Fernan Magellan - Wikipedia
Fernan Magellan (port. Fernão de Magalhães [fɨɾˈnɐ̃w̃ ðɨ mɐɡɐˈʎɐ̃ȷ̃s], isp. Fernando (Hernando) de Magallanes [(f)eɾ'nando ðe maɣa'ʎanes], lat. Ferdinandus Magellanus) (təq. 1480[1], Ponti-da-Barka[d], Portuqaliya krallığı – 27 aprel 1521, Maktan adası, Mərkəzi Visay[d]) — Portuqaliyalı dənizçi və səyyah.
Fernan Magellan | |
---|---|
port. Fernão de Magalhães | |
Doğum tarixi | təq. 1480[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 aprel 1521 |
Vəfat yeri |
|
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri |
|
Həyat yoldaşı |
|
Atası | Ruy de Maqalyaynş[d] |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], dənizçi[d], dənizçi[d] |
Mükafatları | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fernan Magellanın anadan olduğu yer Portuqaliyadır. Onun ailəsi haqqında da az məlumat vardır, ancaq onun əslən zadəgan ailəsindən olduğu məlumdur. Magellanın ailəsində özündən başqa 4 uşaq da olub, lakin onların taleyi barədə heç bir məlumat saxlanmayıb. Portuqaliyalıların Hindistana qarşı bir neçə yürüşündə iştirak edib. Portuqaliyaya qayıtdıqdan sonra ona aşağı vəzifə verildiyinə görə öz ölkəsini tərk edərək İspaniyaya köçüb və burada da ailə həyatı qurub.
Dünya səyahəti
Fernan Magellanın 1519-cu il sentyabrın 20-də 256 nəfər heyət üzvü olan 5 gəmi ilə Malakka adalarına başlatdığı səyahət sonradan Xuan Sebastyan Elkanonun rəhbərliyində ilk dünya səyahətinə çevrilmiş və ekspedisiya 1522-ci il sentyabrın 8-də "Viktoriya" gəmisində İspaniyaya geri qayıtmışdı. Bir müddət sonra daha 18 heyət üzvü geri qayıda bilmişdi. Onlardan 13 — ü bir neçə həftə əvvəl Kabo-Verdedə portuqallar tərəfindən əsir alınanlar, qalan 5 dənizçi isə "Trinidad" gəmisinin heyətinə daxil olan və 1525–1527-ci illər arasında qayıdanlar idi.
Beş gəmidən ibarət olan bu ekspedisiya Cənubi Amerikada boğaz açmaq, İspaniyadan varlı ölkələrə -Hindistana və İndoneziyaya daha qısa dəniz yolu tapmaq üçün gedirdi. Magellan əmin idi ki, 40°Cənub en dairəsindən aşağıda belə bir boğaz var. O, ekspedisiyanın layihəsini hazırlayıb Portuqaliya kralına göstərdi, lakin kral bunu rədd etdi. Onda Magellan İspaniyaya getdi və layihəni İspaniya kralı Ι Karla təqdim etdi. Hindistana yeni dəniz yolunun açılmasında marağı olan Ι Karl Magellanın planını bəyəndi və onu bu böyuk ekspedisiyanın başçısı təyin etdi.
