Daskesen Rayonu - Wikipedia
Bu məqalə Daşkəsən rayonu haqqındadır. Şəhər üçün Daşkəsən səhifəsinə baxın. |
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Daşkəsən şəhəridir.
Rayon | |
Daşkəsən rayonu | |
---|---|
40°31′05″ şm. e. 46°04′58″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Gəncə-Daşkəsən |
İnzibati mərkəz | Daşkəsən |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 1.700 ± 100 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-DAS |
Telefon kodu | 994 22 |
Poçt indeksi | 1600 |
Avtomobil nömrəsi | 16 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKeçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür.[2] 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. 1969-cu ilin iyununda rayonun Bayans kəndində Andranikin heykəli ucaldılsa da, Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanovun göstərişi ilə dərhal sökülmüşdü.[3]
Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın "qədim Ermənistan torpağı" olduğunu təbliğ etməyə çalışırlar.
Zağalı, Zivlən, Bayan, Gurbulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.[4]
Coğrafi mövqeyi
redaktəDaşkəsən rayonu Gəncə şəhərindən 33–41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşir.
Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1046,02 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 396 km-dir.
Relyefi
redaktəKiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonun ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir.
Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.
Təbiəti
redaktəTəmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl təbii gölləri vardır.
Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.
Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, kələmkimilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir.
Alp çəmənləri "Alp xalıları" adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli "Alp xalıları" yaradır.
Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.
Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.
Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörəkotu, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, qırxbuğum, cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.
Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var:
- Yumurtalı bulaq – Qabaqtəpə kəndi;
- Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi;
- Turşsu bulağı – Alaxançallı kəndi;
- Qiblə bulağı – Qabaqtəpə kəndi;
- Qayğı bulağı – Qabaqtəpə kəndi;
- Böyrək bulağı – Alunitdağ qəsəbəsi;
- İdris bulağı – Əmirvar kəndi;
- Seyid bulağı – Xoşbulaq kəndi.
İqlimi
redaktəDaşkəsəndə temperatur qış aylarında −5 C-dən −20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək olur. Rayonda havanın orta illik temperaturu 0–100-dir. Yanvarın orta aylıq temperaturu −2–140-i, iyulun orta aylıq temperaturu +5–200 arasında dəyişir.
Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20–310-dək yüksəlir, mütləq minimum temperatur 20–300 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +150 ilə +70 arasında dəyişir. Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu −50-i, iyulun orta aylıq temperaturu isə 210 olur.
Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67–82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600–900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündən il ərzində 300–800 mm mümkün buxarlanma gedir.
İri yaşayış məntəqələri
redaktəDaşkəsən rayonunda 1 şəhər, 6 şəhər tipli qəsəbə və 47 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir.
Əhalisi
redaktəDaşkəsən rayonunun əhalisinin sayı 32 min 510 nəfərdir.
Etnik tərkibi
redaktəEtnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 9.137 (97,5%) |
Talışlar | 5 (0,1%) |
Ruslar | 124 (1,3%) |
Ermənilər | 63 (0,7%) |
Ləzgilər | 8 (0,1%) |
Gürcülər | 4 (0,1%) |
Bütün rayon üzrə | 9.370 (100%) |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 17.372 (49,3%) |
Talışlar | – (-) |
Ruslar | 896 (2,5%) |
Ermənilər | 16.626 (47,2%) |
Ləzgilər | 24 (0,1%) |
Gürcülər | 19 (0,1%) |
Bütün rayon üzrə | 35.222 (100%) |
Etnik quplar | əhalinin Sayı (Nəfər) |
---|---|
Azərbaycanlılar | 22.552 (63,2%) |
Talışlar | – (-) |
Ruslar | 613 (1,7%) |
Ermənilər | 12.118 (34,0%) |
Ləzgilər | 15 (0,1%) |
Gürcülər | 7 (0,1%) |
Bütün rayon üzrə | 35.666 (100%) |
Etnik quplar | əhalinin Sayı[5](Nəfər) |
---|---|
Azərbaycanlılar | 25.811 (76,9%) |
Talışlar | – (-) |
Ruslar | 241 (0,7%) |
Ermənilər | 7.325 (21,8%) |
Ləzgilər | 37 (0,1%) |
Gürcülər | 6 (0,1%) |
Bütün rayon üzrə | 33.566 (100%) |
İqtisadi xarakteristikası
redaktəDaşkəsən rayonu respublikanın mühüm mədən filiz sənayesi rayonlarındandır. Rayonun sənayesinin əsas hissəsini metallurgiya sənayesi təşkil edir. Faydalı qazıntıları dəmir filizi, kobalt, alunit, mərmər, əhəng daşı və s. Hazırda ölkə ərazisində 3 dəmir filizi yatağının ehtiyatları təsdiq edilib. Bunlar Daşkəsən rayonunda yerləşən "Daşkəsən", "Cənubi Daşkəsən" və "Dəmir" yataqlarıdır. Daşkəsən rayonu ərazisində (Kiçik Qafqaz dağ silsiləsi) yerləşən "Çovdar" qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır.[6] Rayonda dəmir filizinin hasilatı ilə məşğul olan "Daşkəsən filizsaflaşdırma" ASC-yə investisiya yatıran "Det.Al Limited" şirkətidir. Gəncədəki yeni inşa olunan Alüminium Zavodunun poladəritmə sexi işə düşdükdən sonra "Daşkəsən filizsaflaşdırma" ASC-nin də illik istehsal gücü 500 min, daha sonra isə 1 milyon tona çatdırılacaq. "Daşkəsən filizsaflaşdirma" ASC – Daşkəsən bölgəsindəki dəmir filizi yataqlarının müstəsna istifadəçisi, filizçıxarma və filizsaflaşdırma zavodunun və vasitələrin sahibidir. Kəşf olunmuş dəmir filizi ehtiyatları 250 mln tondan artıqdır.[7] Rayon eyni zamanda kənd təsərrüfatı rayonudur. Kənd təsərrüfatı fəaliyyəti əsasən heyvandarlıq, bitkiçilik, arıçılıq və quşçuluqdur. Heyvandarlıq sahəsində əsasən iri buynuzlu qaramal və xırda buynuzlu davarlar saxlanılır. Heyvanlar əsasən fərdi təsərrüfatlarda saxlanılır. 59 kəndli (fermer təsərrüfatı mövcuddur ki, bunlar hüquqi şəxs kimi fəaliyyət göstərir. Quşçu kəndində 1 Ağbaba ailə kəndli təsərrüfatı damazlıq təsərrüfatı kimi fəaliyyət göstərir. Təsərrüfatlarda hazırda əsasən qonur qafqaz, şves, az miqdarda qara-ala və hallavey cinsləri mövcuddur. Davarlarda isə əsasən yerli bozaq qoyunlardır. Heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 3 ərazidə Qabaqtəpə, Əmirvar və Quşçu kəndlərində süni mayalanma təşkil edilmişdir.
