Bdu Tarix - Wikipedia
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Tarix fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
|
|
Yaradılma tarixi | 1919 |
Dekan | İbrahim Zeynalov |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | history.bsu.edu.az |
Tarixi
redaktə1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur.
Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mədəniyyətin inkişafına güclü təkan vermişdir.
Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər.
1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Arxeologiya. 1923-cü ilin aprelində Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə çevrilir. Həmin il fakültədə 3 yeni kafedra yaradılmışdır və ümumilikdə, 17 kafedrada 19 professor, 6 dosent, 10 privat-dosent işləyirdi. 1925-ci ildə İctimai elmlər və Fizika-riyaziyyat fakültələri ləğv edilmiş, tarix-filologiya və riyaziyyat şöbələri olan Pedaqoji fakültə təsis edilmişdir. Lakin 1930-cu ildə «Azərbaycan SSR ali məktəblərini və ali texniki məktəblərini yenidən təşkil etmək və rayonlaşdırmaq, onları müvafiq təsərrüfat orqanlarının və xalq komissarlıqlarının ixtiyarına vermək haqqında» Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı ilə Universitetin müstəqil institutlara ayrılması ilə əlaqədar Tarix fakültəsinin də fəaliyyəti dayandırılmışdır.
1940/41-ci dərs ilində fakültədə 5 kafedra fəaliyyət göstərirdi; professor-müəllim heyəti 16 nəfərdən ibarət idi; 10 aspirant təhsil alırdı. Fakültədə təhsil alan 272 tələbənin 109 nəfəri azərbaycanlı idi. 1941-ci ildə Azərbaycan tarixi kafedrasının yaradılması fakültənin həyatında mühüm hadisə oldu. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu ağır şəraitdə bu, mühüm nailiyyət və riskli addım idi. Kafedranın tərkibi müəyyən edildikdən sonra Universitetin bütün fakültələrində Azərbaycan tarixinin tədrisi tətbiq edildi.
1945-1946-ci dərs ilində Tarix fakültəsinin nəzdində fəlsəfə şöbəsi açılmış, ümumuniversitet Psixologiya, Fəlsəfə və Siyasi iqtisad kafedraları onun tərkibinə daxil edilmişdir. Azərbaycanın bir sıra tanınmış filosofları – akademiklər Fuad Feyzulla oğlu Qasımzadə, Aslan Məhəmməd oğlu Aslanov, Firudin Qasım oğlu Köçərli, Akademiyanın müxbir üzvləri Məqsəd Məhəmmədəli oğlu Səttarov, Ziyəddin Bahadur oğlu Göyüşov, elmlər doktorları Həsən İsmayıl oğlu Şirəliyev, İzzət Əşrəf oğlu Rüstəmov, Həmid Rza oğlu İmanov və başqaları bu şöbəni bitirmişlər.
Müharibədən sonra fakültədə 4 kafedra var idi: Azərbaycan tarixi; SSRİ tarixi; Qədim dünya və orta əsrlər tarixi; Yeni, müstəmləkə və asılı ölkələrin tarixi. XX əsrin 70-80-cı illərində fakültədə mühüm struktur dəyişiklikləri baş vermiş, Azərbaycanın maddi mədəniyyət tarixi; Dünya azərbaycanlıları (tarixi demoqrafiya); Tarixi tədqiqatlarda kompüter ETL-ləri yaradılmışdı. Nəticədə Tarix fakültəsi 70-80-ci illərdə böyüyərək Universitetin ən qabaqcıl və aparıcı fakültələrindən birinə çevrilmişdi. 80-ci illərin ortalarından başlayaraq tarixçi kadrların hazırlanması sahəsində geniş islahatlar keçirilmiş, tədris planları təkmilləşdirilmiş, bir sıra yeni tədris planları yaradılmış, fakültənin tarixində ilk dəfə olaraq tarixçi-şərqşünas, beynəlxalq münasibətlər, etno-sosiologiya, etno-psixologiya, sosiologiya, tarixçi-arxeoloq, tarixçi-etnoqraf, çinşünas kimi bir sıra yeni ixtisaslar üzrə mütəxəssislər hazırlanmasına başlanmışdır. Çox keçmədən həmin ixtisasların bazasında universitetdə iki yeni fakültə – Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Sosial elmlər və psixologiya fakültələri yaradılmışdı.
Azərbaycanın gələcək inkişaf perspektivləri nəzərə alınaraq keçmiş SSRİ-nin qabaqcıl universitetlərinə (Moskva, Leninqrad, Kiyev, Minsk, Kazan və s.) nadir ixtisaslar üzrə təhsil almaq və təhsillərini davam etdirmək üçün onlarla tarixçi gənc göndərilmişdi.
