Fluorit - Wikipedia
Flüorit Ca F2 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Flüorit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaF₂ |
Strunz təsnifatı | III/A.07[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəİttroflüorit (17 %-dək Y2O3), seriumlu flüorit (15-%-dək Y2O3 və 18,5 %-dək Ce2O3), radioflüorit – radiumsaxlayan flüorit, xlorofan (pirosmaraqd) – yaşıl fosforessensiya edən flüorit.
Xassələri
redaktəRəng – rəngsiz, sarı, bənövşəyi, yaşıl, mavi, göy, çəhrayı qarayadək; çox vaxt rəngi zonal və ləkəli olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; təmiz rəngsiz şəffaf kristalları optik flüorit adlanır; Sıxlıq – 3,1-3,2; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – {111} üzrə mükəmməl; Sınıqlar – pilləli, qabıqvarı; Lüminessensiya – flüoressensiya, fosforessensiya, termolüminessensiya, tribolüminessensiya; Bənövşəyi, mavi, yaşıl və qırmızı şüalanma səciyyəvidir; Başqa xassələr – bəzən pyezoxromatizm – təzyiq altında mineralın rənginin dəyişməsi təzahür edir; diamaqnitdir; Morfologiya – kristallar: heksaedrik, nadir hallarda oktaedrik, çox vaxt əyri üzlü; İkiləşmə: qarşılıqlı nüfuzetmə; çox vaxt {111} üzrə; Mineral aqreqatları: bütöv, sıx, torpaqvari (ratovkit), çubuqvari, radial-şüalı kütlələr, druzalar, pirit, qalenit, kalsit, barit və başqa minerallar üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
redaktəMüxtəlif proseslər nəticəsində əmələ gəlir. Maqmatik flüorit bəzi intruziv və effuziv süxurların aksessor mineralıdır. Karbonatitlərdə, dağ bülluru saxlayan qranit peqmatitlərində qeyd edilir. Qreyzenlərdə geniş yayılmışdır. Bəzən isti bulaqların çöküntülərində və fumarolların fəaliyyətinin məhsulu kimi müşahidə edilir. Hidrotermal flüorit ən çox inkişaf etmişdir, adətən, polimineral damarlarda əlvan və nadir metal minerallarını müşayiət edir, bəzən isə, demək olar ki, monomineral damarlar təşkil edir. Flüoritin, əsasən ratovkitin, çökmə əmələgəlmələrdə – əhəngdaşı və dolomitlərdə, gillərdə, daşkömürlü süxurlarda, duz yataqlarında və s. tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: kvars, kalsit, gips, selestin, barit, topaz, turmalin, beril, qalenit, sfalerit, xalkopirit, kassiterit və b. Mineralın tapıldığı yerlər: İviqtut (Qrenlandiya); Derbişir (Böyük Britaniya); Konqsberq (Norveç); Pars (İtaliya); Abaqaytut və Kalanquy (Rusiya); Auraxmat və Takob (Tacikistan); Xaydarkan (Orta Asiya). Azərbaycanda Şəmkirçay hövzəsində flüoritin kiçik yığınları vardır. Törəmə kvarsitlərdə, skarn-filiz qatlarında, barit və kolçedan yataqlarında (Tutqunçay hövzəsi, Çıraqdərə-Toğanalı filiz sahəsi, Daşkəsən, Gədəbəy, Quşçu, Başqışlaq, Çovdar yataqları) və b. qeyd edilir.
Tətbiqi
redaktəƏsasən metallurgiyada filizlərin əriməsini sürətləndirən flyus kimi istifadə edilir. Flüor mənbəyi kimi kimya və keramika sənayesində tətbiq edilir, optik flüorit isə lazer və mazerlərin, mikroskop və teleskop linzalarının, spektroqraf prizmalarının hazırlamasında və başqa məqsədlər üçün istifadə edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.