Faydalı qazıntıları
redaktəDaşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisindəki dağlarda indi də qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var.[8]
Daşkəsəndəki dəmir filizi yataqlarının mövcudluğu hələ eramızdan evvəl 1-ci əsrdə burada yaşayan insanlara məlum idi. Lakin burada filizin sənaye yolu ilə hasilatına 1954-cü ildən başlanılıb. Filizdə dəmirin nisbəti 36,5%-dir. Bəzi yerlərdə filizin tərkibində həmçinin 20%-ə qədər kükürd də var. Dəmir filizin yatağındakı mədəndə çıxarılan filizin daşınması üçün uzunluğu 4 km olan kanat yolu da tikilib. Sovet dövründə buradan çıxarılan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna xammal kimi daşınırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Gəncədə iri metallurgiya zavodu tikildi. Hal-hazırda Daşkəsəndə çıxarılan filiz Azərbaycanın öz ehtiyaclarının ödənilməsinə sərf olunur.[9]
Daşkəsən dəmir və kobalt yatağının istismarı zamanı ətraf mühitə göstərilən mənfi təsir də təşviş doğurur. Dəniz səviyyəsindən 1600–1800 m yüksəklikdə zəngin dəmir yatağının olması hələ 1867-ci ildə müəyyən edilmişdir. Yatağın dəmir ehtiyatı ilk dəfə 1933-cü ildə hesablanmış və 1954-cü ildən istismar edilir. Partlayış yolu ilə çıxarılan dəmir filizi əvvəlcə Quşçu körpüsü adlanan yerdəki filiz saflaşdırma kombinatına, sonra metal emalı üçün vaqonlara doldurularaq Zaqafqaziya metallurgiya kombinatına (Gürcüstanın Rustavi şəhəri) göndərilirdi. SSRİ dağılan ərəfədə Zaqafqaziya metallurgiya kombinatı öz işini dayandırdığına görə, Daşkəsən yatağında da dəmir filizi və kobalt istehsalı dayandı. Filiz yatağının istismar edildiyi 35 il ərzində ətraf mühitə göstərilən təsir o qədər güclü olmuşdur ki, yatağın və filiz saflaşdırma kombinatının ətrafında toplanmış milyon tonlarla mədən tullantılarının (çıxdaşlarının) rekultivasiyası məsələsinin həll edilməsi o qədər də asan olmayan bir problem kimi qalmaqdadır.
Daşkəsən rayonunda yerləşən alunit yatağının istismarı da ekocoğrafi vəziyyəti dəmir filizi yatağından az gərginləşdirməmişdir. Bu mineralın çıxarıldığı mədən və kənd Zəylik adlanır. Mineralın tərkibinin 37%-ə qədəri aluminium-oksidindən (Al2O3) ibarətdir. Zəylik yatağından həmçinin kalium duzları, zəy və s. istehsal edilir. Alunit çıxarılan zaman və xüsusilə aluminium-oksidi istehsal etmək üçün yataqdan 35 km cənub-şərqdə Gəncə şəhərində tikilmiş aluminium zavodundan Atmosferə daxil olan sarı rəngli filiz tozunun yaratdığı ağır ekoloji şərait qonşu rayonlarda da əhalinin sağlamlığına mənfi təsir göstərir.[10]
Maddi-mədəni irsi
redaktəRayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m² ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.
"Xoşbulaq yaylağı" tunc dövrünə aid olan "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı" qalaçası,dəmir dövrünə aid olan "Nağara dağı" ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhurdur.
Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m² ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.[11]
Yerli media
redaktəDaşkəsən rayonu ərazisində yerli televiziya və radio qovşağı fəaliyyət göstərmir. Daşkəsən rayonunun yerli mətbuat orqanı olan "Daşkəsən" qəzeti 1933-cü ildə Daşkəsən rayon partiya komitəsinin oqranı kimi təsis edilmiş, 1991-ci il oktyabrın 18-dək rayon partiya komitəsinin, 1991-ci ildən 1997-ci ilədək müstəqil ictimai-siyasi qəzet və 1997-ci ildən hal-hazıradək Daşkəsən rayon İcra Hakimiyyəti Aparatının orqanı kimi fəaliyyət göstərit. Qəzet A-1 formatda, rəngli çap edilir. Hazırkı baş redaktoru AYB-nin üzvü, prezident təqaüdçüsü Elmar Vüqarlıdır.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Deportasiya və müharibədən sonrakı böhran[ölü keçid]
- ↑ "Andronik heykəlini uçuran mərd azərbaycanlı KİMDİR? — Heydər Əliyev onu belə xilas etmişdi". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-12.
- ↑ "Azərbaycanın Əhalisi". 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
- ↑ "Başından qızıl tökülən ölkə". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
- ↑ Daşkəsəndəki filizsaflaşdirma müəssisəsi qismən fəaliyyət göstərir[ölü keçid]
- ↑ "Daşkəsən haqqında məlumat". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-25.
- ↑ "Daşkəsən yatağı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-22.
- ↑ "FAYDALI QAZINTILAR". 2017-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.
- ↑ "Daşkəsən Rayonu". 2012-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-27.
Xarici keçidlər
redaktə- Daşkəsən
- Arxivləşdirilib 2006-09-25 at the Wayback Machine