80-ci illərin sonlarında Tarix fakültəsi respublikada mühüm demokratik fikir mərkəzinə çevrilmişdi. Tarix fakültəsi kollektivinin təkidi və Elmi Şurasının təklifi ilə Universitetin tarixi adı – Bakı Dövlət Universiteti adı bərpa edilmişdi. 1989-cu ildə SSRİ-nin qabaqcıl universitetlərinin alimlərinin iştiraki ilə Tarix fakültəsinin 70 illik yubileyi qeyd olunmuşdu.
1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması həyatın bütün sahələrində olduğu kimi tarixçi kadrların hazırlanması sahəsində də keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdu. Bu səbəbdən də, XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri Tarix fakültəsində təkcə elmi-pedaqoji kadr hazırlığı sahələrində deyil, həm də yüksəkixtisaslı tarixçi kadrlar hazırlanması sahəsində xüsusi mərhələ təşkil edir. Müasir dövrün tələblərinə cavab verən tarixçi kadrların hazırlanması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilmişdi: tarixçi tələbələrin dil və kompüter hazırlığına, nadir ixtisaslar üzrə (tarixi demoqrafiya, mənbəşünaslıq, tarixşünaslıq, muzeyşünaslıq, diyarşünaslıq, etnologiya) mütəxəssislər hazırlanmasına diqqət artırılmış, bu məqsədlə yeni elmi bölmələr, mərkəzlər və kafedralar yaradılmış, Tarix fakültəsinin qəbul planı 50 nəfərdən (25 nəfər Azərbaycan bölməsi, 25 nəfər rus bölməsi) 100 nəfərə (75 nəfər Azərbaycan bölməsi, 25 nəfər rus bölməsi) çatdırılmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni dövrün tələblərinə uyğun olaraq SSRİ tarixi (Oktyabra qədərki dövr) kafedrasının bazasında Şərqi Avropa xalqları tarixi kafedrası, SSRİ tarixi (Sovet dövrü) kafedrasının bazasında isə Türk və Qafqaz xalqları tarixi kafedrası təşkil olunmuşdu. 2001-ci ildə Şərqi Avropa xalqları tarixi kafedrası Slavyan ölkələri tarixi kafedrası adlandırılmışdır. Azərbaycan tarixi kafedrasının bazasında iki kafedra – Azərbaycan tarixi (humanitar fakültələr üzrə) və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedraları yaradılmışdı, Azərbaycanın Maddi Mədəniyyət Tarixi Elmi-Tədqiqat Laboratoriyası və Dünya azərbaycanlıları (tarixi demoqrafiya) elmi-tədqiqat laboratoriyası 2001-ci ildə «Azərbaycanşünaslıq» Elmi-Tədqiqat Mərkəzində birləşdirilmişdir.
Aparılan elmi tədqiqatları müvafiq kafedraların elmi təqiqatları ilə əlaqələndirmək, elmi yeniliklərin bilavasitə tədris prosesinə tətbiqini sürətləndirmək, elm və tədrisin vəhdətini yaratmaq məqsədilə 2010-cu ildə Dünya azərbaycanlıları: tarixi demoqrafiya ETL-i Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının, Azərbaycanın Maddi Mədəniyyət Tarixi ETL-i Arxeologiya və etnoqrafiya kafedrasının, Tarix, dil, tədris və metodika mərkəzi isə Türk və Qafqaz xalqları tarixi kafedrasının nəzdinə keçirilmişdi. 2011-ci ildə Türk və Qafqaz xalqları tarixi kafedrasının əsasında 2 müstəqil kafedra – Türk xalqları tarixi və Qafqaz xalqları tarixi kafedraları yaradılmışdı. 2012-ci ildə Kompüter tarixi tədqiqatlarda ETL-nin bazasında Qafqaz xalqları tarixi kafedrasının nəzdində Erməni araşdırmaları ETL-i yaradılmışdır.
Həyata keçirilən bütün bu islahatlar Tarix fakültəsinin inkişafına güclü təkan vermişdir. Tarix fakültəsi yarandığı gündən fakültənin professor-müəllim heyəti tarix elminin müxtəlif sahələrinə və dövrlərinə aid qiymətli tədqiqat əsərləri yazıb çap etdirmişlər. Fakültə alimlərinin elmi əsərləri xarici ölkələrdə də yüksək qiymətləndirilmişdir. Hazırda Tarix fakültəsinin kafedralarında və elmi-tədqiqat laboratoriyalarında aparılan tədqiqat işləri Azərbaycan, Şərq, Avropa və Amerika tarixinin ən qədim zamanlardan müasir dövrədək müxtəlif problemlərini, habelə beynəlxalq münasibətlər tarixini əhatə edir. Tarix fakültəsində yerinə yetirilmiş mühüm elmi-tədqiqat işlərinin nəticələri AMEA-nın illik hesabatına daxil edilir.