Əvvəllər ekspedisiyanın üzvləri arasında tam razılıq yox idi. İspan qrandlarından olan gəmi kapitanları Magellanı ağıllı, mətin, möhkəm, əla dənizçi kimi tanısalar da, öz başçılarından acığları gəlirdi. Axı Magellan portuqaliyalı idi, həm də tanınmış əsilzadə deyildi. Magellan öz planını qəsdən hamıdan gizli saxlayırdı, lakin nəzərdə tutduğu yerdə boğaz deyil, La-Plata çayını görəndə çox qorxulu nəticələr keçirməli oldu. Gəmilər cənuba doğru üzdükdə hava soyuyurdu. Magellan San-Xulian buxtasında qışlamağı qərara aldı. Ertəsi gün gecə qiyam qalxdı. Beş gəmidən üçü qiyamçəların əlinə keçdi. Qiyamçı kapitanlar Magellanın İspaniyaya qayıtmasını tələb edirdilər. Mətin iradəli və qətiyyətli adam olan Magellan qiyamı yatıra bildi. Elə oradaca sahildə məhkəmə quruldu. Qiyamın səbəbkarları ömürlük Cənubi Amerika sahillərində saxlanmağa, müqəssirlərdən ikisi ölüm cəzasına məhkum edildi, qalanları isə bağışlandı. Magellana adam lazım idi, bir də ki, o çox amansızlıq etmək istəmirdi. Yazın başlanğıcında (cənub yarımkürəsində yaz avqustdan baslayır) Magellan kiçik "Santyaqo" gəmisini kəşfiyyata göndərdi. Gəmi tələf oldu, lakin gəmi heyəti xilas olub, ekspedisiyaya qoşuldu. Magellan havanın yaxşılaşmasını gözləmədən qışladığı yerdən uzaqlaşdı. İki aydan sonra boğaza oxşamayan ensiz bir keçidə rast gəldi. Magellan kəşfiyyata iki gəmi göndərdi. Dörd gündən sonra onlar şad xəbərlə qayıtdılar: boğaz tapılmışdır! Gəmilər boğaza daxil olub onun girintili-çıxıntılı sahilləri arasında yavaş-yavaş irəliməyə başladılar. Nəhayət, flaqman gəmisinin qarşısında naməlum bir okean göründü. Okean, dənizçiləri günəşli sakit hava ilə qarşıladı. Buna görə də Magellan onu Sakit okean adlandırdı. Bu vaxt Magellan böyük bir zərbə ilə qarşılaşmalı oldu. Bütün ekspedisiyanın ərzağı saxlanılan ən böyük gəmi "San Antonio" gəmisinin heyəti qiyam qaldırdı və gəmi geriyə, İspaniyaya doğru yol aldı.
İndi ekspedisiya üç gəmi ilə okeanı keçməli idi. Qərbə gedən bu yol təxminən dörd ay davam etdi. Ərzaq ehtiyatı qurtarmışdı. Bədbəxt gəmiçilər gəmi siçovulunu, öküz dərisini, taxta kəpəyini yeməyə məcbur olmuşdular. Onların çoxu singa xəstəliyindən öldü.
Nəhayət dənizçilər naməlum adalara çatdılar. Zəngin və gözəl təbiəti olan bu adalar sonradan Filippin adaları adlandırıldı. Ekspedisiyanın üzvləri burada dincəldilər. Magellanın sevinci hədsizdir. Bir azda getsəydilər arzularına çatacaqdılar, lakin Magellan yerli tayfalar arasında döyüşə müdaxilə edərkən öldürüldü. Magellanın ölümü ekspedisiyaya ağır təsir etdi. İxtilaf və pozğunluq başladı. Dənizçilərdən çoxu məhv oldu, ekspedisiya "Trinidad" və "Concepcion" gəmilərindən məhrum oldu. Yalnız "Victoria" gəmisi bir çox ağır macəralardan sonra Afrikanın cənubundan dolanaraq 1522-ci ildə İspaniyaya çatdı.
Ölümü
Magellanın ekspedisiyası səyahət zamanı getdiyi ərazilərdə ticarət əlaqələri qurmağa, yerli əhalini isə xristianlaşdırmağa çalışırdı. Onun bu fəaliyyəti uğurla davam etsə də Filippindəki Maktan adasının sakinləri ispanlara tabe olmaq istəmədilər. Belə olduqda isə Magellan və onun dənizçiləri adaya hücum edərək evləri yandırmağa, əhalini qarət etməyə başladılar. Adanın başçısı Lapu-Lapu adlı şəxs çoxlu sayda döyüşçü yığaraq ispanlara hücum edir. 28 aprel 1521-ci ildə baş vermiş Maktan döyüşündə ispanlar məğlub olaraq dənizə doğru qaçırlar. Magellan özü də qaçış zamanı Lapu-Lapu tərəfindən öldürülür.
Magellanın səyahəti dünyanın kürəşəkilli olduğunu, Amerika və Asiya arasında okean olduğunu və vahid dunya okeanının mövcudluğunu sübut etdi. Atlantik və Sakit Okeanlar arasındakı dar boğaz, Süd Yolunun peyk-qalaktikaları, NASA-nın 1989-cu ildə Venera planetini tədqiq etmək üçün göndərdiyi kosmik aparat və Marşall adaları yaxınlığındakı sualtı yüksəkliklər Magellanın adını daşıyır