Barit - Wikipedia
Barit (ağır şpat)[3] – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4.
Barit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
BaSO₄ |
Strunz təsnifatı | VI/A.08[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][2] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəSelestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək).
Xassələri
redaktəRəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
redaktəMineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir. Mineralın əsasən qumlu və gilli süxurlarda müşahidə edilən nisbətən kiçik ölçülü çökmə yığınları qırıntılı və xemogen-çökmə əmələgəlmələrlə təmsil olunmuşdur. Bəzən çökmə manqan və dəmir filizi yataqlarında qeyd edilir. Sulfid yataqlarının oksidləşmə zonalarının alt horizontlarında və bəzi kükürd yataqlarında da rast gəlir. Neft suları ilə bağlı barit tapıntıları (Türkmənistanda Çələkən yarımadası) əsasən mineraloji baxımdan maraqlıdır. Kimyəvi cəhətdən dayanıqlı mineral kimi səpintilərdə toplanır, bəzən iri sənaye əhəmiyyətli yığınlar əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: kalsit, kvars, flüorit, gips, manqanit, braunit, sfalerit, qalenit, xalkopirit, sərbəst qızıl və gümüş və s. Mineralın tapıldığı yerlər: Kaliforniya, Corciya, Tennesi, Missuri, Oklaxoma ştatları (ABŞ); Nentershauzen, Lauterberq (Almaniya); Kornuoll və Nortumberlend qraflıqları (Böyük Britaniya); Rioni çayı hövzəsi (Kutaisi və Bolnisi rayonları) (Gürcüstan); Qazaxıstan; Haydarkan (Orta Asiya) və b. Azərbaycanda Kiçik Qafqazda yerləşən iyirmiyə yaxın barit və barit-polimetal yataq və təzahürlərindən əsas obyektlər kimi Tonaşen, Çovdar, Başqışlaq, Çaykənd, Azad, Bayan, Zəylik, Quşçu, Şəkərbəy və b. göstərmək olar. Bundan başqa barit həmçinin bir sıra kolçedan və polimetal yataqlarının və filiz təzahürlərinin (Gədəbəy, Bittibulaq, Mehmana, Əsrikçay, Səfərli və s.) oksidləşmə zonalarında qeyd edilmişdir.
Tətbiqi
redaktəBa və onun birləşmələrinin mühüm mənbəyidir. Baritin başlıca istehlakçısı neft sənayesidir – ondan qazıma məhlullarının ağırlaşdırıcısı kimi neft quyularının qazılmasında istifadə edilir. Həmçinin kimya, tikinti, kağız, lak-boya, rezin, keramika sənayesində, metallurgiyada, təbabətdə ("barit sıyığı") və başqa sahələrdə tətbiq edilir.
İstinadlar
redaktə- ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- ↑ mineralienatlas.de (ing.).
- ↑ baryte // Lexico UK English Dictionary. Oxford University Press. March 8, 2020 tarixində orijinalından arxivləşdirilib.
Mənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.