar sıx çay şəbəkəsi və yarğanlarla parçalanmışdır. Qərb ətəklərin də relyefi sönmüş vulkan və vulkan konusları, lava platoları, ayrı-ayrı dağ massivləri (Apuan Apennin dağları, Pizanino d. və s.) ilə mürəkkəbləşmişdir; sürüşmələr inkişaf etmişdir. Apennin dağları relyefinin formalaşmasında vulkanik proseslərin rolu böyükdür.
Geoloji quruluş
redaktəApennin dağları tektonik cəhətdən Alp-Himalay mütəhərrik qurşağının qırışıqlı-örtük orogenik sistemidir – Alp tektogenezi epoxasında formalaşmışdır. Mezozoy, Paleogen və Neogen yaşlı süxurlardan (əhəngdaşı, şist, qumdaşı, gil və s.-dən) təşkil olunmuşdur. Apennin dağları üçün yüksək seysmiklik, dağıdıcı zəlzələlər (1905, 1915, 1930, 1959, 1980-ci illərdə) və vulkanizm səciyyəvidir.
Faydalı qazıntılar
redaktəQonur kömür (Mərkəzi Apennin dağları), şist və boksit (Abrutsi Apennin dağları), civə, neft, qaz, tikinti materialları, məmulat daşları yataqları var.
İqlim
redaktəİqlimi Aralıq dənizi tipinə aiddir (qışı yağıntılı, yayı quraq). Şərq yamacının iqlimi qərbə nisbətən kontinentaldır. Apennin dağlarının ətəklərində yanvarın orta temperaturu şimalda 0oC, c.-da 11˚C-yə qədərdir. Öndağlıq hissədə yayı isti keçir. İyulun orta temperaturu 24–28oC-dir. İllik yağıntı ən çox qərb yamaclarında (1000–2000 mm) düşür (Liquriya Apennin dağlarında 3000 mm-ədək), qapalı çökəklərdə isə 600–800 mm-dir. 2000 m-dən yuxarıda qar 6 aya qədər qalır. Qran-Sasso d΄İtaliya massivində, Korno dağları yaxınlığında kiçik Kalderoni asılı dərə buzlağı var.
Çaylar və göllər
redaktəAppenin dağları Adriatik, Liquriya, Tirren və İoni dənizi hövzələrinin suayrıcısıdır. Çayları qısadır, yayda qurumaq dərəcəsinə çatır. Nisbətən iri çayları: Tibr, Arno, Volturno, Kar və karst mənşəli kiçik göllər, karst bulaqlar var.
Torpaq, flora və fauna
redaktəApennin dağları üçün yüksəklik landşaft qurşaqları səciyyəvidir. Aralıq dənizi landşaftları (həmişəyaşıl palıd meşələri, həmişəyaşıl makvis və qarriqa kolluqları) qəhvəyi torpaqlarda çay dərələri boyunca şimalda 300–500 m-ədək, cənubda 700–800 m-ədək qalxır. Landşaftlar insan fəaliyyəti nəticəsində xeyli dəyişdiyindən bu qurşaqda zeytunluqlar, əkin yerləri, üzümlüklər, bağlar üstünlük təşkil edir. Bitki aləmi aralıq dənizi sahili kollar, fıstıq və iynəyarpaqlı meşələrindən ibarət olub, zirvlərində çəmənliyə rast gəlinir. 800–1000 m-ədək şimalda və 1000–1500 m-ədək cənubda qonur və karbonatlı dağ-meşə torpaqlarında enliyarpaqlı meşələr qurşağı mövcuddur. Şimalda 1300–1400 m-ədək və cənubda 1800–2000 m-ədək yüksəkliklərdə podzol torpaqlarda otlaqlar, nadir hallarda isə qarışıq şam-fıstıq və palıd meşələri vardır. 2000–2500 m-dən yuxarılar da isə kiçik sahələrdə subalp və Alp çəmənlikləri nəzərə çarpır. Heyvanlar aləmi kasıbdır. Dağlarda vəhşi pişik, dələ, safsar, sincab, qurd, bəzən cüyür, xallı maral və oxlu kirpiyə rast gəlinir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 571 – 572. ISBN 978-9952-441-02-4.