Balaban - Wikipedia
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir[2][3][4][5][6][7][8]. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur.
Balaban | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 422.121-62 |
Əlaqəli alətlər | |
Mənşə ölkəsi | Azərbaycan |
İfaçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.[9]
Etimologiya
redaktə"Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir.
El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir.
Tarixçəsi
redaktəMingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır[10]. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir[11].
Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı...
Fars musiqisində zurna, balaban geniş yer almır [12], çünki bunlar aşıq sənətiylə bağlı olan çalğılardır.
Quruluşu
redaktəHazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq olur. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. Balabanın baş hissəsinə qarğıdan xüsusi ölçüdə sıxılaraq yastılanmış müştük taxılır. Ona görə bəzi hallarda bu alətə "yastı balaban" da deyilir. Müştüyün üzərinə keçirilmiş xamıtın (qısqacın) vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır. Balabanın keyfiyyəti onun materiallarının necə qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur. Balaban istehsalında üzüm tənəyindən hazırlanan sıxacın xüsusi rolu var. Sıxac tənzimedici rolunu yerinə yetirir, alətin köklənməsinə və balabanın baş hissəsinin genişlənməməsinə yardım edir. Sıxacı aşağı çəkməklə, alətin səsi dəyişdirmək və kökləmək mümkündür. Hər bir musiqiçinin səsi kökləmək üçün öz üsulu var: ya nəfəslə, ya da sıxacla.
Balabanın gövdəsindəki dəliklərin sıraları:[14] | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.
Uzunluğu 280–300 mm, diametri 20–22 mm-dir. Balabanın səs diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "do" səsinə kimidir. Çalğıçının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər.
Balabanın dəliklərinin minimal sayı 8 (7-si yuxarıdan, 1-i aşağıdan), maksimal 10 (9-u yuxarıdan, 1-i aşağıdan)olur.
Növləri
redaktəTanınmış milli nəfəs alətləri ifaçısı və bərpaçısı Usta Əlicavad (İsmayıllı rayonu) milli səslənmə xüsusiyyətlərini nəzərə alaraq 6 yeni balaban növü yaratmışdır.[15] Həmin alətlər özünün qeyri-adi zəngin temb keyfiyyətlərinə görə hazırda xalq çalğı alətləri orkestrinin tərkibini daha da zənginləşdirə bilərlər.[16]
Səslənməsinə və ölçüsünə görə balabanın müxtəlif növləri var:
- adi balaban saya naxışsız balabanlara deyilir. Alət borusunun üzərinə klapan sistemi tətbiq edilmir.[17]
- aşıq balabanı - ən qədim balaban növüdür. Xüsusi çalınma üsulu vardır: çox yüngül (qamış müştüklər üfürülmə tərzinə görə yüngül və ağır olurlar) ağızlıqdan (müştükdən) istifadə edilir. Buna görə səsi vızıltılı olur.
- ansambl balabanı - borularının uzunluğu qəbul edilmiş standart ölçüdə hazırlanır, səsoyadıcısı aşıq balabanınkından fərqlidir.
- pikkolo (cürə) balaban - kiçik balaban növüdür. Müəyyən əlverişli məqamlarda işlədilir. Məs., Şur muğamının Mayesi və ya Sarənc hissələri cürə balabanda şirin səslənir.
- alt (solo) balaban - gövdəsi üzərində klapan sistemi tətbiq olunur. Bu klapanların köməyi ilə çətin çalınan bəzi səslərin (diyezli, bemollu) ifası xeyli asanlaşdırılmışdır. Alt balaban əsas balabandan xalis kvarta (x4) intervalında bəm səslənir. Adi balabana oxşayır, ancaq bir qədər böyükdür.
- bas (bəm) balaban - ölçüsü adi balabandan xeyli uzun, müştüyü əyri olur. XX əsrin sonlarında el sənətkarı Əlicavad Cavadlı tərəfindən hazırlanmışdır. Solo balabandan bir oktava fərqlənir. Ona görə bas balabanı bas açarında, tenor balabanı tenor açarında yazırlar. Musiqi kollektivlərində işlənməsə də olduqca maraqlı alətdir. Onu təkmilləşdirərək peşəkar çalğı alətinə çevirmək olar, məs. bəm səslərə olan ehtiyacı ödəmək üçün.
- dəm balabanı - dəmkeş (züytutan) balabançıların çaldığı balaban. Dəmkeşlər ifa olunan melodiyanı aramsız ahəngdar musiqi fonu ilə təmin edirlər. Dəm balabanı görkəmcə adi balabandır, ancaq onu dəm (züy) üçün istifadə etmək üçün səsoyadıcı funksiyasını daşıyan ağızlığını (qamış-müştüyünü) xüsusi yolla qayırırlar ki, çox nəfəs aparmasın.
- tenor (zil) balaban solo balabandan 5 səs aşağı səslənir.
Bas, tenor balabanlar Milli Konservatoriyanın elmi laboratoriyasında ixtira olunub [18].
Xüsusiyyətləri
redaktəHəzin kolorit yaradan səslər alətdə nəfəsin uzadılmasıyla əldə edilir. Balabanın xüsusiyyəti ondadır ki, arası kəsilmədən nəfəsi ağızdan buruna, burundan ağıza dövretmə ilə ötürərək bir notun üzərində uzun möddət çalmaq olur. Azyaşlı və təcrübəsi az olan şagirdlər tərəfindən bu texniki imkanlarla ifa çox çətindir lakin, bu müəyyən vaxtdan və təcrübə əldə etdikdən sonra mümkünləşir.
