Asiyanin Geoloji Qurulusu - Wikipedia
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir.
Ümumi məlumat
redaktəFanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır. Asiyanın şimal ucqarında, onun passiv kənarının şelf dənizləri geniş inkişaf etmişdir; cənub passiv kənarında Fars körfəzi istisna olmaqla şelf zonası xeyli ensizdir. Şərqdə və cənub-şərqdə Sakit və Hind okeanları litosfer plitələrinin Asiyanın kontinental litosfer plitəsinin altına keçdiyi (subduksiya) yerlərdə aktiv kənarlar üstünlük təşkil edir.[1]
Sibir platforması
redaktəSibir platforması Rifey və Devon dövrlərində əmələ gəlmiş paleoriftlərlə (avlakogenlərlə) parçalanmış Arxey – Alt Proterozoy yaşlı kristallik bünövrəyə malikdir. Üst Proterozoy Fanerozoy örtüyü kəsilişində dayaz dəniz terrigen və karbonatlı çöküntüləri, daşduz və kalium duzları, kömürlü kontinental çöküntülər və trapp kompleksi iştirak edir. Platformanın mərkəzində kimberlit boruları zolağı, şimalda və cənub -şərqdə əsasi və qələvi süxur plutonları inkişaf etmişdir.[2]
Çin-Koreya platforması
redaktəÇin-Koreya platformasının özülü Arxey və Alt Proterozoy yaşlı süxur komplekslərindən, örtüyü isə Rifeyin yuxarılarının – Fanerozoyun karbonatlı-terrigen dəniz, kömürlü sahil-dəniz və qırmızı rəngli kontinental çöküntülərdən təşkil olunmuşdur. Mezozoyda örtük süxurlarının deformasiyası və qranit intruziyası baş vermişdir. Tarim platforması özülünün çıxışları onun kənarlarında müşahidə edilir, mərkəzi hissəsi isə əsasən Mezozoy və Kaynozoyda intensiv gömülməyə məruz qalmışdır.[3]
Cənubi Çin platforması
redaktəCənubi Çin platformasının (Yanszı) Arxey və Alt Proterozoy blokları məlumdur, lakin bütövlükdə o, Üst Proterozoy dövrünün vulkanogen çökmə kompleksinin Son Rifeydə deformasiyası və qranitləşməsi zamanı formalaşmışdır. Örtük kompleksi kəsilişinin fərqli cəhəti burada Üst Rifey – Kembri dövrünün buzlaq çöküntülərinin, Üst Perm yaşlı trappların iştirak etməsidir. Özülün və örtüyün Mezozoyun sonlarında fəallaşması qranit və qələvi süxurların intruziyasında və riftogen strukturların əmələ gəlməsində təzahür etmişdir.
Hindistan platforması
redaktəHindistan platformasının çox hissəsini Arxey özülünün çıxışları tutur; bunlar şm.-dan və ş.-dən Alt Proterozoyun metamorfikləşmiş süxur qurşaqları ilə əhatə olunur. Kontinental, o cümlədən buzlaq və kömürlü çöküntülərlə təmsil olunmuş Rifey-Fanerozoy örtüyü ayrı-ayrı çökəkliklərdə və qrabenlərdə inkişaf etmişdir. Şm.-da – Himalay zonasında Rifeydə və Fanerozoyda dəniz çöküntüləri toplanmışdır. Dəkkən yaylasında trapplar Tabaşirin sonu və Paleogendə püskürülmüşdür. Kaynozoyun ortalarında Hindistan və Avrasiya plitələrinin kolliziyasından sonra platformanın şm.-ındakı çökmə zonası Himalayın qalxmasına cəlb olunmuşdur. [4]
Ərəbistan platforması
redaktəƏrəbistan platformasının özülündə Orta-Üst Proterozoy yaşlı kontinental qabıqda formalaşmış və Proterozoyun sonlarında qırışıqlığa uğramış adalar qövsü və aktiv kənar kompleksləri üstünlük təşkil edir. Platforma örtüyü Fanerozoyun kontinental və dayaz-dəniz çöküntülərindən təşkil olunmuşdur. Şərqi Afrikada riftogenezlə əlaqədar qələvi bazalt püskürmələri Kaynozoyda baş vermişdir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 107. ISBN 978-9952-441-05-5.
- O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979
İstinadlar
redaktə- ↑ "Геология и рельеф Азии". 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- ↑ "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
- ↑ "Сино-Корейская платформа" (PDF). 2007-09-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
- ↑ Kumar, Prakash; Yuan, Xiaohui; Kumar, M. Ravi; Kind, Rainer; Li, Xueqing; Chadha, R. K. "The rapid drift of the Indian tectonic plate". Nature. 449 (7164). 18 October 2007: 894–897. Bibcode:2007Natur.449..894K. doi:10.1038/nature06214. ISSN 0028-0836. PMID 17943128. 13 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2018.Scotese, Christopher R. "The collision of India and Asia (90 mya — present)". Paleomap Project. January 2001. 26 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2004.