2009-cu ildən başlayaraq fakültə əməkdaşları, magistr və tələbələri BDU daxili «50+50» qrant layihəsində uğurla iştirak edirlər. Təkcə son 13 ildə Tarix fakültəsində 70-dən artıq elmi problemin tədqiqi başa çatdırılmış, əməkdaşlar tərəfindən 108 monoqrafiya, 75 dərslik, 124 dərs vəsaiti, 422 proqram və metodik vəsait hazırlanmış və nəşr edilmişdir. Bakı Universitetinin xəbərləri jurnalının humanitar elmlər seriyası uzun müddət tarixçi alimlərin – AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovun və prof. Tofiq Vəliyevin redaktorluğu ilə nəşr edilmişdir. 2014-cü ildən jurnalın redaktorluğu Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru İbrahim Zeynalova həvalə edilmişdir.
Tarix fakültəsində 1997-ci ildən prof. Ə.İ.Muxtarovanın təsisçisi və baş redaktoru olduğu «Tarix və onun problemləri» jurnalı nəşr edilir. AAK-ın tələblərinə uyğun tarixi tədqiqatların nəşr edildiyi nəzəri, elmi, metodik jurnalda Azərbaycan və dünya tarixinin, həmçinin tarix elminin bir çox problemlərinə aid tədqiqatlar, yeni çap edilmiş monoqrafiyalar və dərsliklərə rəylər, görkəmli alimlərin elmi yaradıcılığına aid materiallar nəşr edilir. Bu günə qədər jurnalın 70 nömrəsi nəşr edilmişdir. Dünya azərbaycanlıları: tarixi demoqrafiya ETL-ində isə «Dünya azərbaycanlıları: tarix və müasirlik» toplusu nəşr olunur. Topluda ETL-də yerinə yetirilən elmi-tədqiqatların nəticələri, Azərbaycanın ərazisi, sərhədləri və əhali problemləri barədə məqalələr nəşr edilir.
2008-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tarix fakültəsinin də yerləşdiyi yeni tədris korpusunun açılışında iştirak etmiş, Tarix fakültəsində olmuş, Azərbaycan xalqının ümummilli lideri – Tarix fakültəsinin məzunu Heydər Əliyevə həsr edilmiş stendlə, fakültənin kafedraları, auditoriyaları, akt zalı ilə tanış olmuşdur. Son illərdə Universitetlə yanaşı, Tarix fakültəsinin də maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Fakültədə Türk odası və Akt zalı proyektor və kompüterlərlə, dörd auditoriya isə elektron lövhə ilə təmin edilmişdir.
Rəhbərlər
redaktə1919-cu ildən başlayaraq, 40-cı illərin sonlarınadək Tarix fakültəsinə Nikolay Aleksandroviç Dubrovski (fakültənin ilk dekanı), Leonid Aleksandroviç İşkov, Aleksandr Vasilyeviç Baqri, Tağı Abbas oğlu Şahbazi, Pyotr Petroviç Fridolin, Boris Nikolayeviç Tixomirov kimi görkəmli alimlər başçılıq etmişlər. Sonrakı illərdə fakültəyə Zülfəli İbrahimov (1948-1949), Məmməd Şıxlı (1949-1950), Əliövsət Quliyev (1950-1952), Qəzənfər Mehdiyev (1953-1957), Məmməd Əfəndiyev (1957-1960), Məlik Orucov (1960-1964), Səidə İmanzadə, Xəlil Əlimirzəyev (1964-1966), Zakir Abdullayev (1967-1970), Məmməd Qazıyev (1970-1977), Mahal Məmmədov (1977-1980), Miryusif Mirhadıyev (1980-1986), Yaqub Mahmudov (1986-1990; 1994-2005), Eldar İsmayılov (1991-1994), Sani Hacıyev (2005-2011), Azad Rzayev (2012-2019) rəhbərlik etmişlər. Hal hazırda fakültəsinin dekanı 2022-ci ildən etibarən professor İbrahim Zeynalov.
Təhsil
redaktəBakalavr
redaktə- Tarix istiqaməti
- Tarix
- Tarix müəllimi
- Antropoloq istiqaməti
- Antropoloq (hal-hazırda bu ixtisasa qəbul magistr pilləsindən mümkündür.)
- Regionşünaslıq istiqaməti
- Regionşünaslıq-Qafqazşünaslıq
- Regionşünaslıq-Amerikaşünaslıq
Magistratura
redaktə- Tarix istiqaməti
- Azərbaycanın qədim və orta əsrlər tarixi
- Asiya və Afrika ölkələri tarixi
- Qədim dünya tarixi
- Arxeologiya və Etnoqrafiya
- Etnologiya
- Tarixin tədrisi metodologiyası və metodikası
- Avropavə Amerikanın yeni və ən yeni tarixi
- Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi
- Türkdünyası tarixi
- Yaxınvə Orta Şərqin tarixi
- Orta əsrlər tarixi
- Azərbaycanın yeni və ən yeni tarixi
- Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı
- Şərqi Avropa xalqları tarixi
- Muzeyşünaslıq istiqaməti
- Muzeyşünaslıq
- Regionşünaslıq istiqaməti
- Regionşünaslıq (Qafqazşünaslıq)
- Regionşünaslıq (Amerikaşünaslıq)