Tütəkdə, eləcə də Avropa nəfəsli alətlərin heç birində (klarnet, qaboy) dövretmə xüsusiyyəti yoxdur. Yalnız zurna və balabanda dövretmə var. Azərbaycanda xalq artisti, qaboy ifaçısı Kamil Cəlilov digər qaboyçalanlardan seçilir, yəni aləti ağızdan buruna və geriyə dövretmə ilə çalır.
"Balaban metodu" kitabı
redaktəBalabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov bu aləti Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada "duduk" kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.[19][20]
Balaban simfonik musiqidə
redaktəBalabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən, Azərbaycanın məşhur bəstəkarları bundan istifadə ediblər. Belə ki, Üzeyir Hacıbəyovun «İkinci fantaziya», Müslüm Maqomayevin «Azərbaycan çöllərində», Hacı Xanməmmədovun «Simfoniyetta» və bir sıra digər əsərlərdə balabanın solo ifasına geniş yer ayrılıb.
Orkestrdə balaban həm solo, həm də müşayiətçi alət kimi özünə layiqli yer tutur. Orkestrdə balabanlar üçün dörd növ partiya yazılır və onlar iki qrupa bölünür: I və II balabanlar əsas melodiyanı ifa edirlər, III, IV balabanlar isə harmonik fonu saxlayırlar.
Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin köçürməsi balaban duetinin ifasında çox gözəl səslənir. Məsələn: F.Şubertin "Serenada", A. K. Küinin "Oriyental", P. Çaykovskinin "Payız nəğməsi", Ü. Hacıbəyovun "Sevgili canan", "Sənsiz", F. Əmirovun "Gözəlim sənsən", S. Rüstəmovun "Sərhədçilər marşı", "Sənindir" və s. əsərləri göstərmək olar.
Məşhur balabançılar
redaktəİstinadlar
redaktə- ↑ "AZƏRBAYCANDA BALABAN SƏNƏTİNİ ÖYRƏNƏN AMERİKALININ İNDİ 80 TƏLƏBƏSİ VAR". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
- ↑ "Толковый словарь русского языка Кузнецова. 1 е изд е: СПб.: Норинт. С. А. Кузнецов". 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-24.
- ↑ "Музыкальная энциклопедия. Азербайджанская музыка. Под ред. Ю. В. Келдыш. Т 1. А — М.: Советская энциклопедия, 1973". 2015-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-21.
- ↑ Məcnun Kərimov. Azərbaycan ənənəvi musiqi atlası - Balaman Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- ↑ "Известия. Ру: «Имеющий уши да услышит…»". 2008-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-16.
- ↑ Сергей Александрович Токарев. Основы этнографии: Учеб. пособие для ист. специальностей вузов.. — Высшая школа, 1968. — С. 311. — 359 с.
- ↑ Encyclopaedia Iranica. Balaban. Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine: «BĀLĀBĀN, a cylindrical-bore, double-reed wind instrument about 35 cm long with seven finger holes and one thumb hole, played in eastern Azerbaijan in Iran and Soviet Azerbaijan (where it is also called düdük).»
- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Balaman Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine
- ↑ Xalq qəzeti. ""Balaban sənətkarlığı və ifaçılıq sənəti" UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib" (az.). Xalq qəzeti. 06.12.2023. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-10.
- ↑ Институт этнографии имени Н.Н. Миклухо-Маклая. Народы Кавказа.. — Издательство Академии наук СССР, 1960. — Т. 2. — С. 158.
- ↑ "Музыка Азербайджана (rus.)". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
- ↑ "Encyclopedia Iranica - Balaban". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.
- ↑ Aserbaidschan - Land des Feuers, Ingrid Pfluger-Schindlbeck, Deutsch, Englisch, Reimer, 2008, səhifə 210, isbn 3-496-02820-3
- ↑ Enchanting Sounds of the Balaban Arxivləşdirilib 2014-03-06 at the Wayback Machine Saadat Abdullayeva. (rus.)
- ↑ ARB Şəki. "Balaban ifaçısı bu alətin yeni növlərini ixtira edib" (az.). Youtube.com. 15.02.2017. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-15.
- ↑ "S. Əliqızı. Hekayətli musiqi lüğəti - Balaban". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-16.
- ↑ Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.
- ↑ "Balaban ustadı Babaxan Əmirovun dedikləri". 2015-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-20.
- ↑ "Erməni plagiatlığının qurbanı – balaban…". 2015-02-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-21.
- ↑ Nidel, Richard (2005). World music: the basics. Psychology Press. pp. 214–. ISBN 9780415968003. Retrieved 2 May 2011. "ALIHAN SAMEDOV. Clarinet, balaban, zurna and sax player now residing in Turkey. Balaban."
Filmoqrafiya
redaktəƏdəbiyyat
redaktə- Azərbaycan Milli Ensiklopediyası, 25 cilddə. "Azərbaycan" cildi, səh. 793, Bakı 2007 ISBN 978-9952-441-01-7, ISBN 978-9952-441-00-0, (az.)
- Nəfəs alətləri haqqında - "Balaban"
- Balaban səsi: sirdaş, yoldaş, qəmdaş... - SƏSİN SEHRİ
Xarici keçidlər
redaktə- Əlixan Səmədov - Sən gəlməz oldun - musiqi: Ələkbər Tağıyev
- Əlixan Səmədov - Azərbaycan xalq mahnısı "Qubanın ağ alması"
- Əlixan Səmədov - Azərbaycan xalq mahnısı "Dilbərim" (balaban instrumental)
- Balabanda Axşam mahnısı - musiqi: Tofiq Quliyev
- Balaban kvarteti - Gecələr
- Balaban. Azeri mugam from Tabriz.
- Şirzad Fətəliyev - Azərbaycan xalq mahnısı "Sarı Gəlin" balabanda
- Şirzad Fətəliyev - Sən gəlməz oldun